Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Osman ibn Əffanın (r.a) qətli

Osmana (r.a) qarşı deyilən iradlar camaat arasında təbliğ edildikdən sonra, hicrətin otuz beşinci ilində bir dəstə Bəsrədən, bir dəstə Kufədən, bir dəstə isə Misirdən çıxıb həcc adı ilə Mədinə şəhərinə gəldilər. Lakin əslində onlar Osmana (r.a) qarşı üsyan etmək niyyətində idilər. Onların sayı haqda müxtəlif məlumatlar mövcuddur. Deyilənə görə, Misirdən iki min, Kufədən iki min və Bəsrədən də iki min adam toplaşmışdı. Başqa bir rəvayətə əsasən, onların ümumi sayə iki min idi. Bu haqda digər rəvayətlər də mövcuddur, lakin dəqiq sayları haqda məlumat yoxdur. Hər halda iki mindən az, altı mindən də çox deyildilər.
Onlar Peyğəmbərin (s.a.v) şəhərinə daxil oldular. Bu insanlar öz tayfaları arasında seçilmiş süvarilər idilər. Onlar istər hədə-qorxu, istərsə də güc yolu ilə Osmanı (r.a) hakimiyyətdən salmaq niyyətində idilər. Zülqədə ayının sonlarında onun evini mühasirəyə aldılar və ondan xilafəti təhvil verməsini tələb edirdilər. Mühasirə Zülhiccənin on səkkizinə qədər davam etdi. Həmin tarixdə Osman (r.a) qətlə yetirildi.
Deyilənə görə, mühasirə qırx gün davam etmişdir. Başqa rəvayətlər də mövcuddur. Lakin rəvayətlərin ümumi nəticəsi onu göstərir ki, mühasirə qırx bir gündən çox olmayıb.
Osmanın (r.a) evi mühasirədə olarkən o, camaat namazlarından, habelə sudan məhrum edilmişdi.
Camaat namazını Osmanın (r.a) əvəzinə fitnə başçılarından biri qıldırırdı. Deyilənə görə Ubeydullah ibn Ədiyy ibn əl-Xəyar Osmanın (r.a) yanına gəlib dedi: "Fitnənin başında duran bir nəfər camaat namazında imamlıq edir. Sən bizə nə göstəriş verirsən?"Osman (r.a) dedi: "Namaz insanların etdikləri ən yaxşı əməldir. İnsanlar yaxşı işlə məşğul olduqda sən də onlarla yaxşılıq et. İnsanlar pis iş gördükdə onların pisliyindən uzaq ol!".
(Buxari: ? 695.)

