ŞEYTANLA VURUŞAN ODUNÇUNUN HEKAYƏSİ
Biri var idi, biri yox idi, bir kənddə bir odunçu yaşayırdı. Bir gün o, xəbər tutdu ki, qonşu kənddə yaşayan adamlar dəmir ağacına sitayiş edirlər. Ona baş əyib, dua edirlər və başqa bütpərəstliki işləri görürlər. Odunçu Allaha inandığına görə, istədi bütpərəstləri hidayət edib düzgün yola gətirsin. Bunun üçün də qərara aldı ki, ağacı yerli-dibli kəssin. Ağacı sındırmaq üşün baltanı çiyninə atıb yola düşdü. Az getdi, üz getdi, dərə-təpə düz getdi, az qalmışdı ki, çatsın, birdən şeytanı gördü.
Şeytan dedi:
- Hara gedirsən??
- Bax, gedirəm qonşu kənddəki adamları hidayət edim, çünki, onlar dəmir ağacına sitayiş ediblər. Mən istəyirəm onları düzgün yola gətirim.
Şeytan təəcübləndi.
- Nəyə görə gedirsən! Nə işin var! Onların öz işi var, səninsə öz işin. Bu daşı ətəyindən tök.
- Yox, mən fikirimdən dönməyəcəyəm. Çəkil mənim yolumdan! Gedirəm ağacı sındırım.
Şeytan güc göstərdi, ona hücum etdi, amma odunçu onu yerə yıxdı və bərk sıxıb saxladı.
Şeytan dedi:
- Gəl müqavilə bağlayaq. Hər gün mən sənə bir qızıl pul verəcəm. Ömrünün axırınadək yastığın altında hər səhər olacaq. Əgər olmasa, get ağacı sındır. Mən səni saxlamayacağam. Öz fikrini yerinə yetir.
Kişi heyrətləndi:
- Hər gün!!??
- Bəli, söz verirəm. Ömrünün axırınadək.
Həmin gecə odunçu yata bilmirdi. Fikirləşirdi ki, necə varlı olacaq. Elə hey planlar qurdu…
Səhər duranda o, gördü ki, yastığının altında heç nə yoxdur.
Hirslənib fikirləşdi:
- Şeytan mənə yalan dedi! Gedirəm ağacı sındırmağa.
Və qonşu kənddə ağacı sındırmaq üçün yola düşdü.
Yolda yenə də şeytanı gördü.
Şeytan dedi:
- Hara belə?
- Necə yəni hara?! Gedirəm insanların ibadət etdikləri o ağacı sındırmağa.
- Nəyə görə gedirsən?! Nə işin var?! Özləri bilərlər, sən qarışma.
- Yox!! Mən ağacı sındıracağam. Çəkil yolumdan!
Həmin an şeytan onun üstünə şığıdı. Odunçu güc elədi, amma şeytan onu üstələdi, yerə yıxıb, bərk saxladı. Odunçu nə qədər səy etsə də, azad ola bilmədi.
Odunçu gücdən məhrum oldu və şeytan onu tutub saxlayırdı.
Odunçunun vəziyyətini görən şeytan ona dedi:
- İstəyirsən biləsən ki, niyə mənim sənə dünən gücüm çatmadı, amma bu dəfə səni yıxdım?
- Bəli, istərdim, - deyə odunçu cavab verdi.
- Çünki, dünən sən Allaha görə bu işə gedirdin və məni yıxanda, sənin niyyətin sənə güc verdi. Amma bu dəfə sənə qızıl pulu verməməyimə görə acığını çıxırsan. Pul isə indiyədək heç kəsi güclü edə bilməyib. Pul səni də güclü edə bilməzdi.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Maraqlı melumatlar