Hiss üzvləri hələ uşaq anadan olanda işləyir, lakin tam yox.
Gözlər
Uşaq anadan olanda ilk saatlar onun gözləri hələ tərpənmir. Bir neçə saatdan sonra gözlər birgə tərpənir, lakin uşaq hələ baxmır. Parlaq işıq mane olur, onu qıcıqlandırır və o özünü narahat hiss edir. Buna görə də yeni doğulmuş uşağın olduğu otaqda çox parlaq işıq olmamalıdır. Adətən yeni doğulmuş uşağın gözləri mavi olur. Mavi gözlü uşaqların bir qisminin gözlərində. iki yaşına qədər piqment toplanır və bunlar tündləşib qonur olur, sonralar daha da tündləşə bilər, lakin təzədən mavi olmur.
Uşaq anadan olan kimi həkim yaxud mama uşağın gözlərinə dərman tökür. Bunu uşaq doğuş yollarından keçərkən gözlərinə anadan mikrob düşməsi ehtimalına qarşı edirlər, mikrob düşmüş olsa, gözlərdə iltihab baş verə bilər yaxud uşaq kor olar.Dərman tökməklə bunun qarşısı alınır.
Uşaq anadan olandan sonra bir neçə gün gözlərinin künclərindən çoxlu ifrazat gəlir. Göz qapaqları şişməyibsə və göz almasında qızartı yoxsa, təşvişə düşmək lazım deyil, bu təzə hazırlanmış çobanyastığı dəmləməsinə batırılmış steril pambıqla gündə bir neçə dəfə silməklə keçib gedir. Pambıq əvəzinə təzə yuyulub ütülənmiş ağ parçadan da istifadə etmək olar, lakin eyni pambıq və ya parçadan iki dəfə istifadə etmək olmaz.
Gözlərə yaxşı qulluq etdikdə bir neçə gündən sonra ifrazat kəsilir.
Qulaqlar
Yeni doğulmuş uşağın qulaqları eşidir. İlk günlər uşaq telefon zənginə yaxud asta danışana hələ əhəmiyyət vermir, lakin qapını bərk örtdükdə yaxud küçədən yük maşını keçdikdə səksənir, bəzən səs-küy və bərk səs olduqda ağlayır. Uşağı bərk səsdən və səs-küydən qorumaq lazımdır.
Vaxtında doğulmuş uşağın qulaq seyvanı tam inkişaf etmiş olur, lakin çox vaxt uşaqlar anadan olanda qulaqları şiş olur. Bəzən uşaq başını daha çox çevirdiyi tərəfdə qulaq seyvanı bir qədər yastı olur. Sonralar uşaq hər iki tərəfdə yatdıqda qulaq seyvanı normal vəziyyət alır.
Uşağın şəlpəqulaq olmasını uşaq yatanda başın düz qoyulmaması ilə izah etmək düzgün deyil. Buna görə də qulağa yapışqanlı plastır qoymağın əhəmiyyəti yoxdur, çünki bunu çıxardıqda (hətta o çox qalmış olsa belə) qulaq seyvanı əvvəlki vəziyyətini alır. Bu inkişaf qüsurunu ancaq cavan yaşında cərrahi əməliyyatla düzəltmək mümkündür.
Dadbilmə hissiyyatı
Yeni doğulmuş uşaq dad bilir. Belə ki, bəzi uşaqlar çay şirin olmadıqda içmirlər. Birinci həftədə uşağın üzü qırışır, duzlu və ya acı yemək verdikdə uşaq üzünü turşudur və yeməyi ağzından çıxarır. Südəmər uşaq şirin yeməyi həvəslə yeyir, turş və ya acı yeməyi isə ağzına almaq istəmir. Doğrudur, yeni doğulmuş bəzi uşaqlar şirin olmayan çayı həvəslə içirlər yaxud nadir hallarda bir neçə damcı limon şirəsi tökülmüş çayı da içirlər.
