Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fridrix Nitsşe...

Qarımış qızların əhatəsində

15 oktyabr 1844-cü ildə anadan olan Fridrix Vilhelm Nitsşenin atası Prussiya kralı Fridrix Nitsşeyə sonsuz sədaqətli idi. Buna görə də oğlunun adını Fridrix Nitsşe qoydular. Nitsşe 5 yaşı olanda atası beyin qurumasından vəfat etdi.


Nitsşenin uşaqlığı Naumburq şəhərində dul anası və qarımış bibilərinin əhatəsində keçdi. Taleləri qaralmış bu qadınların həyatı sonralar Nitsşe fəlsəfəsinin pessimizminə təsir edəcəkdi. 13 yaşında oxuduğu məktəbdə Nitsşenin ləqəbi çox yaxşı oxuduğuna görə "keşiş" idi. Amma kəskin zəkasının inancına vurduğu zərbələr getdikcə daha da güclənirdi. Beləcə 18 yaşında Nitsşe artıq bir dindardan artıq bir şübhəçi idi. Amma o, bu barədə heç kimə heç nə demirdi, Nitsşe susqun idi. Və ömrünün axırına kimi belə yaşadı.

Keşişlikdən filosofluğa

Amma Nitsşe 19 yaşında keşiş olmaq üçün Bonn universitetinə girdi. Əlbəttə ki, ailədəki qadınlar əvvəlcədən onun həyatını planlaşdırmışdılar. Lakin Nitsşe bu planı tezliklə pozdu. Şüursuz bir üsyan hissi onun içini gəmirməyə başlamışdı. Bonna gəldikdən sonra tezliklə universitet gəncliyinə qoşuldu, içki içməyə başladı hətta dueldə vuruşub yaralandı da. Bu vaxt artıq "Allah ölmüşdü".

Pritonların ağrılı xatirəsi

Tətildə evə qayıdan Nitsşe artıq dini ayinlərinə icra etmir, kilsəyə getmirdi. Evdən isə Nitsşe Bonna yox Leypsiqə qayıtdı. Klassik filologiya üzrə təhsil almaq üçün. Bu zaman Nitsşe 21 yaşlı bir gənc idi. Leypsiqdə baş verən iki hadisə onun sonrakı həyatına böyük təsir edir.

Belə ki, pritonlara ayaq açan Nitsşe burda frengi adlı zöhrəvi xəstəliyə tutulur. Daha sonra bu xəstəlik Nitsşenin yazılarında iz qoyacaqdı. O, "Zərdüşt belə söyləmişdi" əsərində yazırdı: "Qadının yanına gedirsən? Eləysə qırmancını unutma". Deyilənə görə bu hadisədən sonra Nitsşe heç zaman qadınlarla olmadı.

Və Şopenhauer

Həyatını dəyişən sonrakı hadisə isə onun Şopenhaueri "Dünya iradə və təsəvvür kimi" əsəriylə tanımasıdır. Bu zaman hər kəsin unutduğu Şopenhauer yenicə vəfat eləmişdi. Şopenhauerin interpretasiyaya açıq üslubu və öldürücü pessimizmi Nitsşeyə dərindən təsir edir.

Nitsşe yazırdı: "Burada hər sətir imtina, vazkeçmə, acı gerçəkliklə barışmaq qışqırığı idi; dünyanı, yəni həyatın və insan təbiətinin qorxunc bir möhtəşəmliklə görüldüyü aynaya baxdım... Burda səhhət və mərəzə, sürgünü və sığınacağı, cənnəti və cəhənnəmi gördüm". Nitsşe bu sözləri Şopenhauer haqqında yazıb.

Şopenhaueri oxuyandan sonra Nitsşenin inandığı bir tərəfə dursun, inana biləcəyi heç bir şeyi qalmamışdı. Şopenhauer bədbinliyi ona güc verirdi. Öz təbiətinə uyğun olmasa da artıq özü qarşısında dürüst və hamı qarşısında güclü olmaq istəyirdi. İrəliyə gedən yol Şopenhauerdən keçirdi. Hələlik Nitsşenin öz fəlsəfəsi haqqında olan yeganə durulmuş ideyası Güc İradəsi idi.

