Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mixail Bulqakov

Mixail Afanaseviç Bulqakov İ.V.Stalinə ünvanladığı məktubda belə yazırdı: «Mən ilahi qüvvəyə inanan yazıçıyam. Dünyanın insanlar tərəfindən yox, görünməz qüvvələr tərəfindən idarə olunduğuna əminəm. Yəqin ki, mənimlə razılaşarsınız ki, dünya yalnız insanın ümidinə qalsaydı, bizə qədər gəlib sağ çıxmazdı, o lap çoxdan artıq məhv edilmiş olardı...».
İosif Stalin məktubda yazılan bu cümlələrin altından qırmızı qələmlə xətt çəkərək, dərkənarda yazır: «Keşiş ruhunu abırlı yazıçı geyimi altında gizlədən yoldaş M.Bulqakovla dərindən və ciddi şəkildə maraqlanmalı».
Bu dərkənardan sonra Bulqakovun özünün sağ qalma şansının sıfır həddinə enməsini yəqin ki, anlamaq çətin deyil. Bolşeviklərin 29-30-cu illərdən başladıqları qırğından Bulqakovu onun inandığı ilahi qüvvəmi xilas etdi? Bəlkə elə dünyanın ən sərt diktatoruna yazdığı məktubda onun varlığına görə inamını dilə gətirdiyinə görə göyüzü mərhəmətini ondan əsirgəmədi?

İndi filosofcasına özümə verdiyim bu zəhlətökən sualların cavabını heç vaxt verə bilməyəcəyimi bilə-bilə yenə bu zəhləm getmiş suallar içimdən, dilimin ucunadək gəlməkdə, əməlli-başlı baş ağrıma çevrilməkdədir… Bəlkə onları cavablandırmağa siz cəhd edəsiniz, hə? Mən sizə Bulqakovun hələ indiyədək bilmədiyiniz xarakterik cəhətlərindən danışım və siz özünüz nəticə çıxarın.

Söhbətə başlamazdan əvvəl onu deməliyəm ki, doğrudan-doğru bu yazıçının əsərlərində baş açılmaz sehirlə örtülmüş, deyəsən sonadək gizli qalası sirrlər, tapmacavari məqamlar yetərincədir.

Bu sirli-sehirli olaylar elə onun şəxsi həyatında da vaxt-bivaxt özünü göstərmiş, onu əhatə edən insanların isə bu hadisələri yalnız qorxu dolu bir maraqla izləməkdən başqa əllərindən heç nə gəlməmişdi. Yazıqları heç qınamaq da olmur, axı bu izaholunmaz təzahürləri nəyə əsaslanaraq hara yozmalıydılar ki?...
Mistik peşə

1916-cı ildə Mixail Bulqakov Kiyev Universitetinin tibb fakultəsini bitirir və Smolensk quberniyasına həkim kimi təyinat alır. Vyazmada dövlət xəstəxanasında, eləcə də müstəqil həkim kimi Moskvada, sonra isə Kiyevdə Bulqakov öz peşəsini davam etdirir. 1925-1926-cı illərdə «Gənc həkimin qeydləri» altında çap etdirdiyi bu kitabda Bulqakov məhz, 1916-cı ildən üzü bəri həkimlik praktikasında rastlaşdığı hadisələrdən söz açır. Təzəcə qələmə əl atan gənc «mistik yazıçının» bu hekayələr toplusundakı əsərlərdə artıq Bulqakov mistikasının nişanələri, əlamətləri özünü göstərməyə başlayır. Görünür təbabət həyat haqqında daha ciddi şeylər barədə düşünməklə bərabər, filosofluğa və mistikaya da öz növbəsində yer ayırmaq üçün insana daha geniş imkanlar açır. Bu bəlkə də ondan doğur ki, həkimlər vəzifələrinin icrası zamanı dəhşətli xəstəliklərlə, ölümlə, müxtəlif insan faciələrilə üz-üzə gəlir, çox vaxt ölümə uduzur, necə deyərlər, görmədikləri hansısa qüvvənin qarşısında aciz qaldıqlarının acısını, əzabını çəkməli olurlar. Bütün peşə sahiblərindən daha çox həkimlər bu dünya ilə o dünya arasındakı səddin nə qədər dözümsüz olduğunu daha yaxşı bilir, baş verən bu sərt gerçəkliyin səbəbkarını istər-istəməz dərk etməyə, axtarmağa, tapmağa çalışırlar. Onlar özləri yaxşı bilirlər ki, həbblər, müxtəlif tərkibli dərmanlar, iynələr insanı qorumaq məsələsində çox vaxt bir işə yaramırlar və insanı qoruyan başqa bir diqtə, hökm deyilən nəsə var deyəsən...
Kokain və inam

