Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışla...

Bəlkə də, əksəriyyəti üçün bu səhərin başqalarından elə də fərqi yox idi.

Dan yeri yavaş-yavaş söküldükcə ilk nəzərə çarpan qışın insanın iliklərinə qədər işləyən soyuğu və bu soyuğa özünəməxsus gözəllik qatan qarın asta-asta,sanki kimlərəsə acıq verirmiş kimi yağaraq şəhəri bəzəməsi oldu.
Hamını sevindirmirdi təbiətin belə ağ gəlinə bənzəməsi. Bəzilərini “işə necə gedəcəyəm?“ sualı, kimisini “görəsən uşaq özü dərsə gedə biləcəkmi?“ düşüncəsi narahat edirdi. Əslində şaxtalı hava təkcə sakinlərin planlarını dəyişdirməmişdi. Səhərdən hara sığınacaqlarını bilməyən kimsəsiz küçə pişiklərinin məsum baxışları və ya qarda qorxa-qorxa iz qoyan sərçələr öz problemlərini fikirləşən şəhər sakinlərinin gözlərinə belə görünmürdü.
Yuxudan duranda hələ 7:30 zəngini çalırdı saat. Özüm kimi kimsəsiz, soyuq divarları süzdüm, hər səhər etdiyim kimi… Uşaqlığımdan indiyə qədər hara sürükləsə də məni taleyim o divarlar getdiyim hər yerdə mənimlə idi. Artıq çətinliklə də olsa onların həyatımdakı dəyişməz yerini qəbul etmişdim. Yorğun və ümidsiz qalxdığım yeni bir gün başlayırdı. Pəncərəyə yaxınlaşdım. İlk qar hər yeri bürümüşdü. Elə bil şəhərin çirkabını örtmək istəyirdi...
Hər dəfə dərsə gedən uşaqların səsləri, işə tələsənlərin sürətli addımları, tələbələrin xoşbəxt, həyatdan razı gülüşləri ilə qarşılaşırdım pəncərəyə yaxınlaşanda… Amma bu gün bunların hamısı heç olmamış kimi, bomboş idi küçə… Uzaqdan yavaş addımlarla çarəsiz görünən bəzi sakinləri saymasaq… Ağlıma gələn ilk şey “necə olursa-olsun, getməliyəm“ düşüncəsi oldu. Bu işimi də itirə bilməzdim...
8:00… Ümidsiz addımlarla qarda açılmış izlərlə ən yaxın metrostansiyaya tərəf getməyə başladım. Məndən bir az aralıda birisi gedirdi… Nədənsə, diqqətimi cəlb etdi. Başında yaylıq, əynində nazik paltar, ayağında yaz ayaqqabısı olan bu qadın mənim ürəyimi titrətdi. İstədim yaxınlaşım, amma cəsarət etmədim. İçimdə bir səs “qadının arxasınca get“ deyirdi. Bu hiss o qədər qüvvətli idi ki, hətta çətinliklə tapdığım yeni işimi itirmək qorxusunu belə unutmuşdum. Qadının arxasınca düşdüm. Uzun bir yol getdik...
Bir anda uşaqlığımı yada saldım. Uşaqlığım uşaq evində keçmişdi. Bir anda iztirabla keçirdiyim o günlər kino lenti kimi gözlərimin önündən keçdi. Özümə ata-ananı, bacı-qardaşı, dost-tanışı orada tapmışdım. İllər boyu ana həsrətilə yaşamışdım...
Xeyli getdikdən sonra, nəhayət, qadın şəhərin mərkəzində yerləşən binalardan birinin qarşısında dayandı. Qapının üstündə “YEMƏKXANA“ yazılmışdı. Qadın çantasından açarları çıxarıb, qapını açdı və içəri daxil oldu.
Çantasını masanın üstünə qoyub, hər tərəfə göz gəzdirdi. Mən pəncərədən baxırdım. O, işinə başladı. İçərini səliqə-sahmana saldı. Sonra əlinə süpürgə götürüb küçəyə çıxdı. Yeməkxananın ətrafındakı qarı təmizlədi. Bir an şam ağacındakı özlərinə soyuq qış günündə yemək axtaran sərçələrə baxa-baxa fikrə daldı. Sanki kiminsə gəlişini gözləyirdi. Sanki o çarəsiz quşlardan kömək, təzə bir xəbər umurdu. Bir an onun mənalı gözləri doldu. O qədər fikirli idi ki… ətrafındakı insanları, onların baxışlarını görmürdü. İşini qurtarıb, içəri girdi. Çantasını götürüb, küçəyə çıxdı. Qapını bağladıqdan dərhal sonra başqa istiqamətə yola düşdü. Mən də onun arxasınca...
