Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

SEÇİLMİŞ QÜDSİ HƏDİSLƏR (16-30)

16. İbadə ibn Samitdən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Cəbrayıl əleyhissəlam Allah dərgahından mənim yanıma gəlib dedi: “Ya Muhəmməd, uca və böyük Allah sənə belə buyurur: “Mən sənin ümmətinə beş vaxt namazı fərz (vacib) buyurmuşam. Kim onların dəstamazına, vaxtı-vaxtında qılınmasına, səcdələrinə riayət edərsə, mənim sənin yanında onu cənnətlik etməm barədə öhdəliyim vardır. Kim onları nə iləsə azaltmış halda mənim qarşıma çıxsa, sənin yanında onun üçün heç bir öhdəlik qalmır. İstəsəm onu əzaba düçar edər, istəsəm də mərhəmət göstərərəm”.
(ət-Tayalisi (573) və b. Hədis səhihdir.)

17.Əbu Qətada ibn Rabidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Sənin ümmətinə beş vaxt namazı vacib buyurdum və onları vaxtlı-vaxtında qılanı cənnətlik etmək barədə üzərimə əhd götürdüm. Kim onlara lazımi qaydada riayət etməzsə, məndə onun üçün heç bir əhd yoxdur”.
(İbn Macə (1/1403). Hədis həsəndir.)

18.Abdullah ibn Amrdan (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Allah elçisi (s) ilə birlikdə məğrib namazını qıldıq. Gedən getdi, qalan qaldı. Allahın elçisi (s) tez-tələsik, təngənəfəs və dizlərini açmış vəziyyətdə gəldi və dedi: “Mücdə, mücdə! Sizin Rəbbiniz səma qapılarından birini açdı. “Mənim qullarıma baxın, bir fərz namazını qıldılar, indi də o birisini gözləyirlər” – deyə sizinlə mələklərə öyünür”.
(İbn Macə (1/801). Hədis səhihdir.)

19.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Mələklər gecə və gündüz sizə növbə çəkirlər. Onlar sübh və ikindi namazlarında toplaşır, sizin yanınızda gecələyənlər isə səmaya yüksəlirlər. Bu zaman Allah-taala onlardan soruşur (baxmayaraq ki, O, hər şeyi mələklərdən daha yaxşı bilir): “Mənim qullarımı hansı vəziyyətdə qoyub gəldiniz?” Onlar: “Onları namazda ikən qoyub gəldik və namazda ikən yanlarına getdik” – deyə cavab verirlər”
(Malik (Muatta, 82), əl-Buxari (2/555), Müslim (210), Əhməd (2/846), Əbu Əvanə (1/378), əl-Bəğəvi (2/380). Hədis səhihdir.)

20.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) rəvayət olunur ki, İbn Ziyad Mədinəyə gəlmiş, orada onunla görüşmüş və demişdir:
– Cavan oğlan, gəl sənə bir hədis danışım, bəlkə onunla Allah səni faydalandıra!
– Əlbəttə, buyurun. Allah sizə rəhm etsin!
– Qiyamət günü insanların ilk soruşulduğu məsələ namaz olacaqdır. Uca və böyük Rəbbimiz hər şeyi mələklərdən daha yaxşı bildiyi halda onlara deyəcəkdir: “Qulumun namazına baxın, görün tam yerinə yetirib, yoxsa əksiklikləri var!” Əgər namaz tam yerinə yetirilsə, qul üçün də tam yazılacaqdır. Yox, əgər əksiklikləri olsa, Allah-taala mələklərindən: “Baxın, görün qulumun nafilə namazı varmı?” – deyə soruşacaq, nafilə namazı olduqda isə “Qulumun fərz namazındakı əksiklikləri nafilə namazı ilə doldurun” – deyə əmr edəcəkdir. Sonra bütün əməllər bu qayda ilə qiymətləndiriləcəkdir”.
(Əhməd (18/9490), Əbu Davud (1/864), əl-Hakim (1/262). Hədis səhihdir.)

21.Əbu Murra ət-Taifidən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Adəm oğlu! Günün əvvəli mənim üçün dörd rükət namaz qıl, günün axırına kimi sənə kifayət edim [səni məmnun edim, qoruyum]”.
(Əhməd (5/287). Hədis səhihdir.)

22.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Kim Quranın anasını [əl-Fatihəni] oxumadan namaz qılsa, onun namazı naqisdir, naqisdir, naqisdir [natamamdır]”. Əbu Saib: “Axı mən hərdən imamın arxasında namaz qılıram” – deyə soruşduqda, Əbu Hüreyrə qoluma vurub dedi: “Ay bədəvi, onu ürəyində oxu. Mən Rəsulallahın (s) belə deməsini eşitmişəm: “Güc və qüdrət sahibi olan Allah buyurmuşdur: “Mən namazı qulumla Öz aramda iki hissəyə bölmüşəm. Yarısı mənimdir, yarısı da qulumun və quluma dilədiyi şey veriləcəkdir. Qul: “Həmd olsun Allaha – aləmlərin Rəbbinə” – dedikdə Allah-taala: “Qulum mənə həmd etdi” – deyə buyurur. Qul: “Rəhmli və mərhəmətli olana” – dediyi zaman Allah: “Qulum mənə səna və təriflər oxudu” – deyir. Qul: “Haqq-hesab gününün sahibinə” – dedikdə Allah: “Qulum mənim öyülüb-mədh edilməyə layiq olduğumu təsdiq etdi” buyurur. Qul: “Biz yalnız Sənə ibadət edirik və yalnız Səndən kömək diləyirik!” – dedikdə Allah-taala belə buyurur: “Bu mənimlə qulum arasındadır və quluma dilədiyi şey veriləcəkdir”. Qul: “Bizi doğru yola yönəlt! Nemət verdiyin kəslərin yoluna! Qəzəbə düçar olanların və haqdan azanların yoluna yox!” – dedikdə isə Allah-taala: “Bunlar mənim qulumundur və quluma dilədiyi şey veriləcəkdir!” – buyurur”.
(Əbdürrəzzaq (2/2767), Müslim, (395), Əhməd (14/7823). Hədis səhihdir.)

