Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əhmədiyyə Cəbrayılov

Əhmədiyyə Mikayıl oğlu Cəbrayılov (22 sentyabr 1920 - 11 oktyabr 1994) — II Dünya Müharibəsinin iştirakçısı, partizan, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndələrindən biri.

Həyatı

Əhmədiyyə Cəbrayılov 22 sentyabr1920-ci ildə Şəki rayonunun Oxud kəndində anadan olmuşdur. II Dünya Müharibəsi illərində Fransa Müqavimət hərəkatının iştirakçısı, "Armed Mişel", "Ryus Armed", "Хаrqo" və başqa adlarla Fransanın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdir. Fransanın orden və medalları ilə, o cümlədən Fəxri Legion ordeni ilə təltif olunmuşdur.

1935-ci ildə Şəkidə Kənd təsərrüfatı texnikumunun Zootexnika və aqronomiya fakültəsinə daxil olur. 1938-ci ildə buranı Aqronomiya ixtisası üzrə bitirir və növbəti illərdə Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonları zonasında ipəkçi kimi işləyir. 1940-cı ildə Kommunist Partiyasına daxil olur.

Müharibədə iştirakı

Böyük Vətən Müharibəsinin başlaması ilə könüllü olaraq cəbhəyə yollanır. Orconikidze diyarının Nevinnomıssk şəhərindəki aviasiya məktəbində hazırlıq keçir. Bir neçə ay davam edən kurslardan sonra kiçik leytenant rütbəsi alaraq Moskva yaxınlığında yerləşən 35-ci divizionun 350-ci bombardmançı eskadriliyasına, texniki xidmət sahəsinə təyin olunur.

1942-ci ilin aprelində Ukraynanın Donbas şəhərinə göndərilir və orada 350-ci polkun siyasi rəhbərinin köməkçisi təyin olunur. Bu polkun tərkibində o, Ukraynanın Barvinki-Lozovaya-İzyum rayonu ətrafındakı döyüşlərdə iştirak edir. Baş leytenant rütbəsi alır.

Əsirlik

1942-ci ilin aprel və ya may ayında onun təyyarəsi Kursk ətrafında vurulur. Həmin dövrdə 350-ci polk Şimali Donets çayının sahilində, İzyum çayının yaxınlığında ağır yaralanır və almanlara əsir düşür, Barvinka və Lvov yaxınlığındakı həbs düşərgələrinə göndərilir. Bir düşərgədən başqa düşərgəyə keçid 3 ay davam edir. Hər gün piyada təxminən 60 km yol qət olunurdu. 1943-cü ildə Daxau həbs düşərgəsinə göndərilir və birinci dəfə qaçmağa cəhd edir. Bıçaqla silahlanaraq özünü sərxoşluğa vurur, gecənin qaranlığından istifadə edərək gözətçiyə yaxınlaşır və boğazını kəsmək istəyir. Cəhd baş tutmur və nəticədə almanlar tərəfindən Fransanın cənubunda, Tuluza şəhəri yaxınlığındakı Montoban həbs düşərgəsinə göndərilir. Burada o, 4167 nömrəli əsir idi. Bu həbsxanada o vərəm xəstəliyinə tutulur.

Müqavimət hərəkatı

1943-cü ildə həbsxana komendantının qulluqçusu madam Jannanın köməyi ilə fransız vətənpərvərləri almanların diqqətini yayındırmaq üçün tabutda gizlənmiş Əhmədiyyəni xilas edərək Jannanın evindəki zirzəmiyə gətirirlər. Sağaldıqdan sonra Əhmədiyyə faşistlərdən qisas almaq üçün qəti qərara gəlir və özünü buna hazır hesab edir. Fransız dilini öyrənir, madam Jannanın sayəsində onun vətənpərvər dostları və partizan hərəkatları ilə əlaqəyə girir, müqavimət hərəkatının kapitan Delplankın (ləqəbi "Düma") rəhbərlik etdiyi Tarn və Qaron departamentlərindəki 4-cü eskadronun üzvü olur. Əhmədiyyə Cəbrayılovun gizli fəaliyyət ləqəbləri "Xarqo", "Fraji", "Qoçaq", "Ryus Armed" və s. olmuşdur. İşğalçı alman hakimiyyət orqanları onun başına 10 min alman markası mükafat təyin etmişdilər.

1944-cü il 22 mayda Əhmədiyyəni əvvəlcə Kaberta partizan dəstəsinə, sonra isə kapitan Delplankın komandanlıq etdiyi Düma Gizli Ordusuna keçirirlər, Əhmədiyyə bu dəstənin Tarn və Qaronun azad edilməsi uğrunda apardığı bütün döyüşlərdə iştirak edir. 1944-cü il 19 avqustda Montobanın azad edilməsi və buna qədərki digər əməliyyatlara qatılır.

20 avqustda azad edilmiş Parisdə general Şarl de Qoll Əhmədiyyə Cəbrayılov ilə görüşür. Bu görüşü fotoşəkil təsdiq edir, həmin dövrdə Fransa müvəqqəti hökumətinin prezidenti olan Şarl de Qollun iştirak etdiyi banketdə Əhmədiyyəni görmək olar. 28 avqustda Əhmədiyyə Montobanda yaradılan 3-cü briqadaya daxil olaraq Vozj və Elzasdakı döyüşlərdə iştirak edir.

1945-ci il 1 martda o, 3-cü briqadanın 4-cü eskadronuna daxil olur. Bir sıra tapşırıqlarla yanaşı, Əhmədiyyə Cəbrayılov dəmir yol xətlərini partladaraq düşmənin minlərlə fransızı Almaniyadakı həbs düşərgələrində apararaq işlətmələrinə mane olmuşdur. O, körpüləri sıradan çıxarır, alman anbarlarını və faşist zabitlərinin yaşadıqları evləri yandırır. Onun başçılığı altında Lion şəhərinin mərkəzində düşmən tankları yandırılır. Müvəffəqiyyətlə aparılan təhlükəli əməliyyatların müqabilində Fransa Kommunist Partiyasının baş katibi Moris Torez ona tapança bağışlayır.

