Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dişlək almanın sirri

Heç kəsin, kompüter haqqında azacıq təsəvvürü olan balaca uşağın da ağlına gələ bilməz ki, «Appl» («Apple») qurucularının satışa buraxdıqları ən müasir, «digərlərindən bir çox üstünlükləri ilə» seçilən ilk fərdi kompüterin cəmi… 8 kbayt yaddaşı varmış. Terminal kimi adi televizordan istifadə zərurəti yaradan bu klaviaturasız kompüterlərin 8 kbaytlıq yaddaşının tam yarısını əsas mənbənin (Beyzik) tutduğunu nəzərə alsaq, müasir kompüterlərin «əcdadına» adamın sadəcə gülməyi tutur.
Ancaq real tarix budur: Stiv Voznyak adlı gənc xeyli zəhmətdən sonra indi bir çoxlarımızın təbəssümlə qarşıladığı bu kəşfi etmişdi və özünə əqidədaş da tapmışdı: Stiv Cobs. Bəli, həmən əfsanəvi Stiv Cobs – kompüter texnologiyasında qeyri-adi kəşfləri ilə dillər əzbəri olan texnologiya dahisi.
Gəlin, bu inanılmaz tarixə qısaca ekskurs edək… Apple, Iphone

İlk kompüter

1975-ci ilin Amerikası. Mikrokompüterlərin yeni-yeni cəmiyyətə təqdim edildiyi vaxtlardır. Kimsə bu primitiv oyuncaqları hələ «fərdi kompüterlər» adlandırmır, onların varislərinin cəmi bir neçə ildən sonra həyatımızın tərkib hissəsinə çevriləcəyini də çox az adam düşünür.
Minikompüterlər artıq satışa buraxılıb. Tanınmış şirkətlər (onların içində məşhur MITS da var) Altair 8800, IMSAI 8080, Yupiter II, M6800, JOLT və s. alıcılar arasında əsl sensasiya yaratsa da, geniş yayılmayıb; kompüterlərdən istifadə etməyi bacaranlar da barmaqla sayılacaq qədərdir.
Ona görə də kompüterçilər «xüsusi zümrə» sayılırdılar: onların ayrıca klubu vardı, yalnız kompüter istifadəçiləri ora toplaşır, bir-birilə tanış olur, təcrübələrini və proqramlarını paylaşır, məsləhətlər alırdılar.
Kaliforniyanın Silikon vadisində yerləşən belə klublardan birinin üzvü, 26 yaşlı Stiv Voznyak bir gün öz yeni ideyasını nümayiş etdirir. Nümayiş olunan minikompüter idi və onu Voznyak özü hazırlamışdı. Necə?
Tanınmış firma kimi İntel 8080-nin prosessorunun baha (175) dollar olduğunu görən Voznyak xeyli çək-çevirdən sonra MOS Texnologi şirkətinin 25 dollarlıq 6802 çipindən istifadə ilə yuxarıda təsvir etdiyimiz kompüter hazırladı və kluba gətirdi. Onun ideyası hazırladığı bu yeni kompüterə klaviatura və videoterminal (monitor) əlavə etmək idi.
Voznyakın hamının etinasız yanaşdığı, ağılsızlıq saydığı bu ideyasını yalnız 21 yaşlı dostu Stiv Cobs dəstəklədi və dostlar ideyanı həyata keçirməyi qərara aldılar.

Dostların zarafatı və ya «Ya Şeytan!»

Bir illik çalışmalardan sonra adaşlar Appl Kompüter Kompani («Apple Computer Company») şirkətini qururlar, həm də beynəlxalq gülüş günündə.
Appl şirkətinin 1976-cı il aprelin 1-də yaranmasını təsadüfi sayanlar da var. Ancaq adaşların qəribə zarafatları bununla bitmirdi, əksinə, başlayırdı.
Əvvəlcə bazar axtardılar və Appl 1 modelini satmağa dükan tapdılar. Dükan sahibinin yeganə tələbi yeni kompüterin «bütün avadanlığı ilə bərabər» — yəni söz verildiyi kimi, klaviaturalı və monitorlu – yığılması idi.
Gənclər söz verdiklərini həyata keçirdilər və ikinci qəribəlikləri üzə çıxdı: kompüterlərin satış qiyməti 666 dollar 66 sent qoyuldu.
Sanki inadına şeytan rəqəmlərini gözə soxmaq və işə başladıqları siftədəcə «Ya Allah» əvəzinə, «Ya Şeytan» demək istədiklərini nümayiş etdirirdilər.

