Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çanta..

Rejissor yeni filminin qəhrəmanını oynamaq üçün gənc bir qız axtarırdı. Hətta bunun üçün qəzetə elan da vermişdi. Aradan çox az bir vaxt keçsə də, müraciət edənlərin sayı xeyli çox idi. Buna görə də, heç iki gün keçməmiş namizədləri studiyasına dəvət etdi...:)

İndi o, bütün günü fasiləsiz gələn namizədlərlə söhbət etmiş və üstəlik, xeyli gərgin keçən bu söhbətlərdən yorğun düşmüşdü. Nəfəsini yenicə dərmişdi ki, növbəti namizəd içəri girdi və üzündə qəribə bir təbəssüm sınaq kamerasının qarşısında oturdu. Gənc qızın adı Emil Müller idi. Qısa bir tanışlıqdan sonra rejissor gənc qızla söhbətə başladı və başlanğıc üçün: "Çantanızı açıb mənə içindəkilər barədə danışa bilərsinizmi?" — dedi. Gənc qız əlini arxasındakı çantaya uzatdı və çantadan iri qırmızı alma çıxartdı: «Bu almanı səhər meyvələrini rəfə düzən bir meyvəsatan hədiyyə etdi. Görünür, çox iştaha ilə baxmışam»…

Sonra növbə bir kitaba çatdı. Gənc qız hələ kitabın ilk səhifələrində olduğunu, ancaq oxuduğu sətirlərin ona çox təsir etdiyini dedi. Sonra isə romanın qəhrəmanının macəralarından bəhs etdi. Sonra gənc qız çantadan bir qəzet çıxartdı. "İstedad axtarırıq" elanını da o buradan oxumuşdu. Təbii ki, elanlar arasında hələ müraciət etmədiyi başqa yerlər də var idi. Daha sonra çantadan çıxanlar isə gənc qızın qeyd dəftərçəsi və gündəliyi idi. Rejissor sonuncudan istənilən bir səhifəni oxumağıı xahiş etdi. Gənc qız gündəliyi açdı və bir az da utancaq ifadə ilə oxudu. Əlbəttə ki, oxuduğu şeylər son günlər yaşadığı hadisələr barədə idi. Sonra gənc qız əlini çantanın «gizli cibinə» atdı və oradan iki şəkil çıxartdı. Şəkillərdən biri yatan gənc bir oğlanın şəkli idi: «Bu mənim qardaşımın şəklidir», — deyə gənc qız izah etdi, — "Şəkil çəkdirməyi heç sevmir. Buna görə də, şəklini ancaq yatanda çəkə bilirəm...". İkinci şəkil isə anasının evlənməzdən əvvəl çəkdirdiyi şəkil idi və nədənsə, o anasının bu şəklini indiki şəkillərindən daha çox sevirdi. Gənc qızın çantasından çıxarıb böyük təbiiliklə təqdim etdiyi hər bir əşya sanki bir bütövün parçaları idi və onun iyirmi illik həyatını əks etdirirdi. Və bu oyun təqribən 15 dəqiqə davam etdi. Axırda rejissor gənc qıza təşəkkür etdi və qapıdan çıxanda asistentə telefonunu verməyi xahiş etdi. Üstəlik, rejissor: «Asistentim gələn həftə sizə zəng edər», — deməyi də unutmadı...

Gənc qız çıxandn sonra rejissorun asistenti içəri girdi. Çünki çöldə gözləyən hələ nə qədər namizəd var idi. Ancaq rejissor qısa bir fasilə vermək istəyirdi. Çünki hələ də axtardığını tapa bilməmişdi. Özünə yenicə gəlmişdi ki, gözü qarşısındakı stuldan asılmış çantaya ilişdi. Bu bir az əvvəl gənc qızın içindəkiləri «izah etdiyi» çanta idi. Rejissor həyəcanla asistentini yanına çağırdı və: «Gedən qız çantasını unutdu, tez get bunu ona çatdır», — dedi. Asistent qız təəccüblə çantaya baxdı və: «Axı, bu, mənim çantamdır», — dedi.

Rejissor tez yerindən qalxdı və gənc qızın çıxdığı qapıya üz tutdu. Artıq axtardığı qəhrəmanı tapmışdı...


Tarix: 03.12.2014 / 13:44 Müəllif: Aziza Baxılıb: 127 Bölmə: Maraqli Hekayeler
loading...