Bulqakovun mistik əhvali-ruhiyyəli xarakterinin formalaşmasının köklü səbəbini onun nəsil şəcərəsində axtarmaq daha düzgün olar. Yazıçının babası pravoslav ruhani, atası isə Kiyev Ruhani Akademiyasının Qərbin inanclar tarixi kafedrasının professoru idi. Ancaq ömrünün birinci yarısında Bulqakovu dindənsə magiya daha çox özünə cəlb edə bilmişdi. O, ciddi şəkildə ezoterik — dünyadankənar hadisələrdən, cadugərlikdən bəhs edən ədəbiyyatı mütaliə edir, xristian demonologiyası üzərində əməlli-başlı çalışırdı. Mistik təcrübələrini ara-sıra həyata keçirən Bulqakovda artıq bəzi qeyri-adiliklər üzə çıxmağa başlayır...

Burada bir məsələni də vurğulamaq vacibdir. Bulqakov əyalət həkimi işləyəndə o, morfi aludəçisinə çevrilir. Ara-sıra bu bəladan xilas olsa da, bir az keçməmiş əli yenə morfi ampulasına sarı uzanır. Onun «Morfi» hekayəsinin qəhrəmanı yadınızdadırmı? Bu «qəhrəman» elə bir başqası yox, elə Bulqakovun özüdür, amma fərq burasındadır ki, əgər deyilənlərə inansaq, sonralar Bulqakov ölümə sürükləyən bu ehtiraslı qüvvənin cazibəsindən qurtula bilmişdi. Ay sizi, niyə gülməyirsiniz ki? Elə hər şeydən şübhələnmək xasiyyətinizdi, bir söz deyən kimi başlayırsız onu saf-çürük etməyə… Yaxşı, mən də açığını deyəcəyəm, hə, o, morfidən yaxasını qurtarır, damarlarını dəlmə-deşik etmir və uzun müddət içində, kokain iyləməklə kifayətlənir… Müasirləri kimi Bulqakov da elə sanırdı ki, narkotiklərin qəbulundan sonra qarabasmalar, digər hisslərin həddindən artıq həssaslaşması şüurun sərhədlərinin genişlənməsi nəticəsində baş verir. Amma artıq ömrünün ikinci yarısında isə o, möhkəm inanclı, bütün varlığıyla Tanrıya inam gətirən bir insan idi və bu inamı heç kim onun qəlbindən silmək iqtidarında deyildi. Sözarası onu da deyim ki, Bulqakov cəmi 49 yaş ömür sürüb və onun ömrünün birinci yarısı 25 yaşında artıq sən demə tamamlanıbmış.

O, gündəliyində həmin ərəfələrdə yazırdı: «Bəlkə də güclü və özünə hədsiz inamı olan adamlara Allah lazım deyil, amma şəxsən mən Böyük Yaradana inamsız heç keçinə, günlərimi yola verə bilmirəm».
Əlyazmalar yanmır...

