Vasili Blajennı kilsəsi (rus. Храм Василия Блаженного) - Moskvanın mərkəzi olan Qırmızı meydanda yerləşir.
O son dərəcə gözəl inşa edilməklə yanaşı, həm də Moskva şəhərinin əsas rəmzlərindən biridir. Qeyri-adi memarlığı ilə diqqətləri üzərinə çəkən bu sənət nümunəsi əsrlərdən bəri dini obyekt rolunu məharətlə ifa edir.
Kilsə XVI əsrdə çar İvan Qroznının (IV İvan) əmri əsasında, Volqa çayında böyük və qüdrətli dövlət olmuş Kazan xanlığının işğalı şərəfinə inşa edilmişdir. Belə rəvayət olunur ki, Kazan şəhərinin üzərinə hücum 1 oktyabr 1552-ci ildə, Həzrət Məryəmin Konstantinopolda 910-cu ildə görünməsinin şərəfinə keçirilən Pokrov bayramı zamanı baş vermişdir. Şəhərin divarlarının ətrafında səyyar kilsənin keşişi İncil oxuyarkən "Qoy sürü birləşsin və bir çobanı olsun" sözlərini dediyi zaman, bürclərin bir hissəsi partlayış nəticəsində uçmuşdur.
İki ildən sonra Qırmızı Meydanda böyük kilsənin təməli qoyulmuşdur. Burada daha əvvəl taxtadan inşa edilmiş kilsələr mövcud olmuşdur. Moskva mitropoliti Makarinin məsləhəti əsasında çar İvan onların yerində daşdan vahid kilsə inşa etdirmək qərarına gəlmişdir. Kilsənin memarları haqqında rəvayətlər müxtəlifdir. Bir hekayədə memarlar adları Barma və Postnik olan iki nəfərdir, başqa bir əfsanədə isə bunlar eyni bir şəxsdir. Digər variantda isə memarın italyan millətinə məxsus olması bildirilmişdir. Bu iddianın müdafiəçiləri fikirlərini bununla əsaslandırmışlar ki, kilsənin memarlığı öz üslubu ilə yanaşı Avropa İntibah dövrünün tikinti ənənələrini özündə cəmləşdirmişdir.
Əfsanəyə əsasən tikinti başa çatdıqdan sonra çar memarların gözlərini çıxarmaq əmri vermişdir. Həmin rəvayətdə bildirilmişdir ki, çar memarlara bundan daha gözəl məbəd inşa edə biləcəklərinə dair sualına müsbət cavab aldıqda bundan bərk qəzəblənmiş, belə bir hadisənin baş verməməsi üçün də onları kor etmək qərarına gəlmişdir. Bəzi mənbələrə əsasən çar bu məbədi atası III Vasilinin xatirəsinə həsr etmişdir.
Kilsənin başqa bir geniş yayılmış adı Pokrov kilsəsidir. Vasili Blajennı adını isə həmin dövrdə yaşamış müqəddəs sayılan bir insanın adından almışdır. Rəvayətə əsasən bu şəxs yurodlardan (hərfi tərcüməsi axmaq, ağılsız, pravoslav kilsəsində sərgərdan, asketik həyat tərzi sürən rahiblər və dindar şəxslərə verilən ad) olmuş, bütün həyatı boyunca çılpaq gəzmiş, nəfsini islah etmək məqsədi ilə paltar əvəzinə dəmir zəncirlərdən, papaqlardan, ayaqqabılardan istifadə etmiş, heç bir zaman evə, ailəyə və maddi mülkiyyətə sahib olmamışdır. O heç kəsdən çəkinməyərək iradlarını açıq şəkildə bildirmişdir. Çar İvan Qroznının da ondan qorxduğu müasirləri tərəfindən qeyd olunmuşdur. Əfsanəyə görə, o verilən sədəqələri Qırmızı Meydana gətirərək sağ çiyninin üzərindən meydana atırmış. Heç bir oğru da bu pullara toxunmağa cürət etməmişdir. 1588-ci ildə o Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir və elə həmin ildə onun cəsədi məbədin yaxınlığında kiçik bir kilsəyə köçürülmüşdür. Bu tarixdən etibarən bütün məbəd onun adı ilə adlandırılmışdır.