Makintoş

Makintoş bizim təsəvvürümüzdə məşhur səhnəcikdəki «Makintoş birdən yandı» ifadəsi ilə assosiasiya olunan geyim kimi də qalıb.
Ancaq Makintoş — ABŞ-ın ilk fərdi kompüterlərindən biri, bəlkə də birincisi sayılan Appl 1-ə verilən və qısa müddətdə məşhurlaşan ləqəbdir. Bu ləqəbi isə alma mənası verən «Appl» adı və tanıtım markası kimi dişlənmiş alma simvolunun seçilməsi doğurmuşdu: Makintoş («Macintosh») – alma növlərindən birinin adıdır.
Çoxları hesab edir ki, dişlənmiş alma simvolundan istifadə – ilk kompüterlər istehsalında əməyi olan, ancaq gənc yaşında zəhərə batırdığı almanı dişləyərək həyatına qəsd edən gənc Alan Turinqin xatirəsini əbədiləşdirmək istəyi ilə düşünülüb.
Ancaq Stiv Cobs özü səmavi dinlərdə əksini tapan Adəm və Həvvanın almanı dişləyərək cənnətdən qovulması rəvayətinə əsaslanaraq, bu rəmzi seçdiyini açıqlayıb və bizcə, həqiqəti deyib. Aprelin 1-də şirkəti təsis edən, 666,66 rəqəmini ilk qiymətinə çevirən bu dahinin cənnətdən qovulmanı şirkətinə simvol seçməsində qəribə heç nə yoxdur.
Stiv Cobs — deyəsən, kompüterin «şeytan əməli» olduğunu, onun gələcəkdə hətta Allahın işlərinə müdaxilə edəcək gücə sahib olacağını anlayan ilk Allah bəndəsidir. Və əlbəttə, bütün deyilənlər Stiv Cobsu daha yaxından tanımağı tələb edir.

Atalı-analı yetim

24 fevral 1955-ci ildə San-Fransiskoda anadan olan Stivdən valideynləri cəmi bir həftə sonra imtina edirlər. Atası əslən suriyalı olan ABŞ vətəndaşı Abdulfattah Con Jandali, anası amerikalı Coan Karol Sşiebledir.
Coan Karol tələbə olduğunu və uşağa baxa bilmədiyini əsas gətirərək, qeyri-rəsmi nikahdan doğulan 7 günlük övladını internata verir. Atası Abdulfattah sonradan Nevada Universitetinin professoru oldu və hazırda Nevadanın Rino şəhərində Boumtoun Hotel Kazinonun vitse-prezidentidir.
Abdulfattah Jandalinin dediyinə görə, suriyalı olması xanımının valideynlərini razı salmayıb və onların təkidi ilə Stiv internata verilib; halbuki o, bu qərarın əleyhinə imiş.
Jandalinin həqiqəti dediyi Coan Karolla 1956-cı ildə ailə həyatı qurmasından da görünür. Həmin il Coan Karolun atası ölür və onlara nikaha girməyə artıq kimsə mane olmur. Rəsmi nikahdan Mona adlı qızları doğulsa da, böyüklərin xeyir-dua vermədiyi bu ailə 6 ildən sonra, 1962-ci ildə dağılır. Hazırda Coan Karolun ikinci həyat yoldaşının soyadını daşıyan Mona Simpson ABŞ-ın məşhur roman yazarlarından biridir.

