Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Janna Dark...

Müqəddəs Yekaterina, Marqaritanın və Cəbrayılın səsi qulağına gələndə Jannanın 13 yaşı ardı. Janna Orleanı əsarətdən qurtarmalı, vəliəhdi taxta çıxararaq qəsbkarları krallıqdan qovmalıydı: «Janna, sən başqa yolla getməli olacaqsan. Çünki Göylərin padşahı səni kralın müdafiəsiyçün seçib». Bu səslər artır və hər gün «Orleanın mühasirəsini qırmaq lazımdır, sən getməlisən» deyib dururdu. Janna onu dəlilikdə gunahlandıranların yadına qədim məsəli salırdı:«Fransanı qadın məhv edib, sonra bakirə qız xilas edəcək». Məsəlin birinci hissəsi artıq çin olmuşdu. Bavariyalı İzabella əri fransız kralı 6-ci Karlı məcbur eləmişdi ki, oğlunu nicahdan kənar elan eləsin. Fransa kralsız qala bilərdi.
Pərilərin dolaşdığı yerdə
Janna d’Ark Şampan və Lotaringiya əyalətlərinin sərhəddində Domremi kəndində varlı kəndli ailəsində anadan olub. 17 yaşına qədər onu Jannetta Domremi kimi tanıyırdılar. Soruşanda qonşular onunçün «Belə də, hamı kimi» deyərdilər.
Jannanın doğulduğu kəndin yaxınlığında çox gözəl, iri bir ağac bitirdi. Pərilər ağacı adlanan bu ağac hər bazar kəndin qız və oğlanlarını başına yığırdı. Onlar oxuyub oynayar və yaxınlıqdakı bulaqda yuyunardılar. Deyilənə görə lap qədimlərdə bu ağacın başında sehirli pərilər oynayarmış. Bu ağacın başına getməyi sevən Janna nədənsə heç vaxt orda pəri görməmişdi. Onun «pəriləri» ağ buluddan peyda olmuşdu...
«Kralı taxta yalnız mən çıxara bilərəm!»
6-cı Karlın dövründə Fransanın şimal torpaqlar alınmışdı. Qoşun əldən düşmüşdü. Bircə Orlean qalmışdı ki, ingilislər bu torpaqların tam sahibinə çevrilsin. Kəndli qızı Janna d’Ark öz missiyasını bəyan eləməkçün yola çıxanda artıq 17 yaşı vardı. Kralı taxta çıxaracağını eşidənlər onu ələ salıb gülürdü. Bir ildən sonra yenidən cəhd edəndə bu dəfə şəhərin kapitanı ona daha diqqətlə qulaq asıb (Janna bəzi döyüşlərin sonunu çox dəqiqliklə təsvir eləmişdi) kralın yanına getməkçün silahlı dəstə də ayırdı. 11 günlük yolu qət edib saraya çatdı. Vəliəhdə göndərdiyi məktublarda onu görməsə də min adamın içindən ayıra biləcəyini yazmışdı. Vəliəhd saray əyanları içində dayanıb Jannanın onu tanımayacağına əmin idi. Amma Janna onu 300 nəfərin içində tərəddüdsüz seçə bildi.
Janna Dark-Fransa azadlıq qızıBundan sonra o, dərhal elan elədi ki, ingilis əsarətindən qurtulmaq və kralı taxta çıxarmaqçün göylər tərəfindən təyin edilib. Jannanın davranışını müşahidə etmək, məlumat toplamaq və sorğu sual 3 həftə vaxt apardı. Jannanın cavabları belə təəsürat oyatdı ki, o, həqiqətən də Tanrının müjdəçisidir. Onsuz da vəziyyət o qədər pis idi ki, Tanrıdan başqa köməyə gələsi başqa varlıq qalmamışdı.
