Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əgər İmam Zaman (ə.f.) İlə Görüşsən

Əssələmu aləykum. Ey Allahın bəndəsi sənə müraciət edirəm. Mövzunu sonacan oxumağını səndən rica edirəm. Bir anlıq təsəvvür elə ki, sənə müjdə verirlər birazdan İmam Zaman (ə.f.) ilə görüşəcəksən. Yəqin çox sevinərsən. Ürəyin çırpınar bu görüş üçün, sevincinin həddi hüdudu olmaz. Ancaq bir fikirləş gör kimin görüşünə gedirsən. Gözlərini yum və həyatını gözünün önünə gətir gör sən hazırsanmı Ağayla görüşə? Ağaya fəxrlə deyə biləcəyin əməllərin varmı? Hansı əməlinlə hazırsan onunla görüşə? Yoxsa günahların xəcalətindən başını aşağı salacaqsan? Əgər günahların varsa və bu günahlara tövbə etmirsənsə bəs necə İmam Zamanı (ə.f.) dualarında çağırırsan? Əgər şiəsənsə İmam Zamanın (ə.f.) atdığı addımların iziylə getməlisən. Görəsən bizlər o izlərnən gedirik, yoxsa şeytanın iziylə?
Təsəvvür elə artıq görürsən Ağa qarşındadı, ancaq sən istəyirsən Ağayla görüşəsən, əlindən-ayağından öpəsən, ancaq Ağa səndən üzünü çevirir. Halın necə olar onda? Mən olsam xəcalətimdən ölərəm. Birdən başladı səni danlamağa. Dedi bu günahları eləyirdin və əl çəkmirdin. Getdikcə artırırdın, artırdıqca fəxr edirdin, təkəbbürlük edirdin. Namazları bərbad hala salırdın. Başqalarına böhtan atırdın, yalanlarınla bütün həyatını yalana qərq etmişdin. Qardaşlarının ətini iştahla dayanmadan yeyirdin. Elə bilirdin səni görmürəm? Sonuncu dəfə sübh namazını öz vaxtında nə vaxt qılmısan? Axirətini niyə dünyaya satmısan? Bəs deyil ey Allahın bəndəsi?
Əziz qardaşlar və bacılar dediklərim sadəcə bir təsəvvür idi. Məncə oyanmağın çoxdan vaxtıdı. Allaha səcdə edək və bütün günahlarımıza tövbə edək. Haqq yiyələrindən halallıq alaq və indən sonra heç kimin haqqına girməyək. Nə bilirsən ömrün sona çatmır? Heç zamanımız da olmayacaq. İndi fürsət var ikən hidayət yoluna qayıdaq. Biz hidayət yoluna qayıtsaq Allah bizi hidayət edər, bağışlayar. Heç də şübhəniz olmasın. Onu da bilin ki, biz özümüzü düzəltsək İmam Zaman (ə.f.) doğurdan görüşümüzə gələr. İstəmirik? Ürəyimiz gedir ağayla görüşməyə, ancaq görüşməyin şərtlərinə əməl etmirik. Əgər doğurdan seviriksə ağanı və istəyiriksə görüşək gəlin onda şərtlərə əməl edək. Mənim yazdığım mövzu möminlərə aid deyil, möminlər çoxdan o səadətə çatıblar. Mənim mövzum mömin olmaq istəyənlərə və mənim özümə də aiddir. Allaha əmanət olun.


Tarix: 08.06.2013 / 14:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 167 Bölmə: Maraqlı melumatlar
loading...