Topçu zabiti filosof

1867-ci ildə bir illik topçu zabit kimi hərbidə olan Nitsşe Leypsiqə qayıdır. Leypsiq universitetindəki professor Nitsşeyə son qırx ildə yetişdirdiyi ən böyük tələbə kimi baxmağa başlamışdı. Lakin Nitsşe gün getdikcə klassik filologiyadan soyumağa başlamışdı. Çünki ona görə filologiya həyatın acı və təcili cavab tələb edən sualları qarşısında yumşaq desək biganə idi. Nitsşeyə görə filologiya "bir axmaq tərəfindən dölləndirilən fəlsəfə tanrıçasının eybəcər balası" idi.

Vaqner dönəmi

Amma Nitsşe nə eləmək lazım olduğöunu da anlamış deyildi. Hətta kimya öyrənmək üçün Parisə getmək haqqında fikirləşməyə də başlayır. Lakin qəfildən çox gizli şəkildə məşhur bəstəkar Riçard Vaqnerlə tanış olur. Vaqner siyasi düşüncələri, inqilabi fəaliyyətinə görə 20 il bundan əvvəl bura sürgün olunmuşdu. Daha sonra isə Vaqner öz görüşlərini dəyişdirdiş və sürgün qərarı ləğv edilmişdi.

Qəribədir ki, Nitsşenin atası yaşında olan Vaqner ona dəhşətli dərəcədə bənzəyirdi də. İndiyənə qədər heç bir məşhur şəxsi yaxından tanınmayan Nitsşeyə Vaqner çox böyük təsir edir. Tezliklə Vaqnerin də Şopenhauer heyranı olduğu ortaya çıxır. Vaqner isə öz növbəsində dahi olaraq gördüyü Nitsşenin ona bəslədiyi heyranlıqdan vəcdə gələrək Nitsşeyə öz içini tökür. Nitsşe operaları qədər qəribə və qeyri-adi olan bu böyük bəstəkardan çox şey öyrəndi.

Filologiya elminə xüsusi münasibətinə baxmayaraq Nitsşe Bazel universitetin klassik filologiya kafedrasında professorluq təklifini qəbul etdi. Bu zaman Nitsşe 24 yaşındaydı və bu yaşda professor olmaq unikal bir uğur sayılırdı. 1869-cu ilin aprelindən universitetdə çalışmağa başlayan Nitsşe filologiyadan əlavə fəlsəfədən də mühazirələr oxumağa başladı. Onun bu illərdə beynində bir düşüncə vardı: klassik filologiyanı fəlsəfə ilə birləşdirərək yaşadığı sivilizasiyanın zəif nöqtələrini aşkarlamaq.

Qısa müddətdə sonra Nitsşe universitetin ulduzuna çevrildi. O dövrdə Avropa intibahını bir dövr olaraq müəyyənləşdirən Burxardla tanış oldu. O Bazel professorları içində Nitsşenin ruhuna ən yaxın adam idi. Böyük ehtimalla Nitsşenin həyatında sayğı duyduğu yeganə şəxs də o idi.

Bazel şəhəri Vaqnerin lüks villası yerləşən Tribsxen şəhərindən yüz kilometr aralı idi. Nitsşe Bazelə gəldikdən sonra həftə sonlarını bu villada keçirtməyə başladı. Vaqnerin həyatı ancaq musiqi, siyasətlə və sevgi ilə məhdudlaşmırdı. O elə düşünürdü ki, həyat ona bütün həzzlərini axıra qədər yaşamaq üçün verilib. Vaqnerin bu cür həyat eşqi onun bəzən pulsuz olmağına qədər davam edirdi. Amma Bavariya knyazı II Lüdviq Vaqnerə xəzinəsindən böyük pullar axıdırdı. Çünki Vaqnerin insanları inandırmaq qabiliyyəti onun musiqisi qədər böyük və möhtəşəm idi. Nitsşe qısa bir müddət içində bu baş gicəlləndirici atmosferin və boğucu salonların içərisində şüursuz fantaziyalara daldı.

