- Faiq niyə intihar edib?
- Təhminənin qızı Ülkərlə danışdım. Hələ Faiqin yazdığı vərəq tapılmamışdan, artıq mən onun intihar səbəbini təxmin etmişdim. – qadının səsi titrəyirdi – Məndən ayrılandan sonra, onun ikinci dəfə ailə qurduğunu eşitmişdim, amma bilmirdim ki, övladı olmadığına görə iki il sonra o qadından da boşanıb. Son vaxtlar isə tək yaşayırmış… Ülkər deyir, axır günlər heç gözə dəymirdi, amma heç ağlımıza da gəlməzdi ki, o, intihar edə bilər. Bəlkə də bir-neçə gündür özünü asıbmış. Bədbəxtin qapısını döyən də yoxdur. Biz getməsəydik, elə kəndirdəcə çürüyəcəkdi…
- Kağıza nə yazıb?
- Mən oxumadım. Bir nəfər dedi. Yazıb ki, "ölümümdə tək günahkar özüməm”… Altından da imzasını çəkib. Qələm də oradadır.
- Minarə xanım, – deyib, ayağa qalxdım – bilirəm bunu sizdən istəməyim heç doğru deyil. Çünki bu gün onsuz da əsəbləriniz pozulub, amma biz mütləq MirHəmidin qəbuluna getməliyik.
- Elə əvvəldə düz demişdiniz… – qadın rahat şəkildə cavab verdi – Bunu məndən istəməyiniz heç doğru deyil. Mən bir gündə bu qədər ağır yüklərin altına girə bilmərəm. İnanın, tab gətirə bilməyəcəyəm, gücüm çatmayacaq…
- Anlayıram, amma… – çarəsizlik sanki məni boğurdu – Mən bilmirəm nə edim?! Bu gün son gündür və artıq axşam saatları da yaxınlaşır. Nə qədər çalışsam da, çatdıra bilmədim. Bəlkə də sizə kömək edə bilərdim, amma sadəcə vaxt məhdudiyyəti imkan vermədi.
- Narahat olmayın, Nicat bəy… – qadın da ayağa qalxdı – Siz əlinizdən gələni etdiniz.
- Bəlkə bu gecəni bizdə keçirəsiniz? Sizin üçün ən yaxşısı bu ola bilər.
- Mənası nədir ki?! Onsuz da nə vaxtsa bu evə qayıtmalıyam…
- Heç olmasa bu gecə bizdə qalın.
- Ehtiyac yoxdur! – Minarə xanım gülümsəyərək, əlini mənə uzatdı – Alnımıza nə yazılıbsa, o da olacaq…
İnanmıram ki, nə vaxtsa kimsə mənim kimi həvəsinin və istəyinin necə öldüyünü bu qədər daxilən hiss etmiş olub. Qadının son sözlərinə cavab tapmamağımın dərinliyində idi bu səbəb… Nə edəcəyimi bilmədən, asta addımlarla qapıdan çıxanda, bir daha çevrilib arxaya baxdım. Minarə xanım artıq, həyətdə deyildi. Avtomobilə əyləşəndə, Səbuhi hər şeyi anlayıbmış kimi nə baş verdiyini soruşmadan mühərriki işə saldı, amma mən əlimi sükana qoyub, deyəcəklərimi bitirmədən maşını yerindən tərpətməməsini istədim.
- Alınmadı, qardaş… – məyus halda dedim – Alınmadı! Əlimdən gələni etdim, amma vaxt azlığı imkan vermədi. Axı, nəyə görə ilk oyunumdaca məğlub olmalı idim?! Mən hər şeyi doğru etdim, lazım ola biləcək şəxslərlə görüşdüm, amma ipucu əlimə keçmədi. Bəlkə də keçdi, sadəcə təcrübəsizliyim gözlərimi bağladı. İnanırsan, o qədər əmin idim ki… Meşədə o sığınacağı tapanda, MirHəmidlə tanış olanda, Bakıya yola düşəndə… Ancaq alınmadı. Mən köməksiz bir qadını qoruya bilmədim. Çünki gücsüzəm. Çox gücsüzəm…
- Belə danışma… – Səbuhi əlini çiynimə qoydu – Elə əsas mən şahidəm ki, sən uğur qazanmaq üçün nələr etdin. Sadəcə, özün dediyin kimi vaxt çatmadı.
