«Sezar və Napoleon kimi Stalinin də şəxsiyyəti və sirri dünyanı həmişə məşğul edəcək»
(Uinston Çörçill)
Ziqmund Freyd yazırdı ki, vaxtilə anasının əsil sevimlisi, əziz-xələf olmuş şəxslər bütün həyatları boyu özlərini bir növ fateh kimi hiss edirlər və bu duyğu əlavə stimul rolu oynayaraq, onların uğur qazanmasına kömək edir. Bu sözləri Stalinin şəxsiyyətinə də aid etmək olar. Hitlerə isə şəksiz-şübhəsiz aid edilə bilər. Fərq orasındadır ki, Stalin anasının onun naminə qatlaşdığı məhrumiyyətləri, getdiyi qurbanları lazımınca qiymətləndirmirdi və 1936-cı ildə anasının dəfninə gəlməməklə gürcülərin milli heysiyyatını təhqir etmişdi. Hitler isə 1907-ci ildə anasının xəstələndiyindən xəbər tutan kimi dərhal Lintsə qayıtmış və ömrünün neçə ayını anasına qulluq etməyə həsr etmişdi. Anasının səhhəti gündən-günə pisləşdiyindən Stalin 1935-ci ildə çoxillik ayrılıqdan sonra özü onu yoluxmaq qərarına gəlir. 1935-ci il oktyabrın 18-də Tbilisidə çıxan «Zarya Vostoka» qəzetində iri hərflərlə belə bir xəbər dərc edilmişdi: «Yoldaş Stalin Tiflisdə. Oktyabrın on yeddisində səhər yoldaş İ.Stalin Tiflisdə anasını görməyə gəlmişdir. Yoldaş Stalin bütün gününü anasının yanında olduqdan sonra oktyabrın on yeddisində gecə Moskvaya yola düşmüşdür.»
Anası soruşmuşdu: «İosif, indi sən nəçisən?» - «Mərkəzi Komitənin katibiyəm.» - deyə Stalin cavab vermişdir. Lakin hamının «Keke» çağırdığı qarı «Mərkəzi Komitənin» nə olduğunu bilmirdi. Buna görə Stalin izah etmişdi:
- Ana, bizim çar yadımızdadır ? (Stalin anasına «siz» deyə müraciət edirdi)
- Bəs necə. Əlbəttə, yadımdadır.
- Bax, mən həmin çarın yerində işləyirəm.
Anası köks ötürərək, kədərlə, astadan:
- Oğlum, kaş keşiş olaydın, - demişdi. (Roy Medvedev)
Иосиф Виссарионович Джугашвили იოსებ ბესარიონის ძე ჯუღაშვილიMüharibə zamanı Xruşovun birinci arvadından olan oğlu sərxoş vəziyyətdə öz yavərinin başına araq dolu stəkan qoyub, tapança atəşiylə «igidcəsinə» stəkanı partlatmaqla əylənirdi. Lakin bu «əyləncə» uzun sürmədi, növbəti güllələrdən biri yavərin alından dəydi. Xruşov Stalinin yanına yollanaraq məsələni ona danışmış və kömək istəmişdir.
Stalin uzun müddət susaraq, bəlkə də talesiz oğlu baş leytenant Yakovu, cəbhədə döyüşən digər oğlu Vasilini düşünə-düşünə demişdir: «Mən bu məsələni bilirəm. Öldürülən atasız böyümüşdü, anasının bircə balası idi. Yaxşı, gəl bir yerdə o ananın yanına üzrxahlığa gedək, o, bağışlasa mən də bağışlaram !» Xruşov bundan imtina etmişdir. Bununla belə, oğlu cərimə batalyonuna göndərilməklə canını qurtarmışdır. Lakin elə ilk döyüşdə könüllü əsir düşmüş və can-başla almanlara xidmət etməyə başlamışdır. O, hər gün yerli radio ilə çıxış edir, sovet əsgərlərini təslim olmağa çağırırdı. Stalin belorus partizanlarına satqını «oğurlamaq» əmrini verir. Əmr dərhal yerinə yetirilir və Stalinə məlumat verilir. Stalin deyir: «Bildikləri kimi hərəkət etsinlər.» Elə həmin gün yerli partizanlıların qərarı ilə satqın güllələnir. Sonralar, Stalinin ölümündən sonra Xruşovun öz «ağasından» müxtəlif, bəzən isə eybəcər şəkillərdə intiqam almasının səbəblərindən biri də budur.
