Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AİLƏ SƏADƏTİNƏ NECƏ NAİL OLAQ?

MÜƏLLİF: AYƏTULLAH HÜSEYN MƏZAHİRİ




BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM

GİRİŞ

Allah-Taalaya edilən həmd və şükür, Onun elçisinə, haqq İmamlara və İslam şəhidlərinin parlaq ruhlarına salamdan sonra xatırlatmaq yerinə düşərdi ki, əlinizdəki kitab Ayətullah Hüseyn Məzahirinin 19 əxlaq məclisində toplandıqdan sonra böyük ustadın nəzarəti altında çapa hazırlanmışdır.
Kitabda çox mühüm və əsas məsələlərdən biri sayılan “İslamda ailə əxlaqı” mövzusunda qısa və yığcam surətdə toxunulmuş, şərif ayə və hədislərdən yerindəcə istifadə olunaraq ibrətamiz söhbət və hekayələr şirin və aydın bir dillə qələmə alınmışdır.
Eləcə də ailə məs`uliyyətlərinin növü, kişi və qadın fərqinin fəlsəfəsi, ər-arvad və övladın qarşılıqlı vəzifəsi, dostluq və mehribanlığın ailədəki müsbət tə`siri, övlad tərbiyəsində nəvazişin rolu, ləyaqətli qadın xüsusiyyətlərinin Qur`an və Mə`sum İmamların tərəfindən qiymətləndirilməsi, qadını nəsihət etməyin və ailə ixtilaflarının həll olunma qaydaları, problemlərin yaranma səbəbləri, amilləri, müqəddəs İslam şəriəti baxımından ailə qurmağın əhəmiyyəti, valideynin uşaqlara tə`siri, ailə mühitində maddi və mə`nəvi işlərin yüngül tutulması, kişi və qadının bir-birini əfv edib bağışlaması, övlad tərbiyəsi, gələcəkdə övladın şəxsiyyətinə tə`sir edəcək maddi və mə`nəvi amillərin səbəbi və s. kimi bir çox faydalı mövzularla qarşılaşacaqsınız.

BÜTÜN ALƏM ZƏRRƏCİKLƏRİ MƏS`ULİYYƏTƏ MALİKDİR

Qəlb (bəsirət) gözü ilə varlıq dünyasına nəzər salsaq maddi və qeyri-maddi (mücərrəd) əşyaların ayrı-ayrılıqda müxtəlif vəzifə daşıdıqlarının şahidi olarıq. Dünyada məs`uliyyət yükünü çiyninə almamış və ixtiyarına vəzifə qoyulmamış bir şey tapmaq qeyri-mümkündür. Məsələn, elektronun proton ətrafındakı hərəkəti müəyyən nəzm və sür`ət üzrə olmalıdır.
Yerin Günəş ətrafına fırlanması məxsus keyfiyyət və kəmiyyətlə olmalı və bu vəzifəni müəyyən nəzm və sür`ətlə yerinə yetirməlidir ki, bu nizamdan heç vaxt (belə ki, 160 növ məs`uliyyət (hərəkət) onun üçün sübut olmuşdur) kənara çıxmasın. Neçə illər bundan qabaq sabit və hərəkətsiz hesab olunan Günəş “Veqa” adlı bir ulduzun ardınca (bizə namə`lum olan) müəyyən məqsədə doğru hərəkətdədir. Qur`an dili ilə desək,
“Günəş öz müəyyən oxu ətrafında (maneəsiz) hərəkətdədir, bu alim olan Allahın qüdrətinə dəlildir.”
Günəşin hərəkəti o qədər tez və sür`ətlidir ki, hesab elmi belə onun qarşısında acizdir. Günəşin hər saatda neçə milyon kilometr yol qət etməsi ilə yanaşı, eləcə də bu sistemin kürələri, o cümlədən Yer, onun ardınca bizim üçün namə`lum olan məqsədə doğru hərəkət etməkdədir.
Əgər kainat aləmindən olanlardan biri bir anlıq olsa belə, öz vəzifəsinə əməl etməzsə bütün nizam və sistem pozular, bir çox mövcudatın məhvinə səbəb olar.
Mücərrəd aləmdə də vəziyyət bu cürdür. Yə`ni mələklərin hər biri özünə məxsus vəzifə daşıyaraq maddi aləmin hərəkətində və ilahi ibadətlərin yerinə yetirilməsində məs`uliyyət sahibidirlər ki, əgər bir an öz vəzifələrini yerinə yetirməkdən boyun qaçırsalar, məhv olarlar. Məsələn, me`rac gecəsində Həzrəti Cəbrail Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih)-in ardınca gələrək elə bir yerə yetişir ki, artıq irəliyə getməyə icazəsi olmur. Peyğəmbər (səlləllahu əleyhi və alih) ondan irəli gedərək Cəbrailə buyurur:-İrəli gəl. Amma Cəbrail cavab verir:-Artıq ora gələ bilmərəm. Əgər bir az da yaxınlaşsam yanaram.

