Hökmü
]Böyük, kiçik, kişi, qadın, azad və qul olan hər bir müsəlmana vacibdir.
İbn Ömər (Allah onların hər ikisindən razı olsun) dedi: »Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) Ramazanın fitrə zəkatını 2,5 kq xurma və ya buğda çıxartmağı hər bir müsəlman kimsəyə: qadın və kişiyə, böyük və kiçiyə, azad və qula fərz etmiş və insanların Bayram namazına çıxmazdan əvvəl vermələrini əmr etmişdir».
(Buxari rəvayət etmiş və Əbu Davud səhih isnadla bu ziyadəni etmişdir)
»İbn Ömər (Allah onların hər ikisindən razı olsun) fitrə zəkatını bayramdan bir və ya iki gün öncə çıxardardı».
Musəlman özünün və ailəsinin Bayram günü və gecəsi gündəlik qidasından artıq ərzağı olduğu halda özünün və təmin etdiyi müsəlman olan kəslərin zövcəsi, uşaqları adından çıxarmalıdır. Yaxşı olar ki, bacardıqca hər kəs öz adından çıxarsın, çünki bu hər kəsin özündən tələb olunur. Anaya öz bətnində olan uşaq üçün fitrə zəkatı çıxarmaq vacib deyil. Fitrə zəkatını pul şəklində çıxarmaq isə düzgün deyil. Bu Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əmrinə və əshabının etdiyi əmələ müxalifdir. Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) demişdir: »Kim bizim işimizə uyğun olmayan bir əməl edərsə o rədd olunur». (Müslim)
Hikməti:
Abdullah ibn Abbasdan (Allah onların hər ikisindən razı olsun) gələn bir hədisdə belə deyilir: »Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) fitrə zəkatını oruc tutanın pis və boş-boşuna etdiyi əməllərindən təmizlənməsi və kasıbların doyması üçün fərz etmişdir. Kim onu bayram namazından öncə çıxararsa zəkatdır, kim də ki, namazdan sonra çıxararsa sədəqələrdən bir sədəqədir».
(Əbu Davud və ibn Məcə yaxşı isnadla rəvayət etmişlər)
Fitrə zəkatının çıxarılması vacib olan şeylər bunlardır:
Fitrə zəkatı xurma, buğda, düyü və insanların adətən yedikləri başqa şeylərdən çıxarılır.
Əbu Səid Əl-Xudri (Allah ondan razı olsun) belə rəvayət etmişdir: »Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) zamanında fitrə zəkatını 2,5 kq yeməkdən çıxarardıq. O zaman yeməyimiz buğda, kişmiş, pendir (kəsmik) və xurma idi.» (Buxari)
Fitrə zəkatının vacib olduğu vaxt:
Bayram gecəsi günəş batdıqdan sonra fitrə zəkatını çıxartmaq vacib olur. Günəş batmazdan bir dəqiqə olsa belə qabaq ölən şəxsə fitrə zəkatı vacib olmaz. Günəş batdıqdan bir dəqiqə olsa belə sonra ölən şəxsin əvəzinə fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batmazdan qabaq doğulan uşaq üçün fitrə zəkatı çıxartmaq vacibdir. Günəş batdıqdan sonra doğulan uşaq üçün fitrə zəkatı vacib deyildir.
Fitrə zəkatının çıxarıldığı vaxt:
Fitrə zəkatı səhabələrin etdiyi kimi Bayram günündən bir və ya iki gün əvvəl çıxarılır. Abdullah ibn Ömərin (Allah onların hər ikisindən razı olsun) köməkçisi olan Nafiidən belə dediyi rəvayət olunur: »(Fitrə zəkatını) Bayram günündən bir və ya iki gün qabaq çıxarardılar.» (Buxari)
Son vaxtı isə İbn Ömər və İbn Abbasın (Allah onlardan razı olsun) hədisində keçdiyi kimi bayram namazıdır.
Miqdarı:
Hər bir müsəlmana bir saa (çəki vahidi), yəni 2,5 kq çıxartmaq düşər. Fitrə zəkatını bir neçə kasıb arasında bölmək caizdir. Həmçinin, bir neçə fitrə zəkatını bir adama vermək olar.
Kimlərə verilir:
Abdullah ibn Abbasdan (Allah onların hər ikisindən razı olsun) gələn hədisdə deyildiyi kimi «kasıbların doyması», yəni fitrə zəkatı kasıb və fəqirlərə verilir.
Diqqət: Bəzi insanların etdiyi kimi fitrə zəkatını kasıb və fəqirlərə deyil, yaxın qohumlara, qonşulara, bir-biri ilə dəyişərək və ya hər il zəkat əhli olub olmadığına baxmadan eyni ailəyə vermək xətadır.
Verildiyi yer:
Fitrə zəkatı fəqirlərin olduğu, daim məskunlaşdığı və qaldığı başqa yerlərdə də verilə bilər. Həmçinin, fitrə zəkatını başqa ölkəyə göndərmək də olar. Əslən bu caizdir, qadağa etmək üçün dəlil olmalıdır.
Peyğəmbərə, ailəsinə və səhabələrinə Allahın salavatı və salamı olsun.
Tarix: 03.12.2014 / 16:51 Müəllif: Aziza Baxılıb: 97 Bölmə: Maraqlı melumatlar