Fitrə zəkatını vermək hər bir imkanı olan müsəlmana vacibdir. Fitrə zəkatı bayram namazının başlamasına qədər verilməlidir. Ancaq bu qısa müddət ərzində ehtiyacı olan kimsəni tapa bilməmə ehtimalını nəzərə alaraq öncədən verilməsi daha məqsədə uyğundur. Fəqət fitrə zəkatını bayramdan sonraya saxlamaq olmaz. Fitrə ödəyən insan özü ilə birlikdə kiçik uşaqlarının (hətta ana bətnində olan körpəsinin) və himayəsində olanların da fitrə zəkatını ödəməlidir.
Fitrə zəkatı, insanın bir gün ərzində yemək ehtiyaclarını qarşılayacaq dərəcədə olmalıdır.
Abdullah Ibn Ömər rəvayət etdi ki: Peyğəmbər (s.a.s) ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxarmağı hər bir müsəlman kimsəyə, qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların bayram namazına çıxmasından öncə verilməsini əmr etmişdir.
Yuxarıda Peyğəmbərimizdən (Allahın salam və duası olsun Onun üzərinə) olan rəvayətə görə və Onun bizə öyrətdiyi kimi, təxminən 2 kilo yarım (2.5 kg) miqdarında qida məhsulu olmalıdır. Bunu da o zamanlar mövcud olan qida və məhsulla ölçürdülər, ona görə də xurma, buğda və arpa deyilmişdir. Təbii ki, qeyd olunan məhsullardan da vermək olar, həmçinin hər hansı başqa (düyü, qarabaşak, vermişel, makaron və s.) qida məhsullarından da vermək mümkündür. Ailəmizdə olan hər bir fərd üçün 2.5kg-dan hesablayaraq müxtəlif qida məhsulları alıb ehtiyaclı olan ailəyə verə bilərik. Təbii ki, bəzən zəkat vermək istədiyimiz ailənin nəyə tam ehtiyacı olduğunu bilmədiyimizdən, soruşulması da mümkün olmadığından, biz həmin hesabladığımız məhsulu alacaq miqdarda pul verə bilərik. Bunun üçün də tam olaraq hər hansı bir məbləğ müəyyənləşdirmək çətindir. Amma orta hesabla 2.5kg-lıq qida məhsulunu almaq yəqin ki, 3-4-5 manat civarında mümkündür.
Bayram Ramazan boyu yemədən içmədən və hər cür əksiklikdən özlərini qoruyaraq oruc tutan müsəlmanların və ailələrinin, bu ayı layiqi başa vurub sevincə qovuşduğu və vəd edilən mükafata qovuşmaqla mənən hüzur tapdığı bir gündür. Bayram günü sabah namazının vaxtı gəldikdə yeyib sabah namazını məsciddə qılmaq üçün çıxmaq ən yaxşı bir yoldur. Məscidə gedərkən uşaqları və xanımları da məscidə aparmaq fəzilətlidir. Qadınlara cümə və bayram namazı məcbur olmamaqla bərabər, onların namaza gəlmələrində də bir problem yoxdur. Onlar da xütbəni dinləyir, namazı qılıb, bayramlaşıb savablarını alarlar.
Tarix: 10.06.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 211 Bölmə: Maraqlı melumatlar