İsanın Məsih və Xilaskar, Allahın Oğlu olduğu inancı Əhdi-Cədid yazılmamışdan əvvəl meydana gəlmişdir. Əhdi-Cədiddə, ondan qabaq yaranmış kilsənin inancı öz əksini tapmışdır. Xristianlığın təzəcə yarandığı dövrdə Məsihin təbiəti ilə bağlı məsələlər diqqət mərkəzində deyil idi; Məsihin möminlərə bəxş etdiyi xilas və günahların bağışlanması haqqında Müjdəyə ən çox əhəmiyyət verilirdi. Bununla belə, qeyd etmək lazımdır ki, o dövrdə Məsihin ilahi-bəşəri təbiətinə malik olması inancı hələ bir ehkama çevrilməsə da, artıq xristian kilsəsinin mühüm bir əsası olmuşdur.[13] Xristian kilsəsi İsaya iman etməyən yəhudi, bütpərəst və bidətçilərlə mübarizə edə-edə tədricən Məsihin ilahi-bəşəri təbiətini qavrayaraq kilsə məclislərində qəbul olunan bir sıra formulalarda ifadə etmişdir. Bidətçilərə qarşı mübarizəni Əhdi-Cədidin ayrı-ayrı yerlərində də görmək olar.[14] Daha sonra kilsənin xristologiyası qnostisizm kimi böyük bidətlər ilə mübarizədə inkişaf etmişdir. Xristian kilsəsi ardıcıl olaraq Məsihin ilahi-bəşəri təbiətinə malik olduğu inancını müdafiə etmiş, qoruyub saxlamışdır. Doketlər İsanın bəşəri təbiətini rədd etdikləri kimi, presviter Arius Onun ilahi təbiətini rədd etmiş, arxiyepiskop Nestor isə ilahi ilə bəşəri təbiətlərini bir-birindən ayırmışdır. Bu kimi məsələlər kilsə məclislərində həll olunurdu. Atanın Oğul ilə mahiyyətcə eyni olması inancı təsdiq olunmuşdur (Birinci ümumdünya kilsə məclisində - Birinci Nikeya Kilsə Məclisi, eramızın 325-ci ili). Bundan sonrakı ümumdünya kilsə məclislərində İsanın təbiəti ilə əlaqədar olan bir sıra başqa inanclar qərarlaşdırılmışdır. Nəticə etibarilə, xristian məzhəblərinin böyük əksəriyyəti indiyə kimi, ümumiyyətlə, vahid xristologiya əsasında inkişaf etmişdir.
İsanın adlarının semantik təhlili
Bibliya xristologiyasının məqsədi Məsihin şəxsiyyətini, təlim və işlərini Bibliyaya əsasən tədqiq edərək müvafiq qərarlar çıxarmaqdır. Xristologiyada istifadə olunan üsullardan biri İsanın Əhdi-Cədiddəki adlarının semantik təhlilidir. Əhdi-Cədiddə İsaya verilən adlardan ən mühüm olanlar “Bəşər Oğlu”, “Məsih”, “Allahın Oğlu”dur.
Tarix: 12.03.2013 / 20:51 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 200 Bölmə: Kilseler