23.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Ey Adəm oğlu! Sən xərclə ki, mən də sənə xərcləyim”.
(əl-Buxari (9/5352), Əhməd (16/8138), (18/9986), İbn Macə (1/2123). Hədis səhihdir.)

24.Busr ibn Cəhhaş əl-Qurşidən (Allah ondan razı olsun!) rəvayət olunur ki, bir gün Peyğəmbər (s) ovucunun içinə tüpürüb şəhadət barmağını onun üstünə qoydu və dedi: Allah-taala buyurur: “Ey Adəm övladı! Sən məni necə aciz, qabiliyyətsiz saya bilərsən ki, mən səni bunun kimi bir şeydən yaratdım, hətta düzəldib biçimə saldım. Sən iki libas arasında yeridin. Yerin səndən addım səsləri oldu. Yığdın, xərcləmədin. Ruh gəlib boğaza çatdıqda isə “Zəkat verirəm” – dedin. Zəkat vaxtı nə zamandır?!”
(Əhməd (4/210), İbn Macə (2/2707), əl-Hakim (4/323). Əz-Zəhəbi və əl-Busiri hədisi səhih adlandırmışlar. Hədis səhihdir.)

25.Əbu Vaqid əl-Leysidən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: “Peyğəmbərə (s) ayə nazil olunduğu zaman onun yanına gələrdik, bizə söhbət edərdi. Bir gün bizə dedi: “Uca və böyük Allah buyurur: “Biz mal-dövlət nazil etmişik ki, namaz qılınsın, zəkat verilsin. Əgər Adəm oğlunun bir vadisi olsaydı, ikincisini istərdi. İki vadisi olsaydı, üçüncüsünü istərdi. Adəm oğlunun qarnını ancaq torpaq doyduracaqdır”. Sonra da Allah Ona tövbə edənlərin tövbəsini qəbul edəcəkdir”.
(Əhməd (5/218). Hədis səhihdir)

26.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: Qulumdan borc istədim, qulum mənə borc vermək istəmədi.(yəni kimsə ondan borc istədi oda xəsislikdən vermədi) Qulum “Ah zəmanə, ah zəmanə” deyərək bilmədən məni söyür. Mənəm zəmanə!”
(Əhməd (15/7975), əl-Hakim (2/453). əz-Zəhəbi hədisi səhih adlandırmışdır. Hədis səhihdir.)

27.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Adəm oğlunun bütün əməli onun özünə məxsusdur, ancaq orucdan başqa. O mənim üçündür və onun mükafatını da mən verəcəm. And olsun Muhəmmədin canı əlində olana ki, oruclu insanın ağzından gələn qoxu Allah dərgahında müşkün qoxusundan daha xoşdur”.
(ən-Nəsai (4/164). Hədis səhihdir.)

28.Cabirdən (Allah ondan razı olsun!) Peyğəmbərin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Oruc bir qoruyucudur ki, bəndə onunla Cəhənnəmdən qorunur. O mənim üçündür və onun mükafatını da mən verəcəm”.
(Əhməd (3/396). Hədis həsəndir.)

29.Əbu Hüreyrədən (Allah ondan razı olsun!) belə deməsi rəvayət olunur: Oruclu olmayıb şükür edən bəndə oruclu olub səbir edən bəndə kimidir: Allahın elçisi (s) buyurmuşdur: “Uca və böyük Allah buyurur: “Adəm oğlunun bütün əməli onun özünə məxsusdur, ancaq orucdan başqa. O mənim üçündür və onun mükafatını da mən verəcəm. Mənim xatirimə yeməyini, içməyini, şəhvani istəyini bir kənara qoyur”.
(İbn Xüzeymə (3/1898). Hədis səhihdir.)

30.Yenə də Əbu Hüreyrədən (Allah ondan razı olsun!) Allah elçisinin (s) belə deməsi rəvayət olunur: “Uca və böyük Allah buyurur: “Uca və böyük Allah buyurmuşdur: Mənim ən sevimli bəndələrim iftarı tezləşdirənlərdir”.
(ət-Tirmizi (3/700, 701), Əhməd (16/8342), İbn Hibban (885), İbn Xüzeymə (3/2062). Hədis səhihdir.)


Tarix: 25.04.2013 / 19:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 405 Bölmə: Hedisler
loading...