İNSANIN MƏS`ULİYYƏTİ İXTİYARİDİR

İnsanın məs`uliyyətinin ixtiyari olmasına əsasən bütün mövcud zərrəciklər məs`uliyyətə malikdirlər. Məxluqatın ən şərəflisi, əşrəfi sayılan insan yaranış aləminin hədəfidir və öhdəsində ən ağır məs`uliyyət vardır.
Sair mövcudatın məs`uliyyətlərinin (cansız, bitki, heyvan, göy cisimləri və başqa) insanla olan fərqi onların məs`uliyyətinin cəbri (məcburi) və yaranış aləminin hesabına olmasıdır. Hətta mücərrəd mövcudatlar belə (mələklər kimi) bir növ cəbridirlər, lakin insanın məs`uliyyəti ixtiyari olmaqla heç bir məcburi vəzifə daşımır.
“Biz (haqq və batil) yolu ona (insana) göstərdik. Əgər istər hidayəti qəbul edər (və öz məs`uliyyətini yerinə yetirər), ya da istər küfri ne`mət (nankorluq) edər.”
İnsan üç növ məs`uliyyət daşıyır ki, bunun müqabilində olan vəzifəsi bir neçə cürdür:
1) İbadi məs`uliyyət; bu məs`uliyyət insan ilə Allah arasında olan məs`uliyyətdir. Əgər bu vəzifənin yerinə yetirilməsində süstlüyə yol versə, insan Allaha bəndəlikdən xaric olar.
2) Fərdi məs`uliyyət; bu məs`uliyyət də iki qismdir:
a) insanın öz bədən üzvləri müqabilindəki vəzifəsi.
İnsan bədəni bir minik vasitəsinə bənzəyir ki, onun uca və əlyetməz aləmlərə yüksəlməsi üçün lazım olan vasitədir. Elə buna görə də onun öz cismi qarşısında olan məs`uliyyəti böyükdür və onların da yerinə yetirilməsində süstlüyə yol verilərsə bu onun mə`nəvi xüsusiyyətlərində nöqsanın yaranmasına səbəb, insanın xətakar olmasına bir növ zəminə yaradır. Məhz bu səbəblər üzündən insanın öz bədənini daim nəzarət altında saxlaması, onu daima qoruması vacibdir.
b) İnsanın ruhi və mə`nəvi cəhəti qarşısında olan vəzifəsi.
Belə ki, bu vəzifə çox ağır və önəmli sayılaraq onun yerinə yetirilməsində süstlük, yaxud nöqsan baş verərsə, ruh xəstəliyə düçar olub insanın bütün işlərini öz mənfi tə`siri altına alacaqdır. Nəticədə ruh və mə`nəviyyat bu xəstəlik üzündən aradan gedərsə, həmin şəxs Qur`anın şərif ayəsinin belə bir adam haqqında buyurduğunun bariz nümunəsi olacaqdır:
“Həqiqətən, Allah dərgahında ən alçaq canlılar mə`nəviyyatları məhv olub və haqq söz qarşısında kar və lal olanlardır ki, onlar əql qüvvəsini işə sala bilmirlər.”
Zalım və cinayətkarların vücuda gəlməsinə səbəb mə`nəvi ruhiyyənin olmamasıdır.
3) İctimai məs`uliyyət: bu vəzifənin mənşəyi insanın ictimai təbiəti sayılaraq onun təkamülü bu xüsusiyyətə borcludur. Belə ki, əgər insan ictimaiyyətdə, cəmiyyət arasında yaşamazsa təkamül mərhələlərini qət etmək onun üçün mümkün olmayacaqdır. İslam bu məs`uliyyətə işarə edərək buyurur:
“İslamda rahiblik və tərki-dünyalıq yoxdur.” İnsan boynunda olan ictimai məs`uliyyətlər isə iki dəstəyə bölünür:
a) ailəyə aid olan vəzifələr (onların “evin idarə olunması və tədarükü” adlandırılması da mümkündür).
b) insanların bir-birinə qarşı olan ümumi vəzifələri. Əgər bu və yuxarıda adı çəkilən məs`uliyyətlərin (ibadi və fərdi) yerinə yetirilməsində süstlüyə yol verilərsə, insan günahkar hesab olunaraq insani vəzifələrdən məhrum olacaqdır.

