Səhrada avara-avara gəzən bir filosof, dəvəsi ilə səfər edən bir kəndliyə rast gəldi. Haradan gəlib hara getdiyini öyrəndikdən sonra, dəvənin iki yanına sallanmış çuvallarda nələr olduğunu soruşdu. Kəndli:
- Onların birinə buğda, digərinə qum doldurdum, -deyə cavab verdi.
Filosof:
- Buğdanı anladım, amma qumu nə üçün doldurdun? deyə soruşduqda kəndli:
- Ikinci çuval boş qalsaydı tarazlıq pozulardı!- dedi. Filosof gülməyə başladı:
- Tarazlıq təmin etmək üçün buğdanın yarısını da o birisinə doldursaydın hər halda daha ağıllı hərəkət etmiş olardın, -dedi.
Kəndli çaşmış, bu müdrik adama heyranlıqla baxmağa başlamışdı.
- Sən, - dedi, padşah, yaxud vəzir olmalısan! Bu qədər ağıl ancaq onlarda ola bilər.
- Xeyr, -dedi filosof, mən nə padşaham, nə də vəzir.
- Elə isə dükan sahibi zəngin bir adamsan...
- Nə gəzər, cibində qəpiyi belə olmayan bir adamam mən! Bu qədər məlumat və hikmətin əvəzində əlimdəki bu dəyənək və cındır paltarlarla gəzib dolaşıram səhralarda...
Kəndli bu cavab qarşısında heç məmnun olmamışdı:
- Çəkil get yanımdan!-deyə qışqırdı. Sənin məlumat və hikmət dediyin şeyin bir faydası olsaydı, əvvəlcə özünə fayda verərdi. Torbanın birində qum, digərində buğda olması, sənin içiboş məlumat və fəlsəfəndən daha yaxşıdır!
Tarix: 01.12.2014 / 17:29 Müəllif: Aziza Baxılıb: 94 Bölmə: Maraqli Hekayeler