Səfil yeniyetməlik

Bir həftəlik olanda Pol və Klara Cobslar onu övladlığa götürürlər. Pol şirkətlərin birində mexanik işləyirdi və öz biliklərini uşaq vaxtından Stivə öyrədir.
Stiv 1972-ci ildə orta məktəbi bitirəndən sonra Oreqon ştatının Portlend şəhərindəki kollecə daxil olur. Orada cəmi bir il təhsil ala bilir, ancaq mühazirələrdə daimi iştirak etməyə imkan tapır.
Yeniyetməliyi dəhşətli çətinliklər içərisində keçir: dostu Stiv Voznyakla mövsümi işlər kara gəlmir, yoldaşlarının yanında, yataqxanada soyuq döşəmənin üstündə yatır, boş butulka satmaqla çörək pulu qazanır, həftədə bir dəfə krişnaçıların məbədində pulsuz yemək alır.
Krişnaçıların təsiri altında dünyagörüşü dəyişir. 1974-cü ildə Atari İnc şirkətinə video-oyun istehsalı üzrə mexanik kimi işə düzəlir, topladığı vəsaitlə bir il sonra Hindistana gedib, krişna məbədlərini ziyarət edir. Hətta başını qırxdırır, vətəninə hind geyimində qayıdır.
Və 1975-ci il – Stivlərin ili gəlir…
Maraqlıdır ki, atasının görüş təkliflərini birmənalı rədd edən Stiv Cobs məşhurlaşandan sonra anasını vaxtaşırı olaraq yoluxur, bacısı Mona ilə 1986-cı ildə tapışır və ölənə qədər onunla münasibətlərini yüksək səviyyədə saxlayır.
Qəyyumları – ona ata-analıq edənlər haqqında isə yalnız bir sözü var: «Mən çalışıram ki, övladlarıma atam kimi ata ola bilim».

Cobs «Appl»dan gedir

Uğursuzluq isə davam edirdi – baxmayaraq ki, artıq böyük gələcək vəd edən şirkət vardı, butulka satan Stiv artıq milyonçu hesab olunurdu, ancaq bir-birinin ardınca uğursuzluqlar «Appl»ın daha da böyüməsi əvəzinə çöküşünü sürətləndirirdi.
Qurucular – elə ilk gündən Stivlərə qoşulan Ronald Ueyn də daxil olmaqla – şirkətə ciddi menecerlər, ideyaçılar cəlb etmək istəyirdilər. Çünki 1977-ci ildə «Appl 2» bazarda ciddi uğur əldə etsə də, 1980-ci ildə satışa buraxılan «Appl 3»lə vəziyyət pisləşmişdi.
1984-cü il modeli — «Makintoş»un yeni versiyası da böyük hay-küy və şirkətin tarixində ilk ən böyük uğur idi. Ancaq ilin sonuna doğru satışın pisləşməsi Direktorlar Şurasını Stiv Cobsun baş direktorluqdan getməsi məsələsini müzakirəyə çıxarmağa vadar etdi. Gecə-gündüz və istirahət günləri bilmədən çalışan Cobs, «emosionallığı və qeyri-adi çılğınlığı» ilə işə zərər vurduğuna görə 1985-ci ildə direktor vəzifəsindən çıxarıldı.

NEXT-lə yola davam

«Appl»dən payını götürən Cobs 5 aydan sonra 7 milyon kapitala NEXT İnc şirkətini təsis edir və…
Görünür, «Appl»ın direktorlar şurası haqlıymış: həmin illər Cobsun fitri qabiliyyəti heç cür özünü doğrulda bilmirdi. Çünki cəmi bir il sonra NEXT müflisləşmiş, sərmayə tapmayan Cobs isə pul axtarışına çıxmışdı.
Əzablı 4 il başlayır…
Ancaq vaxtilə butulka satmaqla dolanmış Cobsu acınacaqlı vəziyyəti ruhdan salmır. Axtarışlar bəhrəsini verir və milyarder Ross Perron Cobsun layihələrinə pul yatırmağa razı olur.
1990-cı ildə NEXT işçi stansiyalarının satışına başlayır – bu dəfə 4 ədəd 6-nı tərsinə çevirib, məhsuluna 9999 dollar qiymət qoyur.
Ancaq NEXT texnoloji cəhətdən güclü olsa da, «Appl»ın elmi yeniliklərindən geri qalırdı. Ona görə də elə həmin il Cobs ikinci – daha təkmil NEXTcube-ni satışa çıxardı.
Bu məhsul fərdi kompüteri əvəz edəcəkdi: yeni kompüter elektron poçt sistemi qurur, səs, təsvir, qrafika və video verirdi.
Yeni sistem dərhal qəbul eləməsə də, rəqibləri tərəfindən belə «inqilabi yenilik» səviyyəsində qiymətləndirildi və NEXT-in uğurları başlandı: 1993-cü ildə 5 min maşın satan Cobs 1994-cü ildə illik gəlirini açıqladı: 1,3 milyon!
Böyük rəqəm sayılmırdı, ancaq Cobs tamam ayrı cığır açırdı…

