Bir neçə il əvvəl dünyanın bir çox ölkələrinin vətəndaşlarının qatıldığı geniş rəy sorğusunda belə qənaətə gəlinmişdi ki, ikinci minilliyin ən böyük şəxsiyyəti italiyalı Leonardo da Vinçi olub. Təsadüfi deyil. Əsasən rəssam və «Mona Liza» əsərinin müəllifi kimi tanınan da Vinçi zamanı qabaqlayan unikal bir zəka sahibi olaraq bu gün də milyonları heyrətə gətirir.
Nikahdankənar övlad
Leonardonun atası Pyero Vinçi yetərincə varlı adam idi. Onlar bir neçə nəsil notarius kimi çalışırdılar. Son dərəcə diribaş və bic olduqlarından xeyli torpaq sahələri də vardı. Pyero eyni zamanda boylu-buxunlu, qadınlara qarşı biganə olmayan bir kişi imiş. Ən azı dörd dəfə evli olmuşdu və on iki uşağı vardı. Leonardo 15 aprel 1452-ci ildə Katerina adlı bir kəndli qızından olub. Katerina Vinçi şəhərciyinin yanında yerləşən üzüm bağları və zeytunluqlarla əhatə olunmuş Ankiano kəndindən idi. Onun gözəl, ya çirkin, ağıllı və ya yüngülbeyin olması haqda bioqraflar heç nə yazmır. Bəlli olan odur ki, Leonardo qanundankənar övlad olub. Katerina sonradan bir kəndliyə ərə gedib. Deyilənə görə, cənab Pyero da Vinçi Donna Alberiya adlı bir qadınla evlənib, amma dörd il yaşasalar da, uşaqları olmadığından Leonardonu oğul kimi qəbul edib. O vaxt kəbindənkənar övladı olmaq böyük qəbahət sayılmırdı..
Pyero istərdi ki, oğlu da onun kimi notarius olsun. Amma XOŞBƏXTLİKDƏN o vaxtın qanunlarına görə, kəbindənkənar uşaqlar notarius və həkim ola bilməzdi.
Leonardo da Vinçi
Florensiya
Oğlunun xüsusi istedadını görən ata Florensiyaya köçür. Nəhayət, günlərin birində Pyero da Vinçi oğlunun rəsmlərini özünün köhnə dostu, Florensiyada ən məşhur heykəltəraş, rəssam və zərgər kimi tanınan Andrea Verokkoya göstərir. Verokko onlara baxanda heyrətə gəlir və deyir ki, bu uşaq özünü bütünlükdə rəssamlığa həsr etməlidir. 1466-cı ildə Leonardo şagird kimi Verokkonun emalatxanasında fəaliyyətə başlayır. Çox keçmədən gənc Leonardoya öz müəllimini ötmək müyəssər olur. Bu, o dövr idi ki, artıq elm və incəsənətdə İntibah yetişirdi. Nəhayət, Renessans gəlib Verokkonun emalatxanasına da çatdı. Burada əl-ələ verib çoxlu rəssam, heykəltəraş, dəmirçi işləyirdi. Elementar mexaniki işlər də görülürdü. Leonardo rəssamlıq və heykəltəraşlıqla yanaşı, qazıntı və yük qaldırmaq üçün olan alətlərin mexanizmini də öyrənirdi. Sonralar bunlar müxtəlif ideya və kəşflər üçün işinə yarayacaqdı.
Qəribəlikləri
İnsan kimi qəribəlikləri də çox idi. O, bazarı gəzir, qazancı çox olmasa da, quş satılan yerlərdə quşları qəfəsdən çıxarar, pulunu ödəyib azad edərdi. Gündə hər saatda on beş dəqiqə olmaqla yatarmış. Yazı tərzi də fərqli imiş. Solaxay olan Leonardo sağdan sola, çox vaxt tərsinə yazırmış və yazdıqlarını yalnız güzgüdə oxumaq mümkün imiş. Bəziləri bunu mürtədlikdə ittiham olunmaqdan qorunmaq, bəziləri ixtiralarının sirrini saxlamaq üçün etdiyini yazır. Sonralar bu manuskriptləri oxumağa müxtəlif alimlər on illər sərf ediblər.
