Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səhih Qüdsi Hədislər(Şəfaət Haqqında)

1.Əbu Hureyra (r.a) rəvayət edir ki, bir gün Peyğəmbərə (s.a.v) cəmdək gətirdilər. Sonra bu cəmdəyin bel tərəfini (bişirib) ona verdilər. Ətin bu yeri onun xoşuna gəlirdi. O, ətdən bir tikə dişlədikdən sonra dedi: «Qiyamət günü mən insanların ən hörmətlisi olacağam. Bunun nə səbəbdən belə olduğunu bilirsinizmi? Allah (bütün) insanları-əvvəlkiləri və sonrakıları elə bir yerə yığacaq ki, carçı onları çağıra bilsin, gözlər də onları əhatə etsin. Günəş insanlara yaxınlaşdıqdan sonra onları elə bir dərd və kədər bürüyəcək ki, onların buna tab gətirməyə və dözməyə gücü çatmayacaq. Onda onlar bir-birlərinə deyəcəklər: «Başınıza gələnləri görmürsünüzmü? Bəlkə, Rəbbiniz yanında sizin tərəfinizi saxlayan bir adam tapasınız?» Bəziləri deyəcək: «Gərək Adəmdən xahiş edəsiniz!» Onlar Adəmin yanına gəlib deyəcəklər: «Sən bəşəriyyətin atasısan! Özünü də Allah öz əlləri ilə yaratmış, öz ruhundan sənə üfürmüş və mələklər Onun əmri ilə sənə səcdə etmişlər. Odur ki, Rəbbinin yanında bizdən ötrü havadarlıq et (şəfaətçi ol)! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu, başımıza nələr gəldiyini görmürsənmi?!» Adəm deyəcək: «Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Çünki O mənə ağaca yaxınlaşmağı qadağan etdi, lakin mən Ona asi oldum. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Nuhun yanına!» Onda onlar Nuhun yanına gəlib deyəcəklər: «Sən yer üzünə göndərilmiş ilk elçisən. Özünü də Allah şükür edən bəndə adlandırmışdır. Odur ki, Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!» Nuh deyəcək: «Bu gün qüdrətli və qüvvətli Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mənim dua etməyə imkanım var idi, lakin mən qövmümün əleyhinə bəddua etdim. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İbrahimin yanına!» Onda onlar İbrahimin yanına gəlib deyəcəklər: «Ey İbrahim! Sən həm Allahın peyğəmbəri, həm də yer əhli arasında Allahın ən sevimli dostusan. Elə isə Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!» İbrahim deyəcək: «Bu gün qüdrətli və qüvvətli Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən üç dəfə yalan danışmışam. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Musanın yanına!» Onda onlar Musanın yanına gəlib deyəcəklər: «Ey Musa! Sən Allahın elçisisən, Allah öz risaləti ilə, üstəlik səninlə bilavasitə danışmaqla səni digər insanlardan üstün etmişdir. Elə isə Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!» Musa deyəcək: «Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir. Mən adam öldürmüşəm. Halbuki, onu öldürmək mənə əmr edilməmişdi. Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin İsanın yanına!» Onda onlar İsanın yanına gəlib deyəcəklər: «Ey İsa! Sən həm Allahın Elçisi, həm Onun Məryəmə göndərdiyi Kəliməsi, həm də Onun ruhundansan. Sən hələ körpə ikən, beşikdə insanlarla danışırdın. Elə isə Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!» İsa deyəcək: «Bu gün Allah elə qəzəblənmişdir ki, O bundan əvvəl heç vaxt belə qəzəblənməmiş və bundan sonra əsla belə qəzəblənməyəcəkdir». İsa öz xətasını onlara bildirməyəcək, sadəcə belə deyəcək: «Ah nəfsim, nəfsim, nəfsim! Gedin başqasının yanına. Gedin Muhəmmədin yanına!» Onda onlar Muhəmmədin yanına gəlib deyəcəklər: «Ey Muhəmməd! Sən həm Allahın Elçisi, həm də peyğəmbərlərin sonuncususan. Allah sənin keçmiş və gələcək günahlarını bağışlamışdır. Elə isə Rəbbinin yanında bizdən ötrü havadarlıq et! Məgər sən bizim nə vəziyyətdə olduğumuzu görmürsənmi?!» Onda mən ərşin altına gəlib, Rəbbimin qarşısında səcdə edəcəyəm. Sonra Allah mənə elə təriflər və alqışlar göndərəcək ki, məndən əvvəl heç kəsə belə təriflər və alqışlar göndərməmişdir. Sonra da belə deyəcək: «Ey Muhəmməd! Başını qaldır və istə, sənə istədiyin veriləcəkdir; havadarlıq et, havadarlığın qəbul olunacaqdır». Mən başımı qaldırıb deyəcəm: «Ümmətim, ey Rəbbim! Ümmətim, ey Rəbbim!» Onda belə deyiləcək: «Ey Muhəmməd! Ümmətindən sorğu-suala çəkilməyəcək kimsələri Cənnətin sağ qapılarından içəri daxil et. Halbuki, onlar başqa insanlarla birlikdə (Cənnətin) digər qapılarından da keçə bilərlər». Peyğəmbər (s.a.v) dedi: «Canım əlində olana and olsun ki, Cənnət qapılarındakı laylardan hər iki lay arasındakı məsafə Məkkə ilə Himyər (yaxud Məkkə ilə Busra) arasındakı məsafə qədərdir»

