Aliyə oğlunu sakitləşdirə bilmirdi. Uşaq sanki son nəfəsi imiş kimi çığıraraq ağlayırdı. Səsə oyanıb gələn Rəhman kömək etmək istəsə də, heç nə əlindən gəlmirdi. Sona xanım səsə gəlmişdi. Yuxulu və əsəbi səslə Aliyəni danlayırdı.
- Bir uşağa da baxa bilmirsən. Nə oldu, səndən başqa uşaq doğan yoxdu, camaatın uşağı niyə belə ağlamır. Bəlkə qolunu, qılçını çıxarmısan. Sabah açılan kimi sınıqçıya göstərək.
Özünü itirmiş Aliyə bilmirdi nə etsin, nə desin. Rəhman isə sabah həkimə getmək haqqında düşünürdü.
Onlar çox həkimlər gəzdilər, uşağın dərdini bilən omadı. Axırda Rəhman Aliyəni uşaqla birlikdə Rusiyaya aparmaq qərarına gəldi. Bu xəbərdən Sona xanım çox əsəbləşdi. Lakin onlara mane ola bilmədi. Rəhman övladının fəryadına dözə bilmirdi.
Getməzdən əvvəl Rəhman Tanya ilə telefonla danışmışdı. Ona hər şeyi başa salmışdı. Tanya Rəhmanın bu təşvişinə, bu həyəcanına biganə qala bilməmişdi. Ona etiraz etməmişdi. Onlar gələnə qədər tanınmış uşaq həkimi tapmış, vəziyyəti danışmışdı. Həkim xəstə uşağı qəbul etməyə razılıq vermişdi.
Təyyarədən enən kimi birbaşa uşaq xəstəxanasına getdilər. Tanya onları orada gözləyirdi.
Xəstəxananın dəhlizi səliqəli və işıqlı idi. Divarda məşhur həkimlərin rəsmləri asılmış, dəhliz boyu gül dibşəkləri düzülmüşdü. Aliyə isə sanki bunları görmür, yalnız balasını xilas edə biləcək həkimi görmək istəyirdi. Onlar bir tərəfdə əyləşmişdilər. Körpə Ramil tez-tez yuxuya gedir, tez də ayılır, sanki ağrılar içində imiş kimi qurcalanırdı. Bir azdan həkim Tanya ilə göründü. Aliyə Tanyanı da xəstəxananın işçisi sandı. Həkim içəri çox adam olmaz deyərək öz kabinetinə keçdi. Rəhman uşağı Aliyədən aldı:
-Sən otur, Aliyəm, həm bir az dincəl. Tanya ilə mən həkimlə danışaq görək nə deyir.
Aliyə özünü o qədər itirmişdi ki, nə ona diqqətlə baxan, səliqəli geyinib, daranmış bu qadını görürdü, nə də kim olduğu ilə maraqlanırdı. Bircə balasını tez sağalda biləydilər, deyə düşünürdü.
İçəri keçdilər. Həkim uşağı müayinə etdi. Üzünü Tanyaya tutaraq dedi :
-Vəziyyət ciddidir. Körpəni hərtərəfli müayinə etmək, lazımdır. Bütün müayinə əməliyyatlarından kecdikdən sonra, sizə fikrimi deyəcəyəm. Körpənin beyindaxili təzyiqi oldugunu bəri başdan deyirəm. Odur ki, mən uşağı xəstəxanada qalmasını məsləhət görürəm.