- Bu işi yenə davam etdirə bilərəm, amma Minarə xanıma söz vermişdim. Bu gün yekun nəticənin nə olduğunu deyəcəkdim. Elə mənə də ən çox təsir edən budur. Sözümü tuta bilmədim… – deyib, əlimi sükandan çəkdim – Nə isə, qardaş… Sür, gedək… Alınmadı!
- O qadın kimdir? – Səbuhi başı ilə işarə etdi.
- Kim? – çevrilib baxdım – Nədir ki?
- Bayaqdan bizə baxır…
- Minarə xanımgilin qonşusudur…
- Tanıyırsan?
- Hə, onunla da söhbət etmək istəmişdim, amma razı olmamışdı.
- O, bizə niyə elə baxır? – dostum maraqlandı – Bəlkə sənə deyəcəyi var?
Səbuhiyə cavab vermədən, maşından düşdüm. Zivər xala çöl qapısının kandarında dayanıb, gözlərini mənə zilləmişdi. Asta addımlarla qadına doğru yaxınlaşdım.
- Salam, Zivər xala… – acıqlı səs tonu ilə dedim – Necəsiniz?
Qadın nədənsə, üzbəüz gəldiyimizdən bəri mənə tərəf baxmırdı.
- Bilirəm, mənimlə danışmaq istəmirsiniz. – özümü sığortaladım – Sadəcə dostum, bayaqdan bizə baxdığınızı dedi. Fikirləşdim ki, bəlkə mənə demək istədiyiniz bir söz var…
Zivər xala üzümə baxdı, bir qədər gözlədi, dinmədi və elə bil bir anda istəyindən vaz keçdi. Sanki o, tərəddüd içərisində nə isə demək istəyirdi, lakin bacarmırdı. Qadın bir daha mənə baxdı, sonra yenə üzünü çevirdi. Nəhayət, üçüncü cəhddə mən onun simasında müəyyən qədər qətilik olduğunu hiss etdim.
- O, əxlaqsız qadın deyildi… – Zivər xala qəfildən asta səslə dedi…
- Kim? – qaşlarımı çatıb, eyni səs tonu ilə soruşdum.
- Gəl içəri, oğlum…
Həyətə daxil olarkən, keçən gün onun məni buradan necə qovduğu gözümün önünə gəldi. Kiçik qız yenə həyətdə idi və bu dəfə qumla oynayırdı. Deyəsən, palçıqdan gəlincik düzəldirdi, amma məni görən kimi bir anda ayağa qalxıb, çirkli əllərini donunun ətəyinə sildi. Qadın isə, ilk görüşümüzdə etdiyi kimi, bu dəfə də evin kənarındakı plastik stullardan ikisini götürüb, mənə tərəf addımladı. Yaxınlaşıb, onların hər ikisini qadının əlindən aldım və Zivər xalanın istəyi ilə stulları tut ağacının altına qoydum.
- O gün deyəsən, çox xətrinə dəydim… – qarşımda əyləşən kimi, qadın günahını boynuna aldı – Yaşlanmışam, ay oğul… Elə bil, uşaq kimi olmuşam. Adi şeylər belə elə həmin an, məni hövsələdən çıxarır, fikrimi doğru şəkildə çatdırmağı bacarmıram. Hərdən mənə elə gəlir ki, bu balaca qız, – deyib, nəvəsinə işarə etdi – düzgün qərar verməkdə, məndən daha bacarıqlıdır. Ona görə də, əgər səninlə çox kobud davranmışdımsa, məni bağışla, oğlum…
- Üzr istəmək lazım deyil. – qadın bu dəfə gözümə çox nurlu görünürdü – Həm də siz məndən böyüksünüz. Səhv etsəniz belə, üzr istəməyin.
- Mahirə yaşayır? – Zivər xala qəfildən pıçıldadı.
- Bilmirəm. – eyni tərzdə cavab verdim – Daha doğrusu, öyrənməyə imkan olmadı. Yardım etmək iqtidarında olan insanlar, nədənsə boyun qaçırdılar.
- Bilirəm, məni nəzərdə tutursan, – həmsöhbətim, nə demək istədiyimi anladı – amma inan ki, sən gedəndən, mənim gözümə yuxu getmir. Sənin sonuncu sözlərini yadımdan çıxara bilmirəm. Mənə dedin ki, "…Ən yaxın qonşunuza növbəti dəfə olsa belə yardım etmək istəmirsiniz.” – o, dərindən ah çəkib, bir neçə saniyə susdu – Əslində mən heç birinci dəfə də ona yardım edə bilməmişdim. İfadəmdə hər şeyi olduğu kimi yazmamışdım. Mahirənin öldüyü təsdiqlənəndən bəri, vicdan əzabı məni az qala dəli edir. Ona görə, səni görən kimi əsəblərimə hakim ola bilmədim. Öz səhvimi xatırladım. Günahı öz üzərimdən atmaq istəyərək, rahatlanmaq istədim, amma alınmadı. Zamanında hər şeyi danışsaydım, bəlkə də Mahirəni xilas edə bilərdim.