Məlum olduğuna görə ilk beşillik dövründə Stalinə «Sosialist Əməyi Qəhrəmanı» adı verilmişdi və öz «Qızıl ulduzu» ilə fəxr edir, həmişə kitelində gəzdirirdi. Müharibədən sonra Siyasi Büro Baş komandanı sevindirmək üçün onu Sovet İttifaqı Qəhrəmanı adı ilə təltif etmək qərarına gəldi. Stalin bunu eşidəndə bərk hirsləndi: «Saray yaltaqları! Bu cür yüksək mükafat döyüş meydanında qəhrəmanlıq göstərən əsgərlərə verilir. Mənsə əlimdə tüfəng hücuma getməmişəm.» O, axıra qədər bu mükafatı qəbul etmək istəmədi. Orden Stalin bağının komendantı Orlovda saxlanılırdı. Yalnız Stalin öləndən sonra Malenkov ulduzu cənazənin kitelinə sancdı.(A.T.Rıbin)
Ruhani məktəbini qurtarmaq haqqında şəhadətnamədə Soso Çuqaşvillinin yalnız iki «dördü» var - riyaziyyatdan və yunan dilindən. Qalan fənlərdən bütün qiymətlər «beş»dir. Stalin rus dilini ruhani seminariyasında təhsil alarkən mükəmməl öyrənə bilmişdi. Sonralar o, alman dilini öyrənmək istəmiş, lakin güclü gürcü ləhcəsi buna mane olmuşdur. (Roy Medvedev). Ruhani təhsili sonralar onun təfəkküründəki məlum ehkamçılıqda, hər şeyi yalnız iki rəngdə - ağ və qara rəngdə görmək vərdişlərində üzə çıxarmışdı.
Stalin bolşevik inqilabını həyata keçirənlərin hamısını ömürlərinin ən çiçəklənən vaxtında bir-birinin ardınca aradan götürdü. Yüzlərlə, minlərlə bolşevik onun göstərişi ilə məhv edildi. Ancaq onları əməllərinə görə deyil, şübhələndiyinə görə güllələtdi. Qəribə bir cəhət də odur ki, milyonlarla adam, yəni kütlə doğurdan da, onu sevirdi. Hətta deyildiyinə görə, onu gözləri ilə görənlərin içərisində xoşbəxtlikdən ürəyi partlayanlar da olmuşdur.
Stalin yeniyetmə yaşlarında şeir yazırdı. Bu dinməz, utancaq adamayovuşmaz seminariya tələbəsinin şeirlərinə gürcü ədəbiyyatının klassiki İlya Çavçavadze müəyyən maraq göstərir və redaktoru olduğu «İveriya» qəzetinin birinci səhifəsində dərc edirdi. Stalin öz şeirlərini «İ.Cuqaşvili» və «Soso» təxəllüsü ilə yalnız 1896-cı ildə çap etdirmiş və sonra inqilabi fəaliyyətlə əlaqədar poeziyadan uzaqlaşmışdı. Onun «Səhər» şeiri 1916-cı ildə gürcü məktəbləri üçün hazırlanmış dərsliyə daxil edilmişdir, («Sobesednik»)
Stalin kimi Hitler də Lambaxdakı kilsə xorunda oxumuş və kilsə mərasimlərinin təntənə və dəbdəbəsi onda dərin izlər qoymuşdu. Adolf uşaq yaşlarında nizam-intizam və müntəzəm məşğələlərə nifrət edirdi, yeganə müsbət aldığı dərs şəkil çəkmək idi. O, 16 yaşında məktəbi atdıqdan sonra iki dəfə Vyana sənətşünaslıq akademiyasına daxil olmağa cəhd göstərsə də iflasa uğramışdır.(Alan Bullok)
Həmin illərdə onu səfil görkəmində kürəyində asma çanta, əynində cırıq pencək, ayaqlarında sarı köhnə çəkmələr Vyana küçələrində sərgərdan dolaşan görmək olardı. Akvarel rəsmlər çəkir, lakin heç kəsə sırıya bilmirdi. Kobadan fərqli olaraq Adolfun qarşısında aydın bir məqsəd yox idi. Onlar bir şeydə oxşar idilər. Stalin özünü əfsanəvi Koba, sonralar isə Leninlə eyniləşdirdiyi kimi, Hitler də özünü Vaqnerlə eyniləşdirir, onun musiqisindən ilham və güc alırdı. (Dan Vipperman)