İllik 1 dollara işləyən direktor

Cəmi iki ildən sonra – 1996-cı ildə «Appl» Direktorlar Şurası Stiv Cobsu doğma şirkətə geri çağırmağa başladı. Həmin illər intibahını yaşayan və artıq transmilli şirkətə çevrilən «Appl» «NEXT»-ə milyonlar verməyə hazır idi.
Qarşılıqlı razılaşma ilə Cobs «yeni» şirkətini – NEXT-i ilk şirkətinə – «Appl»a 429 milyona satmağa razı oldu. Baş direktor vəzifəsi təklifinə isə iki şərt irəli sürdü: Birinci, baş direktor yox, əvəzedici. Görünür, Direktorlar Şurasının ona etimadsızlıq göstərdiyini unutmamışdı və…
İkinci şərt: illik maaşı BİR DOLLAR olmalıdır.
Cobsun qəribəliklərini DŞ artıq çoxdan bilirdi və vaxtilə elə bu qəribəliklərinə görə işdən qovmuşdular. Ancaq indi onu məhz qəribəliyinə görə baş direktor əvəzi kimi alqışladılar…
Elə həmin il Cobs özünün və «Appl»ın taleyini həll etdi: «iMac»ı satışa çıxarmaqla inanılmaz satış rekordu qırdı və liderlik yoluna qədəm qoydu.
Bunun ardınca dünya Cobsun fitri qabiliyyətinin şahidi oldu: fərdi kompüter çərçivəsini sındıran Cobs «Aypod»u («İPod») bazara çıxardı… Qarşıda «Ayfon» kimi hələ heç bir texnoloji təfəkkürün düşünə bilməyəcəyi model gəlirdi…

Qeyri-adilikləri davam etdirən dahi

2000-ci ildə əvəzedicilikdən bezib, baş direktorluğu qəbul edən Stiv Cobsun qəribəlikləri sırasında ABŞ-ın 8 statında «Appl» dükanı açmağa imkan verməməkdən tutmuş dünyanın ən qeyri-adi biznesini həyata keçirməyə qədər böyük siyahı durur.
Bu «qeyri-adi» alveri isə yazmamaq olmaz. Stiv Cobs “Pixar” şirkətini Corc Lukasdan 10 milyon dollara alıb, qısa müddətdə film yaradıcılığı sahəsindəki bacarığını da nümayiş etdirərək gücləndirdiyi şirkəti Disneyə 7,6 milyard dollara satıb.
Stiv Cobs «Appl»a yenidən qayıdanda şirkət sonuncu olmasa da, birinci də deyildi. Ancaq Cobsun gəlişindən sonra «Appl» «Maykrosoft»u axır ki, taxtdan saldı və 2011-ci ildə 600 milyardlıq kapital dəyərləndirməsi ilə zirvəyə yüksəldi.
Hazırda Şirkətin bir səhminin qiyməti 750 dollar, ümumi dəyəri isə 850 milyarddan yuxarı qiymətləndirilir.

Stiv Cobsla dünya nə itirdi?

Stiv Cobs 2011-ci ildə xərçəng xəstəliyindən vəfat etdi. Yetim, atılmış kimi dünyaya gəlib, milyarder və hazırda ən böyük internet nəhəngi «Appl» şirkətinin qurucusu və səhmdarı kimi dünyadan köçən Stiv Cobsla dünya nə itirdi?
Çoxları bu suala cavab verməyə çalışır: xarizmatik rəhbər, nömrəsiz maşın sürən sadə milyarder, buddizmi qəbul edən xristian, çox qısa, amma hədsiz təsirli nitqə malik natiq, dəfələrlə müflisləşən, amma inadından dönməyən və istəyini gerçəkləşdirən dahi, insanlara qarşı humanist davranan və uzunqol qara köynəkdən, cins şalvardan əl çəkməyən qəribə adam…
Bu fərdi yanaşmalara daha çoxsaylı xarakteristika daxildir. Ancaq hamının, hətta rəqiblərinin də etiraf etdiyi bir həqiqət var: Stiv Cobssuz da «Appl» inkişaf edəcək, yeni texnologiyalar gələcək, ancaq…
Stiv Cobssuz yeni texnoloji kəşflər gecikəcək… Çünki o, xaraktercə ixtiraçıydı və ixtiraları ilə vaxtı qabaqlayırdı, — bu ixtiralar bəzən uğur qazanmasa, cəmiyyətdə gec qəbul edilsə də…


Tarix: 26.11.2014 / 12:05 Müəllif: Aziza Baxılıb: 287 Bölmə: Maraqlı Melumatlar
loading...