10:30… Qadın yaxınlıqdakı xəstəxanaya girdi. Oradakılarla salamlaşıb, ikinci mərtəbəyə qalxdı. Koridordakı stulların birində əyləşdim. Heç kim mənə fikir vermirdi, hər kəs öz işində idi. Xəstəxanada o qədər insan var idi ki, elə bil bütün şəhər bura yığılmışdı. Həmin qadın paltarını dəyişib, işinə başlamışdı. Palataları süpürüb-sildi. Hər kəslə o qədər mehriban, nəzakətli danışırdı ki, bir anlıq da olsa, özümü ona bənzətmək istədim...
Artıq günorta olmuşdu, çox acmışdım. İstədim bir şey alıb yeyim, amma qadını gözdən qaçırmamaq üçün bu fikrimdən daşındım. Özümü o qədər yorğun, o qədər əzgin hiss edirdim ki… Bir tərəfdən, aclıq, digər tərəfdən, keçirdiyim qəribə hisslər… Beynimdə hər şey bir-birinə qarışmışdı...
14:00… Qadın işini qurtarmışdı. O, paltarını dəyişib, çantasını götürdü və qapıya tərəf getdi. Birlikdə küçəyə çıxdıq...
Qar olduqca səngimişdi. Bu da hərəkəti nisbətən asanlaşdırırdı. Bir daha yeməkxana tərəfə üz tutduq. O, içəri girdi, mən pəncərədən onu izləyirdim. Başımın ağrısı şiddətlənirdi. Özümü çox yorğun hiss edirdim. Ayaq üstə çətinliklə dayanmışdım. Özümə əsəbiləşirdim. Axı niyə işimi atıb, bütün günümü yad qadının arxasınca getməyə sərf etmişdim. Məni bu qadına bağlayan nə idi? Heç bir suala cavab verə bilmirdim.
Hava artıq qaralmışdı. Sirli bir səssizliyə bürünmüşdü şəhər. Tənha bir küçənin ortasında qadının çıxmasını gözləyirdim. Nəhayət, qadın küçəyə çıxdı. Bir an sərt, amma tanış baxışlarla mənə tərəf baxdı. Özümü itirdim. Nə edəcəyimi bilmədim. Elə bildim məndən nə isə soruşacaq. Amma yox. Qarşımda kədərli, həyəcanlı, sakit bir liman kimi ananı gördüm. O, heç nə demədən dönüb getdi. Bu dəfə mən onun arxasınca yox, yanınca irəliləyirdim.
Evinə çatana kimi susduq. İçimdəki qəribə hisslər daha da artırdı. Deyəsən, çatmışdıq. Qapını açıb məndən təəccüblə soruşdu:
— Siz kimsiniz? Niyə məni izləyirsiniz?
Mən əvvəl söz tapa bilmədim. Sonra utana-utana dedim:
— Hava çox soyuqdur, evinizə dəvət etsəydiniz, söhbət edərdik.
— Buyurun.
Səliqəli, kiçik bağçanın içindən keçib, içəri daxil olduq. Qarşımda əlil arabasında oturan qız uşağı gördüm. Aman Allahım, bütün günü bu qızcığaz evdə təkbaşınamı qalmışdı?!
— Sizin qızınızdır?
Qadının gözləri yaşardı, heç nə deyə bilmədi. Susdu. Bu arada diqqətimi divardakı şəkil çəkdi. Təxminən beş yaşlarında bir qızın şəkli idi. Nədənsə, o qızı ilk baxışdan özümə oxşatdım. Eyni göz, qaş, baxış… Bu qız necə də mənə oxşayırdı! Hətta sol yanağında mənim ləkəmdən vardı. Bəlkə, şəkildəki qız elə mənəm? Yox, ola bilməz! Axı bu qadın məni haradan tanıya bilər?