Artıq o vaxt Kobanı tanıyanlar onun qeyri-adi soyuqqanlığını, ehtiyatkarlığını, dəyanətini, ağlasığmaz «dəmir» iradəsini xüsusi qeyd edirdilər. O, səs-küyün içində rahatca yatır, cəza hökmlərini gözünü qırpmadan dinləyir. Növbəti dəfə sürgündən qaçdıqdan sonra yaxalanıb, güclü polis dəstəsinin müşayiətlə həbs yerinə aparılanda, cibindən çıxardığı hansısa kitabı oxuya-oxuya laqeyd bir görkəmlə addımlayır, «etap» zamanı o zalım qaydalardan belə şikayət etmirdi. Bu çəlimsiz siyasi məhbusdan ən qorxunc cinayətkarlar belə ehtiyat edir, onun «pələng» qəzəbindən qorxurdular. (D.Volkoqonov)
Koba 7 dəfə yaxalanaraq, həbs yaxud sürgün edilmiş və 5 dəfə sürgündən qaçmışdır. 1908-ci ilin mayından 1917-ci ilin mayınadək olan müddətdə cəmi yarım il azadlıqda olmuşdur. Leqal bolşevik vərəqələrində və redaktoru olduğu «Bakinski Raboçi» qəzetində dərc etdiyi məqalələrin nüsxəsini müntəzəm olaraq Leninə göndərirdi. Lenini bu yazılarda dərin fikirlər deyil, ifadə dəqiqliyi və bolşevik ideyasına sonsuz sədaqət heyran edirdi. Hətta, Stalin Bakı sovetinin digər üzvləri ilə birgə həbs edildikdən sonra da, onun həbs yerindən göndərdiyi xülasələr və fəhlələrə tövsiyələri bolşevik mətbuatlarında dərc olunurdu.
Gənc Stalin portreti: Bakı quberniyası jandarm idarəsinin 1903-cü ilə aid blankında arıq və üzü tüklü bir gəncin iki pozada foto-şəkli yapışdırılıb. Şəkillərin altındakı mətndə deyilir ki, İosif Çuqaşvili arıqdır, saçları qara və sıxdır, saqqalı yoxdur, bığları nazikdir, sifəti çopurdur, sarıya çaları var, səsi astadır, sol qulağında xal var, sol əli «qurudur», sol ayağında ikinci və üçüncü barmaqları bitişikdir.
Menşeviklərin lideri Martov sübut edirdi ki, 1907-ci ildə Tiflisdə böyük miqdarda pul daşıyan ekipajı müşayiət edən kazak dəstəsinə öz azğınlığı ilə məşhur olan basqını məhz Stalin təşkil etmişdi. Bu hadisədən sonra polis təqibindən yaxa qurtarmaq üçün Koba öz fəaliyyətinin ağırlıq mərkəzini Tiflisdən Bakıya keçirmişdir. Qəsb edilmiş məbləği Koba son qəpiyinə qədər partiya kassasına ötürürdü. Məhz bu cür pulların hesabına Lenin və digər bolşevik liderləri mühacirətdə korluq çəkmədən yaşaya bilirdilər. Kobanın özü isə yarı dilənçi həyatı sürürdü. Sonralar E.Lüdviq Stalinlə söhbət edərkən soruşdu:
-Sizin tərcümeyi halınızda, necə deyərlər, «quldur basqınları» məqamı var. Siz Stepan Razinin şəxsiyyəti ilə maraqlandınızmı? Sizin «ideya naminə quldurluğa» münasibətiniz?
-Biz bolşeviklər Bolotnikov, Razin, Puqaçov kimi şəxsiyyətlərlə həmişə maraqlanmışıq...
Daha sonra kəndli hərəkatı rəhbərləri haqqında mülahizə yürüdən Stalin öz «quldur çıxışları» haqda heç nə deməmişdir.
