Məhəmməd ibn Əbi Bəkrdən azğın Müaviyə ibn Səxrə: Allahdan itaət edənlərə və Allah övliyalarına təslim olanlara salam olsun.
Allah öz böyüklüyü ilə insanları yaratmışdır, bihudə və acizlik üzündən yox. Onları yaratdığı zaman yaranmalarına ehtiyacı olmamışdır. Onları Öz bəndələri olaraq yaratmışdır. Sonra Öz elmi əsasında bəzilərini peyğəmbərliyə seçmişdir. Həmçinin onların arasından Mühəmməd (s)-i peyğəmbər etmişdir. Öz risalətini ona vermişdir. Onu Öz vəhyi üçün seçmiş, Öz işində əmin bilmişdir. Onu müjdəverici və qorxuducu etmişdir ki, özündən qabaq olan kitabları təsdiq etsin. Şəriət və hökmlərə hidayətçi olsun.
O, elm və xeyirxah məsləhətlə xalqı Allaha tərəf dəvət etdi. Ona birinci cavab verib iman gətirən, özünü təslim edən qardaşı və əmisi oğlu Əli ibn Əbi Talib (ə) oldu. O, qeybə inandı, Peyğəmbər (s)-i isə hər əzizdən artıq sevdi. Öz canını qalxan qərar verib, hər qorxu və vəhşətdə onunla oldu. Onun kənarında müharibə edib sülh bağladı. Çətin anlarda özünü onun ixtiyarında qoydu. (O qədər onun xidmətində oldu ki,) müharibələrdə heç kəs ona çatmazdı. Onun yaxşı işlərində heç kəs hətta ona yaxın belə gələ bilmədi.
Mən görürəm ki, sən özünü ondan üstün sayırsan. Səni (yaxşı) tanıyıram. Həmçinin, Əli (ə)-ı da – ki, bütün yaxşılıqların nümunəsidir – yaxşı tanıyıram. O, İslamı qəbul edən birinci adamdır. Onun niyyəti bütün insanların niyyətindən düz idi. Övladları hamıdan fəzilətli və uca, zövcəsi hamıdan əzəmətli, əmisi oğlu hamıdan hörmətli idi. Qardaşı Mutə müharibəsində canından keçdi. Əmisi Ühüd müharibəsində şəhidlər ağası idi. Atası həmişə Allah Peyğəmbərini müdafiə edirdi. Sən nifrin olunmuşun oğlu nifrin olunmuşsan. Sən və atan həmişə Allahın dini qarşısında qarışıqlıq yaradır, Allahın nurunu söndürməyə çalışırdınız. Xalqı bu işə görə bir yerə yığdınız, pul xərcləyib ərəb qəbilələrini bu işə təhrik etdiniz.
Atan bu yolla ölüb getdi. Sən də həmin işdə onun canişini olmusan. Bu sözə şahid öz ətrafına yığdığın adamlardır. Hizblər qalıqları, nifaq rəhbərləri, Allah Peyğəmbərinin düşmənləri durmadan sənə pənah gətirirlər.
Əlinin aşkar fəziləti və parlaq keçmişinə şahid isə onun ətrafına yığılan yoldaşlarıdır. Allah-taala Quranda adlarını çəkmiş, başqalarından üstün sayıb tərifləmişdir. Yəni mühacir və ənsar dəstə-dəstə, öz qılıncları ilə onun ətrafına yığılmış, canlarını onun yolunda verməyə hazırdırlar. Haqqı ona itaət etməkdə, bədbəxtliyi isə müxalif olmaqda bilirlər.
Vay olsun sənə! Əli Allah Peyğəmbərinin varisi, onun övladlarının atası olduğu ola-ola, sən necə özünü onunla bərabər sayırsan? O, (Peyğəmbərə) ilk itaət edən və onunla son görüşəndir. Həmişə (Peyğəmbər) sirrini ona demiş, öz işindən agah etmişdir. Sən onun düşməni, onun düşməninin oğlusan!
Bacardığın qədər dünyada öz batilliyindən bəhrə apar, Asın oğlu da sənə azğınlığında kömək etsin. Sanki ömrün sona yetmiş, hiyləliyin sönməkdədir. Tezliklə biləcəksən ki, axirət kimindir!
Bil ki, sən təkcə öz Allahın ilə hiylə işlədirsən. Allah isə sənə pusqu qurmuşdur. Hidayət olunanlara salam olsun!["Cəmhərətu rəsailil-ərəb”, 1-ci cild, səh. 477; "Mürucuz-zəhəb”, Məsudi, 3-cü cild, səh. 12; "Şərhi Nəhcül-bəlağə”, İbn Əbil-hədid Mötəzili, 3-cü cild, səh. 189.]
Məhəmməd ibn Əbi Bəkrin yazdığı bu məktubda çox böyük həqiqət vardır. Hər təhqiq əhlinə bu həqiqəti ələ gətirmək vacibdir. O, Müaviyəni azğın və azdıran adlandırmış, məlun oğlu məlun kimi qələmə vermişdir. Onun tam gücü ilə Allahın nurunu söndürməyə çalışmasını bəyan etmişdir. Dini əksinə göstərmək üçün çoxlu pul xərcləyir, Allah və Peyğəmbərinin düşmənidir. Əmr Asın köməyi ilə batil yolda çalışır.
Bundan əlavə, bu məktubda Əli (ə)-ın fəzilət və üstünlüklərini yazır. Keçmiş və gələcəkdə heç kim ona çata bilməz. Həqiqətə gəldikdə isə Əli (ə) Məhəmməd ibn Əbi Bəkrin sadaladığından daha artıq fəzilətlərə malikdir. Amma bizim üçün daha mühüm Müaviyənin bu məktuba yazdığı cavabdır.
Ey əziz təhqiqçi! Tarixin gizli hiylələrini tanı! Xilafəti qanuni sahibindən alıb ümməti azğınlıq uçurumuna yuvarlayan məkrli planı tap. İndi isə Müaviyənin cavabı:
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 116 Bölmə: Maraqlı melumatlar