Bulqakovun adamları heyrətə gətirən yaradıcılıq istedadını onun qeyri-adi şəkildə təzahür edən duyma, hissetmə, görmə qabiliyyətindən ayırmaq lazım deyil. Yox, o cadugər-zad deyildi, amma digər Tanrı bəndələri kimi necə deyərlər "əlini əlinin üstünə qoyub oturmurdu", nəyisə təyin etməyə, baş verəcək hadisələri duyub qarşısını almağa, göy üzünün sehirli-sirli qapılarını «döyməyi» inadla davam etdirirdi. Yox, ona peyğəmbərlik iddiasına düşən dəli adam kimi də baxmaq lazım gəlmir, amma onu da söyləməliyəm ki, onun baş verəcək hadisələri qabaqcadan söyləməsini də sükutla qarşılamaq olmur. Onu əhatə edənlər özlərinin gələcəkdə başlarına nə gələcəyini öyrənmək üçün ona üz tutanda o, əsəbiydisə «mən peyğəmbər, nə də cadugər deyiləm» — deməklə müraciət edənə bu cür «nəzakətlə» qapını göstərirdi. Əgər kefi yaxşı olurdusa, belə demək mümkünsə, ona müraciət edən haqqında ağzından «bir-iki kəlmə» qaçırırdı və dilinə gətirdiyi hər şey yüzdəyüz, mütləq şəkildə gələcəkdə baş verirdi.

Bulqakov görünməyən dünyayla təmaslarında daha çox özüylə, öz gələcəyi ilə maraqlanır, nəsə eşələyib-çıxarmağa çalışırdı. Sanki Tanrı da uşaq kimi ora-bura vurnuxan bu gənc adama hardansa gülümsəyə-gülümsəyə baxır, onun sirrlərini faş etmək istəyən bu dəliqanlıya göz qoyur. Ara-sıra görünməz hansısa varlıq onun ürəyinə mübhəm bir fikir salır və bu fikirlər sonradan cəm halında Bulqakovun əsərlərində öz əksini tapır. «Usta və Marqarita»nı və orada Volandın "əlyazmalar yanmır" — ifadəsi inanmıram ki, yaddaşınızda qalsın. Amma romanda əsas surətlərdən biri olan Voland elə belə də bu sözləri Ustaya deyir, indi necə xatırladınızmı?

Volandın bu məşhur ifadəsinin bir talisman kimi Bulqakovun bir çox əsərlərinin hifz edicisinə, həyata qaytarmasına inanmasanız da bu belədir. Bulqakov dəfələrlə «Usta və Marqarita» əsərinin əlyazmasını yandırmağa cəhd etsə də, roman hər dəfə yenidən dirilən ölü kimi həyata qayıdır.

28 mart 1930-cu ildə M.Bulqakov gündəliyində yazır: «Mən öz əllərimlə iblis haqqında yazdığım əsərin qaralamasını oda atdım...». Bundan sonra baş verənlərin dərki bir az çətinlik yaradır. Əlyazmanın az hissəsi yansa da materialın əsas hissəsi salamat qalır. Bundan sonra da Mixail Afanaseviç sonuncu əlyazmasını da atır. Onun xanımı Yelena Sergeyevna əlyazma dəftəri peçdən götürür və yenə də əsər «sağ qalır».

Onun ilkin əsərlərindən olan «Mollanın oğulları» pyesi nəşr olunandan sonra son nüsxəsinə kimi məhv edilir. İllər ötür və bu başıbəlalı əsərin əlyazma şəklində nadir nüsxəsi Çeçen müharibəsi dövründə Qroznı teatrından tapılır. Hələ onu da əlavə etsək ki, bu müharibədə əksər binalar xarabazara çevrilsə də, bu teatr binasına zərrə qədər də xətər dəyməmişdi. Eləcə də Bulqakov «Teatrvari roman»ını da yandırsa da bu əsər də möcüzəvari şəkildə sonralar sanki yoxdan var olur, tapılır.
Qabaqcadan xəbər verilmiş yanğın...

«Qeyri-adi şəkildə elə yanırdı ki, hətta benzin çilənəndə belə bu cür yanğın alınmazdı. Divar kağızları bir anın içində tüstülənir, döşəməyə düşmüş pərdəasanlar alışır, şüşələri qırılmış pəncərələrin çərçivələri sanki əriyirdi». «Usta və Marqarita» əsərindəki bu səhnəni Bulqakov xanımı Yelena Sergeyevnaya diqtə edir və Yelena da onun dediklərini tez yazmağa çalışırdı...

