Yezid ibn Müaviyənin xəlifəliyi (Hicri 60-64)
Yezidə beyət edilməsi və Hüseynin beyətdən imtina edib Məkkədən Kufəyə getməsi
Hicrətin altmışıncı ilində Yezidin xəlifəliyinə beyət edildi. Bu vaxt onun otuz dörd yaşı var idi. Mədinədə olan Hüseyn ibn Əli və Abdullah ibn Zubeyr ona beyət etmədilər. Onlardan Yezidə beyət etmələri tələb olunduqda, Abdullah ibn Zubeyr dedi: "İmkan verin bu gecə fikirləşim, sonra sizə öz fikrimi deyərəm".
Onlar bu təklifə razı oldular.
Gecə düşdükdən sonra Abdullah ibn Zubeyr beyət etmədən Mədinədən çıxıb Məkkəyə qaçdı.
Hüseyn ibn Əlidən beyət etmək tələb olunduqda isə o dedi: "Mən gizlində beyət edən deyiləm, camaat arasında beyət edəcəyəm".
Onlar bu təklifə də razı oldular.
Gecə düşdükdən sonra o da Abdullah ibn Zubeyrin ardınca Məkkəyə getdi.
İraqlıların Hüseynə məktublar göndərməsi
Yezidi və atası Müaviyənin xilafətini istəməyən, rəhbərlikdə yalnız Əlini və övladlarını görmək istəyən İraq camaatı Hüseynin Yezid ibn Müaviyəyə beyət etməməsini eşitdikdə Hüseyn ibn Əliyə məktublar yazdılar. Məktublarda deyilirdi: "Biz hamımız sənə beyət etmişik və səndən başqasını da istəmirik. Bizim boynumuzda Yezid üçün beyət yoxdur. Biz yalnız sənə beyət etmişik". Hüseyn ibn Əliyə gələn məktbular çoxaldı. Hətta məktubların sayı beş yüzü keçmişdi. Bütün məktublar Kufə camaatından gəlirdi. Onlar Hüseynin Kufəyə gəlməsini tələb edirdilər.
Hüseynin (r.a) Muslim ibn Əqili göndərməsi:
Bütün bunlardan sonra Hüseyn ibn Əli əmisi oğlu Muslim ibn Əqil ibn Əbu Talibi bu məsələləri dəqiqləşdirmək və mahiyyətini anlamaq üçün Kufəyə göndərdi. Muslim ibn Əqil Kufəyə çatanda bu haqda camaatdan soruşmağa başladı və sonda camaatın doğrudan da Yezidi istəmədiklərinin şahidi oldu. Hamı Hüseyn ibn Əlini istəyirdi. Muslim ibn Əqil Hani ibn Urvənin evində qonaq qaldı. Camaat tək-tək, dəstə-dəstə gəlib Hüseynə beyət adı ilə Muslim ibn Əqilə beyət etdilər. Beləliklə hamının beyəti tamamlandı. Numan ibn Bəşir Kufənin Yezid ibn Müaviyə tərəfindən təyin edilmiş əmiri idi. O, Muslim ibn Əqilin Kufəyə gəlməsindən, Hüseynin adından camaatdan beyət almasından agah olduqda özünü sanki heç bir şeydən xəbəri yoxmuş kimi göstərdi və baş verənlərə əhəmiyyət vermədi. Onun yanında olan bəzi adamlar Şama gedib baş verən hadisələr haqda Yezidə xəbər verərək dedilər: "Camaat Muslim ibn Əqilə beyət edir, Numan ibn Bəşir isə bunun qeydinə qalmır".