Uşaq anadan olanda dərisinin üzərində sarımtıl-ağ rəngli, kəsmiyəbənzər maddə olur, bunun tərkibində uşağın inkişafına lazım olan çoxlu miqdarda vitamin və hormon olur. Bir neçə saatda bu maddə sorulur. Bundan sonra uşağın dərisi çəhrayı rəng alır, məxmər kimi hamar və yumşaq olur. Sonralar südəmər uşağın dərisi quruyur, qabıq verir və bəzən kiçik yaralar əmələ gəlir. Uşağın dərisinə yaxşı qulluq etməklə bunun qarşısını almaq mümkündür.
Bəzən sağlam uşağın dərisi 1-2 gün göyümtül olur. Belə halda uşağı mütləq həkimə göstərmək lazımdır, çünki dərinin göyərməsi ürək qüsuru ilə əlaqədar ola bilər. Bəzən dərinin rəngi birdən-birə dəyişir. Bu həmişə qorxulu əlamətdir, belə uşağa dərhal həkim yardımı lazımdır. Dərinin rəngi qan dövranı və ya tənəffüs pozulduqda dəyişir lakin uşaq üşüdükdə də dəyişə bilər, lakin bu, birdən-bir olmur.
Döş vəzisinin şişməsi. Yeni doğulmuş bəzi uşaqlarda, həm qızlarda, həm də oğlanlarda, 5-6-cı gün süd vəzisi şişir, bəzən məmədən südəbənzər maddə ifraz olunur. Bu xəstəlik deyildir. Doğuş vaxtı ananın qanında süd ifrazına kömək edən maddələr (hormonlar) dövr edir. Bu maddələrin bir hissəsi uşağın qanına keçir ki, bu da sonradan onun məməsindən qısa müddət ifrazat gəlməsinə səbəb olur. Bu hal heç bir müalicəsiz bir neçə gündən sonra keçib gedir. Uşağın süd vəzilərini sıxmaq qətiyyən olmaz, çünki bu, onların ağır iltihabına səbəb ola bilər.
Damarların genişlənməsi
Çox vaxt yeni doğulmuş uşağın iki qaşı arasında və ənsəsində tək-tək və ya bir-birilə birləşən qırmızı ləkələr olur. Bunlar genəlmiş qan damarlarıdır. Adətən bir yaşına qədər bu ləkələr itib gedir və dəri normal rəng alır. Bu ləkələrə fikir vermək lazımdır, bunlar artarsa, həkimə müraciət edin.
Dəri hissiyyatı. Uşaq anadan olandan başlayaraq ona əl vurulmasına çox həssas olur, onunla necə rəftar edilməsini hiss edir. Uşaq qolaylı, sakit adamın əllərində özünü sakit aparır. Naqolay adamın əllərində isə narahat olur və ağlamağa başlayır.
Uşağı kobud tutduqda əzələlər qıc olmuş kimi yığılır, o diksinib ağlayır. Uşağı incə, ehtiyatla tutduqda isə o əzələlərini boşaldır və özünü sakit aparır.
Birinci gündən uşaq istini, soyuğu və ağrını hiss edir. Uşağın kəskin isti-soyuğa düşməsinə yol vermək olmaz, hər cür ağrılardan qorumaq lazımdır.
Müvazinət hissi
Südəmər uşaq bədənin vəziyyətinin dəyişməsini hiss edir. Uşağı ələ götürəndə yaxud onu yatırdanda, ilk aylar onun başını tutmaq lazımdır, çünki o özü başını saxlaya bilmir. Uşağın arxası və çiyin qurşağı ananın qolları üzərində sərbəst olduqda və ana onu azca özünə qısdıqda uşaq özünü yaxşı hiss edir. Ana o biri əli ilə uşağı altdan tutur.
Uşağı nəinki birinci aylar, hətta özü oturana qədər məhz bu cür götürmək və qucaqda gəzdirmək lazımdır.
Südəmər uşaq tez-tez diksinir. O nəinki parlaq işıqdan, qəflətən olan və ya güclü səsdən, həm də yuxudan ayılanda, qusanda yaxud siyiyəndə diksinir; onun yerini birdən-birə dəyişəndə, xüsusən ilk həftələr, diksinir. Bu, əsəb pozğunluğunu göstərmir.
Daha həssas bəzi südəmər uşaqlar sonralar da diksinirlər. Rahat, sakit şəraitdə bu cür yüksək həssaslıq tədricən keçib gedir.
Tarix: 05.01.2015 / 16:30 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Körpəyə qulluq