XVI əsrdə alman alimi, katolik rahibi Martin Lüter (1483-1546) katolik kilsəsində yayılmış bir sıra haqsızlıqlara, xüsusilə indulgensiya («cənnət qəbzləri») satmasına etiraz etmişdir. 31 oktyabr 1517-ci ildə Lüter, katolik kilsəsinə qarşı yazdığı “95 tezis”i Vittenberq kilsəsinin divarlarından asmışdır. O gündən Avropada Reformasiya başlanmışdır. Ondan sonra Roma papasına tabe olmayan müstəqil xristian kilsələri yaranmışdır.
1518-ci ilin oktyabrında Ausburq şəhərində keçirilən iclasda Lüter, Papanın müvəkkili kardinal Kaetan tərəfindən bidətçi adlandırılsa da, o, Almaniyanın bir sıra nüfuzlu şəxsləri tərəfindən müdafiə edilmişdir. Bütün bunlara baxmayaraq 3 yanvar 1521-ci ildə Roma papası rəsmən Lüteri kilsədən çıxarmışdır. Buna cavabən Lüter papanın fərmanını yandırmışdır.
Lüter Bibliyanı alman dilinə tərcümə etmiş və hər möminin özünün Bibliyanı düzgün anlayıb şərh edə biləcəyi inancını yaymışdır. Katolik kilsəsindən ayrılan xristianlar yeni kilsə yaratmışlar; bu kilsə, Vatikana tabe olmadığına, ona qarşı etiraz etdiyinə görə protestant adlandırılmışdır. İlk protestant kilsələri lüteran, kalvinist və anqlikan idi. Ondan sonra protestant hərəkatı içərisində metodist, baptist, adventist, konqreqasionalist, pentikost (əllincilər), xarizmat, presviterian və b. müxtəlif kilsələr yaranmışdır.
Tarix: 12.03.2013 / 20:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 275 Bölmə: Kilseler