Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Geyim stilinizi bədən quruluşuna görə seçin

Yalnız moda jurnallarında çəkilmiş və ya vitrinlərə qoyulmuş müqəvvalar quruluşca eyni ola bilər. Onlar insan bədənininelastikliyindən, incəliyindən, gözəlliyindən, özünəməxsus xüsusiyyətlərindən, xarici görünüşündən məhrumdur. Hər bir insanın digərindən fərqli, özünəməxsus bədən quruluşu vardır.

Tamamilə bir-birinin bənzəri olan və eyni xarici görünüşə malik iki insan tapmaq çətindir. Odur ki, elə paltar tərzi də yoxdur ki, hamının əyninə eyni cür oturub, hamıya eyni cür yaraşsın. Bir qadının əynində gözəl və göstərişli görünən paltar başqasında zövqsüz və göstərişsiz görünə bilər. Bu, heç də bir qadının ideal, digərinin isə qüsurlu bədən qurulu şuna sahib olması demək deyildir. Sadəcə olaraq, müəyyən paltar bir qadına yaraşır, yəni onun bədən quruluşuna və xarici görünüşünə uyğun gəlir, o birinə isə yaraşmır, qüsurlarını qabardır, gözəlliyini itirir.

Xüsusilə gözəl və incə görünən modeli seçməklə biz unuduruq ki, moda jurnalındakı şəkil bizimki deyil, bu, həmin paltarın modelinə uyğun gələn bir müqəvvanın şəklidir. Ona görə də jurnaldakı həmin şəkli «oxumağı» baçarmaq lazımdır: paltarı sanki əyninizdəymiş kimi gözləriniz önündə canlandırmalısınız.

Paltarın tərzi, parçası, rəngi, işləməsi, əsasən, modadan asılıdır. Hazırda dəbdə olan hər hansı paltarın tikilişinə, rənginə, parçasına diqqət yetirərək, onu xarici görünüşünüzlə tutuşdurun.

Çox vaxt zövqlə, incə və gözəl geyinən qadına deyirlər ki, bu qadın “öz stilini tapmışdır”. Doğrudan da onun geyimlərinə, əlavə bəzək əşyalarına – paltarına, paltosuna, kostyumuna baxsanız, bu qədər müxtəlif əşyaların arasında ümumi uyğunluq görərsiniz. Bunlar sadəlik, ciddilik, yaxud mülayimlik, zəriflik nümunəsi olmaqla, həm də qadının xüsusi incəliyini göstərir.

Müşahidələrimizdə elə qadınlara rast gəlmişik ki, o, adi – yəni iş və ev paltarında daha cazibədar göründüyü halda, yaraşıqlı və bayram paltarında çox “vulqar” və qeyri-təbii görünür. Lakin elə hallar da olur ki, hansısa yığıncaqda yaxın qonşunuzu, iş yoldaşınızı güclə tanıyırsınız. Bu o demək deyil ki, birisi həmişə adi, “cansıxıcı” paltar geyinməli, digəri isə evdə də, işdə də sırğa, muncuq və digər aksessuarlarla özünü bəzəməlidir. Hər bir qadın kök, arıq, cavan, yaşlı olmasından asılı olmayaraq öz stilini tapmağı bacarmalıdır.


Tarix: 26.12.2012 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 656 Bölmə: Geyim/Moda/Deb
loading...