Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allah Istədiyi Kimsəni Hidayət Edər

Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında Yəsribdə (o zamanlar Mədinə şəhəri belə adlanırdı) iki böyük qəbilə yaşayırdı: Xəzrəc və Ovs qəbilələri. Bu iki qəbilənin ulu əcdadları olan Xəzrəc və Ovs doğma qardaş idilər. Onlar əvvəl Yəməndə yaşayırdılar.

Yəmən səddi uçulandan və tor¬paqlar su altında qalandan sonra Ovslə Xəz¬rəc Yəsribə gəlib burada məskunlaşdılar. Zaman keçdikcə onların nəsli artıb-çoxaldı. Şəhərdə yaşayan yəhudi icması bundan narahat olmağa başladı, çünki onların nüfuzu get-gedə zəifləyirdi. Bir ara Şam xristianları ilə Yəsrib yəhudiləri arasında yaranmış qarşıdurmada Ovs və Xəzrəc qəbilələri xristianların tərəfini tutub yəhudilərə əks mövqedə durdular. Bu, tərəflər arasındakı gərginliyi daha da artırdı. Yəhudilər Ovslə Xəzrəci zəiflətmək üçün onların arasında ədavət yaratdılar. Iki qəbilə qatı düşmənə çevrildi.

Hicrətdən azacıq əvvəl Ovslə Xəzrəcin münasibətləri daha da gərginləşdi. Xəzrəc qəbiləsinin bir neçə nəfərlik nümayəndə heyəti Məkkəyə gəldi ki, Xəzrəcə qarşı Qüreyşlilərlə ittifaq bağlasınlar. Onlara Əbül-Heysər Ənəs ibn Rafe adlı bir nəfər başçılıq edirdi. Həzrət Mühəmməd Peyğəmbər (s) yəsriblilərin Məkkəyə gəlişindən xəbərdar olunca onlarla görüşdü və bu insanları Islam dininə dəvət etdi. Nümayəndə heyətinin tərkibində olan Əyas ibn Məaz adlı cavan oğlan Peyğəmbərin sözlərinə diqqətlə qulaq asandan sonra üzünü həmqəbilələrinə tutub dedi: «Ay camaat, bu adamın dedikləri bizim bura gəldiyimiz məqsəddən daha yaxşıdır» (Yəni biz bura öz müharibəmizdə tərəfdar qazanmaq üçün gəlmişik. Amma bu din insanları qardaşlığa, dostluğa çağırır. Sülh müharibədən daha yaxşıdır).

Qəbilənin ağsaqqalı Ənəs ibn Rafe yerdən bir ovuc torpaq götürüb Əyasın üzünə atdı və çığırdı: «Deyəsən, unutmusan ki, biz bura hansı işdən ötrü gəlmişik». Əyas Ənəsin nüfuzundan çəkinib heç nə söyləmədi, amma o zamandan qəlbində Islama qarşı rəğbət yarandı.
Xəzrəclilər Məkkədə öz məqsədlərinə çata bilmədilər, Qüreyşlilərlə gözlənilən müttəfiqlik müqaviləsi baş tutmadı. Onlar Yəsribə qayıdandan sonra iki qəbilənin düşmənçiliyi daha da qızışdı. Tezliklə Büas müharibəsi adlı qanlı toqquşma baş verdi, hər iki tərəfdən xeyli adam həlak oldu. Axırda Ovs qəbiləsi bu müharibədə üstünlük qazan¬dı. Xəzrəclilər amansız təqibə məruz qaldı¬lar. Yalnız ətraf qəbilələrin müdaxiləsi xəz¬rəcliləri tamamilə məhv olmaq təhlükəsin¬dən xilas etdi.

Deyirlər ki, Büas müharibəsində yaralanmış Əyas ibn Məaz bir neçə gündən sonra dünyasını dəyişdi. Ömrünün son anlarında o, «La ilahə illəllah», «Allahü əkbər», «Əlhəmdü lillah» zikrlərini təkrar edirmiş. Beləliklə, Yəsrib əhalisi arasında Islamı ilk qəbul edən Əyas sayılır.
Növbəti il həcc mövsümündə Xəzrəc qəbiləsindən altı nəfər Məkkəyə gəlib buranın böyüklərindən yardım istədilər. (Qeyd edək ki, hələ Islamdan əvvəl də cahiliyyə ərəbləri həcc ibadətini öz inanclarına uyğun şəkildə yerinə yetirir və Ərəbistanın hər yerindən Məkkəyə axışırdılar). Bu dəfə də Islam Peyğəmbəri onlarla görüşdü. Və bu dəfə Xəzrəclilər o həzrətin peyğəmbərliyinə inandılar, dəvətini qəbul edib müsəlman oldular. Səbəblərdən biri də bu idi ki, vaxtilə Yəsrib ərəbləri ilə yəhudilərin arasında qarşıdurma yarananda yəhudilər onları hədələyib demişdilər: «Tezliklə siz ərəblərin arasndan axirəz-zaman peyğəmbər çıxacaq. O zaman biz ona iman gətirib sizin axırınıza çıxacağıq».

