Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rus Pravoslav Kilsəsi

Rus Pravoslav kilsəsi - Pravoslav kilsələri arasında ən böyüyüdür. Onun tarixi rusların xristianlığı qəbul etdikləri IX əsrdən başlayır. Tarixi qaynaqlardan məlum olduğuna əsasən, bu əsrin ikinci yarısında Kiyev şəhərində xristian icması mövcud olmuşdur. Rusların xristianlığı qəbul etməsində onların qonşusu olan Bizans İmperiyasının böyük rolu olmuşdur.Mündəricat
1 Tarixi
2 Strukturu
3 Azərbaycanda fəaliyyəti
4 Bakı yeparxiyası
5 Mənbə


Tarixi

Knyaz Vladimir 988-ci ildən xristianlığı rəsmən qəbul etmiş, bu tarixdən rus kilsəsinin hakimiyyəti başlanmışdır.

Rus kilsəsi mövcudluğunun ilk beş əsrində Konstantinopol Patriarxlığının tabeçiliyində olmuşdur. Kilsənin başçısı olan mitropoliti Konstantinopol patriarxı təyin edirdi. Mitropolit əsasən yunanlardan olurdu. Lakin 1051-ci ildə knyaz Müdrik Yaroslav mitropolit vəzifəsinə dövrünün ən bilikli adamlarından olan İllarionu təyin etdirməyə nail olmuşdur. Kiyev şəhəri monqollar tərəfindən darmadağın edildikdən sonra mitropolit Maksim öz iqamətgahını Vladimirə köçürmüşdür. 1325-ci ildən mitropolitliyin mərkəzi Moskva şəhəri olmuşdur.


1441-ci ildə mitropolit İsidoru vəzifəsindən uzaqlaşdıran yepiskoplar məclisi Konstanopol patriarxı ilə məsləhətləşmələr aparmadan İonanı onun yerinə təyin etmişdir. Məhz bu tarixdən etibarən Rus Pravoslav Kilsəsi müstəqil fəaliyyətə başlamışdır. 1589-cu ildə Konstantinopol patriarxı tərəfindən Rus kilsəsinin müstəqilliyi tanınaraq, ona avtokefal statusu verilmiş, mitropolitlər isə patriarx adlanmağa başlamışdır. XVII əsrin ortalarında patriarx Nikonun kilsə islahatlarını tanımayan bir qrup kilsədən ayrılmış, nəticədə indiyədək mövcud olan parçalanma yaranmışdır.

XVIII əsrdə I Pyotrun kilsə islahatı nəticəsində patriarx seçkiləri bir daha keçirilməmiş, kilsə hakimiyyəti Müqəddəs Sinod adlanan quruma verilmişdir. Bu islahatların səbəbi patriarxların mütləq hakimiyyətinə son vermək olmuşdur.


Rusiyada baş verən inqilabdan sonra patriarx vəzifəsi yenidən bərpa edilmişdir. Bu dövrlərdə kommunist hakimiyyətinin yürütdüyü siyasət nəticəsində monastır kilsələrin böyük əksəriyyəti bağlanmış, din xadimlərinin xeyli hissəsi repressiyaya uğramışdır. Həmçinin, kilsəyə məxsus əmlakın xeyli hissəsi müsadirə edilmiş, müqəddəs sayılan təbərrüklər də dövlət orqanları tərəfindən məhv edilmişdir. Bundan əlavə kilsə daxilində olan bəzi qüvvələr dövlətin birbaşa təhriki və yardımı nəticəsində Rus Pravoslav Kilsəsini hakimiyyətini tanımaqdan imtina etmişdir. SSRİ-dən mühacirət edən din xadimləri isə patriarxa tabe olmayan müstəqil kilsə təsis edilmişdir.

SSRİ-də kilsəyə qarşı yönəldilmiş hərəkətlər yalnız Böyük Vətən müharibəsi illərində nisbətən yumşaldılmışdır. Hakim dairələr Rus Pravoslav Kilsəsini SSRİ ərazisindəki bütün pravoslavları birləşdirən qurum kimi tanımışdır.


Kilsə tarixində növbəti yüksəliş dövrü SSRİ dağıldıqdan sonra yaşanmışdır. Bu dövrdə kilsə əmlakının böyük hissəsi geri qaytarılmış, onun cəmiyyət daxilindəki nüfuzu hakimiyyət dairələri tərəfindən də tanınmışdır.