Ubeydullah ibn Ziyadın Kufəyə əmir təyin edilməsi:
Yezid Numan ibn Bəşirin vəzifəsindən azad edilməsi haqda əmr verdi və problemlərin həlli üçün Bəsrə şəhərinə əmirlik edən Ubeydullah ibn Ziyada Kufə əmirliyini verib, onu hər iki şəhərin rəhbəri etdi. Ubeydullah ibn Ziyad özünü tanıtdırmadan gecə ikən Kufəyə çatdı. Yolda qarşısına çıxan insanlara salam verdikdə, insanlar onun Hüseyn olduğunu və gecə vaxtı tanınmasın deyə gizlincə şəhərə daxil olduğunu zənn edib ona belə cavab verirdilər: "Ey Peyğəmbər qızının oğlu, sənə də Allahın salamı olsun!" Bunu görən Ubeydullah ibn Ziyad işin ciddiliyini və camaatın Hüseyn ibn Əlini gözlədiyini başa düşdü. Bundan sonra qəsrə daxil oldu və Mə`qəl adlı köləsini baş verənlər haqda bir xəbər gətirməyi və bu işə başçılıq edənlərin kimliyini öyrənməyi tapşırdı. Məqəl onlara özünün üç min dinarla Hims əyalətindən Hüseynə kömək etmək üçün gəldiyini dedi. O, soruşa-soruşa gəlib Hani ibn Urvanın evinə çatdı. Evə daxil olduqda orada Muslim ibn Əqili gördü və ona beyət edərək üç min dinarı ona verdi. Bundan sonra bir neçə gün ora gedib-gələrək baş verənləri tam dəqiqliyi ilə öyrəndi. Sonra Ubeydullah ibn Ziyadın yanına qayıdıb baş verənləri ona çatdırdı.
Hüseynin (r.a) Məkkədən Kufəyə getməsi:
Ara sakitləşdikdən və camaatın çox hissəsi Muslim ibn Əqilə beyət etdikdən sonra Muslim Hüseynə məktub yazaraq bildirdi: "Artıq Kufəyə gəlmək vaxtıdır. Hər şey hazırdır".
Hüseyn (r.a) Tərviyə (həccin ilk) günü yola düşdü. Muslim ibn Əqilin nə etdiyindən xəbər tutan Ubeydullah ibn Ziyad Hani ibn Urvanın gətirilməsini istədi. Onu gətirdikdə Ubeydullah soruşdu: "Muslim ibn Əqil haradadır?"
Hani ibn Urva dedi: "Bilmirəm".
Ubeydullah öz köləsini çağırdı və Muslimə dedi: "Onu tanıyırsan?"
Hani ibn Urva dedi: "Bəli" deyərək əlini dişləyib məsələnin (Kölənin onlarla sövdələşməsinin) Ubeydullah ibn Ziyad tərəfindən bir tələ olduğunu başa düşdü.
Ubeydullah dedi: "Muslim ibn Əqil haradadır?"
Hani ibn Urva dedi: "Allaha and olsun, əgər ayağımın altında olsaydı, ayağımı qaldırmazdım. Bu sözdən sonra Ubeydullah onu vurdu və həbs edilməsini əmr etdi".
Kufə camaatının Muslim ibn Əqili tənha qoyması:
Bu xəbər Muslim ibn Əqilə çatdıqda dörd min qoşunla Ubeydullah ibn Ziyadın qəsrini mühasirəyə aldı. Kufə camaatı da onun dəstəsinə qatılmışdı. O zaman Ubeydullahın ətrafında camaat arasında hörmətə malik insanlar var idi. Ubeydullah onlara böyük bəxşişlər vəd edib, Şam qoşunu ilə onları qorxudaraq dedi: "Camaatı Mülsim ibn Əqildən kənarlaşdırın!"
Muslimin tərəfində dörd min nəfər var idi və onların şüarı "Biz ölümə hazırıq" sözləri idi.
Ubeydullahın təklif və hədələrindən sonra qəbilə başçıları və şan-şöhrətli insanlar camaatı Muslim ibn Əqildən yayındırmağa başladılar. Belə olan halda, ana öz övladını, qardaş qardaşını və qəbilə başçısı öz adamlarını Muslimin dəstəsindən ayırmağa başladı. Sonda Muslimlə birgə dörd min nəfərdən yalnız otuzu qaldı! Günəş batmadan öncə qalan adamlar da onu tərk etdilər və Muslim ibn Əqil tək qaldı. O Kufə küçələrində gəzir və hara gedəcəyini bilmirdi. Muslim Kində qəbiləsindən olan bir qadının qapısını döydü və ondan su istədi. Bunu görən qadın təəccüblənərək soruşdu: "Sən kimsən?"
