Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QUL HAQQI MƏSƏLƏSİ

Qiyamət günü insanlar hesaba çəkildikləri zaman bütün haqq sahibləri, yəni, vaxti ilə haqqları pozulmuş şəxslər, borcları qaytarılmayan borc sahibləri və s. zərər çəkmişlər öz haqlarını alacaqlar. Axirət meydanında alacaq olan kimsə borclunun savabından alır. Lakin borclunun savabı yoxdursa, onda alacağı miqdar qədər əvəzində günahından borclu olana ötürür.

Əbu Hureyrədən (r. a.) belə rəvayet edilmişdir: «Peyğəmbər (s. a. s.) buyurub ki:
- «Bilirsinizmi müflis kimdir?», səhabələr dedilər ki: «Ey Allahın Rəsulu, bizcə müflis pulu və malı olmayandır». Bunun üzərinə Rəsulullah (s.ə.s.) belə buyurdu:
- «Ümmətimdən müflis o kimsədir ki, qiyamət günündə namaz, oruc və zəkat ilə gəlir, fəqət (bununla bərabər) birini söymüş, birinə iftira atmış, onun malını (haqsız olaraq) yemiş, bunun qanını tökmüş. Bundan dolayı onun yaxşılıqlarından bütün haq sahiblərinə verilir. Üzərində olan haqlar ödənmədən savabları tükənirsə, onda haqq sahiblərinin günahları o kimsəyə yüklətilir və sonra o kəs Cəhənnəmə atılır»(Tirmizi, c. 4, sh. 36, Misir.)

(Yəni, burada sadəcə olaraq, başqasına qarşı edilən günahın cəzası olaraq bunun əvəzi bu cür verilir və bu, məhz onun öz günahının nəticəsi olur.)

Yenə Əbu Hureyrədən (r. a.) rəvayət edilən bir hədisi-şərifdə Rəsulullah (s.ə.s.) belə buyurmuşdur:
- «Kimin üzərində din qardaşının haqqı varsa bunu ona halal etdirsin. Çünki o gün (qiyamət günü) borcunu vermək üçün nə dinar vardır, nə də dirhəm. (Bu borcunu) onun savablarından alınıb ona verilmədən və ya yaxşı əməlləri (savabları) olmadıqda, veriləcək kimsədən günahları alınıb borcluya yüklənmədən əvvəl bunu etsin (yəni Qiyamət günü və ölüm gəlmədən bunu ödəsin və ya halallığını istəsin)»
(Buxari, c. 7, sh 197, Misir.)

Buna görə, axirətə qul haqqı ilə getmək də heç doğru deyildir. Çünki axirətdə qul haqqından hesabatsız qurtuluş yoxdur. Digər bir neçə hədislərdə bildirildiyi kimi, hətta büynuzsuz qoyun buynuzlu qoyundan (əgər o bunu haqsız yerə buynuzlamışsa) haqqını alacaqdır.


Ölüm və DNK.

Müasir elm nəhayət ki, DNK və gen informasiyasının mövcudluğunu yalnız, yaxın zamanlarda kəşf edə bilib. Lakin görün bunları yaradanın Özü buna dair necə gözəl, sadə və eyni zamanda dərin elmli işarə verir: «Məgər insan elə güman edir ki (qiyamət günü) onun sümüklərini bir yerə yığa bilməyəcəyik?» 75/3. «Bəli, Biz (hətta) onun barmaqlarının uclarını da (barmaq izlərini dünyada olduğu kimi) düzəltməyə qadirik» 75/4.
Yəni, artıq insan özünün ilkin gen informasiyası əsasında yenidən təkrar yaradılıb düzəldiləcəkdir.

Buna dair Ali Varlığın yer üzündə seçdiyi elçisi Hz. Mühammədin (s.ə.s.) bir hədisini burada rəvayət etməyin yerinə düşəcəyini güman edirik: «Riyadus-Salihin» adlı əsərdə, 1836?-li hədisdə bildirilir: - «Əbu Hüreyra (r) belə rəvayət etmişdir: «Nəbi (s.a.s.) belə buyurmuşdur: «… iki sur səslənilməsi arasında (müddəti olan) qırx (ay, ya il) vardır» və bu hədisin davamında deyir ki: «Nəbi (s.a.s.) buyurmuşdur: - «İnsanın büzdüm sümüyündən başqa, bütün hissələri çürüyür. Yaradılış ondan təşəkkül edər. Sonra Allah səmadan yağış yağdırır. Beləliklə, insanlar, yaşıl bitkilərin bitməsi kimi,
dirilirlər».(İm. Nəvavi, «Riyadus-Salihin», 1836?-li hədis. Buxari, Müslim.)[/
(Bu hədis Buxari və Müslimin məcmuələsində qeyd edilib.)
Bu da DNK-ya dair yeddinci V|| əsrin müsəlmanları üçün həm sadə, həm dərin bir məlumat, həm də gələcəyə aid mühüm bir hadisəyə dair böyük bir xəbər. Əsl peyğəmbərlik də budur.

[b]Sonunda da, bu qısa araşdırmanı biz Allah Təalanın kəlamları ilə bitirmək istəyirik

«ƏL-ĞAŞİYƏ (BÜRÜYƏN) SURƏSİ (88)»

(Məkkədə nazil olmuşdur, 26 ayədir.)

BİSMİLLƏHİ RRAHMƏNİ RRAHİM!