Yox, deyəsən bu cür nəql eləməklə özümü yoracam, üstəlik sizi də. Yaxşısı budur, 1934-cü ilin 22 yanvarından 23-nə keçən həmin gecədə nələrin baş verdiyini Yelena Sergeyevnanın gündəliyindən oxuyaq. Yelena yazır: «O, çarpayıya uzanaraq „Usta və Marqarita“ romanındakı Berlozun evində baş verən yanğın hadisəsini diqtə edirdi. Mixail diktəsini bitirəndə artıq gecə saat 2 idi. Hər ikimiz nəsə yemək istəyirdik. Bax, elə bundan sonra baş verənlər Mixailin mənə diqtə elədiyi yanğın hadisəsinin sanki canlı təkrarına döndü. Əhvalı nədənsə pozulmuş qulluqçu qadın kerosinlə yanan peçin üstündəki tası hirslə tulladı. Tas qapağı örtülməmiş qalan kerosin bidonunu aşıran kimi alov bir anda hər yeri bürüdü...».

Qadınlar, Yelena Sergeyevna və qulluqçu qadın hay-həşir salırlar, Bulqakov ayaqyalın, bir köynəkdə içəri qaçır, zorla olsa da yanğın söndürülür.

Yelena gündəlikdə təsvir etdiyi həmin yanğın səhnəsini bu cümlələrlə bitirir: «O, yanğın söndürüləndən sonra da özünə gələ bilmirdi. Bu böyük bir xəbərdarlıqdır — deyərək, uzun müddət gözünü bir nöqtəyə zilləyərək baxır, arabir başını əlləri arasında möhkəm şəkildə sıxırdı».
Duyulan ölüm...

Özünün sağlam, gücünün aşıb-daşdığı bir vaxtda Bulqakov Yelenaya deyir: «Yadında saxla, mən çox ağır şəkildə öləcəyəm, and iç ki, onda məni heç bir xəstəxanaya aparmayacaq və mənə qollarının üstündə ölməyə icazə verəcəksən».

O, bu vəsiyyətvari sözləri dilinə gətirəndə ölüm gününə nə az-nə çox, hələ altı il var idi. Bu sözlərə Yelena onda doyunca gülmüşdü, çünki hələ kədərli günlərdən əsər-əlamət yox idi… Bulqakov onun bu gülüşünə hirslənir və ciddi şəkildə — «And iç, Yelena!» — deyir, tələb edir. Yelenanın isə and içməkdən başqa əlacı qalmır. Bulqakovun gələcəkdə nələrin baş verəcəyini az qala görməsi və dediklərinin gec-tez özünü doğrultduğunu görən Yelena onu tez-tez xəstəxanalara aparır, həkim müayinəsindən keçirir. Mixail Bulqakovun bu cür «peyğəmbərliyinin» ciddi fəsadlardan yaranmadığını bildirən həkimlər Yelenanı sakitləşdirməyə çalışırlar. Sonra isə qəfildən, ölümündən altı ay əvvəl isə həkimlər atasını öldürən xəstəliyin — hipertonik nefrosklerozun Bulqakovda da əlamətlərini tapırlar. Müayinələr davam edir, Bulqakovun bu xəstəliyə düçar olduğu tam dəqiqləşdirilir. Müalicə etməyə gəlincə isə həkimlər bildirirlər ki, artıq çox gecdir...

Ölümünə bir neçə ay qalanda yazıçı Valentin Katayev onu yoluxmağa gəlir. Bulqakovun ona dediklərini V.Katayev sonralar belə xatırlayır: «O, mənə tezliklə öləcəyəm dedi. Sonra isə əlavə etdi ki, ölümündən sonra nələrin baş verəcəyini istəsəniz deyə bilərəm. Mən tabutda uzanacağam. Evdən mənim tabutumu çıxaranda tabutum əllərdən sürüşüb az qala yerə düşəcək, amma buna imkan verməyəcəksiniz. Bundan sonra isə altda yaşayan qonşum Romaşovun qapısına tabutumun sağ küncü dəyəcək və orada onun izi uzun müddət qalacaq. O, bunları söyləyəndə mən cavabında — sən Allah, qoy oturmuşuq görək, şeytan aparsın, bu ölüm sənin ağlına hardan girib axı — kimi sözlər deyirdim. O, tezliklə öldü və hər şey onun dediyi kimi düz çıxdı: — tabutu sürüşdü, Romaşovun qapısında isə onun tabutunun izi hələ də durur».