Müharibə gerçəkləri

1870-ci ilin iyulunda Almaniya ilə Fransa arasında müharibə başladı. Almanlar üçün bu savaş Napaleonun intiqamını almaq və Almaniyanı Avropanın hegemon dövlətinə çevirmək demək idi. Nitsşe könüllü olaraq tibb xidməti daxilində müharibədə yer alır. Müharibə Nitsşenin düşüncələrində ciddi dəyişiklik yaradır. Nitsşe anlayır ki, insanın ən güclü həyat instinkti yaşamaq istəyi, həyatda qalmaq arzusu deyil, tam tərsinə hakimiyyət, müharibə, güclü olmaq istəyidir. Mübarizə zəiflərin kəşfidir. İnsanın həyat instinkti ən güclü olmaq istəyidir, həyatda qalmaq istəyi yox. Sonralar Nitsşe bu düşüncəni fərdi planda işlədi, lakin bu fikrin militarist qaynağını heç zaman da inkar etmədi.


Bismark fransızları məğlub edərkən Nitsşe hər gün bir az daha qətiyyətlə müharibə dəhşətini anlayırdı. Vorthdakı döyüş meydanı saysız-hesabsız cəsəd qalıqları ilə dolu idi, havada isə artıq çürüməyə üz qoymuş cəsədlərin ağır qoxusu hakim idi. Nitsşe altı yaralı əsgəri sülh dövründə heyvan daşınan vaqonlarla iki günlük səfərlə xəstəxanaya aparmalı olur. Qolları, ayaqları güllə yaraları ilə dolu olan və yaralı yerləri çürüməyə başlamış əsgərlərin bütün qayğısını çəkən Karsrueyə çatanda özü də xəstəxanaya düşür. O, dizenteriya və difteriyaya mübtəladır.

Silahdan qələmə

Bütün olanlara baxmayaraq Nitsşe Bazelə qayıdır. Mühazirələrini deyir və "Tragediyanın doğuşu"nu yazmağa başlayır. Yunan mədəniyyətini analiz edən bu əsərdə Nitsşe Apollonu səliqəli, düzənli həyat tərzinin qarşısına Dionisin ehtiraslı, coşğun həyatsevərliyini qoyur. Nitsşeyə görə Yujnan Tregediyası bu iki düşüncənin birləşməsindən ortaya çıxmış və sonunda Sokratın rasionalizmi tərəfindən məhv edilmişdir. Bu yanaşma Yunan fəlsəfəsi üçün tamamilə yeni idi. Nitsşe sonra yazdıqlarında da bu Dionisçi fəlsəfəni davam elətdirəcəkdi. Şopenhauerlə ayrılmaq vaxtı gəlmişdi. Nitsşe bundan sonra Ustadının iradəni buddistcə (heç bir şey istəməmək, ehtirassız olmaq) şərh etməyinə qarşı olacaqdı. Nitsşe dionisçi düşüncəni xristianlığın da qarşısına çıxardacaqdı.

1879-cu ildə Nitsşenin səhhəti pisləşdi. Buna Bazel universitetindən ayrıldı. Universitet ona pensiya kəsdi və həkim də ona mülayim iqlimli yerlərdə yaşamağı tövsiyə etdi.

Nitsşe İtaliyanı, Fransasının şimalını, İsveçrəni gəzdi. Özünü yaxşı hiss etdiyi bir yer axtarırdı. Nitsşe bu zaman 35 yaşında idi. Deyilənə görə o tibb fakultələrində keçirilən bütün xəstəliklərdən əziyət çəkirdi. Nitsşe yarıkor idi. Doktor ondan kitab oxumamasını xahiş etdi. Şiddətli baş ağrılarından əziyyət çəkirdi. Bəzən bu ağrılara görə günlərlə yataqdan qalxa bilmirdi.