Rus Pravoslav Kilsəsinin indiki patriarxı Kirill

Strukturu

Rus Pravoslav kisəsinin müasir strukturu 2000-ci ildə qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmişdir. Bu əsasnaməyə görə kilsə digər Yerli Pravoslav kilsələri ilə qarşılıqlı əlaqələrə malik çoxmillətli Yerli Avtokefal Kİlsə kimi təqdim edilmişdir. Kilsənin əsas idarəedici orqanları Yerli Məclis, Arxierey Məclisi və başda Patriarx olan Müqəddəs Sinoddur. Bu orqanların hər biri müvafiq olaraq qanunverici, idarəedici və məhkəmə hakimiyyətini özündə cəmləşdirmişdir.

Yerli Məclis Arxierey Məclisinin, əlahiddə hallarda isə Patriarx və Müqəddəs Sinodun təyin etdiyi vaxtda toplanır və kilsənin daxili və xarici fəaliyyətinə dair bütün məsələləri həll etməklə yanaşı Patriarxı da seçmək səlahiyyətinə malikdir. Tərkibinə arxiereylər, kliriklər, rahiblər və dünyəvi şəxslər daxildir. Arxierey Məclisinin tərkibinə isə yepiskoplar, həmçinin Ruhani Akademiyaların başçıları daxildir. Dörd ildə bir dəfədən az olmayaraq toplanır və yüksək Kilsə məhkəmə orqanıdır. Patriarxın dini görüşlərinə qiymət vermək səlahiyyətinə malikdir. Müqəddəs Sinod yeddisi daimi, beşi müvəqqəti olan üzvlərdən ibarətdir. Tərkibinə Kiyev, Minsk, Sankt Peterburq, Kolomna, Kişinyov mitropolitləri, kilsənin xarici əlaqələr şöbəsinin müdiri və Moskva Patriarxiyasının işlər müdiri daxildir. İclasları bir qayda olaraq qapalı keçirilir.


Patriarx Moskva və bütün Rusiyanın müqəddəs Patriarxı adını daşıyır və Kilsənin tabeliyindəki bütün məbədlərdə ibadət zamanı adı çəkilir. Onun Arxierey və Yerli Məclisləri toplamaq və onlara sədrlik etmək, yepiskopları, ruhani məktəb başçılarını təyin etmək, dövlət orqanları ilə münasibətlərdə Rus Pravoslav Kilsəsini təmsil etmək, müxtəlif dini və dünyəvi şəxsləri mükafatlandırmaq və elmi dərəcələr vermək hüququ vardır. O, bu vəzifəyə ömürlük seçilir. Patriarx seçilmək üçün namizədlərin yaşı 40-dan az olmayan, ali dini təhsilə malik, kifayət qədər iş təcrübəsi olan yepiskopların namizədliyi irəli sürülə bilər.


Kilsənin daxili strukturuna əsasən yeparxiyalara bölünür. Hər yeparxiya yepiskop tərəfindən idarə olunur. Onun ərazisində olan məbədləri və monastırların idarəsi ilə məşğul olur. Yeparxiyaların sərhədləri Müqəddəs Sinod tərəfindən müəyyən olunur. İdarəetmə orqanları Yeparxiya şura və məclisləridir.


Kisənin ən kiçik qurumu prixod adlanır. O, məbəd ətrafında dünyəviləri və prixod başçısını birləşdirən dini təşkilatdır. Onun başçısı yepiskop tərəfindən, dindarlara rəhbərlik etmək və kilsəni idarə etmək məqsədilə təyin edilir. Prixod idarəetmə orqanları başçının rəhbərlik etdiyi Prixod Məclisi, ona tabe olan, kilsə ağsaqqalının başçılıq etdiyi Prixod Şurası və yoxlama komissiyasıdır.

Azərbaycanda fəaliyyəti

XIX əsrdə Rusiyanın Azərbaycanı işğal etməsi və burada rusların məskunlaşması ölkəmizdə pravoslavlığın yayılmasına təkan vermişdir. Bakı və Azərbaycanın digər bölgələrində məskunlaşan rus əhalisinin əksəriyyəti hərbçi və məmur ailələrindən ibarət idi. Onların dini tələbatının ödənilməsi və çar Rusiyasının Azərbaycanda mövqeyinin gücləndirilməsi məqsədilə pravoslav kilsələri və dua evləri inşa edilmişdir.

