Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əliağa Şıxlinski

Əli Ağa İsmayıl Ağa oğlu Şıxlinski (3 mart 1863 — 18 avqust 1943) — Rusiya imperator ordusunda artilleriya generalı, Azərbaycan Demokratik Respublikasının Hərbi nazirinin müavini, sovet hərb xadimi.

Həyatı

Əliağa Şıxlinski 1863-ci il martın 3-də Yelizavetpol quberniyasının Qazax qəzasının Qazaxlı (indiki Aşağı Salahlı) kəndində anadan olmuşdur. Anası Şah Yəmən xanım Qayıbova məşhur şair Molla Vəli Vidadinin nəvəsi idi.

1883-cü ildə rus ordusunda hərbi xidmətə başlayan Şıxlinski 1886-cı ildə Peterburq artilleriya məktəbini əla qiymətlərlə bitirdi. 1904-1905-ci illər rus-yapon müharibəsində batareya komandiri kimi vuruşdu. Port-Artur qalasının müdafiəsi zamanı xüsusi şücaət göstərdiyinə görə "Qızıl qılınc"la mükafatlandırıldı.

Müharibədən sonra topçu zabitlər hazırlayan məktəbdə yüksək ixtisaslı hərbçi kimi dərs deməyə başlayan Şıxlinski 1908-ci ildə polkovnik rütbəsi aldı. Hərb elminin daha da dərindən mənimsənilməsi üçün yazdığı, dərs vəsaiti kimi istifadə edilən "Səhra toplarının cəbhədə işlədilməsi" əsəri 1910-cu ildə çap olundu. Bundan əlavə, onun "Şıxlinski üçbucağı", "Şıxlinski formulu" adlı hərbi yenilikləri topçu zabitlər üçün hazırlanmış dərsliklərə daxil edildi. Bütün bu xidmətlərinə görə gənc hərbçiyə 1912-ci ildə general-mayor rütbəsi verildi. Beləcə o, çar ordusunun aparıcı mütəxəssislərindən birinə çevrildi.

1914-cü ildə baş verən I Dünya Müharibəsi zamanı Petroqradın artilleriya müdafiəsi general Əliağa Şıxlinskiyə tapşırıldı. Sonralar Qərb cəbhəsi artilleriya qoşunlarının rəisi, 1917-ci ilin sentyabrından isə 10-cu ordunun komandanı təyin olundu.

1918-ci il may ayının 28-də Azərbaycan Demokratik Respublikasının yaranması Əliağa Şıxlinskini vətəninə qayıtmağa məcbur etdi. 1918-ci ilin dekabr ayında artilleriya general-leytenantı Əliağa Şıxlinski hərbi nazirin müavini təyin edildi.

1920-ci il aprel ayının 27-də imperiya ordusu Azərbaycanı işğal edəndə Səməd bəy Mehmandarov xəstə olduğu üçün[Mənbə göstərin] nazir vəzifəsini Əliağa Şıxlinski icra edirdi. Vuruşmağın mümkünsüz olduğunu nəzərə alan Şıxlinski minalanmış körpülərin partladılmasına icazə vermədi və yeni sovet höküməti digərlərindən fərqli olaraq Əliağa Şıxlinskiyə toxunmadı.

Şıxlinski Sovet dövründə

Əliağa Şıxlinski Sovet Ordusu komandiri formasında, 17 fevral, 1929-cu il.

Şıxlinski Moskvada Hərbi İnqilab Sovetinin səhra Qərargahında çalışdı. 1921-ci ilin yayında isə o, Azərbaycan Sovet Qoşunları Qərargahına göndərildi. Bir müddət Bakı Qarnizonu Hərbi Elmi Cəmiyyətinin sədr müavini işləyən general, sonradan Qafqaz Ordusu Hərbi İnqilab Şurası yanında Azərbaycan Hərbi Nəşriyyat Kollegiyasının sədri kimi çalışmağa başladı. 1924-cü ildə isə Birləşmiş Hərbi Komanda Heyəti Məktəbinə rəis müavini təyin edildi.

1928-ci ildə "Rusca-Azərbaycanca qısa hərbi lüğət" çap etdirən Şıxlinski məhz buna görə SSRİ Hərbi İnqilab Şurasının Fəxri Fərmanı ilə təltif edildi. 1929-cu ildən istefaya çıxan general-leytenant Əliağa Şıxlinski bir çox orden və medallarla (I-IV dərəcə Anna, I-III dərəcə müqəddəs Stanislav, II-IV dərəcə Vladimir, IV dərəcə Georgi ordenləri), o cümlədən Fransanın yüksək hərbi ordenləri ilə təltif olunmuşdur.

Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat etmişdir.

Maraqlı faktlar
12 yaşında ikən rus dilinin tədris olunduğu məktəbdə rusdilli şagirdlərin 2 ilə keçdiyi kursu 7 aya bitirib;
İri cüssəli olmasına baxmayaraq, alt dodağı hündürlüyündə çəkilmiş ipin üzərindən tramplinsiz tullana bilərmiş;
Digər zabit həmkarlarından fərqli olaraq, heç vaxt pulla qumar oyanamadı;
At yarışlarında hansı atın qalib gələcəyini 90%-lik ehtimalla bildiyi halda, heç vaxt bu oyuna pul yatırmadı;
Rus-Yapon müharibəsi zamanı 2 topla düşmənin 18 topuna qarşı müqavimət göstərərək, öz mövqeyindən geri çəkilmədi;
Birinci Dünya Müharibəsində Rusiya paytaxtı Petroqradın (indiki Sankt-Peterburq) müdafiəsi şəxsən ona həvalə olundu;
Hərbi Akademiyanı oxumadan, böyük Rusiya ordusunda ali rütbəli zabit heyətinə daxil olmuşdur;
İmperator məiyyətinə daxil olmaq barədə israrlı təklifləri heç vaxt qəbul etmədi;
Topçuluğa dair yazdığı əsərlər, özünün şəxsən işləyib, hazırladığı "Şıxlinski üçbucağı" qaydası bu gün də dünya artilleriyasının köməyinə gəlməkdədir.
Ailəsində çoxlu məşhur adam var idi:
Rüstəm Şıxlinskinin əmisidir.
Cavad bəy Şıxlinskinin əmisidir.
Hüseyn Əfəndi Qayıbovun kürəkənidir.


Tarix: 11.01.2013 / 14:10 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 793 Bölmə: Müxtəlif
loading...