ÖLÜM ACI BİR HƏQİQƏT, QAÇINILMAZ TALEDİR
20.(Ya Məhəmməd!) De ki: «Sizə müvəkkil olan ölüm mələyi canınızı alacaqdır». (əs-Səcdə 11). «Yer üzündə olan hər kəs fanidir (ölümə məhkumdur)». (ər-Rahmən 26). «Hər kəs ölümü dadacaqdır». (əl-Ənbiya 35). «Can boğaza yetişdiyi zaman siz ona baxıb durursunuz (əlinizdən heç bir şey gəlmir). Biz ona sizdən daha yaxınıq, amma siz görmürsünüz! Əgər sizdən (dediyiniz kimi, qiyamət günü əməllərinizə görə) haqq-hesab çəkilməyəcəksə, və əgər (öləndən sonra heç bir dirilmə, haqq-hesab yoxdur) iddianızda doğrusunuzsa, bəlkə o çıxan canı geri (bədənə) qaytarasınız». (əl-Vaqiə 83-87). «Xeyr, can boğaza (körpücük sümüklərinə) gəlib yetişəcəyi, (ailə üzvləri tərəfindən onu bu bəladan) kim xilas edə bilər? deyiləcəyi, (can üstə olan kimsə) ayrılıq qəminin gəlib çatdığını anlayacağı, və (ölüm qorxusundan) qıçı-qıçına dolaşacağı zaman, aparılacağın yer Rəbbinin hüzuru olacaqdır (ey insan). Beləliklə o nə (Quranı) təsdiq etdi, nə də namaz qıldı. Amma (Allah kəlamını) yalan saydı, (imandan da) üz döndərdi. Sonra da özünü darta-darta ailəsinin yanına getdi. Vay sənin halına, vay! Yenə də vay sənin halına, vay!». (əl-Qiyamə 26-35).
Bəra b. Azib - radıyallahu anhu – rəvayət edir ki, bir gün Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə ənsarlardan birini dəfn etmək üçün qəbristanlığa yollandıq. Biz qəbrə yaxınlaşdıq, oranı hələ də qazırdılar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – üzünü Məkkəyə tərəf çevirərək oturdu. Biz də onun yanında sükut içərisində oturduq. O, əlində olan çubuq ilə yerə bir neçə dəfə vurduqdan sonra başını səmaya qaldırıb iki və ya üç dəfə: «Qəbr əzabından qorunmaq üçün Allaha sığının!» dedi və sözünə davam edərək: «Mömin bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan ağ üzlü mələklər gəlirlər. Onların üzü günəş kimi parıldayır, əllərində Cənnət kəfəni, xoş ətirli Cənnət hanutu (balzam) olur. Gözün son görmə həddi qədər ölən adamdan aralı otururlar». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey gözəl nəfs! (ruh) -(1) Allahdan bağışlanma və razılıq qazanmaq üçün üzə çıx!» Möminin nəfsi (ruhu) tuluğun ağzından suyun axdığı kimi rahatlıqla çıxır. Bu zaman göylər və yerlər arasında olan mələklər Allahdan o, gözəl nəfs üçün bağışlanma diləyirlər. Onun qarşısına göylərin bütün qapıları açılır və hər qapının gözətçiləri o, gözəl nəfsin onların yanından ötüb keçməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar nəfsi əllərindəki kəfənə bürüyürlər, ona hanut vururlar. «Nəhayət birinizin əcəli gəlib çatdıqda onun canını mələklər alar. Onlar (öz vəzifələrində) heç bir əyər-əskikliyə yol verməzlər». (əl-Ənam 61). Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Digər Mələklərin yanından ötüb keçərkən onlar deyirlər: «Bu gözəl nəfs kimindir?». Cavabında: «Filankəs oğlu filankəsdir!» deyirlər. Onu dünyada daşıdığı ən gözəl adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər və qapılar açılır. Hər bir səmada olan mələklər onunla vidalaşır və onu növbəti səmaya yola salırlar. Nəhayət yeddinci səmaya gəlib çatırlar. Uca və böyük olan Allah buyurur: «Mənim qulum haqqında yazın! Cənnətin ən yüksək yerinə – İlliyyuna!». Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Sən nə bilirsən ki, İlliyyun nədir? O, yazılı bir kitabdır. Onu ancaq yaxın olan mələklər görə bilər». (əl-Mutaffifin 19-21). Mələklər onun adını İlliyyuna yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm!». Mələklər nəfsi torpağa qaytardıqdan sonra qul yaxınları-nın dönüb geri qayıtdıqları zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?». O, deyir: «Rəbbim – Allahdır!» - «Dinin nədir?» O, deyir: «Dinim İslamdır!» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «O, Allahın Rəsuludur!» - «Bəs, sən nə etdin?» O, deyir: «Allahın kitabını oxudum, ona iman gətirdim və onu təsdiqlədim!». Səmadan səs gəlir: «Mənim qulum haqqı dedi. Onu Cənnət libasları ilə geyindirin, Cənnət nemətlərindən ona verin və Cənnətin qapısını onun üzünə açın. Onun bədənindən gözəl iy gəlir və məzarı göz görən məsafə qədər genişlənir. Onun yanına xoşsifətli, gözəl geyimli, gözəl ətirli bir nəfər gəlib deyir: «Mən səni sevindirəcək bir xəbərlə gəlmişəm. Allahın sənə verdiyi nemətlərlə sən sevin! Bu gün sənə vəd olunmuş gündür!». Mömin təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətin xeyirdən xəbər verir!». O, deyir: «Mən sənin saleh əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirmək üçün can atdığını və qadağalarından çəkinmək üçün çalışdığını görürdüm. Bu da sənin əməllərinin müqabilində Allahın sənə olan mükafatıdır!». Mömin üçün Cənnətin və Cəhənnəmin qapıları açılır. Ona deyilir: «Əgər sən Allaha asi olsaydın, ora (Cəhənnəm) sənin olardı. Lakin Allah oranı sənin üçün Cənnət ilə əvəz etdi!». Mömin Cənnətdəki yerini gördükdən sonra Allaha dua edib deyir: «Ya Rəbbim! Qiyamət gününü yaxınlaşdır və mənə imkan ver ki, öz ailəmin, əmlakımın yanına qayıdım!».