Bu sahədə ilk addım 1815-ci il yanvarın 1-də Şamaxı quberniyasının general-qubernatoru N.F.Rtişev tərəfindən atılmışdır. Onun sərəncamı ilə Bakıda ilk rus pravoslav kilsəsi ucaldılmışdır. Məbədin tikintisi üçün xristianlardan ianə yığılmış və sadə dindarlar hamılıqla bu işə cəlb olunmuşdur. Bu kilsəyə "Müqəddəs Nikolay" adı verilmiş, Tiflisdən olan David İvanov keşiş təyin edilmişdir.

XIX əsrdə Bakının dünya neft sənayesinin mərkəzinə çevrilməsi buraya xeyli sayda əksəriyyəti ruslardan ibarət fəhlə qüvvəsinin axışmasına səbəb olmuşdur. Artıq mövcud kilsələr gələnlərin dini tələbatını ödəyə bilmirdi. Bu səbəbdən, Bakıda Qafqazda ən böyük kilsə sayılan "Aleksandr Nevski" məbədi inşa edilmişdir. Bu məbəd on il ərzində tikilmiş və 1898-ci ildə pravoslavların ixtiyarına verilmişdir. Şəhərin mərkəzində ucaldılmış bu kilsə, möhtəşəmliyi və gözəl memarlıq üslubu ilə seçilirdi.

Azərbaycanda rus əhalisi artdıqca, ölkənin müxtəlif şəhərlərində, o cümlədən Bakı, Gəncə, Şamaxı və Xaçmazda pravoslav məbədləri tikilirdi. Təkcə Bakıda 17 kilsə var idi. Onlar arasında "Mixail-Arxangel", "Müqəddəs Məryəmin miladı", Biləcəridə "Müqəddəs Varfolomey", Sabunçuda "Misirli Makari", Bayılda "Mitropolit Aleksi" və Bakı dəmiryol pravoslav kilsələrini qeyd etmək olar.

Rus pravoslav xristian icmasının böyüməsi və onların dini həyatlarının tənzimlənməsi ilə bağlı 1905-ci ildə Bakı arxiyerey kafedrası (yeparxiyası) təsis edilmişdir. Daha sonra bu idarənin yepiskopları "Bakı və Xəzəryanı" adı ilə çağrılmışlar. Yeparxiyanın tərkibinə Xəzər dənizinin qərb sahili boyu olan pravoslav təsisatları daxil idi.

Bolşevik hakimiyyəti qurulanadək Azərbaycanda bütün pravoslav kilsələri, o cümlədən Bakı və Xəzəryanı yeparxiya Gürcüstan ekzarxatlığının arxiyepiskopuna və ya mitropolitinə (bir neçə yeparxiyanı birləşdirən pravoslav vilayət idarəçiliyi) tabe olmuşlar. Buradan ölkəyə dini rəhbərlər (blaqoçinniylər) təyin edilmişlər. 1904-cü ildə Azərbaycanda iki blaqoçin idarəsi var idi: birincisi, Göyçay, Quba və Şamaxı qəzalarını, ikincisi isə, Lənkəran və Cavad qəzalarını əhatə etmişdir.

Azərbaycan bolşeviklər tərəfindən işğal ediləndən və burada ateist kommunist rejimi qurulandan sonra bütün konfessiyaların nümayəndələri, din xadimləri təqib edilmiş, güllələnmiş, xeyli məscid, kilsə və sinaqoq dağıdılmış, müqəddəs kitablar məhv edilmiş, dini ayinlərin icrası qadağan olunmuşdur.

Rus Pravoslav kilsəsi də komminstlərin zülmü ilə üzləşmiş və ciddi itkilər vermişdir. Bakıda mövcud olmuş on yeddi kilsədən yalnız üçü qalmış, qalanlarının fəaliyyəti qadağan edilmiş, keşişlər isə repressiya qurbanı olmuşlar. 1934-cü ildə son Bakı yepiskopu Mitrofan Polikarpovun ölümü ilə Bakı və Xəzəryanı Yeparxiyanın fəaliyyəti dayanmışdır. Həmin dövrdə rəhbərsiz qalan sadə pravoslavlar qəbiristanlarda və evlərdə gizlicə yığışaraq müqəddəs bayramlarını keçirmiş və beləliklə, dini inanclarını qorumağa çalışmışlar.