Mühasirə zamanı Peyğəmbərin (s.a.v) bəzi səhabələri onu müdafiə etmək üçün evinə daxil oldular. Onun evində Həsən ibn Əli, Hüseyn ibn Əli, Abdullah ibn əz-Zubeyr, Əbu Hureyrə, Məhəmməd ibn Talha ibn Ubeydullah (əs-Səccad), Abdullah ibn Ömər kimi tanınmış səhabələr var idi. Onlar qılınclarını çəkib Osmanı  öldürmək istəyənlərin qarşısını kəsmişdilər.
(Əl-Bidayə və-n-Nihayə: 7/184.)
Lakin Osman (r.a) səhabələrə döyüşməmək əmrini vermişdi. Bəzi rəvayətlərdə deyilir ki, Osmanın (r.a) müdafiəsinə yeddi yüzdən çox səhabə övladları gəlmişdi. Lakin yenə də bu say qarşı tərəfin sayına bərabər deyildi. Rəvayətlərdə deyildiyi kimi, onların sayı ən az iki min idi.
Abdullah ibn Amir ibn Rabiənin belə dediyi rəvayət olunur: "Mən Osmanla evdəydim. O dedi: "Mənə itaət edənlərə çatdır ki, silahlarını yığışdırsınlar". (İbn Əbu Şeybə, "Əl-Müsənnəf" əsərində (15/24, ? 19508) səhih sənədlə rəvayət etmişdir.)
İbn Sirin isə belə demişdir: "Zeyd ibn Sabit Osmanın yanına gəldi və dedi: "Ənsarlar qapıda dayanıb deyirlər ki, istəyirsən birinci dəfə Peyğəmbərlə  Allahın ənsarları olduğumuz kimi, ikinci dəfə səninlə də Allahın ənsarları olaq".
Osman isə dedi: "Döyüşə razı deyiləm". ( İbn Əbu Şeybə, Əl-Müsənnəf əsərində (15/25, ? 19509) səhih sənədlə rəvayət etmişdir.)
İbn Ömər (r.a) Osmanın (r.a) yanına daxil olduqda, Osman dedi: "Ey İbn Ömər, bu adamlar bax gör nə deyirlər?! Deyirlər ki, xilafətdən əl çək, özünə qəsd etmə!"
İbn Ömər (r.a) dedi: "Əgər xilafətdən əl çəksən, dünyada əbədimi yaşayacaqsan?"
Osman (r.a) dedi: "Xeyr".
İbn Ömər (r.a) dedi: "Əgər sən xilafətdən əl çəkməsən, sənə səni öldürməkdən başqa bir zərər vuracaqlarmı?"
Osman  dedi: "Xeyr".
İbn Ömər (r.a) dedi: "Cənnət və Cəhənnəm onların əlindədir?"
Osman (r.a) dedi: "Xeyr".
İbn Ömər  dedi: "Mən sənə Allahın geyindirdiyi libası çıxartmaqla (xilafəti təslim etməklə) bu qapını açmağını məsləhət görmürəm. Belə olsa, onda hər dəfə xəlifə və ya rəhbər insanlar tərəfindən bəyənilməsə, onu dəyişdirəcəklər".
(Əhməd, Fədailus Səhabə fəslində (1/473, ? 767) səhih sənədlə rəvayət etmişdir.)
Osman öz köləsinə dedi: "Kim silahını yerə qoysa, onu Allah yolunda köləlikdən azad edirəm. Bu amillər insanların döyüşməməsinə səbəb oldu".
Osmanı (r.a) kim öldürdü?
Osman (r.a) mühasirədə qaldıqdan sonra onun evini hər tərəfdən bağlayıb, önündə Quran olduğu halda qətlə yetirdilər. Həsən əl-Bəsridən (bu dövrdə yaşayan böyük tabeinlərdən biri idi. Ona görə də həmin hadisə haqda ondan soruşmuşdular.) soruşdular ki, "Osmanı qətlə yetirənlərin arasında mühacir və ya ənsarlardan kimsə var idi?" O dedi: "Onu öldürənlər imansız misirlilər idi". ( "Tarix Xəlifə" səh 176. Səhih sənəddir.)

Onların başında kimlərin dayandığı bəllidir. Onlar: Kinanə ibn Bişr, Ruman əl-Yəmani, Sudan ibn Humran, Cəbələ və Bənu Sədus qəbiləsindən əl-Movt əl-Əsvəd (qara ölüm) ləqəbli bir nəfər idi. Bu adamlar Osmana  qarşı törədilən fitnənin başçıları sayılırdılar. Uca Allah Osmandan razı olsun!
Amrə bint Ərtaə deyir ki, "Osman  qətlə yetirilən il, mən Aişə (r.anha) ilə Məkkəyə getmişdim. Mədinəyə qayıtdıqda onun qətlə yetirildiyi evdə Quran gördük. Qanının ilk damlası bu ayələrin üzərinə düşmüşdü: "(Ey möminlər!) Əgər onlar da siz inandığınız kimi (Allaha) inanırlarsa, şübhəsiz ki, doğru yolu taparlar. Yox, əgər (imandan) üz döndərərlərsə, (sizə qarşı) ədavət bəsləmiş olarlar. Allah sənə (tezliklə sənin intiqamını) onlardan (almağa) kifayət edər. O, (hər şeyi) eşidəndir, biləndir". (əl-Bəqərə, 137. )(Sonra Amrə deyir ki, "Onun qatillərinin heç biri doğru-dürüst ölmədilər".
(Fədailus Səhabə: 1/501, ? 817. Həmçinin, əlavə məlumat üçün bax: 765, 766.)

Məhəmməd ibn Sirin deyir ki, "Mən Kəbəni təvaf edirdim. Bu vaxt bir nəfərin belə dediyini eşitdim: "Allahım, məni bağışla, lakin mənə elə gəlir ki, sən məni bağışlayan deyilsən". İbn Sirin sözlərini davam edərək deyir ki, mən bunu eşidəndə təəccübləndim və həmin adama dedim: "Ey Allah bəndəsi, mən sənin kimi qəribə dua edən eşitməmişəm". Həmin adam dedi: "Mən Allaha əhd bağlamışdım ki, əgər mənə Osmanı görməyə imkan versə, onun üzünə bir sillə vuracağam. O, qətlə yetirildikdən sonra evində yatağına uzadılmışdı. Camaat oraya gəlib onun üçün dua edirdilər. Mən də onun üçün dua etmək adı ilə evə daxil oldum. Evdə heç kəsin olmadığını gördükdə onun üzünü açıb ölü halda onun üzünə bir sillə vurdum. Sonra əllərim qurudu". İbn Sirin deyir ki, doğrudan da onun əli qurumuş ağac kimi idi.