İosif Vissarionoviç StalinStalin Turuxanskda ilk vaxtlar digər görkəmli bolşevik Y.Sverdlovla bir komada qalırdı. Sverdlov sürgündən arvadına göndərdiyi məktubda Stalini «dözülməz adam», Leninə yazdığı məktubda isə «məişət həyatında böyük fərdiyyətçi» kimi təqdim edirdi. Stalin günlərlə onu dindirmir, şaxtalı qasırğanın silkələdiyi miskin komada ensiz taxtada arxasını Sverdlova çevirərək uzanır, saatlarla nə barədəsə kəskin düşünür, «yoldaş Yakovun» hazırladığı xörəyi yeyəndən sonra bulaşıq qabları yumamaq üçün itə yalatdırırdı və əlbəttə ki, Sverdlov belə «it rəftarına» dözməyib başqa daxmaya köçməyi məsləhət bildi. Uzun illərdən sonra Stalin öz yaxın əshabələrinə bu əhvalatı gülə-gülə danışırdı. «Sverdlovun həkimlikdən az-çox başı çıxdığı üçün camaat onu öz aralarında «Doktor» çağırır və başçı hesab edirdi. Məni isə öz aralarında «Çopur» adlandırırdılar. O, özünə başqa daxma axtarmağa başlayanda yerli sakinlər təəccüblə deyirdilər: «Qəribədir, biz elə bilirdik ki, «Doktor» başçıdı, demə «Çopur» ondan güclü imiş.»(Sənədlərdən)
Stalin uşaqlıq illərində kilsə xorunda oxuyub. O, öz məlahətli səsi ilə hamının diqqətini cəlb edirdi. Soso anasının min zillətlə topladığı vəsait hesabına Qori müəllimlər seminariyasına, sonra Tiflis ruhani seminariyasına qəbul olunaraq, orada da öz qeyri-adi xarakteri, yaddaşı, fitri istedadı ilə diqqət mərkəzində olmuşdur. (Alan Bullok)
Stalin öz ölüm qorxan zarafatları ilə yaxın əshabələrini şok vəziyyətinə salmağı çox sevirdi. Ona xüsusi ləzzət verən «zarafatlardan» biri Mikoyanla bağlı idi. Gecə ziyafətlərinin ən şirin yerində Stalin qəfildən Mikoyana üzünü tutub deyirdi: «Anastas, yaxşı yadıma düşdü. Deyilənə görə, Bakı komissarlarının sayı 26 deyil 27 olub. Sən bir öyrən bu nə məsələdir?!» Bayaqdan ləzginka rəqsi ilə diktatoru əyləndirən Mikoyanın sifəti ölü rəngi alır, çənəsi sallanırdı. Bu «zarafat' müxtəlif variantlarda təkrar olunurdu: «Anastas, mən axı sənə demişdim: O, satqın 27-ci komissarı axtar tap! Tapdınmı?» Mikoyan hər dəfə yarımcan vəziyyətdə nəsə mızıldayır: «Çalışıram, axtararam» - deyirdi...
Stalin özünə «Koba» təxəllüsünü seçmişdi. Bu, gürcü yazıçısı A.Kazbeqinin «Ata qatili» əsərinin qəhrəmanı, rus kazakları ilə ölüm-dirim vuruşuna girmiş «Robun Qud»un adı idi. Koba-Soso üçün tanrı, onun həyatının mənası idi. O, yeni bir koba olmaq istədi və özünü yəqin etdi ki, kobanın ruhu onda öz təcəssümünü tapıb.(İremaşvili)
Жизнь Сталина,5 seriya
Çerçillin Londonda, Lordlar palatasında Stalinin anadan olmasının 80 illiyi (09.12.59) münasibətilə çıxışı: «Rusiya üçün böyük xoşbəxtlikdir ki, ağır sınaq illərində ona yenilməz sərkərdə, dahi Stalin başçılıq etmişdir. Stalin - bizim qəddar zəmanənin, onun bütün həyatının keçdiyi dövründə enerjiyə, biliyə, dəmir iradəyə malik sərt, kəskin, amansız bir şəxs idi və İngiltərə parlamentində tərbiyə almış mən onunla rəqabətdə heç nə edə bilmirdim.»
Akademik Aleksandr Aleksandroviç Boqomoley uzunömürlülük problemi ilə məşğul idi. Onun işlərinə Stalin də maraq göstərirdi və müxtəlif dairələrdə onun işlərinə yaşıl işıq yandırtdırmışdı. Buna görə də o ölənə qədər xeyli fəxri adlar və titullar qazandı. Lakin o özü 65 yaşında dünyasını dəyişdi. Bunu eşidən Stalin zarafatla dedi:
- Ay səni, moşennik. Hamını aldatdı...
Mənbə İlyas Həsənov,Ellada Həziyevanın Əslində onlar kimdir? kitabından
Tarix: 30.11.2014 / 19:22 Müəllif: Aziza Baxılıb: 289 Bölmə: Müxtəlif