Balıqçı üzüyü (lat. anulus piscatoris; həmçinin, papa üzüyü və Müqəddəs Pyotrun üzüyü) — tiara ilə yanaşı Roma papalarının geyiminə daxil olan atribut.
Papa üzüyü Roma Papasının balıqçılıqla məşğul olan Müqəddəs Pyotrun vəliəhdi olduğunu xatırlatmaq üçün taxılır. Üzüyün üzərində qayıqda əyləşən apostol Pyotrun balıqçı torunu suya atması təsvir olunmuşdur. Bu simvolikanın İsa Məsihin söylədiyi kimi, onun şagirdlərinin insan ruhunun ovçusu olacağına işarə etdiyi iddia edilir.
Üzük haqda ilk məlumatlara papa IV Klimentin məktubunda rast gəlinir (1265). Orta əsrlər dövründən bəri papanın yanına gələn hər kəs öz dodaqlarını bu üzüyə toxundururdu. Bu, həmin şəxsin papaya tabe olmasına işarə idi. 1842-ci ilə qədər bu üzükdən papanın şəxsi məktublarının təsdiqi üçün möhür kimi də istifadə olunurdu.
Yeni seçilən papa üçün yeni bir üzük hazırlanır və ora onun adı həkk edilir. Papanın ölümündən sonra kamerlenqo (və ya kamerari) iki kardinalın iştirakı ilə üzüyü məhv edir. Buna səbəb, yeni papa seçkiləri dövründə sənədlərin saxtalaşdırılmasının qarşısını almaqdır. Yeni üzük yeni pontifikə tacqoyma mərasimi zamanı təqdim edilir.
Tarix: 08.03.2013 / 14:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 140 Bölmə: Kilseler