Böyük fateh İsgəndər Çin üzərinə qoşun çəkir. Qoşun ölkənin paytaxtının kənarında düşərgə salıb hücum əmri gözləməyə başlayır. Gecə şəhər tərəfdən bir nəfər yunanların düşərgəsinə gəlib deyir ki, mən Çin hökmdarından xəbər gətirmişəm, mütləq İsgəndərlə təklikdə görüşməliyəm. İsgəndər gələn elçi ilə çadırda tək qalanda elçi sifətindəki örtüyü açıb deyir: “Mən Çin imperatorunun özüyəm, səninlə danışıq aparmağa gəlmişəm. İstəyirəm mənim ölkəmə qoşun çəkməyinin səbəbini sənin özündən eşidim”.
İsgəndər heyrət içində soruşur: “Nədən mənimlə görüşə gəldin? Qorxmursan ki, səni tutub qətlə yetirərəm?” Çin hökmdarı gülümsəyib cavab verir: “Mən sənin çox ağıllı olduğunu eşitmişəm. Bilirəm ki, ağıllı hökmdar bu cür hərəkət etməz. Əvvəla, sən silahsız bir adamı öldürməzsən. Bizim aramızda şəxsi ədavət də yoxdur ki, onun intiqamını məndən alasan. Əgər hətta bunu etsən belə, sənə heç bir xeyri dəyməz. Çünki mənim canişinlərim, sərkərdələrim şəhərdədir. Onların hər biri öz vəzifəsini yaxşı bilir. Mən olmasam da, onlar ölkənin müdafiəsini təşkil edə bilərlər”.
İsgəndər çox müdrik bir rəqiblə qarşılaşdığını anlayır. Təklif edir ki, əgər ona üç illik xərac versələr, sülh bağlayıb müharibəsiz geri qayıtmağa hazırdır. Çin hökmdarı deyir ki, bu qədər pulu versək, özümüz kasıblığa və qıtlığa düçar olarıq. İsgəndər xəracın miqdarını iki illiyə endirir. Çin hökmdarı yenə azaltmağı xahiş edir. Bir illik xərac vermək təklifi ilə də razılaşmır. Nəhayət, altı aylıq xərac müqabilində hər iki hökmdar razılığa gəlirlər. Çin padşahı düşərgədən çıxıb öz şəhərinə qayıdır.
Ertəsi gün İsgəndər üçün xəbər göndərir ki, filan yerdə sənin şərəfinə ziyafət vermək istəyirəm, səni həmin ziyafətə dəvət edirəm. İsgəndər bir dəstə döyüşçü ilə həmin yerə gəlir. Çatanda görür ki, Çin hökmdarı nəhəng ordu ilə orada hazır durub. İsgəndər baxıb görür ki, düşmənin ordusu nəinki onun yanında olan, hətta düşərgədə qalan əsgərlərdən də qat-qat çoxdur. Düşünür ki, yəqin onun üçün pusqu qurublar. Üzünü Çin padşahına tutub qəzəblə deyir: “Mən sənə inanıb bura gəldim. Sən isə məni aldadıb pusquya saldın”. Çin hökmdarı cavab verir: “Xeyr, düşündüyün kimi deyil. Sənə ziyan yetirməyəcəyəm. Sadəcə olaraq bütün hərbi gücümüzü göstərmək istədim ki, səndən qorxmadığımızı başa düşəsən. Mən qorxduğum üçün xərac verib sülh bağlamadım. Əgər döyüşsək, səni asanlıqla məğlub edərəm. Amma mən qan tökmək istəmirəm. Bilirəm ki, əgər aramızda müharibə baş versə, hər iki tərəfdən xeyli adam qırılacaq. Bunun qarşısını almaq üçün sənə xərac verməyə razı oldum”.
Sonra Çin hökmdarı İsgəndəri yemək süfrəsinə dəvət edir. İsgəndər əl atıb süfrədəki qablardan birinin qarağını açır, görür ki, içərisi qızılla doludur. O biri qabın qapağını açanda içinin almaz parçaları ilə dolu olduğunu görür. Digər qablar da zümrüd, yaqut, mirvari kimi ləl-cəvahiratlarla dolu idi. İsgəndər heyrətlə soruşur: “Məgər sən məni yeməyə dəvət etməmisən? Bunlar nədir süfrəyə qoyublar?” Çin hökmdarı soruşur: “Siz yunanların yeməyi nədir?”
İsgəndər saymağa başlayır: “Biz də sair millətlər kimi çörək, düyü, ət yeyirik”. Çin padşahı söyləyir: “Əgər elədirsə, öz ölkənizdə çörək, düyü, ət qurtarıb ki, bu qədər məsafə qət edib bizim ölkəmizi talan etməyə gəlmisiniz? Məgər qarnınızı doydurmaq üçün ölkənizdə yemək çatışmır? Mən elə bilirdim ki, sizin yeməyiniz qızıl-gümüş, daş-qaşdır. Əgər siz də adi adamlar kimi yeyib-içirsinizsə, acgözlüyünüzün səbəbi nədir?” İsgəndər Çin hökmdarının sözlərindən xəcalət çəkir, ordusunu da toplayıb öz ölkəsinə qayıdır.
Tarix: 03.12.2014 / 14:41 Müəllif: Aziza Baxılıb: 111 Bölmə: Maraqli Hekayeler