Bundan qabaq isə daha heyrət doğuracaq bir hadisəni də danışmağa ehtiyac var.
İki qəbir...

1930-cu illərin əvvəllərində Bulqakova İ.V.Qoqolun "Ölü canlar" əsərini səhnələşdirmək tapşırığı verilir. O, Qoqolu çox sevirdi və onun yaradıcılığından az qala ilahi bir yaradıcılıq kimi danışır, onu özünün mənəvi müəllimi sayırdı. O, həmin vaxt bir axşam qəribə bir yuxu görür və həmin yuxu haqqında belə yazır: «Gecə mənim üstümə gözləri hədəqəsindən çıxmış, sivri burunlu bir şəxs cumaraq — »Bu nə deməkdir?" — deyə qışqırırdı. Mən onun qarşısında özümə bəraət qazandırmaq üçün bəhanələr gətirirdim. Sonra isə məni ağlamaq tutdu. Ağlaya-ağlaya ondan məni öz çuqun şineli ilə örtməyi xahiş etdim. Bu adam Qoqol idi. O, susub üzümə diqqətlə baxdı və qəfildən yox oldu".

Bulqakovun bu yuxusu da çin olur. Ölümünə az qalmış, 1940-cı ildə öz vəsiyyətində o, yazır ki, mənim qəbrimin üstündə başdaşı ucaldın, dəmirdən xaç-filan lazım deyil. Yelena Sergeyevna uzun müddət onun vəsiyyətinə əməl edə bilmir. Daş qoymaq, onu almaq üçün çoxlu pul lazım idi, Yelenada isə bu qədər pul haradan olasıydı ki? Yox, əslində haradansa bir ucuz daş gətirib qoymaq da olardı, amma Bulqakovun hər cür dəlisov hərəkətinə, qadınlara hədsiz «rəğbətinə», iynə vurmasına, kokain iyləməsinə dözən sədaqətli, onu hədsiz sevən Yelena qəbri üstünə layiqli bir başdaşı qoymaq istəyirdi. Bu məsələdə ona əlahəzrət təsadüf kömək edir. 1957-ci ildə Novodeviçe qəbirstanlığına Qoqolun cəsədi gətirilir. Əlbəttə ki, Qoqolun yeni qəbri üstündə möhtəşəm yeni bir abidə ucaldılır, köhnə başdaşı əvəzi olan abidəni isə sındıraraq yaxındakı quyuya tullayırlar. Bunu görən Yelena Sergeyevna qranit daşlar yonulan sexin direktorunun yanına gedir və öyrənir ki, «Qolqof» adı ilə tanınan bu daş vaxtı ilə Qoqolun qəbri üstündəymiş...

Ekskavatorla həmin qranit abidə qaldırılır və Yelena Sergeyevna bu qırılmış abidəni M.A.Bulqakovun qəbri üstə qoyur. Bu qranit daşı Bulqakovun Qoqoldan üstünü örtməyi xahiş etdiyi çuqun şinel deyilmi? Mən həmin şineldir deyirəm və sizin nə deyəcəyinizi isə özünüz bilərsiniz.

«Usta və Marqarita» romanını yenidən tapıb oxumaq fikrinə düşsəniz və bu kitabı əlinizə alanda unutmayın ki, siz qeyri-adi bir insanın yazdığı əsərlə üz-üzəsiniz. Onu da unutmayın ki, həmin əsərdəki usta obrazı bir başqası deyil, elə Bulqakovun özüdür. Hər halda Bulqakovun həyatını və əsərlərini dərindən, incəliklərinə qədər bilən, öyrənən ədəbiyyatşünasların çoxu bu fikirdədir...
Bu yazdıqlarımda zərrə qədər yalan və şişirtmə yoxdur, mənə inanın. Sizə səbrinizi basıb qulaq asdığınıza görə təşəkkür edirəm.

Kseniya Proskurnaya «Okno» qəzeti Tərcümə və təqdim edəni: Alim Məhərrəmli


Tarix: 08.01.2013 / 19:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1680 Bölmə: Müxtəlif
loading...