Kral tərəddüd içindəydi. Ən əvvəl o, qızın bakirəliyini yoxlatdırır. Sonra Jannanı din adamlarının əlinə verir ki, onu ağıllı başlı sorğu-suala tutsunlar. Jannanın vətəninə də adam göndərib məlumat toplayır. Qızın reputasiyasına xələl gətirə biləcək bir şey tapmayandan sonra qoşunları Jannanı komandanlığına verib onu baş komandan təyin eləyir. Dövrün ən yaxşı hərbçiləri 150 santimetrlik bir balaca qızın tabeliyinə verildi. Jannanın ölçüsündə yaraq-əsləhə hazırlandı. Kişi geyimi geyməkçün isə xüsusi komissiyanın icazəsini almalı oldu.
Döyüş zamanı göyərçinlər onun yanından əl çəkmirdi
Qoşunu Allah tərəfindən göndərilmiş komandan idarə edəcək xəbəri döyüşçülərdə ruh yüksəkliyi yaratdı. Janna bütün keşişləri yığıb qoşunun qarşısında gedərək antifonlar oxumağı xahiş eləmişdi. Fransız hərbçilərinin eləyə bilmədiyi bir işə, yəni Orlean şəhərini geri almağa Janna cəmi 4 gün sərf elədi. Orleanı geri alandan sonra artıq Janna Orlean qızı adlandırılırdı. İndiyə qədər də 8 may günü Orleanda şəhərin ad günü kimi qeyd edilir.
Janna d’Arkla ünsiyyətdə olanların hamısı bu qızın qeyri-adi cazibəsindən danışırlar: «... Qız cazibəli görkəmə və kişi duruşuna malikdi. Az danışır, yeməyi, xüsusilə də şərabı çox sevir. Adam yığıncağını və söhbətləri xoşlamır. Gözəl atlarla və silahla çox maraqlanır. Silah gəzdirəndə ağırlıqdan çoxlu əzab çəksə də tərslik edib döyüşü udmayanadək yarağını çıxarmır. », «O bizimlə yol gedəndə meşədən quşlar çıxıb onun çiyninə qonur. Döyüş zamanı isə göyərçinlər onun yanından əl çəkmir.»
Jil de Re: «O ki, lap uşaqdı. Onun düşmənə şəxsən qılınc zərbəsi endirməsini də görən olmayıb. Döyüşdən sonra isə ölənlərin üstündə o qədər ağlayır ki. Onun ağzından bir dənə də artıq söz çıxmayıb. Onun yanında heç kim söyüş söymür. Kişilərlə bir yerdə yatmağa məcbur olduğu vaxtlarda belə heç kimin ona şəhvani nəzərlərlə baxmaq heç ağlına da gəlmir».
Jan Alanson: «Müharibəyə aid olan hər bir şeydən başı çıxırdı. Nizəni sancmağı, qoşunu gözdən keçirməyi, topları yerləşdirməyi o qədər yaxşı edirdi ki, elə bil 20-30 illik təcrübəsi var».
Jannanı 10 min qızıla satdılar
Jannanın komandanlığı altında payızacan bütün ərazilər geyi qaytarılmışdı. İrəlidə bircə Paris qalırdı. Amma kral nədənsə tərəddüd edir, hətta payızda qoşunu da buraxdı. Yaza qədər kralı inandırmaqla məşğul olan Janna 23 mayda xəyanətkarlıq nəticəsində burqundlulala əsir düşür. Şəhərə girəndən sonra geri çəkilməkçün nəzərdə tutulmuş körpünü kimsə qaldırıbmış. Deyilənə görə bunu kralın tərəfdarları təşkil eləmişdi. Taxtda oturmasında Jannaya minnətdar olmalı olan kral onu xilas etməkçün heç barmağını da tərpətmir. Burqundlular Jannanı 10 min qızıl livrəyə ingilislərə satır.
Cadugər, yoxsa müqəddəs?..
Janna d’Arkın rəsmi məhkəməsi bir ildən sonra başlayır. Onu kilsə mühakimə edirdisə də ingilislərin türməsində hərbi əsir kimi qandallarda saxlanılırdı. Məhkəməylə bağlı bütün xərcləri ingilislər ödəsə də cadukərlikdə ittiham edən hakimlər fransız idi.
