Tarixdən məlumdur ki, Həzrət Mühəmməd Peyğəmbər (s) beş yaşına kimi Məkkə ətrafında məskunlaşmış Bəni-Səd qəbiləsinin içində, Haris ibn Əbdül-üzza ilə Həlimə xatunun ailəsində tərbiyə almışdı.
O zamanlar Məkkə camaatının adəti bu idi ki, yeni doğulan körpələri şəhər ətrafındakı bədəvi qəbilələrə müvəqqəti olaraq verirdilər. Uşaqlar burada həm təmiz hava alaraq böyüyür, həm də səhra həyatına öyrəşirdilər. Xüsusilə, şeir və nitqin yüksək dəyərləndirildiyi o zamanlarda belə bir təsəvvür var idi ki, səhra ərəbləri (bədəvilər) oturaq ərəblərə nisbətən daha bəlağətli və fəsahətli danışırlar.
Həzrət Mühəmməd Peyğəmbərin (s) də uşaqlıq dövrü belə bir şəraitdə keçmişdi. O həzrət öz süd anası Həliməni, süd atası Harisi, onların uşaqlarını (yəni öz süd bacı-qardaşlarını) çox sevirdi. Ömrünün sonuna kimi Peyğəmbər özünü onların qarşısında borclu bilir və bu ailənin yaxşılığının əvəzini daha gözəl qarşılıqla verməyə çalışırdı. Rəvayət edirlər ki, süd qohumlarından biri ilə görüşəndə Peyğəmbər öz əbasını və döşəyini onun altına sərib özünə yaxın əyləşdirərdi.
Hicrətin 8-ci ilində (miladi 630-cu il) baş vermiş Hüneyn savaşında hələ Islamı qəbul etməmiş Bəni-Səd qəbiləsinin üzvləri də müşriklərlə eyni cəbhədə döyüşürdülər. Savaş müsəlmanların qələbəsi ilə başa çatdı, düşmən tərəfdən xeyli adam əsir alındı. Peyğəmbərin süd bacısı Şiyma (bu adın mənası “xallı” deməkdir. Bəzi məlumatlara görə, onun əsl adı Hüzafə imiş) da əsirlərin arasında idi. O, kimliyini tanıtdırıb Peyğəmbərlə görüşmək istədiyini bildirdi. Həzrət Mühəmməd Peyğəmbər (s) Şiyma ilə görüşəndə həmişəki kimi yenə ona hədsiz ehtiram göstərdi və onu təmənnasız olaraq azad etdiyini bildirdi. Şiyma öz istəyi ilə qəbiləsinə qayıtdı və sonralar Islamı qəbul etdi. Müsəlmanlar Peyğəmbərin alicənablığından nümunə götürüb bütün əsirləri azad etdilər, onlar da əvəzində kütləvi surətdə Islamı qəbul edib müsəlman oldular. Beləliklə, Şiyma minlərlə insanın Islama gəlməsinə və əsirlikdən qurtulmasına səbəb oldu.
Rəvayət edirlər ki, bir gün Şiyma yenə Peyğəmbərin görüşünə gəlmişdi. Allahın Rəsulu adəti üzrə onu ayaq üstə qarşıladı, əbasını yerə sərib, Şiymanı onun üzərində əyləşdirdi, gülər üzlə onu dindirdi, ayrılanda onu ötürdü.
Şiyma gedəndən az sonra elə həmin gün onun qardaşı da Peyğəmbərlə görüşməyə gəldi. Peyğəmbər süd qardaşını da mehribanlıqla qarşıladı, amma Şiymaya göstərdiyi ehtiramı ona göstərmədi. Peyğəmbərin öz süd qardaşı ilə süd bacısına nisbətən soyuq davranması səhabələrin nəzərindən yayınmadı. Qonaq çıxıb gedəndən sonra səhabələr Iki Cahan Günəşindən soruşdular: “Ey Allahın elçisi! Niyə öz süd qardaşını süd bacına nisbətən bir qədər soyuq qarşıladın? Məgər onlar Sənin gözündə eyni deyillərmi?”. O həzrət cavab verdi: “Şiyma öz ata-anasına çox ehtiram göstərir, onlara sevgi ilə qulluq edirdi. Amma süd qardaşım bu cür deyildi, valideynlərinə münasibətdə soyuq davranırdı. Ona görə Şiymaya ondan daha artıq hörmət etdim”.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar