Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Üzüm dənələrinin gözəlliyini onun quru budağında axtaranlar…

Qəribədir elə deyilmi. Amma məqaləmin adımı qəribədir, yoxsa bəşərin həqiqət prizmasından görünən üzü mü? Bilmirik…
Bizim bildiyimiz bu gün gözəllikləri gözələ, yaratılışdakı füsünkarlığı onun daşıyıcılarına vermiş, məharətlə meydana gətirilmiş sənətlərin sənətkarsız olduğunu şüurlarına düşüncəsiz tərzdə yerləşdirmiş və ya yerləşdirilmiş insan şəklindəki fikir yoxsullarının var olduğu bir dünyadır.
Bizim bildiyimiz həyatlarını şəhvət hisslərinin təməlində bina edən, ömür ritmlərini bu hisslərin mənfi dairələrdə istifadəsi ilə nizamlayan insanlıq pərdəsi altındakı düşüncə kasıblarının var olduğu bir dünyadır.
Bizim bildiyimiz faniliyin ibrət dolu səhnələrinin, hər əsr bir şəhəri yüz dəfə məzarıstana boşaldan ölümün əyani şahidləri olmalarına baxmayaraq, faniliyi yanlarına belə buraxmayan, şüursuzca nemətlərə hücum edən nəfs düşkünlərinin var olduğu bir dünyadır.
Bizim bildiyimiz acizliyi, fağırlığı qarşısında qürurlanaraq kibirlənən, təvəzökarlıq pərdələrini yırtan, nəhayət bu üsyanların nəticəsində xəstəliklərdə, yaşlılıqda, müsibətlərdə, bəlalarda acizliyi sezən, amma yenə də ibrət əvəzinə “üsyan qusan”, mən, mən deyən, gündüzün ortasında günəşi inkar etməyə çalışan, səhər şəfəqləri kimi aydın həqiqətlərə gözlərini qapamaqla həyatlarını zülmətə çevirən biçarələrin var olduğu bir dünyadır.
Bizim bildiyimiz quru torpaq və dadsız suyun vəhdətindən yaradılmış, vücüdumuza yerləşdirilmiş aclıq hissinə minlərlə, çeşid-çeşid, ləziz təamlarla, meyvələrlə cavab verilişin bir sevgi, bir şəfqət nümunəsi olduğunu hiss edə bilməyən, həqiqi sevgi qıtlığı ilə üz-üzə qalmışların var olduğu dünyadır.
Bizim bildiyimiz sevirəm deyən, amma bu hissin olmadığına qənaət gətirmək istəyən, yəni görmədiyinə inanmayan, nəticədə özlərini belə görməzlikdən gələn maddi aləmə aid “korlaşmış” insanların var olduğu bir dünyadır.
Bizim bildiyimiz süfrəsindən istifadə etdiyi halda ona bu nemətləri ehsan edən, qaldığı evin sahibindən bixəbər olan, qoyduğu ölçülərə məcburən riayət etdiyi halda yolun bələdçilərini unudan, dəryadan başqa bir şey görmədiyi halda suyu görməməzlikdən gələnlərin var olduğu bir dünyadır.Bizim bildiyimiz həyatlarını imanla həyatlandırmaq əvəzinə, inkar etməklə həyatsızlaşdıranların, yığdığı ümmanlarla var-dövlətə qarşı kəfənlə baş-başa qalanların, üzüm dənələrindəki gözəlliyi onun quru budaqlarında axtaranların və elə “quru budaqlar”la da həyatlarını başa vuranlarn var olduğu bir dünyadır…


Tarix: 01.12.2014 / 13:49 Müəllif: Aziza Baxılıb: 33 Bölmə: Maraqli Hekayeler
loading...