Kilsənin ən maraqlı və məşhur detalları onun günbəzləridir. Onlar rəngbərəng olmaqla diqqəti cəlb edir. Günbəzlərin sayı on ədəddir. Onların hər biri bir nəfərə və yaxud hadisəyə həsr olunmuşdur. Kilsə ayrı-ayrı olan səkkiz məbəddən ibarətdir. Bu məbədlərin hər birinin mehrabı Kazan xanlığı ilə baş verən döyüşlərə həsr edilmişdir.
Bəzi mütəxəssislərin rəylərinə görə, kilsənin memarlığı simvolik olaraq, Moskvanın üçüncü Roma ideyasının həyata keçirilməsidir. Məbəd Yəhyanın vəhyində qeyd olunan Yeni Qüdsün (İlahi Səltənətin) nümunəsi kimi inşa edilmişdir. Onun günbəzlərinin sayı belə izah olunmuşdur ki, əsas günbəzin ətrafındakı günbəzlər səkkizguşəli ulduz əmələ gətirir. Səkkizguşəli ulduz həm İsa Məsihin dünyaya yenidən qayıtdıqdan sonra quracağı İlahi Səltənətə, həm də o doğularkən bu anı işarə edən Vifleem (Beytləhm) ulduzuna bir xatırlatmadır. Səkkiz sayı isə dördün cəmidir. Dörd bu ifadəyə görə aşağıdakı xristian ənənələrinin ifadəsidir. Dünyanın dörd cəhəti, dörd növ külək, xaçın dörd kənarı, dörd kanonik İncil, dörd İncil yazan həvari və Yeni Qüdsün dörd divarı. Bu sayın iki dəfə olması isə İncilin dörd cəhətə, yəni bütün dünyaya yayılmasının əhəmiyyətini göstərir. Bəzi tədqiqatçıların düşüncələrinə əsasən bütün bu detallar məhz rus pravoslav kilsəsinin üstün mövqeyini ortaya qoymaq üçün gizli şəkildə göstərilmiş simvollardır. Həzrət Məryəmə həsr olunmuş mehrab mərkəzi məbəddə yerləşir və o sanki digər mehrabları ətrafına toplayır. İlk inşa zamanı kilsənin iyirmi beş günbəzi olmuşdur və bu da Yəhyanın vəhyində ifadə edilən İlahi Taxtın ətrafında eyni sayda olan ağ paltarlı, qızıl tac qoymuş qocaları xatırlatmadır. Daha sonra, XVIII əsrdə, imperatriçə II Yekaterinanın dövründə, bərpa işləri zamanı, on altı günbəz uçurulmuş və nəticədə yalnız doqquzu qalmışdır.
Kilsə təkcə Qırmızı Meydanın deyil həm də Moskva şəhərinin əsas rəmzinə çevrilmişdir. O, 1737-ci ildə yanğın zamanı xeyli dağıntıya məruz qalmış, daha sonra yenidən bərpa edilmişdir. Əsrlər boyunca o əsas rus kilsəsi vəzifəsini icra etmişdir.
Kommunist çevrilişinin nəticəsində məbədin həyatında qaranlıq günlər başlamışdır. İlk öncə onun başçısı İvan Vostorqov hakimiyyət nümayəndələri tərəfindən həbsə alınmış, daha sonra güllələnmişdir. 1929-cu ildə kilsənin fəaliyyəti dayandırılmış, yerində isə tarix muzeyi açılmışdır. Məbədin bütün zəngləri isə çıxarılmışdır. Hətta bəzi hekayələrə əsasən SSRİ-nin yüksək vəzifəli məmuru olan Kaqanoviç Stalinə onu, Qırmızı Meydanda keçirilən nümayişlərə maneçilik törətdiyi üçün tamamilə uçurmağı təklif etmiş, lakin sonuncu bu təklifi qəbul etməmişdir. Abidənin kilsə kimi fəaliyyəti yalnız 1991-ci ildə bərpa edilmişdir.
Vasili Blajennı kilsəsi bu gün də diqqəti cəlb etməkdə davam edir. O dünyanın diqqətəlayiq yerlərindəndir və təsadüfi deyildir ki, YUNESKO tərəfindən Ümumdünya İrsinin siyahısına daxil edilmişdir.
Tarix: 07.03.2013 / 15:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 500 Bölmə: Kilseler