Həkim fikrini deyib getdi. Onlar bir-birinə baxdılar. Rəhmanın gözləri yaşla dolmuşdu. Bunu görən Tanya da kövrəldi. Lakin özünü ələ aldı, balaca Ramili geyindirdi. Uşağı Rəhman qucağına almaq istəsə də, Tanya buna imkan vermədi, onu qucağına aldı. Səssizcə kabinetdən çıxaraq Aliyənin yanına gəldilər. Aliyə təşvişlə onlara baxır, bir cavab, onu sakitləşdirə biləcək bir cavab ümidilə gözləyirdi. Rəhman çox düşündükdən sonra Aliyəyə dedi:
-Uşağı həkim xəstəxanada saxlamaq istəyir, Aliyə. Yəqin ki, sən də razılaşarsan ki, uşagın yanında Tanya qalsın. Axı sən rus dilini bilmirsən. Onu bir neçə müayinələrə aparmaq lazımdı. Sən bunları bacarmayacaqsan. Burada isə çox adam qoymurlar xəstənin yanında qalsın. Gəl biz gedək. Sən bir az istirahət et. Arxayın ol. Tanya ona öz balası kimi baxacaq.
Aliyə donub qalmışdı. Bilmirdi nə cavab versin. Sanki deyəcəyi sözlər bağazında ilişib qalmışdı. Balasını necə tək qoyub gedəydi. Bu qadın kim idi, niyə onun uşağına öz balası kimi baxmalı idi? Bir Rəhmana, bir Tanyaya baxdı. Sanki onların arasında qırılmaz bir bağ gördü. Lakin tez özünü ələ aldı. Axı o doğrudan da rus dilini bilmirdi. Həkimin dediklərini necə anlayar, necə yerinə yetirə bilərdi. Odur ki, özünü ələ aldı. Tanyaya minnətdarlıq dolu baxışlarla baxdı. Gözünün yaşı sel kimi axdı. Tanya gözündə xeyirxah bir mələk kimi göründü. Tanyaya yaxınlaşdı, balası qarışıq onu bağrına basdı. Üz gözündən öpdü. Dil bilmədi ki, ürəyindən keçən minnətdarlığını bildirsin. Rəhman hönkürməmək üçün özünü ələ aldı. Tanya bir əli ilə Aliyənin əlini bərk-bərk tutdu, sığalladı barmaqları ilə, sonra onu qucaqladı, hər ikisi hönkürüb ağladılar.
Aliyə balasını bağrına basdı, öpdü, oxşadı, Tanyaya verdi.
Tanya gözlərini silib, uşağı ondan aldı. Öz dilində ona :
-Narahat olma, Aliyə. Balanı öz balam kimi qoruyacağam, ona öz Ruslanım kimi qulluq edəcəyəm ,-dedi. Rəhman onun sözlərini Aliyəyə tərcümə etdi. Aliyə də ona:
-Nə muradın varsa, Allah muradına çatdırsın bacım, Allah köməyində dursun,- dedi. Rəhman bu sözləri də Tanyaya tərcümə etdi.
Rəhman Aliyəni evə gətirdi. Ruslan Tanyanın yaxın rəfiqəsigildə idi. Otaqda nə bir şəkil, nə də bir şübhə yaradacaq əşya yox idi. Aliyə buranı Rəhmanın kirayə qaldığı ev kimi başa düşdü.
Rəhman ona qulluq etdi. Yuyunmaq üçün, istirahət etmək üçün hər şeyi Tanya hazır qoyub getmişdi. Bütün bunların bir qadın səliqəsi olduğunu anlasa da Aliyə, heç bir sual vermədi. Fikri-zikri balasının yanında idi. Rəhman süfrə hazırladı,Aliyə gözünün ucu ilə belə,baxmadı süfrəyə. Çarpayıya uzanaraq gözlərini bir nöqtəyə dikdi. Balasını düşünürdü. Onun sağalmasından başqa heç nə istəmirdi. Rəhman onu sakitləşdirməyə çalışır, lakin özü də gərginliyini gizlədə bilmirdi. Bir yandan da Tanyanın kim oldugunu ona necə deyəcəyini düşünürdü.
Sabah erkəndən Aliyə oyanıb çay hazırlamışdı. Süfrə açmışdı. Sonra gəlib Rəhmanı oyatmağa çalışırdı. Rəhman isə həm fiziki olaraq, həm də mənəvi cəhətdən çox yorulduğundan oyana bilmirdi.
-Rəhman, oyan! Mənim ürəyim partlayır, dözə bilmirəm. Dur məni xəstəxanaya apar.
