Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Parçanın uğurla seçilmiş rəngi sizi daha gözəl göstərəcək

Biz bu və ya digər paltarın sizə yaraşıb-yaraşmadığını qeyd edərkən təkcə onun tikilişini yox, parçanın rəngini də nəzərə alırıq. Parçanın uğurla seçilmiş rəngi qadının üzünün, saçının, gözlərinin rəngini daha qabarıq göstərir. Tamamilə təbii haldır ki, gözəl gözləri olan qız və ya qadınlar paltarın rəngi ilə bu gözəlliyi vurğulayaraq, onu daha aydın nəzərə çarpdırmağa çalışırlar. Ona görə elə rəngdə parça seçin ki, gözlərinizin rəngi ilə ahəng təşkil etsin. Göy və ya mavi gözlü qadınlar paltar tikdirmək üçün abı, açıq-göy və mavi rəngə üstünlük verirlər. Yaşıl gözlü qadınlar yaşıl rəngli geyimləri sevirlər. Başqa rəngdə paltar geyindikdə belə, uyğunlaşdıraraq, bu rənglərlə paltara bəzək vurmaq olar.
Əgər paltarın rəngi göz oxşayırsa, onunla eyni rəngdə olan əlcək, çəkmə və başqa bəzək əşyalarından da istifadə etmək olar. Lakin qadının gözləri qəşəng, üz dərisi solğundursa, onsuz da gözəl olan gözləri vurğulamağa çalışmayıb, üzün solğun rəngini «canlandırmağa» cəhd etmək lazımdır.
Bir mühüm cəhəti də qeyd edək. Paltar üçün bu və ya digər rəngdə parça seçərkən nəzərə almaq lazımdır ki, işığın təsirindən parçanın rəngi dəyişə bilər. Odur ki, ziyafət paltarı üçün parçanı elektrik işığında seçmək lazımdır.
Parçanın rəngi bədənin bu və ya digər qüsurlarını ustalıqla gizləməyə çox kömək edir. Kök adam qara və ya tünd rəngdə kostyum geyərsə, xeyli qədd-qamətli, açıq rəngli kostyum geyərsə, kök təsir bağışlayır. Kök qadınlara çox açıq rəngli və ya əlvan paltarlar geymək məsləhət deyildir.
Arıq qadınlar isə butün açıq rəngli parçalardan, xüsusən, açıq-boz rəngli parçadan paltar geyə bilərlər. Belə rəngli geyimlər arıqlığı nisbətən ört-basdır edir.
Moda və geyimlə bağlı bəzi jurnallarda qarayanız, ağbəniz, şabalıdı saçlı qadınlar üçün onların rənginə düşən paltarlara aid çoxlu məsləhətlər verilir. Bunlardan bir neçəsinə nəzər yetirək.
Həddən artıq qaraşın qadınlar istisna olmaqla, bütün qadınlara qara rəng yaraşır. Ağ rəng də həmçinin, dərisinin rəngi çox açıq və ya çox solğun olan qadınlardan başqa, bütün qadınlara yaraşır. Qeyd etmək lazımdır ki, qara – insanın rəngini boğduğu halda, ağ – onun rəngini daha da açır. Həmçinin ağbəniz insanlara yumşaq, solğun rənglər yaraşmır.
Abı və bütün abıya çalan rənglər, mavi rəngdən tutmuş tünd göyədək, hətta ən tünd abı da çoxlarına: ağbəniz, qarayanız, şabalıdı saçlı, xüsusən dərisinin rəngi çox tund olmayan qadınlara yaraşır.
Qırmızı rəng (xüsusilə al qırmızı və çəhrayı rəng) şabalıdı saçlı qadınlara, kərpic və çuğundur rəngi qarayanızlara, qırmızının ən açıq çalarları isə ağbənizlərin rənginə düşür.
Yaşıl rəngin kürənsaç qadınlara, açıq-yaşılın isə ağbəniz və şabalıdı saçlı qadınlara yaraşdığı çoxdan məlumdur. Sarımtıl-yaşıl rəng isə qarayanız qadınların rəngini açır. Yaşılın qəribə bir xüsusiyyəti də var: o, özünə yaxın olan rənglərə çəhrayı və ya qırmızımtıl çalar verir. Buna görə də ağbəniz qadınlar yaşıl rəngli paltar, şlyapa geyirlər. Belə qadınlara açıq-qırmızıdan başqa, demək olar ki, bütün tünd və əlvan rənglər yaraşır.