AİLƏ MƏS`ULİYYƏTİ
Bu məs`uliyyət sadalanan məs`uliyyətlərin ən ağırıdır. Bu vəzifənin müxtəlif cəhət və proqramları ilə yaxından tanış olaraq, onların yerinə yetirilməsində Allah hökmlərinə, Peyğəmbəri-Əkrəm (səlləllahu əleyhi və alih) və Mə`sum İmamların (əleyhimussalam) şəriət–yaşayış qaydalarına əsaslanaraq geniş surətdə diqqət edib çalışmaq gərəkdir.
İslam dininin yarandığı ilk vaxtlardan Cəhənnəm əhlinin əzabı barəsində bir ayə nazil olmuşdur. Belə ki bu cür əzaba düçar olmalarının qorxusundan bir neçə cavan öz adi yaşayışlarından əl çəkərək səhraya üz tutdular. Onlardan biri, bir daha öz həyat yoldaşı ilə birlikdə yatmayacağına, qadınla təmas tutmayacağına söz verdi. İkincisi camaatla əlaqəni birdəfəlik kəsəcəyinə, üçüncüsü isə heç vaxt ləzzətli yeməklər yeməməyi qərara alır.
Bu üç nəfərin həyat yoldaşları, Peyğəmbər (səlləllahu əleyhi və alih)-in yanına gələrək öz ərlərinin vəziyyətlərini ona danışdılar. Həzrət bu macəranı eşitdikdə narahat olub, tez məscidə tələsir. Evdən elə tə`cili halda çıxır ki, əbası yerlə sürünür. Məhz elə bu halətdə “qeyri-adi vəziyyəti” aydınlaşdırmaq üçün camaatı məscidə yığaraq belə buyurur: “Mən sizin peyğəmbəriniz olmaqla bərabər həm evlənmiş, həm yemək yeyir, həm də bədənimin qayğısına qalıram. Günümü camaat arasında keçirməklə sizinlə ünsiyyətdəyəm. Hər kim mənim yaşayış tərzimdən üz döndərsə məndən deyil.”
Müqəddəs Qur`an da bu barədə buyurur:
“Dul qadınlar, arvadsız kişilər, ləyaqətli və xoşrəftar kənizlərinizi, bir-birinizlə evləndirin! Əgər onlar yoxsul olsalar Allah Öz rəhmət və fəzli sayəsində onları ehtiyacsız edər. Allah çox əta edən və (geniş rəhmət və fəzilət sahibi, bəndələrinin halından) agahdır.”
Mə`lum olur ki, yoxsulluq Peyğəmbər şəriətindən uzaqlaşmaqla nəticələnməməlidir, əksinə evlənib ailə qurmağın özü ruzinin artması səbəblərindən biridir. Bütün bunlarla yanaşı ailə məs`uliyyəti çox ağır və həssasdır. Ailə saxlamaq və uşaq tə`lim-tərbiyəsi xüsusi qayda-qanuna malik olub, ailə böyüklərinin hər birinin öhdəsində öz vəzifələri vardır. Ailə üzvlərinin mehriban olmasının yeganə yolu bu vəzifələri düzgün yerinə yetirməkdən ibarətdir.
“Ey iman gətirənlər, (Allah hökmlərinə tabe olmaqla) özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!”
“Həqiqətən ən çox zərər görmüş şəxslər onlardır ki, həm özləri, həm də ailələrini (pis, düzgün olmayan tərbiyə, yaxud təlim-tərbiyədə süstlük səbəbinə əsasən) Qiyamət günü ziyana saldılar. Agah olun! Aşkar ziyankarlıq elə budur!”
Bu kitabda ailə saxlamağın müxtəlif vəzifə və qayda-qanunundan geniş surətdə söhbət açacağıq. Arvadın ər, ərin arvad, övladın ata-ana, onların da övlad qarşısındakı vəzifələrini hərtərəfli araşdırmaqla yanaşı, eləcə də ailə mühitinin mə`nəvi dəyərlərini lazımınca saxlamağı öyrənəcəyik. Ailənin ruhdan düşərək mə`nəvi şəraitin soyuması uşaq, qadın və kişinin həyatında ən böyük dərddir. Övladlarımızın pis mühitdə böyüməsi, ürək sıxıntısı, ruhi xəstəliklərə və başqa müxtəlif narahatlıqlara düçar olmasının qarşısını almaq hamımızın ümdə vəzifələrindən biridir. Övladlarımız ailənin bu çatışmazlıqları ilə gərək ictimaiyyətə qədəm qoymasınlar, çünki bu addım insan cəmiyyətinin faciəsi və məhvinin başlanğıcıdır.
“Allahın nişanələrindən biri budur ki, sizin üçün özünüzdən həyat yoldaşı yaratdı ki, onunla birlikdə rahatlıq tapasınız və sizin aranızda mehr-məhəbbət və rəhmət qərar verdi. Bu iş üzərində fikirləşənlər üçün (hikmət və) nişanələr vardır.”







