Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Süd dişlərinə qulluq

Körpələr 6-cı aydan diş çıxarmağa başlayırlar. Bəzən bu proses 2-ci aydan etibarən, bəzən isə hətta 1 yaşından sonra baş verir. Körpənin diş çıxarması böyüdüyünün, inkişaf etdiyinin əlamətidir. Süd dişləri alt, ön tərəfdən başlayaraq çıxır və təxmini olaraq 3 yaşda tamamlanır. Bu dövrdə uşağın ağzında cəmi 20 ədəd süd dişi alt və üst çənədə simmetrik olaraq yerləşir. Daimi dişlər isə 6 yaşdan çıxmağa başlayır. Körpənin dişləri çıxarkən ağrılarını yüngülləşdirmək üçün körpəyə diş ətlərini qaşıya biləcəyi, xüsusilə soyuq (soyuq bir banan, rezin bir diş halqası və s.) şeylər verilə bilər. Lakin həmin əşyaların boğazında qalmaması üçün nəzarət edilməlidir. Diş halqası seçərkən məhsulun plastik və ya boyalı olmaması lazımdır. Körpənin diş çıxardığı dövrdə maye içməsini təmin etmək lazımdır. Çünkü bu zaman körpənin tüpürcəyi çox axdığı üçün mayeyə ehtiyacı daha da artır. Diş çıxaran zaman körpənin temperaturu 38 dərəcə və yuxarıdırsa, ishal halı baş verərsə həkimə müraciət edin. Ishal, temperatur diş çıxarma ilə eyni anda başlarsa fərqli bir xəstəliyin əlamətləri ola bilər.
Süd dişlərindəki çürüklər
Süd dişləri daha tez və asan çürüyürlər. Çünki süd dişlərinin daimi dişlərə nisbətən daha çox üzvi maddəyə ehtiyacı vardır. Eyni zamanda qeyri-düzgün qulluq səbəbindən də dişlər çürüməyə meyilli olur. Çürük dişləri isə müalicə etmək mütləqdir. Əks təqdirdə gələcəkdə diş əyriliyi, çənə inkişafında pozğunluq və ümumi sağlamlıq problemlərinə səbəb ola bilər.
Körpələrdə ağıza qulluq
Körpələrin ana südü ilə bəslənmələri ağız ətrafındakı yumşaq toxuma və əzələ funksiyalarının normal inkişafını təmin edir. Körpədə ilk dişlər ağızda göründüyündə artıq təmizləmə əməliyyatı başlamalıdır. Səhər naharı sonrası və gecə yatmadan əvvəl dişləri (heç olmasa dişlək səthlərini)tənzifi isladaraq silmək, təmizləmək məsləhətdir. Süd dişlərinə düzgün qulluq daimi dişlərə birbaşa təsir edir. Körpələri şəkər və ya bala batırılmış əmziklə yatızdırmaq olmaz. Körpə yatdıqdan sonra mütləq əmzik çıxarılmalıdır. Diş fırçası istifadəsinə isə uşağın arxa dişlərinin çıxmasından sonra (ortalama 2,5 - 3 yaşında ) başlanması uyğundur.
Ümumiyyətlə, ağız sağlamlığı ümumi sağlamlığımıza təsir edir. Sağlam diş və diş ətinin ilk addımı körpəlik dövründən başlayır. Odur ki, əziz analar körpənizin ağız qulluğuna xüsusi diqqət yetirin.


Tarix: 03.01.2015 / 12:17 Müəllif: Aziza Baxılıb: 66 Bölmə: Körpəyə qulluq
loading...