("Əl-Bidayə vən Nihayə" 7/200. İsa ibn Minhal istisna olmaqla hədisin sənədində olan digər rəvayətçilər etibarlıdır. İbn Hibban İsa ibn Minhalı etibarlı rəvayətçilərdən saymışdır. İbn Əbu Hatim isə onu "Əl-Cərhu vət Tədil" adlı əsərində (6/288) zəif rəvayətçilər sırasına salmış və onun haqqında heç bir söz deməmişdir. Həmçinin, Buxari "ət-Tarixul Kəbir" kitabında (6/399) onun adını qeyd etmiş və onun haqqında heç bir söz deməmişdir.)
Səhabələr ola-ola Osmanı necə öldürdülər? Yəni, heç kəs onu müdafiə etmədi?

Birinci səbəb: Osman (r.a) özü Allahın qəza-qədəri ilə razılaşaraq səhabələrə qılınclarını qınlara qoymağı əmr etmiş və xəvaric bədəvilərə qarşı döyüşməyi onlara qadağan etmişdi.
Bu, ilk olaraq Osmanın cəsarətinə, daha sonra onun Məhəmməd  ümmətinə qarşı şəfqətli olmasına dəlalət edir. Osman  bilirdi ki, onu öldürməyə gələn bədəvilər kobud və fitnəkardılar. Ona görə düşündü ki, əgər səhabələr onu müdafiə etmək üçün döyüşə qatılsalar, fəsad bir nəfərin ölümündən daha artıq olar. Hətta ola bilərdi ki, bir çox səhabə bu müqavimətdə həlak olsun və gələn bədəvilər camaatın namus-qeyrətinə, mal-dövlətinə əl uzatsınlar. Bütün bunları düşünən Osman (r.a) özünün öldürülməsini önə çəkib, digər səhabələrin öldürülməsinə və Peyğəmbərin (s.a.v) şəhərinin dağıdılmasına razı olmadı.

İkinci səbəb: Səhabələrin sayı xəvaric (üsyançı) bədəvilərin sayından qat-qat az idi. O vaxt Peyğəmbərin (s.a.v) səhabələri dörd müxtəlif məkandaydılar.
Bəziləri Məkkədəydi. Çünki həmin hadisə Həcc mövsümünə təsadüf edirdi. Onların çoxu Həccə getdikləri üçün orada yox idilər. Osman (r.a) Həcc rəhbərliyini Abdullah ibn Abbasa 9r.a) tapşırmışdı.
Bəziləri isə başqa şəhərlərdə idilər. Peyğəmbərin (s.a.v) bəzi səhabələri başqa-başqa şəhərlərdə məskunlaşmışdılar. Onlar Kufə, Bəsrə, Misir, Şam və digər bölgələrdə yaşayırdılar.
Bir qismi isə cihad aparılan ərazilərdə idilər.
Bir dəstə isə Mədinədə idi. Burada olan səhabələrin sayı xəvaric (üsyançı) bədəvilərin sayından çox az idi.

Üçüncü səbəb: Səhabələr öz övladlarını Osmanı (r.a) müdafiə etmək üçün göndərmişdilər. Lakin onlar bu işin Osmanın (r.a) qətli ilə nəticələnəcəyini təsəvvür etmirdilər. Səhabələr bunu adi mühasirə, narazılıq hesab edib, üsyançıların tezliklə geri dönəcəkləri fikrində idilər. Bəzi səhabələr xəvariclərin Osmanı (r.a) qətlə yetirməyə cürət etməyəcəyini düşünürdülər.
Bu səbəblərin ən dolğunu və həqiqətə uyğun olanı birinci səbəbdir. Əslində, Osman (r.a) özü həmin xəvariclərə qarşı döyüşməyi onlara qadağan etdi.


Tarix: 04.05.2013 / 12:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 246 Bölmə: Maraqlı melumatlar
loading...