Əgər qadın geyindiyi paltarın səliqəli düymələnməsinə, bantın və ya sancağın qayda ilə sancılmasına fikir verməzsə, corabı tarımçəkmədiyindən onun tikişinin yanlara əyilməsinə, ayaqqabısının palçıqlı olmasına, saçının dağınıqlığına diqqət yetirməzsə, onun əynində heç bir təzə və yaraşıqlı paltar xoş təsir bağışlamaz, nəzəri cəlb etməz. Bunun üçün də eyni kostyum bir qadının əynində gözəl və yaraşıqlı, digərinin əynində isə dağınıq və səliqəsiz görünür. Adətən, belə qadınlar üçün «geyinməyi bacarmır» deyirlər.
Ən bahalı parçadan tikilmiş kişi kostyumu belə, ütülənməmiş, şalvarının dizləri çıxmış, cibləri qabarmış, pencəyinin yaxası büzülmüşsə, ətrafdakı insanların gözündə o, öz dəyərini itirir. Əgər köynək təmiz deyilsə, yaxalığı əzilmiş və qolları çox uzundursa, ayaqqabı pis silinmiş və qalstuk səliqəsiz bağlanmışsa, bu zaman da kostyumun heç bir yaraşığı qalmaz. Gərək geyindiyiniz paltarın həmişə təmiz, səliqəli və yaraşıqlı görünməsinə diqqət edəsiniz.
Hara getməyinizdən asılı olmayaraq – istər teatra, istər qonaqlığa, istərsə də işə gedəndə özünüzü həmişə diqqətlə, səliqə ilə geyinib, əyninizdəki paltarın bütün xırdalıqlarına fikir verməyə alışdırın. Heç zaman səliqəsizliyə yol verməyin. Bu diqqət beş dəqiqənizi almış olsa da, nəticədə siz hər şeyin yerli-yerində, öz qaydasında olduğuna əmin olacaqsınız. Geyindiyiniz paltar əyninizə rahat oturursa, həmin paltarda özünüzü sərbəst hiss edirsinizsə, bu da sizin geyinmək bacarığınızdan xəbər verir.
Nazik, şəffaf və ya bədənə kip oturan paltarla geyiləcək alt paltarı da xüsusi diqqət tələb edir. Belə ki, alt paltarının modeli və parçası onun üstündən geyiləcək libasa uyğun olmalıdır ki, onda müxtəlif qırışıqlar əmələ gətirməsin, altından çıxmasın, bir sözlə, qiyafənin gözəlliyinə xələl yetirməsin. Kip tikilmiş və bel hissəsi dar olan paltarın kök bədən quruluşuna malik insanın əyninə yaxşı oturması üçün onun altından xüsusi kəmər-korset (kəmərlə lifçik bir yerdə) geyilməlidir. Bu məqsədlə istifadə olunan kəmərlər ensiz və lifçikdən ayrı olduqda bədəni çox sıxaraq, onda yaraşıqsız qatlar əmələ gətirir. Bu cür kəmər və lifçik bədəni tarıma çəkməsə, bədən daha sərbəst və yaraşıqlı görünər. Xatırladaq ki, çox sıx kəmər-korset sağlamlığa ziyandır: belə ki, o, tənəffüsü və qan dövranını çətinləşdirir, həzm cihazını sıxır.
Paltarınızın çox modalı, yaraşıqlı və dar olması sizdə narahatlıq yaradırsa, bu, bəzən ətrafdakıların da diqqətini cədb edir. Onlar haqlı olaraq belə hesab edirlər ki, siz geyinməyi bacarmırsınız. Burada da çıxış yolu vardır: içində özünüzü narahat hiss etdiyiniz yeni paltarı əvvəlcə evdə iki-üç dəfə geyin. Yavaş-yavaş həmin geyimə alışandan sonra onu qonaqlığa, teatra, konsertə geyə bilərsiniz.
Geyimə uyğun davranış qaydaları
Qolsuz, yaxası açıq geyimlər də müasir dövrdə çox dəbdədir. Belə paltarların altından mütləq qaytansız lifçik və kombinasiya geymək lazımdır. Həmçinin bu cür geyimlər müəyyən alışqanlıq tələb edir. Hər hansı paltarı geyinməklə yanaşı, onu daşımağı da bacarmaq lazımdır. Məsələn, uzun axşam libası geyinmiş qadın iri addımlar atmamalıdır. Təkcə ona görə yox ki, uzun paltar cəld yerişə mane olur, həm də ona görə ki, belə zərif libasda atılan iri və cəld addımlar qadının bütün geyim stilini pozur. Oturarkən ayağı ayağın üstünə aşırmaq olmaz. Əgər paltarınız qısadırsa, bu cür oturuş heç yaramaz. İdman tipli paltar geydiyiniz təqdirdə isə xırda addımlarla yeriməkdən çəkinməlisiniz.
Paltar seçərkən öz təbii, ənənəvi duruşunuzu nəzərə alın. Əgər siz dik yeriməyib, belinizin təknəsini büruzə verəcəksinizsə, kostyum əyninizdə pis duracaq. Çünki siz onu tikdirəndə istər-istəməz düz dayanmısınız, ona görə kostyum da təknəli yox, məhz düz qamətdə yaxşı görünür. Hər hansı paltarı geyərkən bədənin duruşuna nəzarət etmək, gərginlikdən uzaq olmaq, geyimə ona uyğun bəzək əşyaları seçə bilmək gözəl geyinməyi bacarmaq deməkdir.
Tarix: 26.12.2012 / 19:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 637 Bölmə: Geyim/Moda/Deb