Bir gün Həzrət Mühəmməd Peyğəmbər (s) Imam Əli ibn Əbu Talibdən (ə) soruşdu: “Ya Əli! Hansını seçərsən: sənə altı yüz min baş sürü bağışlayım, altı yüz min dinar pul verim, yoxsa altı yüz min hikmətli kəlam öyrədim?”.
Əli (ə) buyurdu: “Sonuncunu seçərəm, ey Allahın Rəsulu! Mənə altı yüz min hikmətli kəlam öyrət”. Peyğəmbər buyurdu: “Mən altı yüz min kəlamı cəmi altı kəlamın içində toplayıb sənə deyirəm.
Əvvəla, o zaman ki gördün camaat öz üstünlüklərini (fəzilətlərini) sayıb öyünməklə məşğuldur, sən vacib olan ibadətləri yerinə yetirməklə məşğul ol.
Ikincisi, o zaman ki gördün camaat dünya işlərinə baş qarışdırır, sən axirət işləri ilə məşğul ol.
Üçüncüsü, o zaman ki gördün camaat başqalarının eybini deyib rişxənd etməklə məşğuldur, sən öz eyiblərinlə məşğul ol (yəni onları düzəltməyə çalış).
Dördüncüsü, o zaman ki gördün camaat öz dünyasını bəzəməklə məşğuldur, sən öz axirətini bəzəməklə məşğul ol.
Beşincisi, o zaman ki gördün camaat əməlin (ibadətin) sayını çoxaltmaqla məşğuldur, sən ibadəti ürəkdən, səmimiyyətlə yerinə yetirməklə məşğul ol.
Altıncısı, o zaman ki gördün camaat məxluqun (özündən güclü olanın) ətəyindən yapışır, sən Yaradana sığın”.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 44 Bölmə: Maraqlı melumatlar