Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Siqareti Tərgitmək Istəyənlərə Gözəl Bir Nümunə

Islam şəriətinə görə, insanın öz canına qəsdən zərər yetirməsi intihara bərabər tutulur və böyük günah sayılır. Müsəlman hər yolla öz sağlamlığını və həyatını qorumalıdır.

Allahın verdiyi cana qıymaq – istər zor və əziyyət yolu ilə olsun (məsələn, bədəni kəsmək, xəsarət yetirmək və s.), istərsə də ağrısız üsullarla olsun (məsələn, qəsdən zərərli dərman qəbul etmək, xəstə orqanın sıradan çıxmasına şərait yaratmaq və s.) – dinimizdə yolverilməzdir. Bu üzdən bəzi müctəhid və müftilər hətta siqaret çəkməyi də sağlamlığa təhlükə törətdiyi və bir sıra qorxulu xəstəliklərə yol açdığı üçün haram sayırlar. Müsəlman alimləri həmişə bu prinsipə riayət etmiş, öz sağlamlıqlarını pis vərdişlərlə puç etməməyə çalışmışlar. Hətta bir çoxları üçün tərgidilməsi qeyri-mümkün görünən siqaret kimi vərdişi də alimlər canlarına ziyan olduğu barədə yəqinlik əldə etdikdən sonra birdəfəlik tərk etmişlər.

XX əsrdə yaşamış məşhur alimlərdən biri, Cənubi Azərbaycan əsilli Seyyid Mühəmməd Kuhkəməri (Ayətullah Hüccət adı ilə tanınırdı) siqaret çəkməyə adət etmişdi. Müasirləri öz xatirələrində qeyd edirlər ki, alim gün ərzində çoxlu siqaret çəkirmiş, xüsusilə, mütaliə zamanı buna vərdiş etmişdi. Bir müddətdən sonra Ayətullah Hüccətin səhhətində problem yaranır. Müalicə üçün onu Qumdan Tehrana gətirirlər. Həkim müayinədən sonra alimin ciyərlərində xəstəlik əlamətləri tapır və ona qəti surətdə siqareti tərgitməyi məsləhət görür. Seyyid Hüccət əvvəlcə həkimin sözünü zarafatla qarşılayır: «Mən bu ciyərləri siqaretdən ötrü istəyirəm. Siqaret olmasa, ciyərlər nəyimə lazımdır?». Həkim tam ciddiyyətlə sözünə davam edir: «Məsləhət görürəm ki, siqareti tərgidəsiniz, çünki bu, canınıza ziyandır». Alim ani sükutdan sonra bir də sual verib dəqiqləşdirir: «Deyirsiniz ki, siqaret çəkmək canıma ziyandır?». Həkim bir daha öz fkirini təsdiq edir. Seyyid Hüccət Kuhkəməri qətiyyətlə bildirir: «Madam ki, canıma ziyandır, onda bu gündən birdəfəlik tərgitdim». Alim həmin gündən bu zərərli vərdişin daşını atır və ömrünün sonuna kimi bircə dənə də olsa siqaret çəkmir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Maraqlı melumatlar
loading...