- Bu gün, vaxtında demədiklərinizi mənə danışacaqsınız?
- Hə… – qadın qəti şəkildə dedi – Mən bu məsələni unutmağa cəhd göstərirdim, amma qəfildən sən qarşıma çıxdın və Mahirənin sağ ola biləcəyini dedin. Çox düşündüm. Nəhayət, qərar verdim ki, sənə hər şeyi danışacam.
- Buyurun, eşidirəm…
- Amma bu haqda danışmaq… – o, cümləsini tamamlaya bilmədi – Nə isə… – qadın kövrəlmişdi – Mahirə çox yaxşı qız idi, oğlum… Bəlkə də bunu deməyim doğru olmaz, amma mən onu öz doğma qızımdan da çox istəyirdim. Tez-tez bizə gələrdi, ev işlərimdə qolumdan tutardı… Bir ara bərk xəstələnmişdim. Çarpayımın başında qızımın əvəzinə Mahirə dayanmışdı. Bunu heç vaxt unuda bilmərəm.
- Bəs, nəyə görə Mahirə itəndə ona yardım etmək istəmədiniz?
- Bacarmadım. – Zivər xala üzümə baxdı – Düşündüm ki, birdən bildiklərim doğru olmaz, səhv anlayaram və bir gün qız tapılar, gəlib qarşımda dayanar, mənə sual verər ki, "Zivər xala, niyə məsələni dəqiq bilmədiyin halda, haqqımda elə sözlər danışdın?” Mən ona nə cavab verərdim?! Bu sualı eşitməmək üçün, sirrimi özümdə saxladım, amma Mahirə tapılmadı. İndi isə sən deyirsən ki, o, sağ ola bilər. Ona görə də, ikinci dəfə bu səhvi təkrarlamaq istəmirəm.
- Bayaq bir söz işlətdiniz: "O, əxlaqsız qadın deyildi”… Bunun məsələyə aidiyyatı var?
- Sonuncu dəfə Lalə ilə birlikdə bizə gəlmişdi. – Zivər xala aramla danışırdı – Gəldi, məni qucaqladı… Nərimanla dalaşmışdılar. Deyəsən, kişi də onu vurmuşdu. Yazıq qız için-için ağlayırdı… Bilmirdim nə edim. Mahirəni çox sevsəm də, Nərimana da haqq qazandırırdım. Əgər bir kişi qadınından şübhələndisə, onun əl-qolunu bağlamaq çox çətin olur.
- Belə başa düşdüm ki, – həmsöhbətimi qabaqladım – Mahirə Nərimanı başqa birisi ilə aldadırmış…
- Hə, – Zivər xala ehtiyatla dedi – evlərindəki söz-söhbətin, dava-dalaşın səbəbi bu idi.
- Anladım. – deyib, bir az ara verdim – Bəs, niyə siz Nərimana haqq qazandırırdınız? Axı, Mahirəni doğma qızınızdan da çox istədiyinizi söylədiniz? Əslində siz ona inanmalı idiniz…
- İnanırdım, ay oğul… Elə bu günə kimi susmağımın səbəbi də budur. Mahirə ağlayaraq mənə demişdi ki, Nərimanı aldatmır. Mən ona inanmışdım.
- Bəs axı, indicə dediniz ki, Nərimanda da haqq var idi. Mən bunu soruşuram. Bunun səbəbi nədir?
- Bəzən, çox sevdiyimiz insanın sahvlərinə göz yumuruq. – Zivər xala yenə də sualıma cavab vermədi – O insanı qüsursuz hesab edirik və bununla da ancaq özümüzü aldadırıq. Hələ elə vaxt olur ki, gözlə gördüyümüzə belə inanmaq istəmirik.
- Bir dəqiqə… – məsələnin nə yerdə olduğunu anladım – Bu hadisədən kimlərin xəbəri vardı?