(əl-Buxari 65. Kitəbut-Təfsir 4343, 4435, 4712; ət-Tirmizi 2434. )

2. Digər ləfzdə belə rəvayət olunur: «…(Onda Allah) buyuracaq: «Get, qəlbində arpa dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!» Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri dönüb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: «Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq». Mən deyəcəyəm: «Ey Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get, qəlbində zərrə qədər və ya xardal dənəsi ağırlığında imanı olan kimsələri atəşdən çıxart!» Mən gedib onları (oradan) çıxardacağam. Sonra geri qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: «Ey Muhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq». Mən deyəcəyəm: «Ey Rəbbim! Ümmətim, ümmətim!» Allah buyuracaq: «Get, qəlbində xardal dənəsi ağırlığından daha az, daha az, daha az imanı olan kimsələri atəşdən çıxart!» Mən gedib onları (oradan) çıxardacağam». Digər rəvayətdə Peyğəmbər  demişdir: «Mən dördüncü dəfə qayıdıb həmin həmd-sənalarla Allaha təriflər deyəcəyəm və Onun qarşısında səcdəyə qapanacağam. Onda mənə deyiləcək: «Ey Məhəmməd! Başını qaldır, danış, sənə qulaq asılacaq, istə, sənə istədiyin veriləcək, havadarlıq et, havadarlığın qəbul olunacaq». Mən deyəcəyəm: «Ey Rəbbim! Mənə izn ver: «LƏ İLƏHƏ İLLƏLLAH!» - deyən kimsələrə (şəfaətçi) olum». Allah buyuracaq: «Mənim İzzətimə, Əzəmətimə, Böyüklüyümə və Ululuğuma and olsun ki, Mən: «LƏ İLƏHƏ İLLƏLLAH!» - deyən kəsləri oddan çıxardacağam».
(əl-Buxari 97. Kitəbut-Tövhid 6956, 7072, 7510.)

3.Ravi Qatədə deyir ki: «Həmçinin onun belə dediyini eşitdim: «Onları Cəhənnəmdən çıxarıb Cənnətə salacam, hətta Cəhənnəmdə Quranın tutduqlarından, yəni haqlarında əbədi əzab vacib olanlardan başqa heç kim qalmayacaq». Sonra bu ayəni oxudu: «Ola bilsin ki, (buna görə) Rəbbin səni tərifəlayiq bir məqama yüksəltsin» (əl-İsra 79). Peyğəmbərimizə  vəd olunmuş «əl-Məqamul-Mahmud (Tərifəlayiq Məqam)» - budur».
(əl-Buxari 97. Kitəbut-Tövhid 66 (6886, 7002, 7440)


Tarix: 25.04.2013 / 19:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Hedisler
loading...