İksirlərdən, dərmanlardan, həblərdən, müxtəlif odekalalonlan ibarət olan kolleksiyası olduqca zəngin idi. Buna baxmayaraq o Fövqəlinsan fəlsəfəsini yarada bildi. Fövqəlinsan ilk dəfə "Zərdüşt belə söyləmiş"də ortaya çıxdı. Bu əsər uzun bir şeir idi. Amma hədsiz dərəcədə cazibəli və bəzəkli eyni dərəcədə də ciddi idi bu şeir.

Dostoyevski ya da Herman Hesse kimi Zərdüşt də ilk növbədə gənclərə ünvanlanıb. Bu əsər həyatı dəyişdirir. Özü də bu dəyişik hər zaman mənfi planda da deyil. Əsərdəki sərsəmləmələr o dəqiqə gözə dəyir. Amma geriyə qalanlar oxucunu oxucunu əsərin əsas xəttinə qaytarırı. Bu əsərin fəlsəfə yükü çox azdır, bəlkə də heç yoxdur.

Məhəbbət üçbucağı

Nitsşe səyahətlərində dostu Paul Riinin vasitəsi ilə 21 yaşındakı rus qızı Lu Salome ilə tanış olur. Nitsşe Riinin də iştirakı ilə bəzən isə ikisi bir yerdə Salome ilə gəzintilərə çıxır və fəlsəfi inamının qıza da sirayət eləməyə çağırır. Misal üçün, Nitsşe Salomeyə deyirdi ki, Zərdüşt heç bir zaman doğulmayacaq oğludur. Doğulmamaq Zərdüşt üçün kifayət qədər şanslı idi, sadəcə belə bir adla yaşamağın çətinliyinə görə deyil.

Salome, Rii və Nitsşe bu gün düşünülməsi çox çətin olan cinsəl piramidaya düşürlər. Çünki bu gün cinsəl açıdan saf olacaq heç kim qalmayıb. Əvvəllər hər üçü özlərini fəlsəfəyə həsr etmək arzusunda olur. Daha sonra Nitsşe və Rii bir-birlərindən xəbərsiz Salomeyə aşiq olurlar. Nitsşe daha dərinə gedərək məhəbbətini Salomeyə çatdırması üçün Riidən xahiş də edir. Bu xahiş Nitsşenin XIX əsrin ən böyük psixoloqu olmaq şərəfini də əlindən almır.

Luzerndə çəkilən bir foto bu üçbucağı təsvir edir. 38 və 33 yaşında iki bakirə kişi at arabasına söykənib. Arabada isə əlində qırmanc olan 21 yaşında cismanı gözəlliyin ən cazibədar çağında olan bir qadın. Nitsşe bu fotonu çəkdirərkən "Qadının yanına gedəndə qırmancını unutma" sözlərini unutmalı idi. Əlbəttə ki, belə bir münasibətin sonu olmamalı idi. Bir müddət sonra üçü də bir-birindən ayrıldı. Bu Nitsşeyə çox pis təsir etdi. Bu günlərdə gündəliyinə yazmışdı: "Bu axşam dəli olana qədər morfi çəkəcəyəm".

Daha sonra evlənən Salomenin uşağını salır. Zərdüşt beləcə dünyaya gəlmir. Əlbəttə ki, uşağın atası Nitsşe deyildi. Lui Salome dövrünün ən populyar və məşhur qadınlarından oldu. Çox sevdiyi əri-alman professorunun soyadını qəbul edən Lui Salome şair Mariya Rilke və Ziqmund Freydin üzərində də ağır təsir buraxdı.

Dağlar arasındakı tənhalıq

Nitsşe qışlarını keçirtdiyi Nitsa, Turin, Romada yayları isə İsveçrənin Engadin vilayətində Sils Maria adlı kənddə keçirirdi. Bu gün də Sils Maria çox gözəl bir yer kimi qalır. Nitsşenin qaldığı daha doğrusu dərman qalaqladığı evləri hələ də görmək mümkündür. Burda dağlar göllərin arxasından İtaliya ilə isveçrəni ayırır. Nitsşe bu dağlara dırmaşır, sakit və hamar bir yer taparaq oturur və qeyd dəftərini yaza-yaza doldururdu. Əsərlərində bu yerlərin atmosferi, heybətli mənzərələri, tənhalıq duyğusu da əks olunub. "Buzlar içində könüllü yaşamaqdır fəlsəfə" cümləsi kimi. Nitsşeni anlamaq üçün bu dağları da bir az gəzmək lazımdır.