O dedi: "Mən, Muslim ibn Əqiləm, Hüseynə Kufəyə gəlməsi haqda xəbər göndərmişəm, insanlar isə mənə xəyanət ediblər". Bunu eşidən qadın onu evinə daxil etdi və ona yemək-içmək verdi. Lakin qadının uşağı gedib Ubeydullah ibn Ziyada Muslim ibn Əqilin yerini xəbər verdi. Ubeydullah deyilən yerə yetmiş nəfərlik dəstə göndərdi. Onlar evi mühasirəyə aldılar. Muslim onlara müqavimət göstərirdi. Lakin onlar Muslimə aman verdikdən sonra Muslim təslim oldu. Onu Ubeydullah ibn Ziyad olan qəsrə apardılar. Muslim ora daxil olduqda Ubeydullah ondan bu üsyanın səbəbini soruşdu.
Muslim dedi: "Bizim boynumuzda Hüseyn ibn Əli üçün beyət var".
Ubeydullah dedi: "Mən səni öldürəcəm".
Muslim dedi: "Qoy vəsiyyətimi edim".
Ubeydullah dedi: "Yaxşı, vəsiyyətini et!"
Muslim ətrafa baxdıqda Ömər ibn Səd ibn Əbu Vaqqası gördü və dedi: "Mənə ən yaxın olan sənsən. Gəl sənə vəsiyyət edim". Muslim onu evin bir küncünə çəkib dedi: "Hüseynə geri qayıtması haqda xəbər göndər!"
İşin baş tutmaması və Kufə camaatının ona xəyanət etməsi xəbərini Hüseynə çatdırmaq üçün Ömər ibn Səd bir nəfəri onun yanına göndərdi.
Muslim bu məşhur sözlərini demişdi: "Ailən ilə geri qayıt! Kufə camaatı sənin gözünü bağlamasın! Onlar mənə də, sənə də yalan danışıblar. Yalançı adamın bir fikri olmaz".
Ərafa günü Muslim ibn Əqil qətlə yetirildi. Ondan bir gün öncə yəni, Tərviyə (həccin ilk) günü artıq Hüseyn Məkkədən çıxmışdı.
Səhabələrin Hüseynin (r.a) Kufəyə getməsinə etirazları:
Bir çox səhabələr, o cümlədən Abdullah ibn Ömər, Abdullah ibn Abbas, Abdullah ibn Amr ibn əl-As, Əbu Səid əl-Xudri, Abdullah ibn əz-Zubeyr və qardaşı Məhəmməd ibn əl-Hənəfiyyə Hüseyn ibn Əlini Kufəyə getməkdən yayındırmağa çalışdılar. Onlar Hüseynin Kufəyə getmək istədiyini bildikdə onu bu işdən çəkindirmək istədilər. Budur onların bəzilərinin dedikləri:
1. Abdullah ibn Abbas (r.a) : Hüseyn Kufəyə getmək istəyəndə, o, ona dedi: "Əgər camaat səni və məni qınamasaydı, əlimlə sənin başından tutar, getməyə qoymazdım". ("Əl-Bidayə vən-Nihayə" 8/161.)
2. İbn Ömər (r.a) : Şə`bi deyir ki, Hüseynin İraqa yola düşməsi xəbəri İbn Ömərə (r.a) yetişdikdə İbn Ömər (r.a) Məkkədə idi. Miniyinə minib üç günlük yol qət etdikdən sonra Hüseynə (r.a) yetişdi və dedi: "Hara gedirsən?"
Hüseyn (r.a) dedi: "İraqa". Sonra o, İraq camaatından ona gələn beyət haqda məktubları çıxartdı və dedi: "Bu onların yazdıqları məktublar və etdikləri beyətlərdir". (İraq camaatı bu yazılarla onu aldatmışdılar. Allah ondan razı olsun!)
İbn Ömər (r.a) dedi: "Sən onların yanına getmə!"
Hüseyn (r.a) isə getmək fikrində qəti idi.
İbn Ömər (r.a) dedi: "Mən sənə bir hədis danışacam. Cəbrail Peyğəmbərin yanına gəlib ya dünyanı, ya da axirəti seçməyi təklif etdi. O da dünyanı istəməyərək, axirəti seçdi. Sən də onun bir parçasısan. Allaha and olsun ki, sizin heç biriniz dünyaya (dünya malına) qalmayacaqsınız. Allah sizi bundan daha da xeyirli olan işə (axirətə) yönəltmişdir".
Bütün bunlara baxmayaraq, Hüseyn (r.a) geri qayıtmağa razı olmadı. Abdullah ibn Ömər (r.a) onu qucaqlayıb ağladı və dedi: "Mən səninlə bir ölən insan kimi vidalaşıram". ("Əl-Bidayə vən-Nihayə" 8/162.)