BİRİNCİ FƏSİL

ƏXLAQ UYĞUNLUĞU

Ailə qurmaq vəzifəsi çətin olub onları yerinə yetirmək daha ağırdır. Belə ki, ilk növbədə gözəl əxlaq, mənzil tədarükü, əxlaq uyğunluğunu və s. tələb edir. Eləcə də süstlük, zəiflik və müxtəlif çatışmazlıqlar yaradır ki, bu da bə`zən ədəb qaydalarının pozulmasına gətirib çıxarır. Ailə işlərinin idarə olunması bərabərliyə riayət edərək ictimai ağıla sahib olmaq, mehr-məhəbbət, mehribanlıq, elm və siyasət tələb edir.
Kişi müxtəlif mənzil problemlərini düzgün üslubla, xoş əxlaqla elə həll etməlidir ki, qəlblər onun böyüklüyünü duysunlar. O özünü özbaşınaçılıqdan qoruyaraq həmişə öz gözəl rəftarı ilə ailə mühitinin isti və yüksək ruha malik olan mə`nəviyyatını saxlamalıdır. Bu mühüm vəzifəni yerinə yetirmək ailə üzvlərinin mə`nəvi bağlılığını daha da möhkəmlədərək onları bir-birinə arxa və köməkçi edər. Qur`ani-Şərif bu məs`uliyyəti aşağıdakı ayədə xatırladaraq insanı bu vəzifəyə əməl etməyə səsləmişdir:
“Ey iman gətirənlər, özünüzü və əhli-əyalınızı yanacağı insanlar və daşlar olan oddan (Cəhənnəm odundan) qoruyun!”
Ailə məs`uliyyəti ictimai bir vəzifədir ki, ailəni qurmaqla bərabər insanın özünü də düzəltməsi, saflaşdırması, özünə nəzarət etməsi də lazımdır ki, ziyankarlardan olmasın.