Kafir bəndə bu dünyadan köçüb axirətə qovuşduqda onun yanına səmadan qara sifətli mələklər gəlirlər. Əllərində Cəhənnəmdən gətirilmiş parça olur. Gözün son görmə həddi qədər ölmüş adamdan aralı otururlar!». Bundan sonra ölüm mələyi gəlib onun başı üzərində oturaraq deyir: «Ey xəbis nəfs (ruh)! Allahın qəzəb və nifrətini qazanmaq üçün üzə çıx!» Kafirin nəfsi (ruhu) bədənindən əyri uclu dəmir əsa yaş yundan çıxdığı kimi çıxır. Bu zaman göylər və yerlər arasında olan mələklər onu lənətləyirlər. Onun üçün göylərin bütün qapıları bağlanır və hər qapının gözətçiləri o, xəbis nəfsin onların yanından ötüb keçməməsini Allahdan diləyirlər. Ölüm mələyi nəfsi çıxartdıqdan sonra bir an belə əlində saxlamayıb dərhal onu o biri mələklərə verir. Onlar xəbis nəfsi Cəhənnəmdən gətirdikləri pis qoxulu kəfənə bürüyürlər. Bundan sonra mələklər nəfsi səmaya qaldırırlar. Digər Mələklərin yanından ötüb keçərkən onlar: «Bu xəbis nəfs kimindir?» deyirlər. Cavabında: «Filankəs oğlu filankəsdir!» deyirlər. Onu dünyada daşıdığı ən pis adlarla sadalayırlar və onunla birinci səma qatına çatırlar. Onlar səma qapısının açılmasını xahiş edirlər. Lakin qapılar açılmır. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Ayələrmizi yalan hesab edənlərə və onlara təkəbbürlə yanaşanlara göyün qapıları açılmaz və dəvə iynənin gözündən keçməyənə qədər onlar da Cənnətə daxil ola bilməzlər. Biz günahkarlara belə cəza veririk». (əl-Əraf 40). Bundan sonra Uca və Böyük olan Allah buyurur: «Onun haqqında yazın! Yerin ən aşağı hissəsinə - Siccinə!». Mələklər onun adını Siccinə yazdıqdan sonra Allah buyurur: «Onu torpağa qaytarın. Həqiqətən mən onlara vəd vermişəm ki, onları (torpaqdan) yaratmışam, (torpağa) da qaytaracağam və (torpaqdan) da dirildəcəyəm!». Mələklər nəfsi torpağa atırlar və Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu ayəni oxudu: «Allaha şərik qoşan kimsə göydən düşən, quşların onu sürətlə alıb apardığı, yaxud küləyin sovurub uzaqlara apardığı bir şeyə bənzər». (əl-Həcc 31). Sonra xəbis nəfs yaxınlarının dönüb geri getdikləri zaman ayaq səslərini eşidir. Bundan sonra onun yanına iki mələk gəlib onu ayıldaraq soruşurlar: «Sənin Rəbbin kimdir?» O, deyir: «Mmmm…bilmirəm?!» - «Dinin nədir?» O, deyir: «Mmmm… bilmirəm?!» - «Sizə göndərilən o, adam kimdir?» O, deyir: «Mmmm… bilmirəm?!» Onda mələklər qışqıraraq: «O, Məhəmməddir!» O, isə: «Mmmm… bilmirəm. Mən insanların nə isə danışdıqlarını eşidirdim!». Onlar: «Sən bunu eşitdikdən sonra onun ardınca getmədin (itaət etmədin)». Səmadan səs gəlir: «O, yalan deyir! Onu Cəhənnəm libası ilə geyindirin və Cəhənnəmin qapısını onun üzünə açın!». Cəhənnəmin isti havası onun üzünə vurur, onun qəbri o, qədər daralır ki, qabırğaları bir-birinə keçir. Onun yanına murdar sifətli, murdar libaslı və çox pis qoxulu biri gəlib deyir: «Mən sənin yanına elə bir xəbər ilə gəlmişəm ki, bu gün sən çox qəmgin və məyus olacaqsan. Bu gün sənə vəd olunmuş gündür!». Kafir təəccüblü halda soruşur: «Sən kimsən? Sənin sifətindən zəhrimar yağır. Sifətin xeyirdən xəbər vermir?!». O, deyir: «Mən sənin pis əməllərinəm. Allaha and olsun ki, mən səni həmişə Allahın əmrlərini yerinə yetirməyən və Allaha asi olan görürdüm! Bu da sənin etdiyin əməllərin müqabilində Allahın sənə olan cəzasıdır!». Sonra kafirin yanına kor, kar və lal cəlladı göndərirlər. Əlindəki dəyənəklə hansı ki, bu dünyadakı dağa vurulsaydı onu toz dənələrinə döndərərdi. Onunla kafiri vuraraq toza döndərir. Lakin Allah onu yenə də əvvəlki görkəminə qaytarır. Onun fəryadını, qışqırığını insanlar və cinlərdən başqa hamı eşidir. Sonra Cəhənnəmin qapıları onun üçün açılır və o, qışqıraraq deyir: «Ya Rəbbim! Qoy qiyamət gəlməsin!»(2)
------------
(1) NƏFS – bir neçə cürdür. 1. Sənə pisliyi əmr edən nəfs – «Mən özümü təmizə çıxartmıram. Rəbbimin rəhm etdiyi kimsə istisna olmaqla nəfs pis işləri görməyi əmr edir. Həqiqətən Rəbbim bağışlayan və Rəhm edəndir». (Yusif 53). 2. Özünü qınayan nəfs – «And içirəm özünü qınayan nəfsə!». (əl-Qiyamət 2). 3. Özünə arxayın nəfs – «Ey özünə arxayın nəfs! Dön Rəbbinə, sən Ondan O, da səndən razı olaraq». (əl-Fəcr 27). İbn Teymiyyə «Məcmuul Fətava» 9/294.
(2)əl-Albani «Əhkəmul Cənaiz» s 202, İmam Əhməd 4/287,295-296, Əbu Davud 4753, İbn Kəsr 2/131, İbn Həcər 3/234,240.
QƏBR ALƏMİNİN HAQQ OLDUĞUNA İNANMAĞIN VACİBLİYİ
21.Nəhayət müşriklərdən birinin ölümü gəlib çatdığı zaman o belə deyər: «Pərvərdigara! Məni geri (dünyaya) qaytar! Bəlkə (indiyə qədər) zay etdiyim ömrün müqabilində yaxşı bir iş görüm! Xeyr, bu onun dediyi boş, faydasız bir sözdür. Onların önündə dirilib (haqq-hesab üçün Allahın hüzurunda) duracaqları günə qədər maneə (öldükdən sonra Qiyamətədək qaldıqları bərzəx aləmi) vardır». (əl-Muminun 100). «Firon əhlini isə şiddətli əzab sardı. Onlar (ölən gündən qiyamətə qədər qəbr evində) səhər-axşam (gündə iki dəfə) odda yandırılarlar. Qiyamət qopduğu gün isə (deyiləcəkdir) Firon əhlini ən şiddətli əzaba salın». (əl-Mumin 45-46). «Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar». (ət-Tövbə 101).
