Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çox kişilərin xəyallarında yaşayan Monika Beluççi

Məşhur italyan aktrisası Monika Beluççi 45 yaşını qeyd edir. Hələ də çoxlarının aşiq olduğu gözəl qadın 1964-cü il sentyabrın 30-da Umbriya əyalətinin kiçik Çita-di-Kastello şəhərində anadan olub.

1986-cı ildə Peruci universitetinə qəbul olunan Monika təhsil haqqını ödəmək üçün pitseriyaya ofisiant kimi işə düzəlib. Sonra isə gözəl görünüşü onun karına gəlib – o, dostlarının məsləhəti ilə model agentliyində işləməyə başlayıb.

Monika 1987-ci ildə model kimi karyerasının ən yüksək zirvəsinə çatıb. O, Milandakı ən nüfuzlu model agentliyi olan “Elit”ə dəvət edilib. Təsadüf nəticəsində həmin dövrdə Moda Evinin menecerləri firmanın simvolu olacaq model axtarırlarmış. Monikanın bəxti burada da gətirib. Məhz onu “Dolce and Gabbana”nın rəsmi siması seçiblər. Məşhur modelyerlərlə iş tezliklə öz bəhrəsini verib – Monika Beluççi tez-tez moda jurnallarının üz qabığında peyda olmağa başlayıb.

Paralel olaraq onun kino həyatı başlayıb. Məşhur rejissor Frensis Ford Koppolanın qardaşı 1992-ci ildə onu moda jurnallarından birində görüb və Monika “Brem Stokerin Drakulası” filmində kiçik rol alıb. Bu filmdən sonra onu Amerikada da tanıyıblar.

Monika Beluççi İtaliya filmlərindən başqa, fransız filmlərində də aktiv çəkilib. Bunların arasında “Mənzil”, “Doberman” və “Qurd qardaşlığı” filmlərini göstərmək olar.

“Mənzil” filmi ona aktrisa kimi ilk uğuru gətirib. Monika bu filmdəki roluna görə Avropanın nüfuzlu “Sezar” mükafatına nominant kimi irəli sürülüb. Həmin filmdə Monika sonradan ailə həyata qurduğu məşhur aktyor Vensan Kassellə tərəf müqabili olub. 1997-ci ildə çəkilən “Doberman” filmində Beluççi lal-kar qadlın rolunu oynayıb. Bu film onun həyatında ilk ciddi sınağa çevrilib. Vensan Kassellə nikah isə onun əsl böyük kinoya yolunu açıb.

2001-ci ildə Monikanın iştirakı ilə ekrana 2 film – “Qurd qardaşlığı” və “Malena”» çıxıb. O, “Malena”da növbəti dəfə bütün kişilərin arzuladığı qadın obrazını canlandırıb. Film 14 dəfə müxtəlif mükafatlar, o cümlədən “Qızıl qlobus” almağa namizəd kimi irəli sürülüb.

2002-ci il Kann festivalının sensasiyası isə Qaspr Noenin “Geridönməzlik” filmi olub. Filmdə Monikanın iştirakı ilə 9 dəqiqəlik zorakılıq səhnəsi tamaşaçıların neqativ reaksiyasına səbəb olub. Onların bir hissəsi ilk premyera günü zalı tərk edib.

Monika Beluççi artıq 50-dən çox filmə çəkilib. Onun bu filmlərdə tərəf müqabilləri Entoni Hopkins, Cin Hekman, Şon Konneri, Bryus Uills kimi şəxslər olub. O, “Matritsa” filminin ikinci və üçüncü hissələrində isə Kianu Rivzlə bir yerdə çəkilib.

Monika Beluççi “Pirelli” kalendarı üçün 2 dəfə çəkilən azsaylı modellərdən biridir. O, 2001-ci ildən «Cartier» zərgərlik evinin simasıdır.

2004-cü ildə Monika Beluççi və Vensan Kasselin Deva adlandırdıqları qızları doğulub.


Tarix: 03.12.2012 / 21:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 648 Bölmə: Müxtəlif
loading...