Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QEDR GECESI HAQQINDA

Bu gecəyə Qədr gecəsi deyilməsi onun şərəf və qiymətindən irəli gəlir.

Çünki:

Quran Kərim bu gecədə nazil edilmişdir.

- Bu gecədəki ibadət, içərisində Qədr gecəsi olmayan min aydan daha xeyirlidir.
- Gələn ilə qədər baş verəcək olan hər cür hadisələr Allah Talanın əzəli qəza və təqdiri ilə bağlı mələklərə bu gecə bildirilir.

(Təcridi Sarih Tərcüməsi, VI, 312)

- Bütün olacaq şeylərin hamısı Lövhi-Məhfuada əvvəlcədən yazılıb. Qədr gecəsi isə Lövhi-Məhfuzdan məxluqatın bir illik qədəri təyin edilir. Uca Allah buyurur: “Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur.” (əd-Duxan surəsi 3 - 4-cü ayələr).

- Bu gecədə yer üzünə Cəbrayıl (ə.s) və bir çox mələklər enər.
Bu gecə dan yerinin ağarmasına qədər sabitlikdir, hər cür pisliklərdən uzaqdır. Yer üzünə enən mələklər rast gəldikləri hər bir möminə salam verərlər.

- Qədr gecəsinin hansı gecə olduğu dəqiq olaraq bilinməməklə bərabər ümumiyyətlə Ramazanın iyirmi yeddinci gecəsində olduğu daha ehtimal olunur. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bunun qəti olaraq hansı gecədə olduğunu bildirməmiş, ancaq; Siz Qədr gecəsini Ramazanın son on günü içərisində tək rəqəmli gecələrdə axtarın deyə buyurmuşdur.

(Buxari, Leylətül-Qadr, 3, Müslim, Siyam, 216)

Peyğəmbərimizin (səllallahu aleyhi və səlləm) səhabəsi olan Ubey İbn Kəb (Allah ondan razı olsun) Belə demişdir: “O bir olan Allaha and olsun ki, (Qədr gecəsi) Ramazan ayındadır. Allaha and olsun ki, mən bilirəm o hansı gecədir. Peyğəmbər (səllallahu aleyhi və səlləm) bizə həmin gecəni namaz qılmağı əmr etmişdir. O 27-ci gecədir. Onun əlaməti odur ki, həmin gün səhər gün ağappaq şüasız çıxır.”
(Bu hədisi Muslim, Əbu Davud, Tirmizi və başqaları rəvayət etmişdir).

İslam qaynaqlarının bildirdiyinə görə Allah Tala bir çox hikmətlərə dayanaraq Qədr gecəsini və onun xaricində daha başqa günləri də gizli tutmuşdur.

Möminlər bu gecəni qəflət içərisində keçirməməli, ibadət və zikr ilə dəyərləndirməlidirlər. Əbu Hüreyrədən (r.a) rəvayət edilən bir hədisdə Peyğəmbər (səllallahu aleyhi və səlləm) belə buyurmuşdur:
Kim Qədr gecəsinin, fəzilətinə inanaraq və alacağı savabı Allahdan gözləyərək ibadət və zikr ilə keçirərsə keçmiş günahları bağışlanar.

(Buxari, Qədr gecəsi 1)

Qədr gecəsinin əlamətləri:

-Həmin gecə sakitlik, əmin-amanlıq olur.

-Möminin qəlbi rahat olur.

-Uca Allah buyurur: “O gecə dan yeri sökülənə kimi (büsbütün) salamatlıqdır! (əmin-amanlıqdır)”.

(əl-Qədr surəsi 5-ci ayə).

-Həmin səhər günəş şüasız olaraq çıxır.

Qədr gecəsində nələr edilir:
Qədr gecəsini, namaz qılaraq, Qurani-Kərim oxuyaraq, tövbə edərək, bağışlanma diləyərək, dua edərək keçirmək lazımdır.

Aişə (r.a) demişdir: Peyğəmbərə (səllallahu aleyhi və səlləmə) “Ey Allahın Rəsulu! Qədr gecəsinə rast gəlsəm necə dua edim deyə soruşdum. Rəsulullah (səllallahu aleyhi və səlləm) –

Allahummə innəkə afuvvun tuhibbul affa fafu anni:

-Allahım sən çox bağışlayansan, bağışlamağı sevirsən, mani bağışla deyə dua et buyurdu.
(Təcridi Sarih Tərcüməsi, VI, 31)

Bu gecənin elə bir anı vardır ki, o anda edilən ibadət və dualar mütləq qəbul olar. Bu önəmli anı yaxalamaq üçün gecənin bir hissəsini tövbə və zikrlə keçirmək lazımdır.

Allahdan istəyirik ki, bu şərəfli gecəyə rast gələnlərdən və günahlarımızı bağışladığı qullardan etsin. Amin!


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 140 Bölmə: Maraqlı melumatlar
loading...