İudanın «prototipini» harada axtarmalı
Tezliklə istedadlı bir rəssam kimi tanınan Leonardo 1482-1499-cu illərdə Milanda hərbi mühəndis, arxitektor, heykəltəraş və rəssam işləyir – hersoq Lüdovik Sfortsanın yanında. Sforsa İtaliyada tiran kimi tanınırdı. Onu heç kəs sevmirdi, amma qorxudan hesablaşırdılar. Burdakı iş Leonardonu təmin etmirdi. Maaşı çox az idi. Hətta deyirlər ki, saray liliputu da ondan çox qazanırmış. Da Vinçi Milanda Sfortsanın sifarişi ilə «Gizli şam yeməyi» əsəri üzərində işləməyə başlayır. Rəsmdə İsa peyğəmbərlə həvarilərin son söhbəti təsvir olunur. Peyğəmbər orada bildirir ki, həvarilərin biri satqındır. Və təbii ki, bu sözlər ayrı-ayrı sifətlərdə fərqli emosiyalar oyadır. Da Vinçi burada öz unikal bacarığını göstərib. Rəsmdə satqın İuda da yer alır. Deyirlər ki, İudanın sifətinin təsviri üçün Leonardo cinayətkarların toplaşdığı pritonları gəzib axtarırdı. Amma istədiyini tapa bilmirmiş. Nəhayət, o cinayətkar yuvalarında axtardığını… monastırda tapır. Özündən son dərəcədə razı və zəhlətökən priorun (monastır başçısı) başını çəkir. Bunu eşidən Sfortsa gülməkdən qəşş eləyir: «Sən tamamilə düzgün seçim etmisən». Da Vinçi Sfortsanın at üzərində 80 metrlik bürünc heykəlini hazırlamağa başlayır. Amma 1499-cu ildə Fransa kralı XII Lüdovikin qoşunları Milanı ələ keçirir və orada əsl vandalizm nümayiş etdirir. Françesko Sfortsanın tamamlanmamış heykəli də məhv edilir. Leonrado yenidən Florensiyaya qayıtmalı olur.
«At rəssamı»
Florensiya respublikasının dekreti ilə iki böyük rəssama – da Vinçi və Mikelanceloya (Rafael hələ çox gənc idi) Şura sarayında freska çəkmək sifariş verilir. Süjet kimi Piza döyüşü nəzərdə tutlurdu. Da Vinçidən otuz yaş kiçik olan Mikelancelo çox ciddi və təhlükəli rəqib idi. 1503-cü ildə onun əsəri artıq hazır idi. Da Vinçi isə 1504-də işə başladı. Nəhayət, 1505-ci ildə karton üzərinə çəkilmiş əsərlər Şura sarayında yanaşı qoyulmuşdu. Amma Florensiya hökuməti onlardan heç birinə üstünlük verməmək üçün freska çəkiləsi olmayıb. Bu şəkillərin hər ikisi itib.
Mikelancelo ilə da Vinçinin araları sərin olub. Hətta rəvayətə görə, bir dəfə rastlaşanda (Da Vinçi ondan otuz yaş böyük olub) Mikelancelo ona deyib: «At rəssamı! Bürüncdən bir heykəli belə tökə bilməyib biabır oldun».
