Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Əmizdirmənin tənzimlənməsi

Ana südü ilə düzgün qidalandırılmanın ən əsas prinsiplərindən biri – uşağı onun tələbatına görə yedizdirməkdir.

Bunun mənası nədən ibarətdir? Bunun mahiyyəti ondan ibarətdir ki, uşağı istənilən səbəbə görə (oyandı, ağladı, narahatdır və s.) əmizdirmək lazımdır. Yəni uşaq nə vaxt istəyirsə, nə qədər əmmək istəyirsə, bunun üçün ona müvafiq şərait yaratmaq lazımdır. Bu, yalnız uşağın yedizdirilərək doyuzdurulması uçün deyil, onun psixoemosional rahatlığı üçün də çox vacibdir. Uşağın özünü rahat hiss etməsi üçün, uşaq 1 saat ərzində 4 dəfəyədək əmizdirilə bilər. Bundan heç də qorxuya düşmək, çəkinmək lazım deyil. Bu yalnız ilk dörlərdə baş verə bilər. Daha sonra uşaq özünün fərdi qidalandırılma ritmini yaradır ki, bu zaman onun əmizdirilməsi arasında olan fasilələr get-gedə artmış olur.

Daha bir vacib göstərici əmizdirilmənin müddətidir ki, onu da uşaq özü tənzimləyir: uşaq özü ananın döşünü buraxmayana qədər onu döşdən ayırmaq olmaz! Əks halda, uşaq doymayacaq, ananın döş giləsində isə müəyən problemlər yarana bilər. Bütün uşaqlar heç də eyni qaydada əmmirlər – bəziləri hər hansı bir fasilə vermədən tez-tez əmir, digərləri isə əksinə, hər damcını belə iştahla yeyir. Ona görə bəzi uşağa doymaq üçün aktiv şəkildə 10 dəqiqə əmmək kifayət edirsə, digərinə bunun üçün yarım saat, bəzən isə daha çox vaxt lazım olur. Analar bunu mütləq nəzərə almalı və səbirli olmalıdırlar!

Ana südü ilə qidalandırılma zamanı heç bir qrafik və cədvəllərə əməl edilməsi lazım deyil. Tez-tez və uzunmüddətli əmizdirilmələr zamanı uşağın normadan çox yeyə biləcəyi qorxusunun ciddi bir əsası yoxdur. Çünki ana südü uşağın mədəsində ləngimir və 15 dəqiqədən sonra nazik bağırsağa keçir. Uşağın bağırsağı isə ana südünü praktik olaraq qeyri-məhdud miqdarda həzm etmək qabiliyyətinə malikdir!

Müəyyən olunmuşdur ki, ana südü özüözünü "həzm etməyə” kömək edir. Bildiyimiz kimi, onun tərkibində bir sıra fermentlər də vardır. Məhz onların təsiri altında südün tərkibində olan yağlar və digər qida maddələri tez bir zamanda asanlıqla həzm olunur. Beləliklə, uşaq öz orqanizminə heç bir zərər vermədən, praktik olaraq daim ana südünü əmərək onu mənimsəmək qabiliyyətinə malikdir!

Gecə əmizdirilmələri xüsusilə vacibdir. Məhz gecə əmizdirilmələri ananın orqanizmində laktasiya prosesini daha aktiv şəkildə stimullaşdırır və südün dayanıqlı istehsalını təmin edir. Çünki, laktasiyanı tənzimləyən prolaktin hormonu gecə saatlarında daha çox istehsal olunur. Bundan əlavə gecə əmizdirilmələri uşaq üçün də daha xeyirli hesab olunur. Çünki gecə saatlarında ana südü tamdəyərli və tərkibindəki qida maddələri ilə daha zəngin olur.

Bundan başqa, gecə əmizdirilmələri, bir tərəfdən döşdə durğunluğun qarşısını almağa kömək edir, digər tərəfdən isə, mütəxəssislərin apardığı araşdırılmalara əsasən, doğuşdan sonrakı ilk 6 ay ərzində 96% hallarda qadını növbəti hamiləliyin baş verməsindən qoruyur (gecə əmizdirmələr zamanı əmizdirmələrin arasında olan fasilə 3 saatdan çox olmazsa).


Tarix: 05.01.2015 / 16:21 Müəllif: Aziza Baxılıb: 60 Bölmə: Körpəyə qulluq
loading...