Tribunalın 150 üzvünün qarşısında davam gətirən bu qıza verilən ittihamnamə 70 müddədan ibarət idi. Məhkəmədə Janna sualları çox mətanətlə cavablayır, İblislə əlaqələri və küfr hərəkətlər haqqında bütün cəfəngiyyatları heç yaxına da buraxmırdı. Son variantda 12 ittiham maddəsi vardı. Əsas müddəalar qeybdən səs eşitmək, kişi paltarı geymək, pəri ağacı, kralı yoldan çıxarma və kilsəyə tabe olmamaq idi. Həm də sübut olunmalıydı ki, Jannanı eşitdiyi səslər İblisin sözləriydi. İnkvizisiya da Jannanın bakirəliyini yoxlamışdı ki, bəlkə İblislə cinsi əlaqələrini sübuta yetirə bilər.
Hakimlər çox yaxşı anlayırdı ki, Janna günahını etiraf eləməsə onun əzabkeş obrazını öz əlləriylə yaratmış olacaqdılar. Ona görə də savadsız qızı tonqal başına gətirməklə qorxudaraq bir başqa mətn oxuyub tamam başqa bir kağıza qol çəkməyə razı sala bilirlər. Kişi paltarından rəsmi imtina edəndən sonra Janna yenidən onu geyməyə məcbur olur. Çünki onun qadın paltarını alıb gizlətmişdilər. Məhkəmə isə bunu kilsəyə təhqir və küfr kimi qaymətləndirib qızı birbaş tonqala göndərir... İngilislərin planı baş tutmuşdu. İndi onlar bütün xristian aləminə elan edə bilərdilər ki, fransız kralı taxta cadugərin əliylə çıxıb.
25 ildən sonra Jannanı məhkəməsi sənədləri yenidən qaldırılaraq 115 şahid, anası dostları, yoldaşları bir daha dindirilərək məhkəmənin haqsız olduğu elan edilir. 20-ci əsrdə isə Janna d’Ark muqəddəs elan edildi.
Yanmayan ürək...
Ruan şəhərinin Köhnə Bazar meydanında tonqal yanmağa hazırdı. Jannanın başına qoyulmuş kağız mitrada (kafirləri tonqala aparanda gülünc vəziyyətə salmaqçün qoyulan xüsusi papaq) yazılmışdı: «Özünü Orlean qızı adlandıran, cadugər, İblisin qulu, kafir, mürtəd, bütpərəst»...
Janna «Yepiskop, mən sizə görə ölmə gedirəm. Sizi Allahın məhkəməsinə çağırıram!» deyərək tonqal başından çığırırdı. Janna ona xaç verilməsini son arzu kimi dilinə gətirəndə ona bir-birinə bağlanmış iki çubuq verdilər. Od alov onu bürüyəndə bir neçə dəfə «İisus» deyə çağırırmış. Bu mənzərəyə baxanların hamısı ağlayırdı.... Tezliklə ona çatan alov bir andaca paltarını yandırdığına görə hamı onu çılpaq gördü. Adamlar onun yanmasına doyunca baxandan sonra cəllad odunu artırdı ki, bədən tam külə çevrilsin.
Hər şey bitəndən sonra cəllad eşafotu yığışdırmaqçün ora qalxanda külün içində Jannanın yanmamış ürəyini tapır. Bir neçə dəfə odun yığıb ürəyi bir də yandırmaq cəhdləri eləsə də alınmır. Axırda 19 yaşlı qızın ürəyini incitməkdən bezib külünü yanmamış ürəyi ilə birgə Senv çayı üzərində səpələyir...
Qəbirdən xortlamış Janna
Deyilənə görə Janna d’Ark nəinki ölməmiş , hətta Rober D’Armuazla uğurlu ailə qurub iki uşaq anası kimi gözəl həyat yaşamışdı. D’Armuazlar nəsli indinin özündə də özlərini Janna d’Arkın nəslindən sayırlar. D’Armuaz və Jannanın toyundan qalan nigah kontraktında bütün şahidlər Orlean qızının dostları, silahdaşları idi.
