Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hədislər,...

Əli İbn Hüseyn (əs) cümə günündə Səkinə adlı kənizinə belə buyurdu:

— Hər bir sail qapıya gəlsə hökmən ona təam verin, çünki cümə günündə bu işin çox savabı vardır.

Mən o Həzrətə ərz etdim:

— Axı dilənçilərin hamısı təam verilməyə layiq deyillər.

Həzrət buyurdu:

— Ey sabid, qorxuram ki, onlardan bəziləri təama layiq olsunlar, biz isə onu əliboş qaytaraq. Nəticədə Yəqub və onun ailəsinə nazil olan bəlalar biz əhli-beytə də nazil olsun. Onlara təam verib qarınlarını doyurun.

Hz. Yəqub (əs) hər gün bir qoç kəsirdi. Həm özü və övladları onun ətindən yeyirdilər, həm də fəqirlərə verirdilər. Bir gün oruc tutmuş, ALLAH yanında böyük məqama malik olan, eyni zamanda qərib və müsafir bir sail Yəqubun qapısına getdi. Bu iş cümə günü iftar vaxtı baş vermişdi. O, Yəqubun qapısını döyərək deyirdi:

— Qərib və musafir bir sailə öz təamınızın artığından verin.

O, qapını bir neçə dəfə döyərək, həmin sözləri də təkrarladı. Yəqubun ailəsi onun səsini eşitdilər, lakin buna əhəmiyyət vermədilər. Bu sail məyyus olduqdan sonra qapıdan gedir, öz aclığından ALLAHA şikayət edərək həmin gecəni ac halda keçirir və ALLAHA həmd və şükr edir. Digər tərəfdən Yəqubun ailəsi və övladları tox halda yatdılar. Dünənki təamnan da bir qədər artıq qalmışdı. ALLAH TƏALA həmin gecənin səhəri Yəquba belə vəhy etdi:

— Ey Yəqub, sən mənim bəndəmi xar və zəlil hesab etdin. Mən səni və sənin ailəni ədəbləndirməli, öz əzabımı sənə və övladlarına nazil etməliyəm. Ey Yəqub, bil ki peyğəmbərlər içərisində mənim üçün ən sevimli və ən əziz o kəslərdirlər ki, onlar mənim miskin və səfil bəndələrimə rəhm etsinlər, onlarla yaxşı münasibətdə olsunlar, onlara təam versinlər. Və onlar üçün sığınacaq yer olsunlar. Ey Yəqub, nə üçün mənə bəndəçilik etməkdə səy göstərən, azla qane olan bir bəndəmin istəklərini yerinə yetirib nəvaziş etmədin? Həmin şəxs iftar vaxtı sənin qapına gəlmişdi. Qapını döyüb bir neçə dəfə təkrar etdi ki, «qərib, müsafir və az təama qane olan bir şəxsə təam verin». Siz ona heç nə vermədiniz, o da mənə şikayət etdi. Həmin gecəni ac halda yatdı və mənə şükr etdi. Sən və övladlariniz isə tox qarınla yatdınız. Halbuki artıq yeməyiniz də var idi. Ey Yəqub, məgər bilmirsən ki, mənim bəla və cəzalarım düşmənlərimə qarşı deyil, dostlarıma qarşı daha tez nazil olur? Çünki mən öz dostlarıma qarşı hüsnü-nəzərlə baxıram, lakin düşmənlərimə nifrət edirəm və onlardan belə şey gözləmirəm. Öz izzət və əzəmətimə and olsun ki, öz bəlamı sənə nazil edəcəyəm. Sənin ən əziz övladını müsibətlərə düçar edəcəyəm. Elə isə mənim bəlam üçün hazırlaşın, mənim qəzavü-qədərimə razı olun və müsibətlərə səbr edin.

Əbu Abdullah belə buyurur:

Bünyamin öz qardaşları ilə Misirə gedəndə Yəqub belə səslədi:

— Pərvərdigara, mənə rəhm etmirsənmi? İki gözümü kor etdin və Yusifi məndən aldın.

— ALLAH Yəquba belə vəhy etdi:

— Əgər onlar ölmüş olsaydılar, hökmən onları dirildib sənə çatdırardım. Lakin sən yada sal ki, o qoyunu kəsdin, kəbab edib yediniz. Sail isə həmin gecə sənin qapına gəldi, o qoyunun ətındən ona heç nə vermədin.

Yəqub (əs) o hadisədən sonra göstəriş verdi ki, hər gün sübh çağı münadi nida edib desin:

— Hər kəs Yəqubun evinin bir fərsəxliyindədirsə, gündəlik yeməyini almaq üçün onun evinə gəlsin.

Axşam olanda da nida edib deyirdi:

— Hər kəs axşam yeməyi istəyirsə, Yəqubun evinə gəlsin.

Əli Abdullah (əs) buyurur:

-Tövratda belə yazılmışdı: " Sənə hörmət və ehsan edənlərə təşəkkür et və sənə təşəkkür edənlərə nemət ver. Çünki nemətlərə şükr edilərsə, heç vaxt həmin nemətlər zail olub aradan getməz. Əgər nemətlərə qarşı nankorluq edilsə, o nemətlər əldən çıxar. Şükr etmək nemətlərin artmasına, başqaları tərəfindən əminamanlıqda olmağa səbəb olur.


Tarix: 01.12.2014 / 17:57 Müəllif: Aziza Baxılıb: 152 Bölmə: Maraqli Hekayeler
loading...