Xəzrəcdən gələnlərin arasında Bəni-Nəccar soyundan Əs’əd ibn Zürarə adlı bir nəfər də vardı. Əsəd Məkkə böyüklərindən Ütbə ilə (Əbu Süfyanın qaynı ilə) dost idi, ona görə də onun yanına görüşməyə gəldi. Söhbət əsnasında Ütbə Həzrət Mühəmməd Peyğəmbərin (s) haqqında Əsədə danışdı: «Bizim şəhərimizdə bir nəfər peyda olub, cavanlarımızı ata-baba dinindən dönməyə çağırır. O, mahir sehrbazdır. Ehtiyatlı ol ki, səni də aldadıb öz tərəfinə çəkməsin. Onunla rastlaşsan, yaxşısı budur ki, yaxınlaşmayasan. Qulaqlarına pambıq tıxa ki, onun sehrli sözlərini eşidib aldanmayasan».
Əsəd məsləhətə əməl edib qulaqlarına pambıq tıxadı, sonra Kəbəni ziyarət etməyə yollandı. Müqəddəs evin kənarında Islam Peyğəmbəri ilə rastlaşdı. Peyğəmbər ətrafındakı bir dəstə müsəlmana dinin əsaslarını öyrətməklə məşğul idi. Əsəd o həzrəti görəndə maraq ona güc gəldi. Qulağındakı pambıq tıxacını çıxardı, Peyğəmbərə yaxınlaşdı. Həzrət Mühəmməd (s) Əsədi görəndə gülümsədi və buyurdu: «Insanlarla görüşəndə hər şeydən əvvəl de: Salamün əleykum». Əsəd soruşdu: «Ey Mühəmməd! Sən camaatı nəyə doğru dəvət edirsən? Dediklərin nədən ibarətdir?». Həzrət cavab verdi: «Allahın vahidliyini və mənim peyğəmbərliyimi qəbul etməyə, ata-anaya yaxşılıq etməyə, övladları öldürməməyə, pis işlərdən uzaq durmağa, başqasının qanını nahaq yerə tökməməyə, yetim malını yeməməyə çağırıram...».
Əsəd ibn Zürarə Peyğəmbərin sözlərini dinləyib azacıq fikrə daldı, sonra kəlmeyi-şəhadəti dilə gətirib müsəlman oldu. Onunla gələn yəsriblilər də Peyğəmbərlə görüşəndən sonra Islamı qəbul etdilər. Bundan sonrakı iki il ərzində yəsriblilərin daha iki nümayəndə heyəti Məkkəyə gəlib Peyğəmbərlə görüşdü. Birinci və ikinci Əqəbə beyətləri adlı bu görüşlər zamanı Məkkədə zülm çəkən müsəlmanların Yəsribə köçmə planı hazırlandı və hadisələr hicrətlə yekunlaşdı.

Peyğəmbərin hicrətindən əvvəl Yəsribdə ilk dəfə cümə namazı qıldıran da Əsəd ibn Zürarə olub. O, hicrətdən bir il sonra, Bədr döyüşündən az əvvəl dünyasını dəyişdi. Rəvayət edirlər ki, Mədinənin ilk müsəlmanlarından sayılan Kəb ibn Malik qocalanda gözləri tutulmuşdu. Oğlu Əbdürrəhman hər həftənin cümə günü onun qolundan tutub namaz qılmaq üçün məscidə aparırdı. Hər dəfə azan səsi eşidiləndə Kəb ibn Malik Əsəd ibn Zürarənin ruhuna rəhmət söyləyir, bağışlanma diləyirmiş. Oğlu səbəbini soruşanda Kəb belə deyir: «Bizə Mədinədə ilk dəfə cümə namazı qıldıran Əsəd ibn Zürarə olub. Ona görə hər cümə günü namaza gedəndə onu xatırlayıb ruhuna rəhmət oxuyuram». Əbdürrəhman soruşdu: «Həmin namaz vaxtı sayınız nə qədər idi?». Kəb dedi: «Qırx nəfər».


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 141 Bölmə: Maraqlı melumatlar
loading...