- Nəriman və mən, – Zivər xala darhal cavab verdi – amma Nəriman sadəcə şübhələnirdi. Mən isə…
- Siz isə hər şeyi öz gözlərinizlə görmüşdünüz, elədir?
Qadın məndən belə bir sual gözləmədiyindən, susaraq, sadəcə günahkarmış kimi üzümə baxdı. Hadisələrin bu cür inkişaf edəcəyi, məni çox təəccübləndirmişdi və mən artıq, heç kimin bilmədiyi gizli bir gerçəkdən agah olmuşdum. Bu fakt, eyni zamanda çözüm nöqtəsi də ola bilərdi, lakin hələ ki, qərar vermək çox tez idi.
- İnsan çiy süd əmib, oğul… – Zivər xala bir neçə dəqiqəlik sükutu pozdu – Mahirəyə inansam da, bir gün onu izlədim, ancaq heç bir şey gözümə dəymədi. Qızın doğrudan da günahsız olduğunu görəndə, özümü çox danladım, amma həmin gecə… – qadın əlləri ilə üzünü örtdü – Gecə təsadüfən həyətə çıxdım. Saat on ikini keçmişdi. Asqıdakı paltarları götürəcəkdim. Orada dayanmışdım… – o, əli ilə işarə etdi – Həmin yerdən, Nərimangilin evinin həndəvərini asanlıqla görmək olur. Elə bu vaxt evlərinin arxasında qaraltı gördüm və həyətimizin o biri tərəfinə keçdim. O vaxt orada hasara söykənmiş nərdivanımız var idi. Hər şeyi daha da rahat görmək istədim. Getdim, ehtiyatla nərdivana çıxdım, baxdım…
- Və hər şeyi gördünüz…
- Hə, gördüm. Amma kaş ki, heç baxmayaydım, kaş ki, görməz olaydım… – Zivər xala təəssüfünü gizlədə bilmədi və özündə güc toplayaraq asta səslə pıçıldadı – Mahirə evin arxasında bir nəfərlə söhbət edirdi…
Bu xəbərlə ölmüş ümidlərimə sanki yeni bir nəfəs gəldi, çünki həmsöhbətim məni, bu oyunda iştirak edən, real mövcudluğu heç kəsə bəlli olmayan bir nəfərin varlığından agah etmişdi. Zivər xalanın o gecə həmin şəxsi üzdən görə bilməsi isə, bəlkə də bu bağlı qıfıla açar ola biləcək yeganə fakt idi.
- Sonralar həmin şəxsi kəndinizdə gördünüzmü? – həmin gecə baş verənləri sonuna qədər dinlədikdən sonra, maraqla soruşdum.
- Hə, gördüm. – qadın məni daha da sevindirdi – Nəriman elə fikirləşirdi ki, Mahirə o görüşdüyü insanla qaçıb. Doğrusu, mən də əvvəllər o fikirdə idim, amma bir gün o oğlanı kənddə gördüm.
- Harada? Necə?
- Bəhram kişinin həyətində… – Zivər xala əminliklə dedi – Mən Bəhramın dükanına getmişdim. O oğlanı görən kimi tanıdım. Fəhlə idi… Hətta bir gün onunla söhbət də etdim.
- Nə danışdınız?
- O, üç gün Bəhramın evini təmir etdi. Mən də, bilərəkdən hər gün dükana gedirdim. Axırda yanıma çağırdım. Ümumi işindən danışdıq. Guya mən də evimi təmir etdirmək istəyirdim. Axı o, mənim onu tanıdığımı bilmirdi. Gəldi yanıma, söhbət etdik. Kəkələyərək danışdığından, onu elə də yaxşı başa düşmək olmurdu, amma adının Ruslan olduğunu öyrəndim. Çox yaraşıqlı oğlan idi.
- Daha sonra o oğlanı yenə gördünüzmü?