1. «(Ya Peyğəmbər! Dəhşəti aləmi) bürüyəcək qiyamətin xəbəri sənə gəlib çatdımı?
2. (O gün) bir çox üzlər zəlil görkəm alacaq;
3. (Boyunlarındakı zəncirləri, ayaqlarındakı qandalları daşımaqla, Cəhənnəmin pillələrini çıxıb-düşməklə boş yerə) zəhmət çəkib yorulacaq;
4. Yanar oda girəcəkdir.
5. Və onlara qaynar bulaqdan (su) içirdiləcəkdir.
6. Onların yeməyi (zəhərdən də acı tikanlı otdan hazırlanmış) zəridən başqa bir şey olmayacaqdır.
7. O yemək (onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar.
8. (O gün) bir çox üzlər isə sevinəcək;
9. (Dünyadakı) zəhmətindən razı qalacaq;
10. (Dərəcəsi, qədr-qiyməti) yüksək Cənnətdə olacaq,
11. Və orada heç bir boş söz eşitməyəcəkdir.
12. Orada axar bulaq (Səlsəbil);
13. Orada uca taxtlar;
14. (çeşmələr kənarına) qoyulmuş piyalələr;
15. Bir-birinin yanına düzülmüş (yumşaq) balışlar
16. Və döşənmiş nəfis xalılar vardır!
17. Məgər (bu kafirlər) dəvəyə baxmırlar ki, necə yaradılmışdır?
18. Göyə baxmırlar ki, necə ucaldılmışdır?
19. Dağlara baxmırlar ki, necə dikildilmişdir?
20. Və yerə baxmırlar ki, necə döşədilmişdir?
21. (Ya Peyğəmbər! Mənim bəndələrimə) öyüd-nəsihət ver. Sən ancaq öyüd verənsən!
22. Sən onların üzərində hakim deyilsən!
23. Lakin, kim (imandan, Qurandan və Peyğəmbərdən) üz döndərib inkar etsə,
24. Allah onu ən böyük əzaba (axirət əzabına) düçar edər!
25. Şübhəsiz ki, onların axır dönüşü Bizədir!
26. Onlarla haqq-hesab çəkmək də Bizə aiddir!»

«Yoxsa sizi əbəs yerə yaratdığımızı və (qiyamət günü dirilib haqq-hesab üçün) hüzurumuza qaytarılmayacağınızı güman (zənn) edirsiniz?!»
(Möminlər: 115)

“Yaxşı əməl sahibi əslində Allaha, axirət gününə, mələklərə, kitaba və peyğəmbərlərə inanan, Allaha məhəbbəti yolunda (və ya mal-dövləti çox sevməsinə baxmayaraq) malını (kasıb) qohum-əqrabaya, yetimlərə, yoxsullara (pulu qurtarıb yolda qalan) müsafirlərə, dilənçilərə və qulların azad olunmasına sərf edən, namaz qılıb zəkat verən kimsələr, eləcə də əhd edəndə əhdinə sadiq olanlar, dar ayaqda, çətinlikdə (ehtiyac yaxud xəstəlik üz verdikdə) və cihad zamanı (məşəqqətlərə) səbr edənlərdir. (İmanlarında, sözlərində və əməllərində) doğru olanlar onlardır. Müttəqi olanlar da onlardır.” (Surə 2, ayə 177).

«Biz bu Quranda insanlar üçün cürbəcür məsəllər çəkdik. İnsan isə (bütün məxluqat içərisində) ən çox mübahisə edəndir. (Haqqa boyun əyməz, öyüd-nəsihət qəbul etməyib batilə uyar)». /18: 54/


Allah sizin dualarınızı gözləyir ki, Öz ilahi lütfündən sizə nemətlər versin, istədiklərinizi həyata keçirsin, sizin qorxduğunuz şeylərdən sizi qorusun və xətalarınızı əfv etsin. Lakin siz Allaha sidq ürəklə, tam yəqinliklə, şübhə etmədən dua edib müraciət edin. Allaha yaxınlaşmağa cəhd göstərənə Allah özü yaxınlaşır. Allaha yaxınlaşmağın yolu – dua və ibadətdir. Əziz oxucu, onu da bil ki, Allah Təala duaları qəbul edəndir, odur ki, nə istəyiniz olsa hər şeyə qadir olan Allaha dua edib Ondan istəyin, çünki Allah Təala dua edənlərə yaxındır: “(Ya Məhəmməd!) Bəndələrim Məni səndən soruşduqda söylə ki, Mən onlara yaxınam. Dua edib Məni çağıranın duasını qəbul edərəm. Gərək onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər. Bununla da ola bilsin ki, doğru yola qovuşsunlar.” (Surə 2, ayə 186);

Allahım! Bizi hidayətə yönəlt, bizi elmlə zinətləndir, bizi ruziləndir və bizi əfv et! Allahım! Verdiyinə mane edən yox və vermədiyini verən yoxdur! Şərəf sahibinə sənin yanında şərəfi fayda verməz!
Allahım! Bizə xeyir ver bu dünyada, xeyir ver bizə axirətdə və bizi cəhənnəm odunun əzabından qoru.

Həmd olsun Allaha, aləmlərin rəbbinə
və Allahın xeyir-duası olsun Peyğəmbərimiz Mühammədin üzərinə, onun ailəsinə əshabi – kiramına və qiyamətə qədər bu yolda olanlara.
Əs - saləmu aleykum və rahmətullahi və bərəkətuhu.


Tarix: 12.04.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 458 Bölmə: Maraqlı melumatlar
loading...