Peyğəmbərin doğulması aprel 571 miladi ilinə təsadüf edir. Bəzi avropalılar isə bu tarixin avqust 570-ci il olduğunu söyləyirlər.
Məkkə əhalisi uşaqlarını süd analarına verib əmizdirirdilər. Məkkənin havası ağır və isti idi. Uşaqlara uyğun deyildi. Sa'd qəbiləsində Həlimə adlı bir qadın da Məhəmmədi, bu yetim körpəni alıb Bədiyəyə qayıtdı. Həlimə onu öz uşaqlarından çox sevirdi. Ailənin hamısı bu yetim uşaqdan razı idi. Həlimənin əri Haris bir dəfə ona belə demişdi: «Həlimə bu gətirdiyin yetimin ayağı çox uğurlu imiş, o evimizə ayaq basdığı gündən heyvanlarımızın südü, südün yağı artdı. Evimizə xeyir, bərəkət gəldi. Əlimiz düzəldi. Mən bu uşaqda bir qeyri-adilik görürəm»
Üç yaşında ikən Peyğəmbərin həyatında möcüzə baş verməsi haqqında da rəvayət vardır. Həmin rəvayətdə deyilir ki, Məhəmməd süd qardaşı ilə oynayarkən iki məlaikə qarşısında peyda olur. Həmin məlaikələrdən biri (Cəbrayıl) Məhəmmədin sinəsini yarıb qəlbini çıxarmış, onu Adəmdən qalan «ilkin günahdan» təmizləmiş və peyğəmbərlik nuru ilə doldurub. Daha sonra deyirlər ki, məlaikələr uşağın çiyinləri arasında peyğəmbərlik nişanı vurmuşlar. Eşitdiklərindən qorxuya düşən Həlimə və onun həyat yoldaşı uşağa bədbəxtlik üz verəcəyindən ehtiyat edərək, onu Məkkəyə gətirmiş və anasına təhvil vermişlər.
Məhəmməd Badiyədə beş ilə qədər qalmışdır. Peyğəmbər 10-12 yaşlarında olduğu zaman bir il müddətində qoyun otarmağa getmiş, əmisi Əbu Talibin və Məkkə xalqının qoyunlarını otarmışdı. Həzrəti Peyğəmbər çobanlıq etməyi eyib hesab etməmişdir. Bir hədisi-şərifdə belə deyilmişdir: «Allah elə bir peyğəmbər yollayıb ki, o çobanlıq etməsin. Musa Peyğəmbər çobanlıq etmişdir, Davud Peyğəmbər də həmçinin.»
İslamiyyətin və Peyğəmbərimizin ən böyük düşmənlərindən biri Cəhl olmuşdur. Peyğəmbərimiz Hərəmdə namaz qıldığı zaman Əbu Cəhl kəsilmiş bir dəvənin balalığını, səcdə edən Rəsulu Əkrəmin kürəyinə qoymuşdur.
Uşaqlığından bütün həyatı məkkəlilərin gözü önündə tərtəmiz keçən, insanların ən böyük qurtarıcısı, gələcəyin ən böyük xilaskarı Həzrəti Məhəmməd qırx yaşına təzəcə qədəm qoymuşdur.
Miladi tarixi ilə 610-cu ilin bir Ramazan gecəsi idi. Bu vaxt ürpərdici bir səs bütün varlığını sarsıdan bir sədayı-qayibanə eşidildi: «Ey əbaya bürünmüş! Əbanı at! Ayağa dur, şəhər civarındakı Nur dağının Hira mağarasına gəl! Deyilənləri etsən, anadangəlmə mübtəla olduğun bu hal bir daha təkrar olunmayacaqdır!»