Fikirlərim qarışmışdı. Bilmirdim özümü necə aparım. İstədim qapını açıb, özümü küçəyə atım. Amma bacarmadım, hansı qüvvə isə məni tutub saxlayırdı. Bütün bunlara son qoymalıydım. Özümü ələ aldım. Qadına tərəf baxdım, özü haqqında danışmağı xahiş etdim. Söhbətə belə başladı:
— Gözəl ailəm var idi: iki qızım, mən və yoldaşım. Yoldaşım təcrübəli usta idi. Çox gözəl, ikimərtəbəli evdə yaşayırdıq. Günlərin bir günü tufan qopdu, qasırğa düşdü mənim ömür yoluma. Rayona gedərkən avtomobil qəzasına düşdük. Yoldaşımı xilas etmək mümkün olmadı. Kiçik qızım ağır vəziyyətdə yaralandı. Onu Allahın köməyi ilə həkimlər xilas etdilər. Ən çox ayaqları zədələnmişdi. Uzun müddət xəstəxanada yatdı. Sonra həkimlər heç vaxt gəzə bilməyəcəyini dedilər. İki qızımla tək qaldım. Nə qapımı açan oldu, nə dərdimi soruşan. Çox ağır günlər yaşadıq. Evdə olan bütün əşyaları satdım. Sonra evi də satmaq məcburiyyətində qaldım. Artıq nə tutacaq budaq, nə açacaq qapı qalmışdı mənim üçün.
“Dost dar gündə bəlli olar“ deyiblər. Doğru imiş. Ətrafıma baxanda süfrə dostlarımızdan əsər-əlamət qalmamışdı. Son çarə olaraq böyük qızımı uşaq evinə verdim. O vaxtlar beş yaşı var idi Aytəkinimin… İndi çox peşmanam. O vaxtdan indiyədək nə gecələri yata bilirəm, nə də vicdan əzabı məni gündüzlər sakit qoyur. Kaş ki o günləri qaytara biləydim, balamı görə biləydim… Dərdimi sənə danışıb, bir az yüngülləşdim. İndi sən danış, kimsən, niyə bütün günü arxamca düşmüsən?
Dilim tutuldu… Hər şeyi anlamışdım. Ancaq özümü topladım:
— Bilirdim dualarımın cavabsız qalmayacağını, bu günün mütləq gələcəyini. Ailəmin həyatda olduğunu və məni sevdiyini… Aman Allahım, hər halda xoşbəxtlik dedikləri şey bu an mənim yaşadığım hisslərdir. İllər uzunu həsrətində olduğun qızın mənəm, sənin Aytəkininəm. Yuxudurmu, gerçəkdirmi, hələ özüm də dərk edə bilmirəm. Ömrüm boyu, söykənməyə bir ana qucağı axtaranda, xəstələnəndə ana nəvazişini hər şeydən çox arzulayanda, soyuq qış günlərində qışın özü kimi buz divarların arxasında tənha qalanda, soyuqdan yox, kimsəsizlikdən titrəyəndə, fikirlərinə ehtiyacım olan sirdaş axtaranda və əlim sənə çatmayanda bu anın bir gün gələcəyini düşünmək belə çox şirin gəlirdi insana. Qoxunu duyacaq qədər yaxınımdasan, canım anam...
Bir anlıq çevrildim bacıma tərəf, o da bizə qoşulmuşdu göz yaşları ilə… Anam cəsarət etmirdi yaxınlaşmağa. Mənim də ayaqlarım yerə mıxlanmışdı elə bil… İlk olaraq mən addımımı atdım. Hər atdığım addımla kimsəsizliyimdən silkinib qurtulurdum sanki… İllərin həsrəti ilə bağrıma basdım, ötüb keçən illərdən çox, köməksizliyin, acizliyin, tənhalığın, ən çox da vicdan əzabının qocaltdığı anamı. Bəmbəyaz qar kimi saçlarını oxşadım, qoxusunu ta içimə qədər çəkdim… Mənə olduqca tanış, uşaqlığımdan qalmış qoxusunu… Bircə bunları pıçıldaya bildi kövrək və yaşlı qəlbindən hayqırdığı yorğun səsi ilə:
— Bağışla...


Tarix: 03.12.2014 / 13:20 Müəllif: Aziza Baxılıb: 307 Bölmə: Maraqli Hekayeler
loading...