- Yox, heç görmədim. – Zivər xala əlini saçına çəkdi – Bəlkə də bütün bunları sənə danışmaqla səhv etdim. O vaxt Mahirənin öldüyünü eşidəndən sonra, söz vermişdim ki, bu sirri özümlə məzara aparacam. Ancaq sən, Mahirənin sağ olma ehtimalından danışdın. Mən də məcbur qaldım. Həm də, özümün də rahat olmağım üçün, bu məsələyə aydınlıq gətirilməsini istədim. Mən o qızı şərləmirəm, amma əgər yenə də doğru addım atmadımsa, Allah yəqin ki, günahımdan keçər…
Zivər xaladan növbəti ünvanı alaraq, cəld şəkildə Səbuhinin maşınına qayıtdım və biz Bəhram kişinin mənzilinə yollandıq. Ev sahibi, bizi elə həyətdəki dükanındaca qarşıladı. İlk öncə müştəri olduğumuzu zənn etsə də, kimliyimizi öyrəndikdən sonra bizi evinə dəvət etdi, amma mən suallarımı kişiyə elə ayaqüstü ünvanladım. Bəhram kişi çox ünsiyyətcil insan idi. Odur ki, suallarımın hər birinə qısa-konkret cavab verərək, bir neçə il öncə həyətində fəhlə kimi çalışan Ruslanı da dərhal tanıdı və hətta onun kənddən bir qədər kənarda kirayə mənzildə yaşadığını da dedi. Sevincimdən özümə yer tapa bilməsəm də, nədənsə içimdə qəribə bir hiss də var idi. Mənə elə gəlirdi ki, biz Ruslanla görüşə bilməyəcəyik, çünki Zivər xala da, Nəriman da Mahirənin o oğlanla qaçdığını iddia etmişdi.
Ruslanın yaşadığı ünvanda bizi, ev sahibi olan, Xuraman adlı yaşlı bir qadın qarşıladı və mən dərhal gəliş məqsədimizi ona söylədim. Doğrudan da hisslərimdə yanılmadım və biz Ruslanla görüşə bilmədik. Avtomobilə əyləşərək, Səbuhidən kəndin meşəsinə doğru getməyimizi istədim və yolüstü Bəhram kişinin dükanından fənər aldım. Deyəsən, artıq məsələnin nə yerdə olduğunu anlamışdım.
Meşədə iki saata yaxın vaxt itirdim və Səbuhi ilə birlikdə həmin sığınacağı keçən dəfəkinə nisbətən daha tez tapdım. Dostum gördüklərinə inana bilməsə də, bu haqda heç kimə bir kəlmə belə söyləməyəcəyinə söz verdi. Sığınacaqda axtardığımı tapıb, sübut olaraq cibimə qoyarkən, ilk dəfə burada qazana bilmədiyim bu uğuru təcrübəsizliyimin deyil, meşənin qaranlığının adına yazdım və biz oradan uzaqlaşdıq. Kəndə çatanda artıq, saat axşam on birin yarısını göstərirdi. Səbuhini kəndimizə yola salaraq, vaxt itirmədən Minarə xanımgilin mənzilinə üz tutdum.
- Xeyir olsun, İnşallah… – qadın məni görcək təəccübləndi – Niyə gəlmisiniz?
- Mən həyətinizə baxmalıyam…
- Anlamadım. – Minarə xanım evdən çıxıb, qapını örtdü – Necə yəni? Niyə baxmalısınız?
- İndi deyə bilmərəm. – fənəri cibimdən çıxardım – Siz sadəcə mənə icazə verin.
- O nə sözdür?! – qadın bir qədər tərəddüdlü idi – Buyurun… Amma siz niyə təzədən qayıtdığınızı demədiniz?! Axı, nə baş verdi?
Mən qadının sualını cavablandırmadan, evin arxasına keçdim və fənərin işığını yerə salaraq, həyətin müxtəlif hissələrinə baxmağa başladım, amma gözümə diqqətimi cəlb edə biləcək bir nəsnə görünmədi. Qaranlıqda bağın sıx ağacları axtarışıma mane olsa da, hər qarışa diqqət yetirməyi bacardım və bağdakı kol-kos belə, işimi tam olaraq əngəlləyə bilmədi. Ancaq mən nədənsə istiqamətimdə yanıldığımı dərk edirdim. Sanki aradığım izi doğru koordinatlarda axtarmadığım mənə məlum idi, lakin yenə də kürəyimi yerə vurmaq istəmirdim. Zirzəmiyə enəndə, gözlərimi onun qapısındakı qıfıl qarşıladı. Bu an nədənsə, bu evə ilk gəlişimdə darvazada gördüyüm qıfılı xatırladım və yenidən ona nəzər yetirmək üçün darvazaya sarı gedib, sonra yenidən geriyə qayıtdım. Zirzəminin paslı qıfılını açmaq istəsəm də, Minarə xanım açarın olmadığını dedi və mənim istəyimlə, qadın dəmirkəsən mişarı mənə gətirdi. Qaranlıqda qıfılı kəsmək o qədər də asan olmadı, amma mən yenə də iyirmi-iyirmi beş dəqiqə sonra zirzəmiyə enməyə müvəffəq oldum…
Minarə xanım təzyiqi aşağı düşdüyündən, özünü yaxşı hiss etmirdi. Qadının başı bərk ağrıyırdı. Hamam otağında bulaşmış əllərimi yuduqdan sonra, onunla mətbəxdə qarşılaşdım. O, əlindəki çay süfrəsi üçün hazırladığı məcməyini qonaq otağına aparmaq istəyirdi. Lalə artıq yatmışdı.