Məhəmməd Peyğəmbər büründüyü əbasını atıb, cəld bir hərəkətlə ayağa durur. Həmişə saatlarla davam edən tutması bir anın içərisində keçib getmişdi. Anadangəlmə ürəkkeçməsi ömrünün sonuna qədər bir daha təkrar olunmur. Nur dağının Hira mağarasında Allahın Cəbrayıl adını daşıyan Ulu Mələk ona göründü: «Ya Məhəmməd! Sən Allahın Peyğəmbəri, Rəsulusan! Allahın vahidliyini, Allahdan başqa heç kimə və heç nəyə ibadət edilməyəcəyini insanlara bildirməlisən; Getdikləri yolun düz yol olmadığını onlara sən başa salmalısan!» - dedi və Quranın: «Oxu! Yaradan Rəbbinin adı ilə Oxu!» - deyə ilk ayələrini oxumağa başlayaraq əlavə etdi: «Sənə Allah təbarəkü və tala tərəfindən vəhy olunan bu ayələri və gələcəkdə vəhy olunacaq ayələri oxu və yazdır! Axı mən oxumaq və yazmaq bilmirəm! Bilirik! Bizə hər şey məlumdur! Ona görə də «yaz!» demirik, «yazdır!» deyirik. Axı yadımda qalmaz! Hər şey bizim əlimizdədir! Elə edərik heç vaxt yadından çıxmaz!»
Cənabi-Cəbrayılın verdiyi bu təminatdan sonra Peyğəmbərimizə İlahi bir yaddaş, mükəmməl bir hafizə bəxş olundu. Həmin gündən başlayaraq, həyatının son anına qədər Peyğəmbərimiz Quranın bütün ayə və surələrini əzbər bilirdi.
Cənabi Cəbrayıl ilə bu ilk görüşdən sonra Peyğəmbərimizin halı büsbütün dəyişdi. Allah təbarəkü və tala onun gözünü və könlünü aldı: qəlbi nurla, elmlə, biliklə doldu; gözləri gizli bir aləmin işıqları ilə aydınlandı. O, artıq əvvəllər bilmədiyi hər şeyi bilir və bildirir, görür və göstərirdi.
Bir dəfə Əbu Talib Məhəmmədin yanında oturan, onunla birlikdə duayla məşğul olan Əlini gördü. Duanı oxuyub qurtardıqdan sonra Əli atasına dedi: «Mən inanıram ki, yer üzündə bir Allah, bir də onun peyğəmbəri Hz. Məhəmməd var. Mənsə onun yolunun davamçısıyam».
Bundan azacıq keçmiş, sonralar Hz. Məhəmmədin ən yaxın dostlarından olan Əbu Bəkr də İslama iman gətirdi.
Əbu Bəkr Yəmənə səyahət etdiyi vaxt Əzd qəbiləsindən olan bir abid ona nağıl etmişdi ki, Məkkədə bir Peyğəmbər peyda olub. Onu həmişə bir qoca və bir cavan adam müşayət edir. Məkkəyə dönəndə Əbu Bəkr Məhəmmədlə görüşdü. Məhəmməd Əbu Bəkrə dedi ki, onu Allah özü göndərmişdi ki, İslamı qəbul etsin. «Sözlərini necə sübut edə bilərsən?» Əbu Bəkr Məhəmməddən soruşdu: «Sən mənim barəmdə xəbər verən abidi gördünmü?» - deyə Məhəmməd suala sualla cavab verdi. Əbu Bəkr çox heyrətləndi və İslamı qəbul etdi.
Həzrəti Peyğəmbər əmisi Əbu Talibin ölümündən sonra Qureyşin ləyaqətsiz hücumlarına uğramağa başladı. O, Qureyşin bu hərəkətlərindən bezar olmuşdu. Ona görə də Taifın əhalisini irşad etməyi fikirləşdi. Peyğəmbər ona ilk inananlardan olan köləsi Zeyd ibni Harisi də yanına alaraq Taifə yola düşdü. Onlarla görüşərək İslamiyyəti onlara izah etdi. Taiflilər İslamiyyətin mənasını başa düşmədilr. Onlara qonaq gəlmiş bir insana, insanlıq qayda-qanunlarını ayaqlayaraq həqarət etdilər. Mərhum Əhməd Naim Buxari tərcüməsində bir hadisəni belə nəql edir: «Mübarək ayaqlarını qaldırıb yerə basdıqca, sağdan, soldan daşlar dəyib qana buladı. Dəyən daşların ağrısı yeriməyinə mane olub onu oturmağa məcbur etdikcə onu zorla qaldıraraq yaralı ayaqlarına yenidən daş atırdılar və ürəklər parçalanan bu vəziyyətə gülüb əylənirdilər. Bu əsnada, Həzrəti Peyğəmbərə yoldaşlıq edən Zeyd ibni Haris özünü ona sipər etmişdi. Nəhayət, Rəsulu Əkrəm çox uzaq qohumu sayılmayan Ütbə ibni Rəbiə ilə təqibdən yaxasını qurtarmışdı.»