KİŞİ QADININ HİMAYƏÇİSİDİR
Müqəddəs Qur`anda ev idarəçiliyi barəsində çoxlu qaydalar mövcuddur, o cümlədən:
“(İşgüzar) kişilərin qadınlara böyüklük və onları qorumaq haqqı vardır, ona görə ki, Allah bə`zilərini bə`zilərindən üstün qərar verib və ona görə ki, kişilər öz mallarından qadınların məişət və yaşayış xərclərini ödəyirlər.”
Buna əsasən evin böyüklüyü kişi ilə bağlı olaraq onun qadın üzərində böyüklük haqqı vardır. Başqa sözlə desək, idarə işləri, mənzil tədarükü maddi və mə`nəvi cəhətdən kişinin öhdəsinədir. Əlbəttə, bu ağır vəzifəni yerinə yetirmək yalnız qəlblərə hakim kəsilməklə mümkündür ki, tənha maddi bədənə malik olmağın tə`siri yoxdur. Çünki, zor və qüvvət daimi deyildir.
Qanunvericilikdə müvəffəqiyyət qanuna riayət edənlərin qəlblərinə hakim kəsilməkdir. Kişinin də ailədə böyüklük etməsinin müvəffəqiyyəti ailə üzvlərinin ürəklərinə hakim olması ilə bağlıdır. Belə olan halda kobudluq və tünd xasiyyətliyə yol verilmir və nəticədə ev mühiti başqa İslami mühitlər kimi, zorakılıq, dava-dalaş və bədrəftarlıqdan uzaq olur.


ƏR-ARVADIN AĞIL VƏ ATİFƏSİ (EMOSİONAL XÜSUSİYYƏTİ)

Qeyd olunan ayədən mə`lum olduğu kimi, kişilərin ailədə hakim olmalarının bir neçə dəlili vardır ki, onlardan biri də kişilərin yüksək fikir və düşüncə qabiliyyəti, qadınların isə güclü atifəyə (emosianal xüsusiyyətə) malik olmasıdır. Fikir və düşüncə tələb edən qayğılar kişinin, məhəbbət və mehribanlıq rəftarı isə qadınların öhdəsinədir.
Evdarlıq, ailə qayğıları, eləcə də uşaqların tə`lim-tərbiyəsində məhəbbət və mehribanlığın rolu böyükdür. Fitrət və yaranış xüsusiyyətinə görə bu cür vəzifələr doğrudan da qadının rəftar, iste`dad, təbiət və bacarığı ilə münasibdir, bir halda ki, kişilər bu vəzifələri yerinə yetirməyin öhdəsindən, fitrətləri qadın fitrət və təbiətindən fərqli olduğu üçün gələ bilmirlər.
Kişinin vücudu uşaq saxlamaq və ya evdarlıq işləri üçün yaranmamışdır. Kişidə yüksək fikir və düşüncə qabiliyyətinin olması onun fitrət və təbiətinin ağır ictimai işlərlə münasibliyindən doğur.