II Dünya müharibəsinin baş verməsi Sovet hakimiyyətinin dinə münasibətini bir qədər yumşaltdı. Nəticədə, 1944-cü ildə Müqəddəs Məryəmin miladı məbədi fəaliyyətini bərpa edilərək, Baş kafedral kilsə statusu almış, 1946-cı ildə Mixail-Arxangel kilsəsi yenidən rus pravoslav kilsəsinin ixtiyarına verilmişdir. Hətta, həmin dövrdə Xaçmazda rus dindarları yeni ibadətgah tikməyə nail olmuşlar. Sovet hakimiyyəti illərində Azərbaycanın rus pravoslav məbədləri Rus Pravoslav Kilsəsinin Bakı-Stavropol yeparxiyasının tərkibinə daxil edilmişlər.

1991-ci ildə Azərbaycan xalqının müstəqilliyini bərpa etməsi və dünyəvi, demokratik, hüquqi dövlət quruculuğuna qədəm qoyması ilə yerli pravoslavlar üçün geniş imkanlar və perspektivlər açılmışdır. 1998-ci ildə Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı Yeparxiyası fəaliyyətini bərpa etmişdir. Azərbaycan və Dağıstanın ərazisində olan rus pravoslav təsisatları onun idarəçiliyinə verilmişdir.

Müstəqillik illərində bir çox kilsələr, dua evləri, prixodlar bərpa edilmiş və əsaslı şəkildə təmir olunmuşlar. Onlar arasında Jen-Mironosets Baş kafedral kilsəsini xüsusilə qeyd etmək lazımdır.

Hazırda ölkəmizdə altı pravoslav məbədi fəaliyyət göstərir ki, onlardan üçü Bakıda yerləşir.

Bakı yeparxiyası

Qədim yunan sözü olan "yeparxiya" arxiyerey (arxiyerey və ya yepiskop- katolik və pravoslav iyerarxiyasında əhəmiyyətinə görə üçüncü şəxs) tərəfindən idarə olunan əyalət və vilayət mənasına gəlir. Yeparxiya Roma və Pravoslav kilsələrində yepiskopun idarə etdiyi inzibati-ərazi kilsə vahidi və ya dairəsi sayılır. Onun tərkibinə müxtəlif dini təsisatlar, prixodlar, monastırlar, şəhər və məhəlli kilsələr, qardaşlıqlar, xeyriyyə təşkilatları, ruhani təhsil ocaqları, missiyalar daxildir. Hazırda Azərbaycanda bir yeparxial idarə fəaliyyət göstərir. Bu Rus Pravoslav Kilsəsinin Bakı və Xəzəryanı yeparxiyasıdır.

XX əsrin əvvəllərində Azərbaycana böyük sayda rus mənşəli insanların gəlməsi və onların dini həyatlarının tənzimlənməsi ilə əlaqədar 1905-ci ildə yaradılan bu idarə ilk vaxtlar Bakı arxiyerey kafedrası adını daşımış, daha sonra ona "Bakı və Xəzəryanı" statusu verilmişdir. Çar Rusiyası dövründə Bakı və Xəzəryanı Yeparxiyanın səlahiyyəti Xəzər dənizinin qərb sahilində yerləşmiş pravoslav təsisatları ilə məhdudlaşırdı. Bu idarənin ilk yepiskopu Nikandr Fenomenov təyin edilmişdir. Qısa müddət yeparxiyaya rəhbərlik etmiş bu din xadimi ilahiyyat və xristianlıq sahəsində dərin biliyi ilə seçilmiş, yüksək idarəçilik qabiliyyətinə və natiqliq məharətinə malik olmuşdur.