Sfumato
Leonardo sənətdə sfumato (italyanca tüstü kimi yox olan) prinsipinin yaradıcısıdır. Bu üsulla çəkilən şəkillərdə rənglər sanki bir-birində həll olunur, dəqiq sərhəd yaranmır. Həyatda olduğu kimi hər şey yayılır, biri digərinə nüfuz edir. Eyni zamanda nəfəs alır, yaşayır, fantaziyaları hərəkətə təhrik edir. O, şəkil çəkərkən qəsdən işlədiyi otağı tüstü ilə doldurardı ki, tüstü burumlarında, topalarda obrazlar tapsın. Məhz sfumato prinsipi nəticəsində Cokondanın parlaq təbəssümü öz təcəssümünü tapdı. O, elə çəkilib ki, şəklə baxanda fokus nöqtəsindən asılı olaraq, Mona Liza bəzən nəvaziş və şəfqətlə gülür, bəzənsə qəzəblə dişlərini qıcırdadır. Əsərin ikinci möcüzəsi odur ki, Mona Liza sanki diridir. Əsrlər keçdikcə onun təbəssümü dəyişir – dodaqlarının qıraqları yuxarı qalxır.
Cokonda kim olub
Da Vinçinin bioqrafı Vazari yazır ki, bu əsər konkret sifarişlə çəkilib: «Leonardo fırçaya sarılıb Françesko del Cokonde üçün onun arvadı monna Lizanın portretini çəkməyə başladı. Amma üzərində dörd il işləyib rəsmi yarımçıq qoydu. Bu portret hazırda Fransa kralının kolleksiyasındadır. Yeri gəlmişkən, Leonardo bu üsula əl atdı: madonna Liza çox gözəl idi. Da Vinçi xeyli adam toplamışdı. Onlar lirada çalır, mahnı oxuyurdular. Burada həmişə təlxəklər olurdu. Onlar melanxoliyanı qovmaq və şən ovqat yaratmaq üçün çalışırdılar». Ziqmund Freyd yazır ki, bu versiya özünü doğrultmur. Əgər belə idisə, Françesko del Cokondonun arvadının rəsmi necə olub ki, Leonardoda qalıb və Fransaya aparılıb? Cokonda üçün 1-ci Fransisk maliyyə problemləri olsa da, ona 45 000 frank ödəmişdi.
Gülümsə bir az
Nədənsə da Vinçinin bütün rəsmlərində, freskalarında qadınlar sirli bir tərzdə gülümsəyirlər. Bu təbəssüm və yarımtəbəssümləri kişi rəsmlərində də görmək olar. «İsa peyğəmbərin xaç suyuna çəkilməsi» rəsmində Yəhya peyğəmbər xaçı – gələcək çarmıxın simvolunu göstərərək gülür. Madonna Lita qıvrımsaçlı, gələcəyin peyğəmbəri olacaq körpənin üzərinə əyilib gülümsəyir. Mona («madonna» sözünün qısaldılmış variantı) Liza gülür. Onun gülüşü haqqında cildlərlə kitablar yazılıb. Araşdırıcılar bir məsələdə həmrəydirlər: bunlar adi gülüş deyil. Böyük sirləri bilənlərin gülüşüdür.
Sultan II Bəyazidə məktub
Çox da uzaq olmayan keçmişdə İstambulda Topqapı sarayında bir vərəq tapılıb. Burada Leonardo da Vinçinin türk sultanı II Bəyazidə məktubu və onun tərcüməsi var. Məktubun 1502-1503-cü ildə yazıldığı güman edilir. Burada Leonardo sultana bir neçə ixtirasını təqdim edir. Bunların sırasında böyük bir körpü layihəsi də var. O vaxt florensiyalılarla türklər arasında gözəl münasibətlər vardı. Da Vinçi sultana yazır: «Eşitmişəm, İstambulla Qalatanı birləşdirən körpü tikdirmək istəyirsən, amma bacarıqlı usta tapmırsan». Da Vinçi altından yelkənli gəmilərin rahatlıqla keçəcəyi böyük bir körpünün layihəsini yaratmışdı. Leonardo körpünün ölçülərini qeyd kitabçasında belə verib: eni 40 dirsək, sudan hündürlüyü 70 dirsək, uzunluğu 600 dirsək – bunun 400-ü su üzərindən, iki yüzü quruda. Körpünün cızmaqarası da var. O vaxt bir Florensiya dirsəyi 0,586 metr olub. Beləliklə, körpünün ölçüləri belə olmalı idi: eni 23,75 metr, sudan hündürlüyü 40,852 metr, uzunluğu 350 metr. Bu layihə o vaxt həyata keçməyib.