AYƏNİN MƏ`NASI

“Qadın qızılgül, kişi isə uca və gövdəli bir ağaca bənzəyir. Zərif və təravətli qızılgülün qızmar günəş istiliyinə, küləyə, tufana və qışın sərt soyuğuna dözümü olmadığı kimi, qadının da ağır və yorucu ictimai işlər qarşısında müqavimət və dözümü yoxdur.”
Beləliklə, kişi və ya qadının vücudu olmazsa cəmiyyətdə çatışmazlıq və naqisliyin olmağı nəzərə çarpacaqdır. Bu cəhətdən kişinin təlabatına əsasən, mənzil tədarükü və ağır işlər evdarlıq və zərif işlər isə təbiətinə əsasən qadının öhdəsinə verilmişdir. Aydın məsələdir ki, bu kişinin qadından üstün olmasına dəlil ola bilməz. Qur`an “kişilər qadınlardan üstündür” buyurduğunun mə`nası budur ki, kişi qadına nisbətən vücud üstünlüyü deyil, yüksək “fikir və düşüncə üstünlüyü”nə malikdir. Eyni zamanda qadının da kişiyə nisbətən üstünlüyü vardır ki o da “atifə, mehr-məhəbbət və mehribanlıq üstünlüyüdür.” Qur`an kişinin qadına olan üstünlüyünü bəyan etmək qəsdində deyildir və bu ayə qadının yüksək məqamına təhqir kimi hesab edilməsin.

KİŞİ İLƏ QADININ TƏBİƏT FƏRQİ RƏHMƏT NİŞANƏSİDİR

Sözümüzün əvvəlində kişinin güclü fikir və düşüncə qabiliyyətinə malik olub nəticədə qadından daha artıq ayıq və huşlu olduğunu, eləcə də qadının güclü atifə, məhəbbət və mehribanlıq hislərinə malik olduğunu və bunun da nəticəsində kişidən daha artıq atifəli, mehr-məhəbbətli olduğunu qeyd etdik.
Kişi və qadın arasındakı bu fərqi onlardan birinin digəri üzərində üstünlüyü kimi düşünmək düzgün deyildir. Bu fərq yalnız kişi və qadınlar arasında asayiş, məhəbbət və mehribanlıq mənşəyi olmaqla yanaşı, Allahın
“Allahın nişanələrindən biri də budur ki, sizlərə özünüzdən həyat yoldaşı yaratdı ki, onların yanında rahat olasınız. Və sizin aranızda məhəbbətlə mehribanlıq yaratdı. Bu mühüm məsələ (ər-arvad arasında mehribanlıq həmdəmlik və ünsiyyətin olmasıdır ki, həqiqətdə həyatın möhkəm dirəyi sayılıb asayiş və rahatlıq mənşəyidir) təfəkkür və düşüncə əhli üçün Allah hikmətindən bir nişanədir.

QADINLAR AĞILDAN NAQİS DEYİLLƏR
İslamın qadının ağıldan az və naqis yaradılaraq ictimaiyyətə bu cür tanıtdırması yalanı qərblilər tərəfindən planlaşdırılmış bir bəhanədir. Xatırlatmaq lazımdır ki, qadında ağıl azlığı yoxdur. Amma qadının ağlı güclü məhəbbət, atifi hislərin tə`siri altında olduğu, atifi qanunlara tabe olduğu üçün öz əsl qabiliyyətini əldən verir. Elə bu səbəbdən İslam qadınları qəzavət, hökm vermə, hökumət, cihad və s. kimi atifənin tə`siri altında olmamalı məs`uliyyətlərdən çəkindir- mişdir.
Beləliklə, qadın bu cəhətlərdən asayiş və rahatlıq me`yarı hesab olunaraq nigaranlıq və pərişanlığı aradan apardığına görə kişidən yüksək dərəcəyə malikdir. Kişi də ictimaiyyətin ağır işlərini yerinə yetirmək və mənzil tədarük görmək üzündən qadından üstün sayılır.
Elə isə, qadın və kişinin dünya nəzmini idarə etməsində bir olmaları gərəkdir. Elə bu cəhətdən kişinin vücudu yüksək fikir və düşüncəyə malik olduğu üçün pul və maliyyə tədarükü, evin idarəsi, ailə üzvlərini tərbiyə etmək onun öhdəsinə verilmişdir. Buna görə qadın gərək əri qarşısında təvazökar və sözeşidən olsun.