Bakı və Xəzəryanı yeparxiyanın arxiyereyi titulunu daşımış on iki din xadiminin adı məlumdur: Nikandr Fenomenov, Qriqoriy Vaxnin, Pimen Peqov, Qriqoriy Yatskovskiy, Pavel Vilkovskiy, Mitrofan Oqiyenko, Arseniy Sokolovskiy, Serafim Protopopov, Nikon Purlevskiy, Valerian Rudiç, Mitrofan Polikarpov, Aleksandr Rayevskiy.

Bu yepiskoplar arasında Mitrofan Polikarpov yeparxiyanın tarixində xüsusi rol oynamışdır. Repressiya illərində idarəyə başçılıq etmiş həmin şəxs çətin dövrdə yeparxiyanın fəaliyyətini istiqamətləndirmi, bu işdə bir çox çətinliklərlə üzləşmişdir. Sovet hakimiyyəti tərəfindən bir neçə dəfə həbs edilmiş, təqiblərə məruz qalmış yepiskop Mitrofan 1931-ci ildə Bakıya gələrək, Bakı və Xəzəryanı yeparxiyanın rəhbərliyini öz üzərinə götürmüş və patriarx Tixonun tutduğu yolu davam etdirmişdir. Həbsxana həyatı onun sağlamlığını zəiflətmiş və o, 1934-cü il dekabrın 16-da vəfat etmişdir. O, Bakı şəhər qəbirstanında dəfn edilmişdir. Onun qəbirdaşında bu cümlələr həkk olunmuşdur: "Burada 1871-ci ildə dünyaya gəlmiş və 16 dekabr 1934-cü ildə vəfat etmiş Bakı və Xəzəryanı yeparxiyanın yepiskopu Mitrofan dəfn edilmişdir".

Yepiskop Mitrofandan sonra yeparxiyaya bir neçə ay Aleksandr Rayevskiy rəhbərlik etmişdir. 1934-cü ildə onun vəzifədən uzaqlaşması ilə Bakı və Xəzəryanı yeparxiyanın fəaliyyəti dayanmışdır. Azərbaycan xalqının yenidən azadlığa qovuşması, müstəqilliyini bərpa etməsi və öz dövlətçilik ənənəsini dirçəltməsi Bakı və Xəzəryanı yeparxiyanın ikinci dəfə həyat qazanmasına səbəb olmuşdur. 1998-ci il dekabrın 28-də Moskva və Ümumrusiya Patriarxı II Aleksi və Müqəddəs Sinodunun qərarı ilə Bakı və Xəzəryanı yeparxiya bərpa edilmiş, Rus Pravoslav Kilsəsinin yüz iyirmi səkkizinci yeparxiyası kimi müəyyənləşdirilmişdir.

Bərpa edilmiş yeparxiyanın səlahiyyyətləri daha da genişləndirilmiş, Azərbaycan və Dağıstan Respublikalarının ərazilərində yerləşən pravoslav təsisatları onun idarəçiliyinə verilmiş və Aleksandr İşein buranın yepiskopu təyin edilmişdir.

Hazırda yeparxiyanın tərkibində 4 blaqoçınni, yəni şöbə fəaliyyət göstərir. Onlardan ikisi Azərbaycanda (Bakı və Azərbaycan rayonlarının blaqoçinnilərı), ikisi isə Dağıstanda (Mahaçkala və Qızlar blaqoçinnilərı) yerləşir. Burada otuzdan artıq keşiş və rahib dindarlara xidmət göstərir. Onlar arasında müxtəlif kilsə rütbələrinə mənsub ruhanilər var.

Bundan başqa, Bakı və Xəzəryanı yeparxiyanın tərkibində iyirmidən artıq məbəd var ki, onlardan üçü Bakıda, digərləri isə Sumqayıt (Mərhum Serafim Sarovskiy prixodu), Gəncə (Aleksandr Nevski kilsəsi) və Xaçmaz (möcüzə göstərən Nikolay məbədi) şəhərlərində fəaliyyyət göstərirlər. Eyni zamanda, Dağıstanın müxtəlif şəhər və qəsəbələrində yeparxiyanın ondan artıq məbədi var.

Bakının mərkəzində yerləşən, gözəl memarlıq üslubu ilə seçilən Jen Mironosets Baş Kafedral Kilsəsi Bakı və Xəzəryanı yeparxiyanın baş məbədi sayılır.


Tarix: 12.03.2013 / 20:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 589 Bölmə: Kilseler
loading...