Üç üqnum (ərəb dilində üqnum أقنوم, yunan dilində hipostasis ὑπόστᾰσις - mahiyyət, sifət deməkdir) xristianlıqda Allahın üç sifətdən ibarət olması əqidəsi. Xristianlar bu əqidənin insan ağlından üstün olduğunu qəbul etdikləri halda, onu ağla zidd hesab etmirlər.
Üç üqnum əqidəsini bəsit bir “üç tanrı” inancı kimi nəzərdən keçirmək yanlışdır. Xristian əqidəsinə görə Allah birdir və sifətləri üçdür – Ata, Oğul və Müqəddəs Ruh. Üç üqnum mahiyyətcə vahiddir. Xristianların Müqəddəs Kitabı olan Bibliyada Allahın bir olması dəfələrlə təsdiq olunmaqda[1] və eyni zamanda Allahın Ata, Oğul və Müqəddəs Ruh olduğu da deyilməkdədir.[2]
Məlum olduğu kimi, I əsrdə xristianlıq meydana gəldiyi zaman erkən xristianlar “Üç üqnum" (yaxud "Müqəddəs Üçlük”) ifadəsindən istifadə etməmişlər. Bu istilahı ilk dəfə işlədən xristian ilahiyyatçısı II əsrdə yaşamış Antakyalı Teofilosdur.[3]
Məşhur kilsə atası Tertullian (təqr. 155-220) öz əsərlərində "Üçlük" sözünü işlətmişdir.[4]
IV əsrdə Üç üqnum əqidəsi xristian kilsəsində tam dəqiq və müfəssəl şəkildə izah olunmuşdur. Məşhur kilsə atası Avreli Avqustin (354-430) belə yazırdı:
Ata, Oğul və Müqəddəs Ruh bir mahiyyətə (substansiyaya) malik olaraq İlahi vəhdətdə ayrılmaz və bərabərdir; üç tanrı deyil, bir Allahdır: Ata Oğulu doğuzdurdu və buna görə Oğul Ata deyildir; Oğul Atadan doğuldu, buna görə də Ata Oğul deyildir. Ruh da Ata yaxud Oğul deyil, Atanın və Oğlun Ruhudur; O Özü Ataya və Oğula bərabərdir və Onlarla birgə vahid bir Üçlüyü təşkil edir.[5]
IV əsrə aid olan “Afanasiy iman rəmzi”ndə Üç üqnum aşağıdakı kimi izah edilməkdədir:
Biz üç Sifətdə olan bir Allaha və bir Allahda olan üç Sifətə səcdə edərək, Sifətləri bir-biri ilə qarışdırmırıq və İlahi Varlığı bölmürük.
Allahın birinci Sifəti Ata, ikinci Sifəti Oğul və üçüncü Sifəti Müqəddəs Ruhdur.
Lakin Ata, Oğul və Müqəddəs Ruh izzətdə bərabər, əzəmətdə əbədi yeganə bir Allahdır.
Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir.
Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır.
Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur.
Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir.
Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır...
Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır.
Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir.
Çünki biz xristian həqiqətinin tələb etdiyi kimi, hər Sifəti Allah və Rəbb olaraq qəbul edirik.
Habelə ümumdünya xristian imanı üç Allah yaxud üç Rəbb olduğunu deməyimizə yol verməməkdədir.[6]
IV əsrdə yaşamış kilsə atası Qriqoriy Nazianzin (təqr. 330-390) Üç üqnum barəsində belə yazmışdır:
Mən hələ Vahid haqqında düşünməyə başlamamış, Üçlük öz nuru ilə məni işıqlandırır. Üçlük haqqında düşünəndə isə Vahid məni Özünə cəlb edir. Üçdən biri mənə açılanda, mənə elə gəlir ki, bu Vahiddir, qalan hər şey mənim nəzərimdən qaçır. Çünki mənim ağlım o qədər məhduddur ki, Vahidi dərk etməkdən başqa bir şeyə yer qalmır. Üçü isə eyni fikirdə cəmləyəndə mən işıq saçan vahidliyi görürəm. Lakin orada birlik təşkil edən nuru ayıra bilmirəm.[7]
Xristianlıq tarixi boyunca Oğlun (İsanın) və Ruhun (Müqəddəs Ruhun) Allah olduğunu inkar edən təriqətlər meydana gəlmişdir. Bunlar bir qayda olaraq bütün xristian kilsələri tərəfindən bidət sayılmışdır. Hal-hazırda dünyada Üç üqnum inancını inkar edən ən böyük və məşhur bir təriqət Yehovanın Şahidləridir. Ümumiyyətlə, pravoslav, katolik və protestant olmaqla bütün xristian kilsələri Üç üqnum əqidəsini qəbul edirlər. Pravoslavlıqda Müqəddəs Ruh varlığın yeganə bünövrəsi Ata-Allahdan, katolisizmdə isə o, mücəssəmələrini bitişdirən məhəbbət kimi həm Ata-Allahdan, həm də Oğul-Allahdan gəlir.
Bir müddət ərzində Üç üqnum təsviri sənətdə yox idi, çünki teologiya Allahın təkcə İsa simasında təsvir olunmasında təkid etmişdir. Lakin sonra Üç üqnumun ikona və rəsmlərdə simvolik təsvirləri meydana gəlmişdir. Moskvanın ən məşhur ikona rəssamı Andrey Rublyovun "Üç üqnum" ikonası dünyada şöhrət qazanmışdır
Tarix: 12.03.2013 / 20:54 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 706 Bölmə: Kilseler