Ucuz kafelərin dahi müştərisi

Nitsşe tək yaşayır, ucuzu otaqlar kirayələyir, fasilə vermədən yazır, kasıb restoranlarda yemək yeyir və bir tərəfdən də dözülməz baş ağrılarını sakitləşdirmək üçün dərmanlar qəbul edirdi. Bu ağır vəziyyətinə baxmayaraq hər il daha gözəl kitablar yazırdı. Sabahın alatoranı, Şən və elm, Yaxşı və Pisin o tayında kimi əsərləri Qərb mədəniyyəti, onun dəyərləri, psixologiyası, ruhunun kəskin tənqid olunduğu əsərlərdir. Aydın üslubu, çılğınılığı ilə bu əsərlər Nitsşe fəlsəfəsinin əsas xəttlərini meydana çıxartdı. Nitsşedən yüz il əvvəl metafizika ciddi zərbələrə məruz qalsa da Nitsşe zamanında belə bir zərurət yenidən meydana çıxmışdı. Çünki idealist alman fəlsəfəsi metafizik ölülərin arasından yenidən dirilmişdi.

Nitsşe fəlsəfəsinin əsas cəhəti onun həqiqət kimi qəbul edilən dəyərlərin, təsəvvürlərin mərhəmətsiz bir şəkildə dağıdılmasıdır. Bu səyin nəticəsində müqəddəs olan hər şey dağılırdı. Lakin taleyin acıqlı ironiyası ondadır ki, bu fəlsəfə bu gün də dağıdıcıdıdır, deməli o tabular hələ də qorunur, hələ də taxtdadır.

Bu qədər əzab heç zaman çəkilmədi

Səksəninci illərdə Nitsşe çalışmalarını böyük və əzici bir tənhalıq içində tanınmayan və oxunmayan bir yazar kimi davam elətdirir. Dəhşətli tənhalığı və və qəbul olunmaması Nitsşeni bəzən dözülməz depressiyalara salır. Amma artıq 1888-ci ildə Georq Brandes Kopenhagen universitetində Nitsşe fəlsəfəsindən dərs deməyə başlayır. Bir az geciksə belə. Nitsşe böyük bir filosof idi və özü də bunun fərqində idi. Dünyanın isə bunu bilməməsi imkansızdı. Ekko-Homo əsərində Nitsşe yazırdı:"Buna oxşayan bir şey heç bir zaman yazılmadı, hiss edilmədi, və bu qədər əzabı indiyə qədər heç kim çəkmədi". Bu tənqidi və inamı aşan bir ifadə idi. Bu sözləri "Niyə bu qədər dahiyəm?", "Nəyə görə mən alın yazısıyam" adlı fəsillər izləyir. Bu fəsillərdə Nitsşe spirtin əleyhinədir, yağı çıxardılmış kakaonu tərifləyir və özünün tapdığı ifrazat sistemini təklif edir. Zərdüştün təmtəraqlı və dumanlı üslubu bu əsərdə paranoyaya çevrilməktədir.

Fayton atına sevgi etirafı

1889-cu ilin sonunda Nitsşeni ruhi vəziyyəti daha da pisləşdi. Bu zaman İtaliyada olan Nitsşe Turində küçə ilə gedərkən qəfildən yıxılır. Vəziyyəti pisləşir. Bu zaman bir az əvvəl qırmanc yemiş fayton atının boynuna sarılır. Ağlamağa başlayır. Onu qaldığı otelə aparırlar. Nitsşe ordan Cosima Vaqnerə "Səni sevirəm, Ariadna", İtaliya Kralına "Sevgili Umbertom.. bütün antisemitləri məhv edəcəm" sözlərini çıaqca ilə yollayır. Burxarda da açıqa yollayır, "Dionis" imzası ilə. Burxard bir dostuna deyir, o da Nitsşeni Turindən aparır.