16 martda o, 3-cü briqadadan tərxis olunur. 1945-ci ilin mayında Birinci Fransız Ordusunun tərkibində yenidən Vozj və Elzasdakı döyüşlərə qatılır.

1946-cı ildə Əhmədiyyə qəti qərara gəlir ki, vətəninə qayıtsın. Fransa onun hərbi şücaətlərini layiqincə qiymətləndirir və o, Fəxri Legion ordeni, digər medal və ordenlərlə təltif olunur.

Müharibədən sonra

25 noyabr 1946-cı ildə Şarl de Qollun köməyi ilə Əhmədiyyə SSRİ-yə qayıdır. Burada o, vətən xaini kimi qəbul olunur və Moskvadakı yoxlamaların birində onun mükafatlarının bir hissəsi əlindən alınır.

1947-ci ildə Sürəyya xanımla ailə qurur, 1948-1962–ci illərdə bu nikahdan 7 uşaq dünyaya gəlir. 1964-cü ildə Kirovabad Kənd Təsərrüfatı İnstitutunda yarımçıq qalmış təhsilini davam etdirir.

1966-cı ildə Fransa prezidenti Şarl de Qoll SSRİ-yə səfəri zamanı Əhmədiyyə Cəbrayılovu görmək istədiyini bildirmiş və o, Moskvaya çağrılmışdır. 1968-ci ildə Sovet hökuməti tərəfindən "vətən xaini" adı onun üstündən götürülür və bəraət verilir. 1970-ci ildə Kənd Təsərrüfatı İnstitutunda təhsilini başa vurduqdan sonra Şəki rayonu Nərimanov adına kolxozda baş aqronom işləyir. 1971-ci ildə "Qırmızı Əmək Bayrağı" ordeni ilə təltif olunur.

1972, 1975, 1982-ci illərdə döyüşlərdə iştirak etdiyi yerləri gəzməyə icazə verilir. O, Montoban, Rodez, Tuluza, Albi şəhərlərinə gedir, həmçinin Paris, Bordo, Strazburq, Lion, Dijon və Marseldə olur, keçmiş döyüş yoldaşları ilə görüşür. 1975-ci ildəki səfəri zamanı o, Fransa Senatında senator Jak Düklo tərəfindən qəbul edilir və ona bu görüşdən xatirə medalı təqdim edilir.

1976-cı ildə müharibədəki iştirakına görə "Oktyabr İnqilabı Ordeni" ilə təltif olunur. 1977-ci ildə Tarn və Qaronda Fransa partizan hərəkatında birgə iştirak etdiyi Rene Şambar SSRİ-yə gəlir və Əhmədiyyə Cəbrayılovla görüşür.

1986-cı ildə Əhmədiyyə Cəbrayılov 5 fransız mükafatına layiq görülür — Müharibə Xaçı, Hərbi şücaət xaçı, Fransa Müqavimət hərəkatı medalı, İgidliyə görə medal, Yaralanmağa görə medal. 1990-cı ildə Şarl de Qollun anadan olmasının 100 illiyinə həsr olunmuş mərasimlərdə iştirak etmək üçün Parisə dəvət olunur. 1994-cü il 6 yanvarda Rene Rassel Əhmədiyyə Cəbrayılova Fəxri Legion ordenini təqdim edir.

Vəfatı

1994-cü il 10 oktyabrda Əhmədiyyə Cəbrayılov Şəkidə yol qəzası zamanı həlak olur. Yük maşını telefon budkasına çırpılır, həmin an Əhmədiyyə budkanın içində olur. O, Oxud kənd qəbristanlığında dəfn edilir.

Xatirəsi

Onun ölümündən xəbərsiz olan Fransa hökuməti 1995-ci ildə faşizm üzərində qələbənin 50 illiyi münasibətilə ona fəxri təqaüd və xatirə medalları göndərir.

1995-ci ilin oktyabrında, ölüm ildönümündə onun qəbri üzərində bürünc heykəli qoyulur.

1998-ci il 15 oktyabrda Fransa Müqavimət hərəkatının könüllü döyüşçüsü Əhmədiyyə Cəbrayılova ölümündən sonra Fransanın azadlığı uğrunda döyüşlərdə iştirakına görə Minnətdarlıq Diplomu verilir. Həmin il Əhmədiyyə Cəbrayılovun döyüş yoldaşı Rene Şambar Şəkidə onun ailəsinə baş çəkir.

Ədəbiyyat
"Азербайджанцы в Европейском двежении Сопротивление" ("Azərbaycanlılar Avropa müqavimət hərəkatında"), Vətən 2005, Ruqiyyə Əliyeva.
"Xarqo", 1998, Zaman Qarayev.
Kamal Mədətov, "ОТ ВАШЕГО СОБСТВЕННОГО КОРРЕСПОНДЕНТА ", ("Xüsusi müxbirinizdən"), Bakı, 1980.
İkinci dünya müharibəsi zamanı Fransada sovet müqavimətçilərinin şahid olduqları hadisələr. Armed Mişelə həsr olunmuş "РЮСС АРМЕД" ("RUS ARMED") adlı məqalə, səh.133-137.
"Fransa Milli Kahramanı Azerbaycanlı Türk Ahmediyye Cebrailov", Bakı, 2000, Yakup Öztürk.


Tarix: 11.01.2013 / 14:09 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 839 Bölmə: Müxtəlif
loading...