Bilmədiyin barədə danışma!
İslam elmlərə yiyələnməyi təkcə tövsiyə etmir, bunu hətta insanlardan tələb edərək yollarını da izah edir. Bu səmavi din elmsiz, elm isə bu dinsiz təsəvvür edilə bilməz. Elmli insanla cahil arasında çox böyük fərq olduğunu önə çəkən Uca Allah belə buyurur:
«De ki, heç bilənlərlə bilməyənlər (alimlə cahil) eyni ola bilərmi?» («əz-Zumər» surəsi, 9.)
Uca Allah insanı daim düşünməyə və elmə meyl etməyə səsləyir. Allahın elçisi olan Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) də insanları bu yolda müxtəlif cür həvəsləndirər və onlarda elmə məhəbbət oyadardı. Çünki onun gətirdiyi dini elmsiz dərk etmək mümkün deyildir.
Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət edilən hədisdə Peyğəmbərimiz (Allahın ona salavat və salamı olsun) belə buyurur: «Kim elm öyrənmək üçün yola düşərsə Allah da onun üçün Cənnətə gedən yolu asanlaşdırar. Və o qövm ki, Allahın evlərinin birində yığışıb Onun kitabını oxuyar və öz aralarında onu araşdırarsa onlara Allah tərəfindən sükunət nazil olar, Allahın rəhməti onları bürüyər, mələklər onları əhatə edər və Allah onları Öz dərgahında olanların yanında xatırlayar». (Muslimin «Səhih» əsəri 6793).
Bu günkü günümüzdə müsəlmanların yol verdikləri ən böyük xətalardan biri elmsiz danışmaq, nəinki danışmaq hətta əminliklə bilmədikləri bir şey barədə mübahisə etməkdir. İnsan, elminin az olması və dərk etmə qabiliyyətinin zəif olması səbəbindən naqis bir məxluqdur. Buna görə də hər bir insanda xətaların olması labüddür.
Peyğəmbər (Allahın ona salavat və salamı olsun) buyurmuşdur: "Bütün Adəm övladları xəta edəndir…”
Uca Allah buyurur: «Bilmədiyin bir şeyin ardınca getmə [bacarmadığın bir işi görmə, bilmədiyin bir sözü demə]. Çünki qulaq, göz və ürək — bunların hamısı [sahibinin etdiyi əməl, dediyi söz barəsində] sorğu-sual olunacaqdır.» («əl-Isra» surəsi, 36.)
Əbu Hüreyrədən (Allah ondan razı olsun) rəvayət olunan hədisdə Peyğəmbər (Allahın ona salavat və salamı olsun) demişdir: «Kişinin (və ya qadının) islamının gözəlliyi, ona aid olmayan şeyləri tərk etməsindədir» («Sunənu-t-Tirmizi» 2317.)
Şəriətlə bağlı mübahisə doğuran məsələ olduqda onu diqqətlə araşdırmaq vacibdir. İnsan heç bir zaman arxayınçılıq nümayiş etdirməməli, hətta bildiyi məsələni belə təkrar nəzərdən keçirib sonra danışmalıdır. Bu barədə Uca Allah belə buyurur:
«Ey iman gətirənlər! Allaha, Peyğəmbərə və özünüzdən olan ixtiyar sahiblərinə (hakimlərə) itaət edin! Əgər bir iş barəsində mübahisə etsəniz, Allaha və Qiyamət gününə inanırsınızsa, onu Allaha və Peyğəmbərə həvalə edin! [Qurana və mötəbər hədislərə müraciət edin!] Bu daha xeyirli və nəticə etibarilə daha yaxşıdır.»
(ən-Nisa surəsi, 59.)
Sələf alimləri ayədə qeyd olunduğu kimi mübahisə doğuran məsələlərdə Allah və Onun Rəsuluna (Allahın ona salavat və salamı olsun) istinad edir və bu məsələdə ağlına gələn fikirləri söyləməkdən çəkinir. Bu barədə sələf məktəbinin ən sadiq nümayəndələrindən biri olan
Əli ibn Əbu Talibin (Allah ondan razı olsun) fikri çox qiymətlidir. O deyir ki; «Əgər şəriət hökmləri ağıl ilə ölçülsəydi onda dəstəmaz aldıqda məshi ayağın üstünə deyil altına çəkmək lazım gələrdi»
(Əbu Davudun «Sünən» əsəri, 9/142; Ibn Həcərin «Fəthul-Bari» əsəri, 13/289.)