Səmura b. Cundəb - radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – sübh namazını qıldıqdan sonra hər dəfə səhabələrdən soruşardı: «Bu gecə sizdən yuxu görən varmı?» Görən öz yuxusunu Allahın izni ilə ona danışardı. Bir gün səhər o, bizə buyurdu: «Həqiqətən bu gecə mənim yanıma iki nəfər gəldi və mənim onlarla getməyimi xahiş etdilər. Mən də onlarla getdim. (Bir müddətdən sonra) uzanmış bir adamın yanına çatdıq. Bir də baxdım ki, bir nəfər əlində olan daş parçası ilə uzanan adamın üstündə dayanıb əlində olan daşı uzanan adamın başına vuraraq başını yarır. Daş yuvarlanıb kənara düşür. Həmin adam gedib daşı götürüb yerinə qayıdıncaya qədər uzananın başı əvvəlki (ilk) vəziyyətini alır. Sonra o, yenidən birinci dəfə etdiyini təkrarlayır. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) üzü üstə uzanmış bir adamın yanına çatdıq. Onun üstündə əlində dəmir qarmaq olan bir nəfər var idi. (Dəmir qarmağı) Üzü üstə uzanan adamın ağzına, burnuna və gözünün bir hissəsinə keçirərək boynunun ardına kimi cırırdı. Sonra üzünün o biri tərəfinə keçib oranı da boynunun ardına kimi cırdıqda digər tərəf əvvəlki vəziyyətini alır və o, birinci dəfə etdiyini yenidən təkrarlayırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) təndirə oxşar bir yerə gəldik. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu:) Oradan uğultulu və dəhşətli səslər gəlirdi. Biz içəri baxdıqda orada lüt kişi və qadınlar gördük. Aşağıdan atəş onlara yaxınlaşdıqca onlar bağırırdılar. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) bir gölün yanına çatdıq. (Ravi deyir: «Zənn edirəm ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm - gölün suyunun qan rəngində olduğunu buyurdu). Baxdıq ki, göldə bir nəfər üzür. Sahildə isə biri yanında bir topa daş ilə dayanıb. Üzən adam bacardığı qədər üzdükdən sonra yanında daş topası olan adamın yanına gəlib ağzını açır. O, da daşları onun ağzına atırdı. O, hər dəfə üzüb onun yanına gəldikdə ağzını açır o, da daşları onun ağzına atırdı. Mən: «Subhənəllah! Bunlar kimlərdir?» dedim. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) çox iyrənc və çirkin bir adamın yanına gəldik (sən gördüyün çirkin adamların ən çirkini). Atəşi alovlandırır və ətrafında fırlanırdı. Mən: «Bu nədir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) içində hər növ çiçəyin olduğu, sıx və uzun ağaclarla dolu bir baxçaya çatdıq. Baxçanın ortasında başı göyə doğru uzanan, başını görmədiyim uzun boylu bir adam vardı. Adamın ətrafında daha əvvəl heç görmədiyim sayda çoxlu uşaqlar vardı. Mən: «Bunlar kimlərdir?» deyə soruşdum. Onlar: «Gedək! Gedək!» dedilər. Biz yolumuza davam edərək (bir müddətdən sonra) böyük bir ağacın yanına çatdıq. Bundan əvvəl bundan daha böyük və gözəl ağac görməmişdim. Mənə «Ağaca qalx!» dedilər. Birlikdə o, ağaca qalxmağa başladıq. Nəhayət gəlib bir şəhərə çatdıq. Şəhər qızıl və gümüş kərpicdən tikilmişdi. Şəhərin qapılarına yaxınlaşdıq və açılmasını xahiş etdik. Qapı açıldı, şəhərə girdik. Bizi bir qrup insanlar qarşıladılar. Vücudlarının yarısı gördüklərinin ən gözəli qədər gözəl, digər yarısı isə gördüklərinin ən çirkini qədər çirkin idi. Mənimlə gələnlər onlara: «Gedin, o, çaya girin!» dedilər. Onlar gedib çaya girdilər. Baxdım ki, bu şəhərin ortasından suyu düm ağ olan bir çay axır. Sonra onlar bizim yanımıza gəldilər. Çirkinlik onlardan getmiş və ən gözəl bir hala gəlmişdilər. Mənimlə gələnlər mənə: «Bura CƏNNƏTUL ADN (Ədn Cənnətidir). Bu da sənin məqamındır!» dedilər. Gözümü yuxarı qaldırdıqda düm ağ bulud kimi bir saray gördüm. Onlar: «Bura sənin evindir!» dedilər. Mən də: «BƏRƏKƏLLAHU FİKƏ – Allah səni mübarək etsin! Mənə icazə verin ora girim?!» dedim. Onlar: «İndi yox. Lakin nə vaxtsa sən ora girəcəksən!» dedilər. Mən onlara: «Bu gecə qəribə mənzərələr gördüm. Bu gördüyüm şeylər nədir?» dedim. Onlar: «İndi sənə onları başa salarıq!» dedilər.