Guya edamdan 5 il sonra Janna evlərinə gəlib və iki qardaşı onu qəbul edib. Qardaşlarının bacılarıyla daimi əlaqələrini sübut edən pul köçürmələri, məktub qəbzləri indi də arxivdə saxlanılır. Onu tanıyanlar, silah dostları, anası da bunu təsdiqləyib. Sonra bu xanım D’Armuaz sakit ailə həyatından bezib bir vaxtlar onu əlləri üstündə gəzdirən Orleana da gedibmiş. Orlean şəhərinin hesab kitabında onun şərəfinə verilmiş naharın hesabı və Jannaya verilən hədiyyə 210 livr haqqında yazı qeyd olunub: «Orlean şəhərinə göstərdiyi xidmətlərə görə...». Onu çox yaxşı tanıyan orleanlılar kütləvi yanılmaya düşə bilərdilərmi? Qəbirdən xortlamış Jannanı başqa şəhərlərdə də çox yaxşı qarşılamışdılar. Amma Parisə çatmamış onu həbs edib rüsvaylıq dirəyinə bağlamışdılar. Bundan sonra bu xanım rəsmi şəkildə Orlean qızının adını mənimsədiyini elan eləməli olmuşdu. Amma 150 sm boyu, qulağının arxasındakı anadangəlmə xalı, yaralarından qalmış çapıqları- bunları plastik cərrahiyyə olmasa təkrarlamaq mümkün olmazdı.
Çoxları düşünürdü ki, yanan Janna özü deyilmiş. Onun edamında 800 nəfərlik ingilis əsgərlərindən ibarət dəstə tonqala aparılan və üzü yarıörtülü qadının kim olduğunu görməyə mane olurdu.
Janna fransız şahzadəsiymiş?
Daha bir əfsanəyə görə guya Janna d’Ark kəndli qızı deyil, kraliçə İzabellanın nicahdan kənar qızı olub. Bu əfsanə sadə kəndli qızının kralı belə asanlıqla inandırmasını izah eləyə bilir. Axı, Janna ona təklikdə nəsə deyəndən sonra kral ona inanmağa başlayır. Daha sonra Jannanın siyasi hadisələrdən xəbərdar olmasını, nizə atmağı bilməsini (o vaxtlar cəngavər rütbəsinə layiq olan zədəganlar nizə atmağı bilərdi), əyalət ləhcəsi olmadan təmiz fransızca danışmasını, padşahlarla çox asan ünsiyyətə girməsini izah edirdi. Janna heç bir yerdə öz soyadını çəkmir və öz valideynlərini kənddən çıxan kimi sanki unudub heç yada da salmırdı. Janna d’Arkın genekoloji müayinəsində sarayın ən rütbəli xanımlarının iştirak etməsi də bu fikri təsdiqləyir. Yoxsa ki, sadə kəndli qızı üçün bu çox böyük şərəf olardı. Domremi kəndində gizlədilmiş bu kral uşağı lazımi anda ortaya atılıb Orleanı azad eləməli, qardaşı Kralı taxta çıxarmalı və ingilisləri darmadağın eləməli idi. Bu, siyasi addıma daha çox bənzəyir.
Məhkəmənin sənədlərindən aydın olur ki, inkvizisiyanın ən dəhşətli dövrlərində Jannaya qarşı işgəncə tətbiq edilməyib. Minlərlə adamı sorğu-sualsız yandıran inkvizisiyanın belə davranışını siyasi sifarişi həyata keçirməsiylə izah eləmək olar. Ola bilər ki, tonqalda yanmaqdan onu elə ögey qardaşı 7-ci Kral özü xilas edib, əvəzinə başqa qadını yandırıblar.
Janna d’Ark transvistit olub?
Başqa bir, 20-ci əsrdə yaranmış əfsanəyə görə Janna d’Ark yalnız xarici görkəminə görə qız imiş. Təbabətdə buna Morris sindromu deyirlər. Qanının tərkibi, orqanlarının quruluşu daha çox kişiyə yaxın imiş. Döyüşkənliyini, kişilərin arasında özünü rahat hiss eləməsini, hərbi istedadı və döyüşdəki narahatlıqları rahat keçirməsini bununla izah eləyirlər.


Tarix: 30.11.2014 / 19:33 Müəllif: Aziza Baxılıb: 328 Bölmə: Müxtəlif
loading...