Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təbəssüm

Bir xəstəxananın cərrahiyyə şöbəsində orta yaşlı iki həkim işləyirdi. Yaşadıqları sənaye şəhəri olduğu üçün onlara müraciət edənlər daha çox yaralılar idi. Bir il sonra xəstəxanaya yeni bir həkim gəldi...

Yeni həkim öz işini yaxşı bilirdi. Üstəlik, heç şikayət də etmirdi, ona görə də köhnə həkimlər ən ağır işləri yeni həkimə verir və mümkün qədər yüngül xəstələrlə məşğul olmağa çalışırdılar. Bəzən bir barmağı və ya əli qopan, ya da ağır yanıqlarla xəstəxanaya çatdırılan xəstələrlə məşğul olmaq yeni həkimi əldən salırdı. Ancaq qəlbindəki insan sevgisi hər şeydən üstün idi. Aradan heç bir il keçməmiş hamı ona dua etməyə başdalı.

Yeni həkimi yaxından tanıyanlar bu yükə necə dözdüyünə heyrət edirdilər. Belə ağır bir rejimdə işləmək az qala intihar idi. Ancaq onları ən çox təəccübləndirən həkimin üzündən əskik olmayan təbəssüm idi. Ən ağır xəstələr belə bu təbəssümlə güc tapır və qısa bir vaxtda ayağa qalxırdılar. Yeni həkimə olan bu rəğbət həkimlərin də diqqətindən yayınmamışdı. Onlar üçün belə vəziyyətdə gülmək qeyri-mümkün idi. Hətta ayaq üstə dayanmağı belə möcüzə saymaq olardı...

Bir gün hər ikisi onun yanına getdilər və bu işin sirrini öyrənmək istədilər. Yeni həkim hər şeyi bir-bir danışdı. Əslində köhnə həkimlər haqlı idilər. Çünki o da gülməyi çoxdan unutmuşdu. Üstəlik, xəstəxanaya gəldiyi ilk gündən... Ancaq yenə də eyni gülərüzlülüyü ilə:

- Xəstələrin bu təbəssümə nə qədər ehtiyacı olduğunu yaxşı bilirdim. Buna görə də elə ilk gündən dodağımın kənarlarını plastik əməliyyat etdirdim, - dedi.


Tarix: 01.12.2014 / 17:30 Müəllif: Aziza Baxılıb: 47 Bölmə: Maraqli Hekayeler
loading...