Bir dəfə Həzrəti Peyğəmbər Hərəmdə Allahına ibadət etdiyi zaman Ukbə adındakı müşrik əbasını Peyğəmbərin boynuna dolayaraq, onu boğmaq istəmişdi. Orada olan Həzrəti Əbu Bəkr yetişərək: «Canım! Rəbbim Allahımdır, - dediyi üçün bir adamı öldürməkmi lazımdır?» - deyə Ukbə ilə dalaşmış, onu danlamışdı.
Bütün bunlara baxmayaraq, Peyğəmbər Allahın risalətinin təblığini davam edirdi: «Ya Rəbb, qövrüm cahildir, bilmirlər, günahlarından keç, hidayət ver!» - deyərək böyüklüyünü göstərirdi.
Müsəlmanlar Həbəşistana köçdükdən sonra qureyşlilərin 40 nəfər ağsaqqalı, yəni Məkkə şurasının bütün idarə üzvləri Kəbəyə toplaşaraq aşağıdakı qərarı qəbul edib imzaladılar:
1. Haşimilər Qureyşin qəbiləsindən kənar edilsinlər.
2. Onlara hər hansı nikah qadağan edilsin.
3. Onlara ərzaq və başqa mallar satılmasın.
4. Məkkədə ibadət edilmək üçün təyin olunmuş bir gündən başqa, onlara öz yaşadıqları ərazidən kənara çıxmaq qadağan olunsun.
Bu qərar üç il qüvvədə qaldı. Çox keçmədi ki, bu ciddi qərarın əsasında qureyşlilərin öz aralarında narazılıq başlandı. Lakin bu qərarı ləğv etmək mümkün deyildi, çünki o bütün heyət üzvlərinin ümumi toplanışında imzalanmışdı. Deyilənlərə görə, həmin sənəd məhv olur və bu haqda ilk dəfə Məhəmməd Peyğəmbər xəbər tutur. Ona vəhy gəlir ki, Kə'bədəki sənəd yoxa çıxmışdır. Bunu eşidən bilənlər ziyarətgaha gəlirlər. Görürlər ki, sənədin yalnız «Bismillahir-rəhmanir-rəhim» sözləri yazılmış hissəsi qalmışdır, yerdə qalan hissə isə ağ qarışqalar tərəfindən yeyilmişdir. Odur ki, qərarı ləğv etdilər və bununla da haşimilər öz əvvəlki hüquqlarını bərpa etdilər. Bu hadisə miladi 623-cü ildə olmuşdur. Həmin ilin Rəcəb ayının 26-da Əbu Talib vəfat edir. 35 gündən sonra isə Peyğəmbərin arvadı Hz.Xədicə də vəfat etdi.
Deyilənlərə görə, təqiblərə məruz qalan Peyğəmbər Mədinəyə getmək qərarına gəlir. O evindən çıxandan sonra bir baş Əbu Bəkrin yanına gəlir, onunla birlikdə Məkkədən çıxır. Şəhərin cənubunda yerləşən Saur dağındakı mağarada gizlənir. Onlar mağaraya girhagirdə arxalarınca təqib edən atlıların gəldiyini görürlər. Əbu Bəkr qoçaq adam imiş. Buna baxmayaraq, o, qorxuya düşür: «Ya Peyğəmbər, indi nə edək, onlar çoxdur, biz isə iki nəfərik» Peyğəməbər onu sakitləşdirərək deyir: «Səhv etmə, biz iki yox, üçük. Allah bizimlədir.»