İlk gördüyün başı daşla yarılan insan Quran oxumağı öyrənmiş lakin onu tərk etmişdi (Quranı oxumaz və əməl etməzdi) və fərz namazlarına yatıb qalardı. Bu da onun Qiyamətə qədər görəcəyi qəbr əzabıdır. Ağzı, burnu və gözü boynunun ardına kimi cırılan insan isə səhər evindən çıxar-çıxmaz hər tərəfə yalan yayardı (yalan danışardı). Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Təndir içində gördüyün kişi və qadınlar isə zinakar kişi və qadınlardır. Bu da onların Qiyamətə qədər görəcəyi əzabdır. Göldə üzən insan isə faiz yeyəndir. Bu da onun Qiyamətə qədər görəcəyi əzabdır. Atəşi alovlandıran çirkin adam isə Cəhənnəmin gözətçisi Malikdir. Baxçada gördüyün uzun boylu adam İbrahim – əlehissəlam – dır. Ətrafındakı uşaqlar isə fitrət üzərində ölən uşaqlardır. (Başqa rəvayətdə – Fitrət üzrə doğulan uşaqlardır). Səhabələr: «Ya Rəsulullah! Orada müşriklərin də uşaqları vardır?» Peyğəmbər – sallallahu aleyhi və səlləm – buyurdu: «Bəli, müşriklərin uşaqları da!» (1) Vücudlarının yarısı gözəl və yarısı çirkin olan kimsələr isə yaxşı əməllər ilə pis əməllər etmiş (əməlləri bərabər olan) kimsələrdir. Allah isə onları bağışlamışdır. Birinci girdiyin ev adi müsəlmanların evidir. Bu ev isə şəhidlərin evidir. Mən Cəbrail, bu isə Mikail – əleyhimussəlam – dır. (Başqa rəvayətdə - Mənə: «Başını qaldır!» dedilər. Başımı qaldırdım. Bir də nə görsəm yaxşıdır. Üstümdə bulud kimi bir şey vardır. Mənə: «Bu sənin evindir!» dedilər. Mən: «Buraxın ora girim!» dedim. Onlar: «Sənin ömrün hələ tamamlanmayıb. Onu tamamladıqda ora girəcəksən!» dedilər)»(2)
----------
(1)Ölmüş körpə uşaqlar haqqında bir cox rəylər var. 1) Onlar Allahın istəyi altındadırlar. 2) Onlar hamısı Cənnətlikdirlər. 3) Ataları haraya düşəcəksə onlar da oraya düşəcəklər. 4) Torpağa çevriləcəklər. 5) Cənnət ilə Cəhənnəm arasında bir yerdə olacaqlar. 6) Müşriklərin uşaqları Cənnət əhlinə xidmət edəcəkdir. 7) Bu məsələni araşdıranda susmaq lazımdır. 8) Araşdırmamış susmaq lazımdır. 9) Hamısı Cəhənnəmdədir. 10) Allah onları imtanhan edəcəkdir. Ən doğru olanı 1-ci və 10-cu rəylərdir.
(2)Buxari 661,1386.
PEYĞƏMBƏRMİZİN ŞƏFAƏTİNƏ NAİL OLMAĞIN YOLLARI
23.«Allahın izni olmadan onun yanında kim şəfaət edə bilər». (əl-Bəqərə 255). «Onun izni olmadan heç bir şəfaət edən ola bilməz». (Yunus 3). «Axirət də, dünya da ancaq Allahındır. Göylərdə neçə-neçə mələklər vardır ki, onların şəfaəti heç bir fayda verməz. Ancaq Allah öz istədiyi və razı olduğu kimsəyə izn verdikdən sonra (onun şəfaəti fayda verər)». (ən-Nəcm 25-26). «Onun hüzurunda izn verdiyi kimsələr istisna olmaqla heç kəsin şəfaəti fayda verməz»(Səba 23).
Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, bir gün Rəsulullah - səllallahu aleyhi və səlləm – ə ət yeməyi gətirildi və qol tərəfindən bir parça ayrılıb qabağına qoyuldu. Çünki Rəsulullah - səllallahu aleyhi və səlləm – ətin bu hissəsini daha çox xoşlayardı. Ondan qabaq dişləri ilə bir dişdəm dişlədikdən sonra buyurdu: «Mən Qiyamət günü bütün insanların seyyidiyəm. Bilirsiniz bu nəyə görə belədir? Dünyaya gəlib-getmiş nə qədər insanlar varsa bunların hamısını Allah qiyamət günü düz və geniş bir sahədə toplayacaqdır. Elə düz və geniş bir sahə ki, carçı səslədikdə səsini hər kəs eşidəcək və baxan bir adamın gözü məhşər xalqını bir baxışda görə biləcəkdir. Günəş insanlara yaxınlaşdırılacaqdır. Artıq insanları qəm-qüssə bürüyəcəkdir. Dəhşətli və ağır (istiyə) dözməkdə onlarda nə güc, nə də səbr qalacaq. İnsanların bir qismi digərinə: «Bizim başımıza gələn bu faciəni görmürsünüz!? Bəlkə bizim bu halımıza Allah yanında şəfaət edəcək birisini axtaraq!» deyəcəklər. İnsanların bir qismi: «Adəm – əlehissəlam – ın yanına gedək?» deyəcəklər. İnsanlar onun yanına gəlib: «Ey Adəm! Sən insanların atasısan. Allah səni əli ilə yaratdı və Öz ruhundan sənə həyat verdi. Sonra mələklərə əmr etdi, onlar da sənə səcdə etdilər. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Ey atamız! Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Adəm: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Allah bu ağacdan yəməyi mənə qadağan etmişdir. Mən isə ona asi oldum (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Nuh – əleyhissəlam – ın yanına!» deyəcəkdir. İnsanlar Nuhun yanına gələrək: «Ey Nuh! Sən Allahın insanlara göndərdiyi ilk rəsulsan. Allah səni (Quranda) «Çox şükr edən qul». (əl-İsra 3) deyə vəsf etmişdir. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Nuh: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Heç şübhəsiz ki, mənə (dünya həyatımda Rəbbimə) bir dəfə dua etmək fürsəti verilmişdir. Mən də onu öz qövmümün əleyhinə etdim (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İbrahim – əleyhissəlam – ın yanına!» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gələrək: «Ey İbrahim! Sən yer üzündə Allahın Peyğəmbəri və Allahın dostusan. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İbrahim: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən üç dəfə yalan danışmışam (1) (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Musa – əleyhissəlam – ın yanına!» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gələrək: «Ey Musa! Sən Allahın Peyğəmbərisən. Allah sənə risalətini verməklə və səninlə vasitəçisiz danışmaqla insanlar üzərində fəzilətli etdi. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. Musa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. (O ki, qaldı mənə) Mən isə öldürülməsinə heç bir qərar olmayan insanı öldürmüşəm (2) (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. İsa – əleyhissəlam – ın yanına!» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələrək: «Ey İsa! Sən Allahın Rəsulu, Allahın Məryəmə dediyi söz və ondan gəlmə bir ruhsan. Sən beşikdə ikən insanlarla danışdın. Bizim üçün Rəbbimizdən şəfaət dilə. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti görmürsən?» deyəcəklər. İsa: «Şübhəsiz ki, Rəbbim bu gün bərk qəzəblənmişdir. O, dərəcədə ki, nə bundan qabaq belə bir qəzəb etmişdir, nə də bundan sonra belə bir qəzəb edəcəkdir. Özü haqqında heç bir günahı zikr etməyərək (artıq sizə şəfaət edə bilmərəm, indi mən özümü düşünürəm). Vay nəfsim, nəfsim! Siz məndən başqa bir şəfaətçiyə gedin. Muhəmməd - sallallahu aleyhi və səlləm – in yanına!» deyəcəkdir. Nəhayət onlar mənim yanıma gələrək: «Ey Muhəmməd! Sən Allahın Rəsulu və Peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Rəbbimizin hüzurunda bizə şəfaət et. Sən bizim bu vəziyyətimizi görmürsən? Başımıza gələn bu müsibəti də görmürsən?» deyəcəklər. Bundan sonra mən dərhal Ərşin altına gələrək Rəbbimin qarşısında səcdəyə qapanaca-ğam. Sonra səcdə də, Allaha edilən həmd-sənadan sonra (Allah) məndən əvvəl heç bir Peyğəmbərə deyilməyən təriflər deyəcəkdir: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!» buyuracaqdır. Mən səcdədən başımı qaldırıb: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət edəcəm. Bundan sonra: «Ya Muhəmməd! Ümmətindən sorğu-sual olunmayanları Cənnətin qapılarından olan sağ qapıdan içəri sal. Lakin onlar digər qapılardan da içəri girə bilərlər!». Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəfsim əlində olan Allaha and olsun ki, Cənnətin qapı qanadlarından iki qanadının arası Məkkə ilə Həcər və ya Məkkə ilə Busra arası qədər genişdir!». (Başqa rəvayətdə: Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Allah (Qiyamət günü) insanları toplayacaq, möminlər ayağa qalxacaqlar. Nəhayət Cənnət onlara yaxınlaşdırıla-caqdır!». İnsanlar Adəm – əleyhissəlam – yanına gələrək: «Ey atamız! Cənnəti bizə açdır!» deyəcəklər. Adəm: «Sizləri Cənnətdən ancaq atanız Adəmin xətası çıxartdı. Mən bunun sahibi deyiləm. Sizlər mənim oğlum İbrahim – əleyhissəlam – ın yanına gedin!» deyəcəkdir. İbrahim: «Mən bunun sahibi deyiləm. Mən ancaq pərdə arxasından xəlil (dost) olmuşdum. Sizlər Allahın kəlimətullahı olan Musa – əleyhissəlam – ın yanına gedin!» deyəcəkdir. Cəmaat Musa – əleyhissəlam – ın yanına gələcəklər. Musa: «Mən buna sahib deyiləm. Sizlər Allahdan gəlmə söz və ondan gəlmə bir ruh olan İsa – əleyhissəlam – ın yanına gedin!» deyəcəkdir. İsa: «Mən buna sahib deyiləm!» deyəcək və insanları Muhəmməd - sallallahu aleyhi və səlləm – in üstünə göndərəcəkdir!» (3) Məbəd b. Xəlil əl-Ənəzi dedi: «Sabit şəfaət hədisini eşitməkdən ötrü Ənəs b. Məli – radıyallahu anhu – nun yanına getdik. Duha namazını qılan vaxtı onun yanına çatdıq. Sabit bizim üçün izn istədi. Yanına girdik!». Sabit ona: «Ey Əbu Həmzə! Bəsrə əhalisindən olan bu qardaşların səndən şəfaət hədisini eşitmək üçün gəliblər!» dedi. Ənəs – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Qiyamət günü insanlar çaşqın düşəcəklər. Nəhayət Adəm – əleyhissəlam – ın yanına gəlib: «Zürriyətinə şəfaət et!» deyəcəklər. Adəm: «Mən ona layiq deyiləm, lakin sizlər İbrahim – əleyhissəlam – ın yanına gedin. Çünki o, Xəlilullahdır!» deyəcəkdir. İnsanlar İbrahim – əleyhissəlam – ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Musa – əleyhissəlam – ın yanına gedin. Çünki o, Kəlimullahdır!» deyəcəkdir. İnsanlar Musa – əleyhissəlam – ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz İsa – əleyhissəlam – ın yanına gedin. Çünki o, Allahdan gəlmə ruh və Ondan olan sözdür!» deyəcəkdir. İnsanlar İsa – əleyhissəlam – ın yanına gələcəklər. O, da: «Mən buna layiq deyiləm, lakin siz Muhəmməd - sallallahu aleyhi və səlləm – in yanına gedin!» deyəcəkdir. Nəhayət mənim yanıma gələcəklər. O, da: «Mən bunun üçün yaradıldım!» deyəcək və Allahın hüzuruna izn istəmək üçün gedəcəyəm. «Mənə izn verilir, hüzurunda dikilərək və Allaha həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Qəlbində bir buğda və ya arpa dənəsi qədər iman olan hər kim varsa onu oradan çıxart!» deyiləcəkdir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır, söylə! Sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi qədər iman varsa onu oradan çıxart!» deyiləcəkdir. Mən dərhal gedib bunu yerinə yetirdikdən sonra yenə Rəbbimə dönüb onu həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanıram!». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Ümmətim, ümmətim!» deyə şəfaət diləyəcəm. Mənə: «Get! Hər kimin qəlbində bir xardal dənəsi ağırlığından daha az, daha az, daha az iman varsa onu da atəşdən çıxart!» deyiləcəkdir. Mən də dərhal gedib bunu yerinə yetirəcəm.