Amma beş yüz il sonra - cəmi bir neçə il bundan əvvəl Norveçdə bu layihə ilə möhtəşəm bir körpü tikilib. Körpünün təşəbbüskarı olan Vebyürn Sand yazır ki, öz gözəllliyinə görə da Vinçinin layihəsi çox cazibədardır. Onun yanında 20-ci əsrin yetmişinci illərinin layihələri köhnə dəbli görünür.
İxtiraçı da Vinçi
Da Vinçinin maraq dairəsi universal idi. Buraya rəssamlıq, heykəltəraşlıq, arixitektura, pirotexnika, hərbi və mülki mühəndislik, riyazi və təbii elmlər, tibb və musiqi daxil idi.
Quşların necə uçmasını araşdıran Leonardo hətta uçmaq qərarına gəlmişdi. Bunun üçün qanadlar da düzəltmişdi. Uçuş Qu dağı adlanan yerdə baş tutmalı idi. Yəqin, Qərb Renessansının dahisi ondan hardasa beş yüz ilə əvvəl – düz 1000-ci ildə Nişapurda məscidin günbəzinə çıxıb düzəltdiyi cihazla quş kimi uçmağa cəhd edən və yıxılıb ölən dilşünas və ixtiraçı əl-Cövhəri haqqında eşidibmiş… Yeri gəlmişkən, 15-ci əsrdə anonim fransız rəssamının çəkdiyi bir rəsmdə İsa peyğəmbərin çağa vaxtı fırfıra ilə oynaması təsvir olunur. Oyuncağın oxuna propellerə bənzər nəsə bərkidilib. Görünür, o vaxt belə oyuncaqlar var imiş..
Da Vinçinin maraqlı ixtiralarından biri otuz altı lüləli topdur. Üç yarusda yerləşən lülələrdən biri atanda o biri soyumalı, üçüncü cərgə isə doldurulmalı idi. Bu, avtomatik silahların və raket qurğularının sələfi idi. Bundan başqa o, vertolyotun, sualtı qayığın, skafandrın, deltaplanın, hətta velosipedin çertyojunu çəkib.
Leonardo Fransada
Leonardo ömrünün qürub çağlarını Fransada keçirib. 1516-cı ildə böyük rəssam kral 1-ci Fransisk tərəfindən Fransaya dəvət olunur. Ona kralın baş rəssamı, arxitektoru və mexaniki vəzifəsi təklif olunur. Şahidlərin dediklərinə əsəasən, o, sarayda müşavir və məsləhətçi kimi fəaliyyət göstərir. İxtiralarını yenə davam etdirirmiş. Rəvayətə görə, sarayda olanda Leonardo yayla hərəkət edən mexaniki şir düzəldibmiş. Bir dəfə msiteriya zamanı şir krala doğru hərəkət edir – sanki üstünə cumacaq. Fransisk əsa ilə şiri vuranda onun sinəsi açılır və oradan kralın ayağının altına zanbaq tökülür.
Vazari yazır ki, da Vinçi xəstə olanda kral onu yoluxurmuş. Bir dəfə o bayılır və Fransisik onu qaldırıb başını dizinin üstünə qoyur. Elə həmin anda da böyük rəssam canını tapşırır. Bu, 2 may 1519-cu ildə Fransanın Turen şəhərindəki Klu qəsrində baş verib.
Aforizmləri
*Elm sərkərdə, təcrübə əsgərdir.
*Dəmir istifadə olunmayanda paslanır. Su duranda iylənir, soyuqda donur. İnsan ağlı da istifadə olunmayanda vərəmləyir.
*Orda ki rəssamın əlini ruh idarə etmir, orda sənət olmur. Orda ki fikir əllə birgə işləmir, orada rəssam yoxdur.
Tarix: 30.11.2014 / 19:28 Müəllif: Aziza Baxılıb: 351 Bölmə: Müxtəlif