3. Abdullah ibn Zubeyr (r.a) : O, Hüseynə (r.a) dedi: "Hara gedirsən? Sən atanı öldürən və qardaşına xəsarət yetirən bir camaatın yanına gedirsən. Gəl sən ora getmə!" ( "Əl-Bidayə vən-Nihayə" 8/163.)
Hüseyn onun da sözünə qulaq asmayıb getmək qərarından dönmədi.
4. Əbu Səid əl-Xudri (r.a) : O, Hüseynə (r.a) dedi: "Ey Əbu Abdullah, mən sənə tövsiyə edirəm, sizə can yandırıram. Mən eşitmişəm ki, Kufəli tərəfdarlarınız sizə məktub yazıb sizi ora çağırırlar. Sən ora getmə! Mən sənin atanın Kufə haqda belə dediyini eşitmişəm: "Allaha and olsun, mən onlardan təngə gəlmişəm, onlara nifrət edirəm. Onlar özləri məni təngə gətirib, nifrət yaradıblar. Onlar heç vaxt vəfalı olmayıblar. Kim onlarla qələbə çalarsa, çürük bir ox qazanar. Allaha and olsun, onların xoş məramı, heç bir işə həvəsi və qılınc qarşısında dözümləri yoxdur". ( "Əl-Bidayə vən-Nihayə" 8/163.)
5. Şair Firəzdəq: Hüseyn (r.a) İraqa gedərkən yolda Fərəzdəq adlı şairlə rastlaşdı və ona dedi: "Haradan belə?"
Fərəzdəq dedi: "İraqdan gəlirəm".
Hüseyn (r.a) dedi: "İraq camaatının vəziyyəti necədir?"
Firəzdəq dedi: "Ürəkləri səninlə, amma qılıncları Bənu Umeyyə ilədir.”
Hüseyn (r.a) "Allah özü kömək olsun!" – deyib yoluna davam etdi". ( "Əl-Bidayə vən-Nihayə" 8/168.)
Hüseynin (r.a) “əl-Qadisiyyə”yə çatması:
Ömər ibn Sədin göndərdiyi elçi vasitəsi ilə Muslim ibn Əqilin xəbəri Hüseynə (r.a) çatdı. Hüseyn (r.a) geri qayıtmaq haqda fikirləşdi və Muslim ibn Əqilin övladları ilə məsləhətləşdi. Lakin onlar dedilər: "Xeyr, Allaha and olsun biz atamızın qisasını almayınca geri qayıdan deyilik". Hüseyn (r.a) də onların bu fikri ilə razılaşmalı oldu. Ubeydullah ibn Ziyad Hüseynin (r.a) onlara tərəf gəlməsini eşitdikdə Hurr ibn Yezid ət-Təmiminin ilkin mərhələ olaraq min nəfərlik dəstəsi ilə onun qarşısına çıxmasını əmr etdi. O, Qadisiyyə yaxınlığında Hüseynlə (r.a) rastlaşdı.
Hurr ibn Yezid ət-Təmimi ona dedi: "Ey Peyğəmbərin (s.a.v) qız nəvəsi, hara belə?"
Hüseyn dedi: "İraqa!"
Hurr ibn Yezid ət-Təmimi dedi: "Mən sənə geri qayıtmağı əmr edirəm. Qoy Allah məni səninlə sınağa çəkməsin. Ya gəldiyin yerə qayıt, ya da Yezidin yanına Şama get! Amma Kufəyə getmə!"
Hüseyn deyilənlərə məhəl qoymadı və İraqa tərəf yoluna davam etdi. Hurr ibn Yezid ət-Təmimi isə onun qarşısını kəsib getməyinə mane olmağa çalışdı.
Hüseyn ona dedi: "Anandan uzaq düşəsən, məndən uzaq dur!"
Hurr ibn Yezid ət-Təmimi dedi: "Allaha and olsun, əgər bu sözləri başqa bir ərəb mənə desəydi, ondan və anasından intiqamımı alardım. Lakin nə deyim, sənin anan dünya qadınlarının xanımıdır".
Tarix: 03.05.2013 / 20:02 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 336 Bölmə: Maraqlı melumatlar