Qəsdin baş tutmadığından hiddətlənən Məkkəlilər Həzrəti Peyğəmbəri ölü və ya diri gətirənə yüz dəvə vəd etmişdilər. Pəhlivana bənzəyən Süraka ibni Cüşam adındakı igid, bu mükafata tamah salaraq Peyğəmbəri təqib etməyə başlayır. Həzrəti Peyğəmbər mağaranı tərk edir, xeyli yol getdikdən sonra istirahət etmək üçün dayandıqları zaman arxadan onlara yetişdi. Onlara çatmaq üçün atını sürətlə mahmızladı. Atın ayağı büdrədi. Sürak yerə yuvarlandı. Oxu götürüb ərəb adəti üzrə falına baxdı. Fal pis göstərirdi. Ancaq elə həmin anda yüz dəvəni gözləri önünə gətirərək var-qüvvəsi ilə atını mahmızlayaraq irəIi atılmaq istədi, lakin atın ayaqları quma girdi. At özünü saxlaya bilmədi, çabalamağa başladı, çabaladıqca ayaqları quma batırdı. Süraka görünməz bir qüvvənin onu çəkdiyini hiss etdi və bu vəziyyət qarşısında ağlı başına gəldi. Peşman olmuş halda Süraka Peyğəmbərə doğru gedərək ondan üzr istədi.
Süraka tezliklə dönərək arxadan gələn təqibçiləri geri döndərmiş, «buraları mən axtardım, yoxdular» demişdi.
Həzrəti Peyğəmbərin Məkkədən hərəkətindən üç gün sonra Həzrəti Əli də yola çıxmışdı. Bu igid və qəhrəman insan, tək başına səhraları keçərək Peyğəmbərə yetişdi.
Ölümü göz önünə alaraq Peyğəmbərin yatağına bir gül bağçasına girən kimi girən bu mərd və fədakar gəncin yeriməkdən ayaqları qabarmışdı. Peyğəmbərimiz onu gördüyü zaman ağlamağını saxlaya bilmədi. Gözlərindən axan yaşlar içində Həzrəti Əlini qucaqlayıb opdü. Bu görüş çox həyəcanlı olmuşdu. Necə və hansı şəraitdə ayrılmışdılar. Harada görüşdülər! Allahın lütfü nə böyükdür !
Deyilənlərə görə, Məkkəlilərin bir yürüşü zamanı Peyğəmbərin həyatına bir qəsd edilməsi qorxusu var imiş. Peyğəmbər ağacın altında yatdığı bir vaxt silahlı Məkkəlilərdən biri əlində qılınc onun başının üstünü kəsir və «Ey Məhəmməd,» - deyə ona müraciət edir, - de görüm indi səni kim xilas edəcək? Peyğəmbər özünü itirmədən «Allah» - deyə cavab verir. Onun belə cavabından heyrətə gəlmiş döyüşçünün əlindən qılınc düşür. Peyğəmbər onun qılıncını tez yerdən götürür və eyni sualla döyüşçüyə müraciət edir. Qorxusundan dili-dodağı təpiyən döyüşçü güc-bəla ilə «Heç kim»- deyəndə Peyğəmbər onun qılıncını özünə qaytarır. Deyilənlərə görə, belə bir mərhəmətdən sonra döyüşçü üzr istəyir və İslamı dinini qəbul edir.
Bir dəfə Peyğəmbər yuxudan oyananda görür ki, balaca sısqa bir pişik balası onun əbasının ətəyi üstündə büzüşüb yatmışdır. Pişik balasını narahat edib oyatmamaq üçün Peyğəmbər öz əbasının ətəyini kəsir.