Rəhman yuxudan oyanıb saata baxdı. Saat yeddinin yarısı idi. O Aliyənin həyəcan, kədər dolu üzünə baxdı, bir an ona lap yazıgı gəldi. Onu aldatdığının sanki bir daha əzabını çəkdi.
-Canım, sən bilirsənmi, burada saat ondan tez xəstəxanaya buraxmırlar. Mən indi Tanyaya zəng edib, bir xəbər bilərəm.
Bu sözdən Aliyənin ürəyi sıxıldı. Demək o, öz balasını hələ görə bilməyəcək, qoxlaya, oxşaya bilməyəcəkdi. Çarəsiz addımlarla Rəhmanın ardınca mətbəxə getdi. Rəhman da daxilində çox nigaran idi. Ramilinə bir şey olmasından çox qorxurdu. Təklikdə özü bu gün həkimlə danışmalı idi.
Axşamüstü artıq Həkim Ramilin diaqnozunu təyin etmişdi. Uşaqda beyindaxili təzyiq və eyni zamanda anadangəlmə beyin qan dövranı pozğunluğu var idi. Həkim bildirdi ki, uşaq xəstəxana şəraitində müalicə olunmalıdır. Odur ki, yenə də hələ ki, Tanya xəstəxanada uşağın yanında qalmalı idi. Rəhman həkimlə söhbət etmiş, onu razı salmış və razılaşmışdılar ki, hər gün iki saat Aliyə gəlib körpəsinin yanında qala bilər.
Günlər keçir, müalicənin xeyri olmurdu. Aliyə ağlayır, sarsılırdı. Tanya onu sakitləşdirmək istəyir, qeydinə qalırdı. Bir tərəfdən də Aliyə sıxılırdı ki, Tanya onun bu qədər əziyyətini çəkir. Bu müddət ərzində onlar sanki iki ən yaxın adama çevrilmişdilər. Aliyə bir neçə rus dilində sözlər də öyrənmişdi. Onların belə mehribançılığından bəzən Rəhman utanır, bəzən də sevinirdi. Artıq Aliyə Ruslanla da tanış olmuşdu. Bir dəfə Rəhmanla xəstəxanaya gələndə Tanyanın rəfiqəsi Ruslanla Tanyanın yanına gəlmişdilər. Rəhmanı çətin vəziyyətdən Tanyanın rəfiqəsi Sveta çıxarmışdı. O Ruslanı götürüb, tələsdiyini bildirərək, xudafizləşərək getmişdi. Tanya və Rəhman həsrətlə oğullarının arxasınca baxa-baxa qalmışdılar. Lakin Aliyənin fikri oğlunda olduğundan bunların heç birini duymamışdı.
Axşamdan Aliyə yuxuya gedə bilmirdi. Ramilin bugünkü halı onu çox məyus etmişdi. Körpə demək olar ki, bir damcı süd belə əmə bilməmişdi. Hərarəti tez-tez yüksəlmişdi. Hər dəfə iynə vuraraq vəziyyəti normallaşdırmışdılar. Rəhman tez-tez dəhlizə çıxır, göz yaşları axıdırdı. Həkim artıq heç cür kömək edə bilməyəcəyini desə də, Rəhman ümidini üzməyərək bu gecə də Ramili xəstəxanada saxlamışdı. Aliyəyə isə bu barədə heç nə deməmişdi.
Səhər açılar- açılmaz telefon səsləndi. Aliyə səhərə yaxın yuxuya getsə də, səsə oyandı. Rəhmanın hönkürtüsünü eşidib onun yanına qaçdı. Rəhman artıq danışmırdı, ağlayırdı. O, Aliyəni qucaqladı. Aliyə isə nə baş verdiyini anlayıb huşunu itirdi. Onların ilk övladı, sevgilərinin nübarı ölmüşdü...
Tarix: 29.04.2015 / 10:46 Müəllif: Aziza Baxılıb: 755 Bölmə: Maraqli Hekayeler