- Bu da son… – Minarə xanım masanın arxasında əyləşdi – Hər şey bitdi, eləmi?
- Dəqiq demək olmur. – həmsöhbətimi ümidləndirmədim – Olanları sabah sizə ətraflı şəkildə danışacam.
- Necə? – qadın maraqla soruşdu – Siz məsələni həll etmisiniz?
- Bəli, mən artıq, qatilin kim olduğunu bilirəm.
- Kimdir? – Minarə xanım həyəcanla soruşdu – Xahiş edirəm, indi deyin.
- İsrar etməyin! Deyə bilmərəm…
- Xahiş edirəm, Nicat bəy… – qadın ağlamsındı – Sadəcə adını deyin, kifayətdir.
- İnanın ki, deməyi çox istərdim, amma tələsmək lazım deyil.
- Yaxşı, onda bircə bunu deyin. – o, boğazını arıtladı – Məni bir təhlükə gözləyir?
- Təəssüf ki, bunu da indidən deyə bilməyəcəm. İnşallah, qismət olsa, sabah hər şeydən təfərrüatı ilə agah olacaqsınız.
Qadın çətinliklə də olsa, israrından daşındı, amma mən, üzbəüz əyləşdiyimiz zaman, onun küskün gözlərində bir təşəkkür, bir minnətdarlıq olduğunu asanlıqla oxuya bilirdim. O, gecənin bu saatlarında evdə tək qalsa, bəlkə də ağlını itirə bilərdi. Ancaq yenə də təklifimin onu nə qədər narahat etdiyini gizlədə bilmədi.
- Bu gecə sizdə qala bilərəmmi? – özümdə güc taparaq, sualı çətinliklə qadına ünvanladım.
- Təbii ki. – Minarə xanım bir xeyli cavab verməyə tərəddüd etsə də, nəhayət razılaşdı – Sağ olun ki, belə bir vaxtda məni tək qoymursunuz… – o, bu an göz yaşlarını saxlaya bilmədi – Çox qorxuram, Nicat bəy. Həddindən artıq, çox…
Onu başa düşməkdə heç də çətinlik çəkmirdim. Bu gecə, məhz iki il dalbadal ölüm səhəri ilə açılmış bir gecə idi. "İlahi, bəlkə mənim fərziyyəm öz təsdiqini tapmadı və mən köməksiz qadını qoruya bilmədim?!” – deyə, özüm-özümə sual ünvanladıqda, cavab tapmağa gücüm çatmadı.
- Qorxmayın, Minarə xanım! – deyib, ona təskinlik verməyə çalışdım – Gedin, heç nə olmayıbmış və eyni zamanda heç nə olmayacaqmış kimi, rahat yatın. Mən bütün gecə dəhlizdə oyaq olacağam, arxayın olun!
Qadın sözlərimin təsiri altında, bir qədər ürəklənərək mənə təşəkkür edib, yataq otağına keçdi. Mən isə qonaq otağında olan qoltuqlardan birini özümlə bərabər dəhlizin sonuna aparıb, pəncərənin iki-üç metrlik məsafəsində, evin sağ küncünə qoydum. Bura elə yer idi ki, mənimlə pəncərə arasındakı bucaq çox iti olduğundan, həyəti görmək mümkün deyildi və mənə də məhz bu lazım idi.
Səbrlə gözləyirdim… Gecə saat iki radələrində bərk yuxum gəlməyə başladı və mən bütün günümün yorğunluğunu bədənimdə hiss etdim. Durub dəhlizdə gəzişmək, kiçik bir səsdən vahiməyə düşə biləcək qadını daha da qorxuda bilərdi. Odur ki, sakitcə yerimdə oturub nə edəcəyimi bilmirdim və bəlkə də ömrümdə ilk dəfə idi ki, siqaret çəkmədiyimə görə təəssüf edirdim…
Tarix: 29.04.2015 / 11:24 Müəllif: Aziza Baxılıb: 516 Bölmə: Maraqli Hekayeler