Məkkədə bir qarı yaşayırdı. Onun Peyğəmbəri görməyə gözü yox idi. Hər gün Məhəmməd bu qarının evinin yanından keçməli olurdu. Qarı gün ərzində topladığı zibili yuxarıdan onun başına tökürdü. Məhəmməd bir dəfə də olsun başını qaldırıb ona güldən ağır söz deməmişdi. Bir gün qarı yatağa düşdü. Xəstəliyi elə şiddətli idi ki, yerindən dura bilmirdi. Həmin gün Məhəmməd evin qabağından keçəndə başına zibil tökən olmadı və bu Peyğəmbəri çox təəccübləndirdi. «Ola bilsin ki, qarı xəstələnib» - Hz.Məhəmməd düşündü və qadının əhvalını öyrənmək üçün yuxarı qalxdı. Onu görəndə qarı bərk qorxdu. Elə bildi ki, Hz.Məhəmməd onu döyüb söyəcək. Biləndə ki, Hz.Məhəmməd onu yoxlamağa gəlib kövrəlib ağladı: «Sən nə yaxşı adamsan!» Hz.Məhəmmədin xeyirxahlığından riqqətə gəlmiş qarı elə oradaca ona iman gətirdi.
Şanlı Xəlifə Həzrəti Ömər deyirdi ki: «Cəhalət dövründə etdiyimiz iki iş var ki, bu işləri xatırladığım zaman birisinə ağlayıram, digərinə gülürəm. Məni ağladan acı xatirə qız övladlarımızı diri-diri torpağa basdırmağımızdır. Heç bir şeydən xəbəri olmayan o məsum körpələrə qarşı hansı ürəklə bu cinayətləri işləyirdik bilmirəm. Onları xatırladıqca ürəyim sızlar, ciyərim parçalanır, ağlayıram. Məni güldürən gülünc şey isə budur: Cəhalət dövründə evlərimizdə bütlərimiz olurdu. Bir səfərə çıxacağımız zaman yanımızda götürmək üçün undan, halvadan o bütlərin bir surətini düzəldərdik. Yolda olduğumuz zaman ona ibadət edirdik. Sonra acanda, halvadan düzəltdiyimiz bütləri yeyirdik. Bir az əvvəl səcdə etdiyimiz bütü mədəmizə ötürürdük. Bundan daha gülünc nə ola bilər? Bunu xatırladıqca nə qədər ağılsız işlər etdiyimizə gülməyim gəlir.»
Rəvayətə görə, 26 yaşlı Ömər fiziki cəhətdən güclü və qoçaq bir gənc imiş. O, dayısının intiqamını alsın deyə Peyğəmbəri öldürmək qərarına gəlir. Ömərin niyyətindən xəbər tutan Qureyşlilərdən biri yolda onun qabağını kəsir və deyir: «Məhəmmədi öldürsən, onun qohumlarının qəzəbinə gələrsən. Yaxşısı budur ki, Hz.Məhəmmədin yanına getməzdən əvvəl öz qohumlarına - bacın Əminəyə və əri Seyidə baş çək. Əgər baş çəksən, görərsən ki, onlar da müsəlmanlığı qəbul edib, kafirlərə qoşulmuşlar.»
Ömər eşitdiklərinə inanmasa da, bir bacısının evinə yollanır, görür ki, ər-arvad oturub Quran oxuyurlar. Ömər ibn Xəttab özündən çıxır. O, irəli cumaraq Seyidi öldürmək istəyir. Bunu görən Əminə: «Çəkil burdan, Allahın düşməni» - qardaşının qarşısında sinə gərir, -»Ağlını başına yığ və bir də bunu bil ki, heç bir hədə-qorxu bizi tutduğumuz yoldan döndərə bilməz.»
Bacısının sözləri Ömərə çox böyük təsir edir. O, xeyli fikrə getdikdən sonra Məhəmmədin yanına gəlir və İslamı qəbul etdiyini bildirir. Ertəsi gün Həmzə və Ömər Peyğəmbərimizlə birlikdə Kə'bəyə ibadətə gedirlər.
Quranın toplanması rəvayətlərindən bəlli olur ki, Peyğəmbərin(s) vəfatından sonra bir dəfə Əbu Bəkr zamanı Quranın pərakəndə hissələri halında cəmləşmişdi; sonrakı dəfə müxtəlif oxunuşla çoxlu Quran nüsxələri yarandı, belə olduqda Hz.Osman onları bir oxunuşla tərtib etdi və qalanlarını məhv etdi.
Tarix: 30.11.2014 / 19:23 Müəllif: Aziza Baxılıb: 215 Bölmə: Müxtəlif