Bu Ənəs – radıyallahu anhu – nun bizə xəbər vermiş olduğu: «Ənəs hədisidir!». Biz onun yanından çıxdıq. Nəhayət səhranın yüksək bir yerinə yetişdiyimiz zaman Həsənul Bəsrinin yanına çatsaq da, ona salam versək də o, Əbu Xəlifənin evində gizlənmiş bir halda idi. Onun yanına girdik, salam verdik və: «Ya Əbu Səid! Biz qardaşın Əbu Həmzənin yanından gəlirdik. Şəfaət haqqında danışdığı hədisi heç eşitməmişdik». O: «Davam edin, hədisi söyləyin!» dedi. Biz də ona hədisi danışdıq. O, yenə: «Davam edin, söyləyin!» dedi. Biz: «Ənəs bundan başqasını danışmadı!» dedik. O, dedi: «O, bizə bunu iyirmi il bundan qabaq danışmışdı. O, vaxt hafizəsi və qüvvəsi çox gözəl idi. İndi isə bir qism şeyləri unutmuşdur. Şeyx bunu unutdumu, yoxsa sizlərə bunu danışmaq istəmədimi – bilmirəm?!». Biz də: «Sən bizə danış!» dedik. O, güldü və: «İnsan tələsən-hövsələsiz yaradılmışdır». (əl-Ənbiya 37) (ayəsini oxudu). Sonra Peyğəmbər - sallallahu aleyhi və səlləm – dördüncü dəfə yenə Rəbbinin yanına qayıdacaq. Ona həmd-səna etdikdən sonra səcdə edərək yerə qapanacaq!». Mənə: «Ya Muhəmməd! Başını qaldır! Söylə, sözün dinlənilir! İstə, sənə verilir! Şəfaət et, şəfaətin qəbul edilir!». Bundan sonra mən: «Ya Rəbbim! Mənə izn ver: «Lə İləhə İlləllah» deyən kimsələr haqqında şəfaət edim. Allah – subhənəhu və təalə – ona: «Bu sənin üçün deyil (və ya bu sənə aid deyil) deyə buyurdu. Lakin İzzətimə and olsun ki: «Lə İləhə İlləllah» deyən Tövhid əhlinin hamısını Cəhənnəmdən çıxardacağam!» .
Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət etdi ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «…Nəhayət möminlər atəşdən qurtulduqları zaman, nəfsim əlində olana and içirəm ki, sizdən heç kimsənin haqqı təmamilə bərqərar etmək xüsusunda Allaha yalvarıb yaxarması, qiyamət günündə möminlərdən atəşdə olan qardaşları üçün Allaha yalvarmaları qədər şiddətli olmaz!». Onlar: «Ey Rəbbimiz! Bu (Cəhənnəmdə) qalanlar bizimlə bərabər oruc tutar və həcc edərdilər!» deyirlər. Onlara: «Tanıdığınız kimsələri oradan çıxarın! Onların üzləri Cəhənnəmə haram edildi!» deyilir. Atəş onlardan kimisinin topuqlarına qədər, kimisinin diz qapaqlarına qədər yandırır. Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsə qalmadı!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində bir dinar ağırlığında iman və yəqinlik olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlar yenə də bir çoxlarını oradan çıxarırlar. Sonra yenə: «Ey Rəbbimiz! Cəhənnəm içərsində əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində yarım dinar ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu da oradan çıxarın!». Onlardan bir çoxunu oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Cəhənnəmdə əmr etdiklərindən heç kimsəni buraxmadıq!» deyirlər. Allah buyurur: «Geri dönün! Qəlbində zərrə ağırlığında xeyr olan hər kimi tanıyırsınızsa onu oradan çıxarın!». Yenə bir çox insanları oradan çıxarırlar. Sonra təkrar: «Ey Rəbbimiz! Orada xeyr sahibi olan heç bir kimsəni buraxmadıq!» deyirlər. Əbu Səid əl-Xudri – radıyallahu anhu – deyir ki, əgər bu hədisə inanmırsınızsa bu ayəni oxuyun: «Həqiqətən Allah zərrə qədər zülm etməz. Əgər yaxşı bir əməl baş verərsə onu iki qat artırar və öz tərəfindən də böyük mükafat verər». (ən-Nisa 40). Başqa rəvayətdə Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «Nəhayət Allahın rəhmətindən olaraq, qulları arasında Cəhənnəm əhlindən dilədiklərini Cəhənnəmdən çıxartmağı əmr edərək mələklərə: «Lə İləhə İlləllah» – deyənlərdən, Allahın mərhəmət buyurduğu kimsələrdən, Allaha bir şeyi şərik (ortaq) qoşmamış olanları Cəhənnəmdən çıxarsınlar!» deyə əmr edir. Mələklər: «Onları Cəhənnəmdə səcdə yerlərindən tanıyırlar. Atəş Adəm oğullarının səcdə yeri müstəsna, hər yerini yeyir. Allah səcdə yerinə toxunmağı atəşə haram etmişdir!». Bundan sonra Allah buyurur: «Mələklər şəfaət etdilər, peyğəmbərlər şəfaət etdilər, möminlər şəfaət etdilər. Şəfaət etməyən bir Ərhamur-Rahimin qaldı. Bundan sonra atəşdən bir camaatı toplayır və dünyada ikən heç bir xeyr işləməyib cəhənnəmdə kömürə dönmüş bir çox kimsələri çıxarır. Onlar Cənnətin yolları üzərində olan «Həyat Çayı» adı verilən bir çaya salınırlar. Onlar selin gətirdiyi yabanı reyhan toxumları kimi çıxırlar. Görmürsünüz ki, yabanı reyhan bəzən bir daş və ya bir ağac dibində (kölgədə bitdiyi kimi) necə olur. Günəşə doğru olanı sarı, yaşıl olur. Kölgədə olan hissəsi isə açıq olur. (Başqa rəvayətdə «Ey Cənnət əhalisi! Bunların üzərinə bol su, Cənnət sularından tökün!» deyiləcəkdir). Cənnət əhalisi onları tanıyır. Heç bir yaxşılıq etməmiş, xeyir əməllər işləməmiş halda Allahın Cənnətə saldığı kimsələr bunlardır. Allah buyurur: «Cənnətə girin! Gözünüzün görə bildiyi hər nə varsa sizindir!». Onlar: «Ey Rəbbimiz! Sən aləmlərdə heç kəsə vermədiyin yaxşılığı bizə verdin!» Onlara: «Sizə bundan gözəl bir şey vardır!» Onlar: «Ey Rəbbimiz! Bundan da gözəl?!» Allah buyurur: «Mənim rizam! Artıq bundan sonra sizə əbədiyyən qəzəb etməyəcəyəm!»(4)
------------
(1) Əbu Hureyrə – radıyallahu anhu – rəvayət edir ki, Peyğəmbər - sallallahu aleyhi və səlləm – buyurdu: «İbrahim – əleyhissəlam – bu üç hal müstəsna əsla yalan danışmamışdır. Bu yalanlardan ikisi Allahın zatı və rizası üçündür. Birinci: «Bütpərəstlərin bayramına getməmək üçün: «(Ətrafdakıları özündən uzaqlaşdırmaq məqsədilə) Mən xəstəyəm!» (əs-Saffət 89) deməsi. İkincisi isə bütün bütləri sındıraraq öz qövmünə: «(İbrahim sındırmadığı iri bütü göstərib) Bəlkə onların bu böyüyü bunu etmişdir. Əgər danışa bilirlərsə özlərindən soruşun!» (əl-Ənbiya 63) deməsidir. Üçüncüsü isə İbrahimin yanında Sara olduğu halda zalım hökmdarın ərazisindən keçərkən yoldaşına əgər səndən kim olduğunu soruşarsa de ki, sən mənim bacımsan. Şübhəsiz ki, «Sən mənim İslamda bacımsan». Daha geniş məlumat üçün bax: Buxari, Müslim.
(2) Fironun adamlarından bir Misirli Musa – əleyhissəlam – ın qövmündən biri ilə döyüşürdü. Musanın qövmündən olan Musadan kömək istədikdə, Musa da kömək edərək düşmənin sinəsinə yumruqla vurur. Bu yumruq da onu öldürür. (əl-Qəsəs 18)-ci ayəsinə bax.
(3) Buxari 4712, Müslim 194.
(4) Müslim 182-183.
Tarix: 25.04.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 923 Bölmə: Hedisler