Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ən yaxşı zamin və şahid Allahdır

Keçmiş zamanlarda dostları tərəfindən çox sevilən, hörmət edilən, əxlaqlı, dürüst bir tacir var idi. Bu halal adam heç kimi aldatmaz, söz verəndə mütləq onu yerinə yetirər, borcu olanda onu tez verməyə çalışardı. Buna görə də onunla birgə iş görmək istəyənlər əsla tərəddüd etməzdilər.
Bir dəfə qonşu ölkədən sifariş etdiyi malları almaq üçün tacirə pul lazım idi. Ehtiyacı olan pulu ona verə biləcək tacir dostuna məsələni danışdı. Dostu borc verməkdə heç tərəddüd etmədi. Çünki onu çox yaxşı tanıyırdı. Əvvəllər də ona borc vermişdi və aralarında heç bir problem olmamışdı. Dostu ona pulu verərkən dedi:
-Səhv başa düşmə, bir-birimizə güvənirik. Amma yenə də borc verəndə bir nəfərin şahid olması adətdir. İstəyirsən aramızda şahid tutaq.
pul,dollar gərək dostluğa mane olmasın- Şahid olaraq Allah yetər, başqa şahid lazımdırmı?
- Yaxşı onda bir zamin göstərə bilərsənmi? Dünyanın min cür halı var.
- Sən narahat olma. Zamin olaraq da Allah yetər. Başqa zamin lazım deyil.
Dostu haqlı idi. Doğrudur, Allahdan daha yaxşı şahid və zamin, əlbəttə, ola bilməzdi. Onsuz da dostuna güvənirdi. Öz aralarında borcun nə vaxt qaytarılacağı haqda razılığa gəlib ayrıldılar.
Tacir yola çıxmaq üçün hazırlaşdı. Onların ölkəsində ticarət səyahətləri gəmi ilə edilirdi. Gəmiyə mindi və qonşu ölkəyə getdi. Çatar-çatmaz mal aldığı yerə getdi, dostundan aldığı borc pulla malı aldı. Bu arada özü ilə gətirdiyi malları da satdı və aldığı borcdan daha çox pul qazandı.
Artıq öz ölkəsinə qayıda bilərdi. Amma bir maneə vardı. Yaşadığı ölkəyə səfər edən bir gəmi vardı və o da xarab olmuşdu. Buna görə dəniz səfərləri qeyri-müəyyən bir vaxta qədər təxirə salınmışdı. Aradan bir neçə gün keçdi, amma gəmi hələ də düzəlməmişdi. Nə edəcəkdi? Dostuna olan borcunu ödəmə vaxtı da yaxınlaşırdı. Vaxtında ödəyəcəyinə söz vermişdi. Nə edəcəyini düşünürdü. Birdən gözünə bir kötük sataşdı. O anda ağlına bir fikir gəldi:
- Bu kötüyün içini oyum və borc pulu oraya qoyub üstünü örtüm. Bir də dostuma məktub yazıb vəziyyəti başa salım. Daha sonra isə kötüyü dənizə atım. Allah aramızda şahid və zamindir. İnşallah Rəbbim bu kötüyü dostuma çatdırar.
Tacir düşündüyü kimi də etdi. Kötüyü dənizə atdı və səmimi qəlbdən Allaha dua edib yalvardı:
Rəbbim, Sən də bilirsən ki, dostumdan borc aldım. Dostum məndən şahid və zamin istədi. Mən də " şahid və zamin olaraq allah yetər", dedim. Ancaq gəmi xarab olduğu üçün borcumu vaxtında ödəyə bilməyəcəyəm. Sən mənim zaminim olduğun üçün borcumu Sənə ödəyirəm. Nə olar, ya Rəbbi, sən də bu pulu dostuma çatdır.

Dənizə atılan kötük dənizin sularında yırğalana-yırğalana gözdən itdi. Bu əsnada borcu verən adam da hər gün limana gəlir və dostunun gəlib-gəlmədiyini soruşurdu. Sözləşdikləri gün gəlib çatdı. Adam tez limana gəldi. Dostu bu gün mütləq qayıtmalı idi. Çünki elə sözləşmişdilər. Amma nə qədər axtardısa da, dostunu tapmadı. Həm çaşmış, həm də heyrətlənmişdi. Görəsən nə olmuşdu? Dostunun başına bir işmi gəlmişdi? O nə olursa-olsun, sözünə əməl edərdi.
Bu düşüncələrlə sahil kənarında gəzərkən ayağına bir şey ilişdi. Əyilib yerə baxdı. Yerdə bir kötük vardı, üstü də azca açılmışdı. Kötüyü götürdü və içinə baxdı. Nə görsə yaxşıdır! İçində bir miqdar pul və məktub vardı. Məktubu tez açıb oxudu və onu dostunun yazdığını başa düşdü. Pulu da götürdü və Rəbbinə şükr etdi.
Bir neçə gündən sonra gəmi təmir edildi və tacir də ölkəsinə qayıtdı. Əvvəlcə borc pul aldığı dostunun yanına getdi. Göndərdiyi əmanətin dostuna çatıb-çatmadığını bilmirdi. Dostu başına gələnləri ona danışdıqda ikisinin də Allaha olan sevgi və minnətdarlıq duyğuları bir qat da artdı.


Tarix: 01.12.2014 / 15:38 Müəllif: Aziza Baxılıb: 74 Bölmə: Maraqli Hekayeler
loading...