Nitsşe: Mən də yaxşı kitablar yazmadımmı?

Nitsşenin səhhəti ciddi böhrana düşdü. O bir daha sağlamlığına qovuşa bilməyəcəkdi. Vəziyyəti günümüzün tibbi imkanları ilə belə yaxşılaşdırıla bilməzdi. Gərgin zehni əmək, tənhalıq və çəkdiyi acılar ən çox da sifilis. Bu xəstəlik beyin iflicinə səbəb olan ücüncü mərhələyə çatır. Sanatoriyada yatandan sonra anasının yanına gedir. Nitsşe artıq çox sakit idi, heç danışmır, büzülüb bir yerdə qalırdı. Bəzən yaxşılaşır, keçmişi xatırlaya bilirdi. Bir dəfə hardasa kitab gördü və dedi ki, "Mən də yaxşı kitablar yazmadımmı?".

Təhrifin gətirdiyi məşhurluq

Anası 1897-ci ildə vəfat edəndə ona bacısı Elizabet Förster baxmağa başladı. Nitsşeyə baxası sonuncu adam o idi. Bacısı məşhur bir yəhudi düşməni Bernard Försterlə evli idi. Nitsşe onun düşüncələrinə görə bəyənmirdi. Förster Yeni Almaniya adlı bir koloniya qurmaq üçün bir çox alman ailələrini aldadıb Paraqvaya aparmış və axırda kəndliləri aldadıb özü də intihar etmişdi. Bu gün Paraqvayda o almanları görmək mümkündür. Elizabet Almaniyaya qayıdıb qardaşına baxmağa başladı. O, Nitsşenin haqqı olan şöhrətini ona vermək istəyirdi. Nitsşeni də yanına alıb Höte və Şillerin yaşadığı şəhər kimi məşhur olan Veymara köçür. Sonra isə Nitsşenin çap olunmamış əsərlərinin üzərində təhriflər etməyə başladı. Onun əlavələri əsasən yəhudi düşmənliyi və Nitsşenin tərifiylə bağlı idi. Bu təhriflərlə Nitsşenin "Güc iradəsi" adlı əsəri dərc olunur. Daha sonralar Nitsşenin ən böyük araşdırmaçılarından biri olan Valter Kaufman Elizabetin etdiyi əlavələri peşəkarlıqla ayırd edərək bu əsəri sonralar yenidən çap etdirir. Nitsşenin üslubu və təfəkkürü buna imkan yaradır.

Hitlerə əl öpdürən əlavələr

Nitsşe proqnozunu dəqiq təsvir etdiyi XX əsrin başlarına qədər yaşadı. Böyük bığlı, kədərli, üzgün və kim olduğunu bilməyən Nitsşe 25 oktyabr 1900-cu ildə öldü. Ölümü ərəfəsində Nitsşenin əsərləri populyarlaşmağa başladı. XX əsrin mütəfəkkirlərindən Freyd, Rilke, Onil, Bernard Şou, Konrad üzərində təsir buraxan Nitsşe Elizabetin köməyi ilə Nasist Filosofuna çevrildi. Hitler Veymarda Nitsşe Arxivinin qarşısında Elizabet Försterin əlini öpərək ona təşəkkür etdi. Nitsşe "alman romantikası" haqda yazırdı ki, alman irqini ali irq etmək istəyindən çox uzağam.

Müqəddəslikdənsə axmaqlıq yaxşıdır

Nitsşe bir gün dahi elan olunacağını əlbəttə ki, bilirdi. Amma dünyanın onu necə dəyərləndirəcəyini müəyyən edə bilmirdi və "bir gün müqəddəs elan olumağından çox qorxurdu". Hətta "müqəddəs olmaqdansa axmaq olmağı seçəcəyini" də yazırdı.


Tarix: 30.11.2014 / 19:32 Müəllif: Aziza Baxılıb: 478 Bölmə: Müxtəlif
loading...