LƏYAQƏTLİ QADINLARIN NİŞANƏLƏRİ

“Həm təvazökar, həm də itaət edən qadınlar pak və təqvalıdırlar.”
Allah ismətli qadının iki xüsusiyyətinə tə`kidlə işarə etmişdir:
1) Təvazökarlıq və itaət etmək.
Qadın öz ərinə itaət edərək onun müqabilində təvazökar olmalıdır. Əgər bir qadın əri qarşısında e`tinasızlıq və saymazlıq göstərərsə, həqiqətdə öz ilahinin ona verdiyi fitri qanunun əksinə hərəkət etmişdir. İslam nəzərincə ləyaqətli qadın odur ki, ərinə itaət etsin və kişi də evdə böyük kimi sayılsın. Amma gərək amansızlıq və zorakılıq deyil, əksinə ailənin idarəsi və məsləhətinə uyğun təbii bir tərzdə böyüklük etsin. Qadının öz ərinin buyuruğunda diqqətli olması ümdə vəzifələrindən biridir.


ƏRİN ARVAD ÜZƏRİNDƏKİ HAQQI

Xatırlamaq lazımdır ki, kişinin paltar yumaq, xörək bişirmək və s. işlər barədə tələbi olmamalıdır. Çünki, belə işlərdə kişinin qadın üzərində heç bir haqqı olmayıb təkcə “şəhvət ehtiyacını tə`min etməkdə” tələb etmə haqqı vardır. Kişinin qadına paltar yumaq, yemək hazırlamaq və sair işlərdə əmr etməyə haqqı olmadığına baxmayaraq, qadın öz vəzifəsini bilməlidir. Belə ki, kişinin paltarını təmizləməli, xörək bişirməli və evi rahat yaşayış üçün hazırlamalıdır. Ləyaqətli qadın o qadındır ki, əri evə gəlməmişdən qabaq asayiş və rahatlıq üçün lazım olan şeyləri tədarük görüb hazırlasın. Qadın-kişi münasibəti rəfiqlik, dostluq, səfa-səmimiyyət xarakteri daşıyır. Onların əlaqəsi qanun və vəzifə ilə deyil, eşq-məhəbbət və zövq üzərində qurulmalıdır. Belə də deyil ki, kişinin şəriətə əsasən qadın üzərində hansı haqqı vardısa, qadın təkcə o sahədə söz qəbul etməlidir. Əksinə, ər-arvad bir-birindən müəyyən bir şey tələb edərlərsə hətta tələb olunan o şey şəriət qanunu üzrə onların vəzifəsi olmasa belə, onlar məhəbbət, eşq və səfa-səmimiyyət əsasında bir-birinin tələbini qəbul etməlidirlər.
2) Pak və haramdan uzaq olmaq.
İslamın ləyaqətli qadın üçün qeyd etdiyi ikinci xüsusiyyət “ismət, iffət və paklıqdır”. İstər gizlində, istərsə də aşkarda qadın haram işlərdən uzaq olaraq öz iffətini qorumalı, hər zaman “ismətli və pak” olmalı, ərinin onun yanında olub-olmaması qadının paklığına tə`sir etməməlidir.

QADININ VƏZİFƏLƏRİ
Ərinin evə gəlişindən qabaq onu qarşılamağa hazırlıq görməsi, üz-üzə gələrkən onunla təbəssümlə salamlaşması və onun yanında oturaraq deyib-gülməsi, şadlıq və xoşhallıq yaratması qadının ümdə vəzifələrindən sayılır.