Elm sahilsiz dəniz olduğu üçün Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) sonra elə bir insan yoxdur ki, bu dini kamil şəkildə bilsin. Əgər bir məsələ barədə bilmirsinizsə bilən kəslərdən soruşun. Necə ki, Uca Allah belə buyurur:
«Əgər bilmirsinizsə, zikr əhlindən (alimlərdən) soruşun!» («əl-Ənbiya» surəsi, 7.)
Yuxarıda qeyd etdiyimiz kimi İslam dini insanların bilmədikləri bir şey barədə elmsiz danışmalarına qarşıdır. Son günlərdə mübahisəyə səbəb olmuş mövzulardan biri müsəlmanların övladlarına Asiya adını qoyub qoymamaları ilə bağlıdır. Belə ki, bir qism insanlar bilmədikləri halda, cahil və elmsiz şəkildə, əmin olmadan və heç bir dəlilə əsaslanmadan bu adın yeni doğulmuş övladlara qoyulmasının doğru olmadığını, hətta buna qadağa gəldiyini söyləyirlər. Belə insanların və bu kimi digər insanların nəinki bu məsələdə, digər məsələlərdə də elmsiz danışıb, camaat arasında yersiz ixtilaf yaratmalarının qarşısını almaq üçün bu ad barədə açıqlama vermək istədik.
Diqqət edin!
Fironun həyat yoldaşı — Asiya
Zalım fironun təhdidlərindən qorxmayaraq iman edən — Asiya
Cənnətlə müjdələnən dörd qadından biri — Asiya
Quranda haqqında söz edilən — Asiya .«Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o: "Ey Rəbbim! Mənə Öz yanında – Cənnətdə bir ev tik. Məni Firondan və onun əməlindən xilas et. Məni zalım adamlardan qurtar!”– demişdi» (Təhrim, 11)
عَنْ أَبِى مُوسَى قَالَ: قَالَ رَسُولُ اللَّهِ : «كَمَلَ مِنَ الرِّجَالِ كَثِيرٌ، وَلَ
يَكْمُلْ مِنَ النِّسَاءِ إِلاَّ آسِيَةُ امْرَأَةُ فِرْعَوْنَ، وَمَرْيَمُ بِنْتُ عِمْرَانَ، وَإِنَّ فَضْلَ
عَائِشَةَ عَلَى النِّسَاءِ كَفَضْلِ الثَّرِيدِ عَلَى سَائِرِ الطَّعَامِ». [رواه البخاري: 3411]
Əbu Musa (r.a) rəvayət edir ki, Peyğəmbər (s.a.s) demişdir: "Kişilərdən bir çoxları kamilliyə çatmışdır. Qadınlardan isə yalnız Fironun həyat yoldaşı Asiya və İmranın qızı Məryəm kamilliyə çatmışdır. Aişənin digər qadınlardan üstünlüyü isə, ətli şorbanın başqa yeməklərdən üstünlüyü kimidir.” (əl-Buxari, 3411)
Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) Cəmilə adı ilə əvəz etdiyi — Asiya
عن بن عمر أن النبي صلى الله عليه وسلم غير اسم عاصية وقال أنت جميلة«
İbn Ömər (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (Allahın ona salavat və salamı olsun) Asiyanın adını dəyişdirib dedi: "(Bu gündən) sən Cəmiləsən”.
Müsəlmanlar arasında bu adın qoyulmasına münasibə baxımından yaranmış mübahisəli məsələ ondan ibarətdir ki, hər iki hədisdə keçən Asiya adını eyniləşdirirlər. Halbuki bu iki söz arasında böyük fərqlər vardır.
Birinci- Fironun zövcəsi olmuş və övlada ad olaraq qoyulmasında böyük fəzilət sahibi qadın olan Asiya adı ərəbcədə belə yazılır:
آسِيَةُ
İkinci- Peyğəmbərimizin (Allahın ona salavat və salamı olsun) adını Cəmilə əvəz etdiyi — Asiya adı ərəbcədə belə yazılır.
عاصية
Bu adlar arasında yazılış və səslənmə baxımından böyük fərq var.
سِ آ
ص ع
Həmçinin məna baxımından da böyük fərq var.
آسِيَةُ — müalicə, həkim
عاصية -asi olan qadın
Allah bizi elm almağa can atan, bu yolda əziyyətlərə səbr edən, aldığı elmə əməl edən qullarından etsin. Amin
Tarix: 04.12.2014 / 11:13 Müəllif: Aziza Baxılıb: 190 Bölmə: Maraqlı melumatlar