Qəhvəyi rəng, çalarından asılı olaraq (əgər qırmızıya çalırsa), ağbəniz qadınlara yaraşır. Qarabənizlərə isə sarımnıl-qəhvəyi daha çox gedir. Açıq-sarı rəng qarayanız qadınların rəngidir. Açıq-sarı və ya narınçı rəng sarı saçlı ağbəniz qadınlara heç yaraşmır, çünki üzün rəngi ilə qarışır.
Çəhrayı rəngin «ilıq» çalarları (sarıya qarışıq bütün çəhrayı rənglər) ağbəniz qadınlara, «soyuq» çalarları (mavi rəngin qarışığı ilə olanlar) isə qarayanız qadınlara daha çox yaraşır.
Günəşdən yanıb qaralmış üzün rənginə, adətən, açıq rənglər: sarı, qırmızımtıl-qəhvəyi, mərcan rəngi uyğun gəlir. Ağ, mavi, abıya çalan yaşıl rəng qaralmanı daha aydın büruzə verir. Lakin sarımtıl-qəhvəyi rəng bu qaralmanı daha da tünd göstərir. Günəşdən qaralmış dəriyə qara, habelə çəhrayı rəngə çalan rənglər heç yaraşmır.
Üzün dərisi çox solğundursa, sarı və açıq-qırmızı rənglərdən çəkinmək lazımdır. Çünki bu rənglər dərini daha solğun göstərir.
Bu məsləhətlərə əməl edərək, ağbəniz, qarayanız; şabalıdı və ya kürən saçlı qadınlar öz rənglərinə düşən parçanı yanılmadan seçə bilərlərmi? Zənnimizcə, yaliız bu məsləhətlərlə kifayətlənmək olmaz. Çünki rəng seçimi üçün verilən qiyabi məsləhətlər çox vaxt adamı çaşdıra bilər. Belə ki, qırmızı, abı, yaşıl, sarı, qəhvəyi və başqa rənglərin hər birinin müxtəlif çalarları vardır. Mərcanı, albalı rəngi, al qırmızı, moruğu, tünd-qır¬mızı, çuğundur rəngi, tünd-çəhrayı – bütün bunlar heç də qırmızı rəngi tamamlamır. Sarı rəngin çalarları kəhrəba, qızılı, lumu, samanı sarı, sarımtıl-yaşılla bitmir. Buna görə də məsələn, mavi rəngin ağbəniz qadınlara çox gözəl yaraşdığını deyərkən yanıla da bilərik. Çünki mavi abının açıq rəngi olduğu üçün firuzəyi, göy-mavi, boz-mavi, yasəməni, dəniz suyu rəngi və s. kimi müxtəlif rənglərə çalır. Bu çalarların biri qadının rənginə düşə, digəri isə düşməyə bilər.
Parçanın rənginin üzə yaraşıb-yaraşmadığını doğru necə təyin etməli?
Bir parçanın rənginin kiməsə yaraşıb-yaraşmadığını doğru təyin etməyin yalnız bir üsulu vardır. Bunun üçün parçanı çiyinə atmaq və ya üzə yaxın tutub onun üzün rənginə yaraşıb-yaraşmadığını müəyyən etmək olar. Əgər parçanın rəngi üzün rəngini açırsa, deməli, seçiminizdə yanılmamısınız. Yox, əgər bu rəngdən üzün rəngi tutqunlaşır, ölgünləşir, qeyri-müəyyən bir rəng alırsa, deməli, seçiminiz doğru deyildir.
Bu və ya başqa rəngin xarici görünüşə və üzün rənginə düşməsini düzgün müəyyənləşdirən insanlar uzun illər eyni rəngdə parça və bəzək əşyalarına üstünlük verirlər.


Tarix: 26.12.2012 / 20:03 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 807 Bölmə: Geyim/Moda/Deb
loading...