QADIN İTAƏTSİZLİK EDƏNDƏ KİŞİNİN VƏZİFƏSİ

Qurani Kərim bu barədə belə buyurur:
“İtaətsizlik və özbaşınalıqlarından qorxduğunuz qadınlara nəsihət və moizə edin.”
Moizə (nəsihət) olunan sözlər mehribanlıq və məhəbbətlə dolu olmalıdır. Moizə günəş təki ona nur və istilik saçıb dəlil-sübut əsasında olmalıdır.
Camaatın ruhiyyəsi müxtəlif və bir-birindən fərqlənir. Məsələn, qadınlarla söhbətdə atifəli, zərif dəlillərdən istifadə etmək lazımdır, təkcə dəqiq əqli dəlillərin lazımlı tə`siri yoxdur. Belə ki, Qurani Kərim də dostluq və mehribanlığa işarə edərək buyurur:
“Allah-Taala sizin aranızda məhəbbət və dostluq yaratdı.”
Buna əsasən əgər qadın vəzifələrinin yerinə yetirilməsində süstlük etsə, onu məhəbbətli və mülayim nəsihətlə moizə etmək lazımdır. Məsələn, evə daxil olub yoldaşınızı kədərli və yorğun görsəniz, özünüzdən çıxaraq onu danlamayın, əksinə mülayim və məhəbbətlə rəftar edib, bu cür rəftarın ailə münasi- bətlərinin soyuqluğuna səbəb ola bilməsini xatırladın.

BİR PSİXOLOQUN NƏZƏRİ

Psixoloqlardan biri bu barədə belə deyir: “Yaxşı kişi odur ki, evə daxil olmazdan əvvəl ayaqqabısına palçıq yapışmış olarsa onu təmizləyib sonra evə daxil olsun. Qəm-qüssə və narahatlıq da ayaqqabının altına yapışmış palçıq misalına bənzəyir ki, evə daxil olmazdan gərək təmizlənsin. Eləcə də ləyaqətli qadın evi süpürüb zibili otaqdan çıxartdığı kimi, ailə mühitindəki qəm-qüssə və narahatlığı da bir zibil kimi təmizləməlidir.”

İSLAMİ DAVRANIŞDAN NÜMUNƏ

Təsəvvür edin ki, evə daxil olduğunuz vaxt evin səliqəsiz olduğunu görür və belə ev mühitini İslama uyğun yaşayış üçün münasib hesab etmədikdə, yoldaşınızı nəsihət edərək mehribanlıqla çatışmazlıqları ona göstərib “təmizlik iman nişanəsidir”-söyləmək borcunuzdur.
Daha sonra ev mühitinin təmiz olmasının uşaqların düzgün tərbiyəsində, böyüməsində və sağlamlığında göstərdiyi müsbət tə`sirə işarə edib ata-ananın bu zəminədə olan vəzifələrini xatırladın və buna bənzər mülayim sözlər söyləyin ki, həyat yoldaşınız nəsihətinizi qəbul edib öz səhvini düzəltsin. Nəsihət məhəbbətlə başlayıb düzgün dəlil ilə sona yetərsə mütləq öz müsbət tə`sirini göstərəcəkdir.
Bə`zən mətləbin müxtəlif sözlərlə, müxtəlif şəkillərdə təkrar edilməsi sözün düzgün tə`sir göstərməsinə səbəb olur. Amma nəsihət və onun dəfələrlə təkrar olunması möhkəm əsəb sistemi və ürək genişliyi tələb edir, ki, qüssə və dad-fəryad etmək lazım gəlməsin. Əgər insan geniş ürəkli olub öz əsəblərini tam surətdə ələ ala bilərsə, böyük bir qələbəni ələ gətirmişdir. Necə ki, Musa Kəlimullah (əleyhissalam) öz peyğəmbərlik vəzifəsini yerinə yetirmək üçün Allah-Taaladan qəlbinin genişliyini istədi:
“Ey Allah, mənim sinəmi geniş və işimi asan elə, dilimin düyününü aç və sözümü onlara düşündür.”
Bu ayədən mə`lum olur ki, əgər insan geniş ürəkli və öz əsəblərini tam surətdə ələ ala bilsə, çətinlikləri aradan qaldırar, işləri asan edib, sözünü qəbul etdirər, nəticədə isə başqalarının ürəyinə nüfuz edər.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 458 Bölmə: Maraqlı melumatlar
loading...